Xroniki xolangit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 3275

Xroniki xolangit nədir?Xroniki xolangit – öd yollarının (qaraciyər daxili və xarici axacaqların) iltihabi xəstəliyidir. Patologiya uzunmüddətli residivləşən gedişə malik olub, xolestaza gətirib çıxarır. Xolangitin əsas klinik əlamətlərinə qaraciyər nahiyəsində ağrı, yüksək qızdırma, titrətmə və sarılıq aiddir. Diaqnoz mədəaltı vəzi və öd yollarının ultrasonoqrafiyası, retroqrad xolangiopankreatoqrafiya, öd yollarının kompüter tomoqrafiyası, qanın biokimyəvi və ümumi analizinin nəticələrinə əsasən qoyulur. Müalicə kombinəolunmuş şəkildə aparılır: antibakterial terapiya, ağrıkəsici vasitələrin tətbiqi, dezintoksikasiya, öd yollarının cərrahi dekompressiyası.  

  • Xroniki xolangitin yaranma səbəbləri
  • Xroniki xolangitin əlamətləri
  • Xroniki xolangitin diaqnostikası
  • Xroniki xolangitin müalicəsi
  • Xroniki xolangitin proqnoz və profilaktikası

Xroniki xolangit barədə ümumi məlumat

Xroniki xolangit hepatobiliar sistemin digər iltihabi xəstəliklərinə nisbətən az rast gəlinir. Bu patologiya adətən yaşlı nəsildə (orta hesabla 50-55 yaşlarda) aşkarlanır. Xroniki xolangit çox vaxt qaraciyər və öd kisəsinin digər xəstəlikləri fonunda, 37% hallarda isə xolesistektomiyadan sonra yaranır. Bu xəstəliyin xüsusi forması sayılan birincili sklerozlaşdırıcı xolangit nisbi sağlamlıq fonunda inkişaf edir, tədricən proqressivləşir, təxminən 10 il ərzində qaraciyərin geridönməyən dəyişikliklərinə səbəb olur. Sklerozlaşdırıcı xolangitlə xəstələnən insanların sayı dəqiq məlum deyildir, çünki onun diaqnostikası çox mürəkkəbdir. Pasiyentlər arasında cavan kişilər üstünlük təşkil edir. Xəstəlik 20-25 yaşlarda manifestasiya edir. Son illərdə sklerozlaşdırıcı xolangit hallarının artması qeydə alınmışdır. Bu isə onun diaqnostikasının asanlaşması ilə bağlıdır. Xəstəliyin aşkarlandığı müddət və gedişindən asılı olaraq, letallıq 15-90% arasında dəyişir.

Xroniki xolangitin yaranma səbəbləri

Bakteriya Xroniki xolangitin yaranma səbəblərimənşəli xroniki xolangit bağırsaqda mövcud olan bütün mikroorqanizmlər: enterokokk, klebsiella, bağırsaq çöpləri, protey və s. tərəfindən törədilir. Çox zaman infeksiyalaşmaya bir deyil, eyni zamanda bir neçə mikroorqanizm səbəb olur. Nadir hallarda ödün əkilməsində yalnız bir növ bakteriya aşkar edilir. Əksərən xroniki xolangitli xəstələrin qanında bakteriyalar (qanın sterilliyə görə analizinin müsbət olması) izlənilir.

Duodenal məməciyin fəaliyyətinin pozulması, bakteriyaların hematogen və limfogen disseminasiyası bağırsaq florasının öd yollarına keçməsinə şərait yaradır. Bu infeksiyalaşma mexanizmi öd yollarının inkişaf anomaliyalarında (anadangəlmə kistalar və s.); cərrahi müdaxilələr, endoskopik prosedurlardan sonra stenoz və deformasiyalarda; mədəaltı vəzin və öd yollarının şiş xəstəliklərində; parazit invasiyalarında müşahidə olunur. Xroniki xolangitin formalaşması üçün bağırsaq florasının öd yollarına translokasiyası, xolelitiaz və axacaqdaxili təzyiqin yuksəlməsi müştərək halda baş verməlidir. Xroniki xolangit kəskin formanın davamı kimi inkişaf edə və ya birincili-xroniki gedişli ola bilər.  

Beləliklə, xroniki xolangitin risk faktorları qismində öd yollarında anadangəlmə inkişaf anomaliyaları və infeksion proses fonunda aparılan istənilən növ müalicəvi-diaqnostik və cərrahi müdaxilələr iştirak edə bilər.   

Xroniki xolangitin əlamətləri

Xroniki xolangitin əlamətləriXroniki xolangitin klinik şəkli üçün Şarko triadası – sağ qabırğaaltı nahiyədə ağrı, titrətmə ilə müşayiət olunan subfebril qızdırma və sarılıq xarakterikdir. Ağrı küt, sızıltılı xarakterli və zəif intensivlikdə olur. Öd sancısından bir qədər sonra yüngül titrətmə və qızdırma izlənilir. Xroniki xolangitin klinikası adətən silinmiş və residivləşən olduğundan xəstələr onun ilkin təzahürlərinə fikir vermirlər. Gecikmiş mərhələlərdə dəri və selikli qişaların ikterikliyi (saralması) müşahidə olunur. Tədricən ümumi halsızlıq, yorğunluq meydana çıxır. 60 yaşdan sonra xroniki xolangitin diaqnostikası çətinlik törədir. Belə ki, klinik simptomatika iltihabi prosesin ağırlıq dərəcəsinə uyğun gəlmir, əlamətləri silinmiş olur. Bu səbəbdən diaqnoz gec qoyulur.   

Xroniki irinli xolangit infeksiyanın qana keçməsinə və biliar septiki şokun yaranmasına səbəb ola bilər. Şok isə 30% hallarda ölümlə nəticələnir. Digər təhlükəli fəsad qaraciyər absesi, porto-kaval tromboz hesab olunur. Sklerozlaşdırıcı xroniki xolangit əksərən qaraciyər sirrozu, hepatosellülyar karsinoma ilə ağırlaşır.  

Xroniki xolangitin diaqnostikası

Öd yollarının patologiyasına şübhə yarandıqda qastroenteroloqun konsultasiyası mütləqdir. Pasiyentdə Şarko triadasının aşkarlanması diaqnostikanın əsasını təşkil edir. Növbəti müayinə laborator testlərdən ibarətdir. Xroniki xolangit zamanı qanın ümumi analizində yüksək leykositoz, leykositar formulanın neytrofillər tərəfə meylliyi, EÇS-nin artması müşahidə olunur. Biokimyəvi skrininq bilirubin səviyyəsinin, qələvi fosfataza və qamma-QTP, bəzən isə transaminaza və alfa-amilaza aktivliyinin yüksəldiyi üzə çıxır. Mikrobioloji müayinələr zamanı xəstələrin demək olar ki, 100%-nin ödündə, 50%-nin isə qanında bağırsaq florası izlənilir.   

Xroniki xolangitin diaqnostikasında instrumental metodlardan da geniş istifadə olunur. Məsələn, mədəaltı vəzin və öd yollarının ultrasonoqrafiyasında öd axacaqlarının genişlənməsi, divarlarının qalınlaşması müəyyən edilir. Öd yollarının kompüter tomoqrafiyası nəinki USM nəticələrini təqdiqləyir, həm də irinli xolangitin ağırlaşmalarını (qaraciyər absesi, pileflebit) təyin etməyə imkan verir.  

Retroqrad xolangiopankreatoqrafiya öd yollarındakı konkrementlərin vizualizasiyasına kömək edir. Maqnit-rezonans pankreatoxolangioqrafiya qeyri-invaziv metod olub, xroniki xolangitin əlamətləri ilə yanaşı, onun yaranma səbəbini də müəyyən edir. Cərrahi müdaxilədən əvvəl diaqnostika prosesində öd yollarına iynə yetirməklə qaraciyərdaxili inyeksiya – xolangioqrafiya icra olunur. Bu üsulla öd yolları həm kontrastlaşdırılır, həm də drenajlanır. о 

Xroniki xolangit virus mənşəli xolangit, öd daşı xəstəliyində öd axacaqlarının tutulması, kəskin və kalkulyoz xolesistit, şişlər (qaraciyər, mədəaltı vəzi, öd axacaqları), öd axacaqlarının digər etiologiyalı strikturaları ilə differensiasiya edilir.  

Xroniki xolangitin müalicəsi

Xroniki xolangitin müalicəsi adətən ambulator şəraitdə aparılır. Yalnız xəstəliyin ağır gedişində, bədxassəli xolestazda, ahıl yaşlarda pasiyent qastroenteroloji şöbəyə yerləşdirilir.  

Öd hipertenziyasında medikamentoz terapiya öd yollarının cərrahi yüngülləşməsinə hazırlıq mərhələsi sayılır. Şöbədə dezintoksikasiya aparılır, ağrıkəsici və antibakterial terapiya təyin edilir. Bakterial əkilmənin nəticəsi hazır olana qədər geniş təsir spektrli antibiotiklər – sefalosporinlər, penisillinlər (ödə nüfuz edən), aminoqlikozidlər tətbiq edilir. Parazitar infeksiyalarda etiotrop antiparazityar müalicə məqsədəuyğundur.  

Cərrahi müdaxilənin məqsədi öd yollarından konkrementlərin xaric edilməsindən və öd axınının yaxşılaşmasından (öd axacaqlarının drenajlanması) ibarətdir. Bunun üçün öd axacaqlarının xarici drenajlanması (Kerr, Holsted üsulu ilə),  dəridən keçməklə transqaraciyər drenajlanma, retroqrad pankreatoxolangioqrafiya prosesində nazobiliar drenajlanma, xoledoxdan konkrementlərin ekstraksiyası, xoledoxun endoskopik stentlənməsi, Oddi sfinkterinin ballon dilatasiyası icra olunur.  

Postoperasion dövrdə antibakterial və ödqovucu terapiyanı davam etdirmək, pəhriz saxlamaq, qida rasionuna vitamin və bitki yağları ilə zəngin qidalar daxil etmək məsləhət görülür.  

Xroniki xolangitin proqnoz və profilaktikası

Xroniki xolangit – letallıq səviyyəsi və ağırlaşma tezliyi yüksək olan ciddi patologiyadır. Ahıl yaş, qadın cinsinə mənsub olmaq, uzunmüddətli (2 həftədən çox) hipertermiya, huşun pozulması, anemiya, qaraciyər və böyrəyin funksional çatışmazlığı proqnozu pisləşdirir. 

Xroniki xolangitin profilaktikası ikincili olub, bu vəziyyətə gətirib çıxaran xəstəliklərin erkən diaqnostika və müalicəsindən ibarətdir.   

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: