Onixoqrifoz

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2381

onixoqrifoz nədir?Onixoqrifoz – onixodistrofiyasının bir forması olub, dırnaq lövhəciyinin əfsanəvi quş – qrifon caynağına bənzər deformasiyası ilə xarakterizə edilir. Klinik olaraq onixoqrifoz 2 mərhələyə bölünür. Erkən mərhələ dırnağın qalınlaşması, tutqunlaşması, bozumtul-sarı rəngə boyanması, dırnaq lövhəciyinin əyilməsi, əksər hallarda dəriyə batması ilə təzahür edir. Gecikmiş mərhələ üçün buynuz lövhəciklərinin burulması, dırnaq səthində ağ zolaqların əmələ gəlməsi, yerimə zamanı ağrı səciyyəvidir. Diaqnostika prosesində RW və qlükozanı təyin etmək məqsədilə pasiyentdən qan alınır, dermatoskopiya, dırnaq lövhəciyinin sıyrıntısının göbələk infeksiyasına görə müayinəsi aparılır. Ehtiyac yarandıqda pasiyent dar ixtisaslı mütəxəssislər tərəfindən konsultasiya olunur. Onixoqrifozun müayinəsi dırnaq lövhəciyinin çıxarılmasından ibarətdir.

  • Onixoqrifozun səbəbləri
  • Onixoqrifoz təsnifatı və əlamətləri
  • Onixoqrifozun diaqnostika və müalicəsi

Onixoqrifoz barədə ümumi məlumat

Onixoqrifoz – dırnaq lövhəciyinin nadir rast gəlinən distrofik zədələnməsidir. Patologiya dırnaq ətrafı toxumaların dəyişməsi, buynuz lövhəciklərinin hipertrofiyası, bərkiməsi və qrifon caynağı şəklində əyilməsi nəticəsində yaranır, əsasən ayaqlarda lokalizasiya olunur. «Onixoqrifoz» termini ilk dəfə alman həkimi və fizioloq R. Virxov tərəfindən qeydə alınmışdır. Onixoqrifoz – yaşlı şəxslərin xəstəliyidir, çox az hallarda uşaqlarda müşahidə oluna bilər.  İdmançılarda bu patologiyaya tez-tez təsadüf edilir. Onixoqrifoz adətən yastıpəncəliklə müşayiət olunur. Patoloji proses cins, fəsillə bağlı olmayıb, qeyri-endemikdir. Onixoqrifozun mikotik və ya sifilitik etiologiyalı olma ehtimalı, yerimə zamanı ağrı hissiyyatının yaranması, pasiyentlərin həyat keyfiyyətinin azalması ilə əlaqədar bu xəstəlik dermatologiyanın aktual problemləri sırasına daxil olmuşdur.

Onixoqrifozun səbəbləri

Patologiyanın dəqiq səbəbi hələlik müəyyən edilməmişdir. Onixoqrifozun ekzogen və endogen triggerlərin təsirindən yaranması ehtimal olunur. Ekzogen amillərə travma, donma, dar ayaqqabı, dırnaq ətrafı toxumaların qan təhcizatının lokal pozulması, dırnaq lövhəciyinin səliqəsiz kəsilməsi, anhidroz, yerli dəri infeksiyaları aiddir. Endogen amillərə immun pozğunluqlar, dərinin sensibilizasiyası, dermada gedən metabolik dəyişikliklər, yaşla bağlı hormonal pozuntular, toxumaların fizioloji qocalması, xroniki dermatoz, varikoz, keratozu misal göstərmək olar.  Dırnaqların bu tipp deformasiyası sifilis xəstəliyində izlənilə bilər. Nadir hallarda naməlum gen mutasiyaları nəticəsində anadangəlmə onixoqrifozun yaranması barədə məlumatlar mövcuddur. Xəstəliyin patogenezi sona qədər öyrənilməmişdir. Onixoqrifozun yalnız bir inkişaf amili dəqiq təyin edilmişdir, bu, dırnaq lövhəciyinin qidalanmasının pozulmasıdır.

Onixoqrifozun əsasını travma, dar ayaqqabıdan istifadə, donma təşkil etdikdə dırnaq altında hematomalar əmələ gəlir. Onlar dırnaq ətrafı toxumalara təzyiq göstərərək, qidalanmanı pozur, dırnaq matriksində dəyişikliklərə səbəb olur. Hüceyrə daxilində ekksudatın toplanması ilə əlaqədar buynuz hüceyrələr qalınlaşır, onlarda metabolik proseslər disproporsional şəkildə pozulur. Eyni zamanda zədələnmiş keratinositlər iltihabönü sitokinlər ifraz edir. Bu zülalların iştirakı ilə dermada iltihab yaranır. Т-limfositlər dırnaqətrafı toxumalarda və dırnaq matriksində ekssudativ və proliferativ prosesləri gücləndirən interleykin hasil edir. Epidermisin şişkinləşən və tərkibini dəyişən buynuz hüceyrələri sürətlə bölünməyə başlayır. Keratinositlər üst-üstə yığılaraq, dırnaq lövhəciyinin forma və rəngini dəyişir.

Yaranmış hiperkeratoz dırnağın dırnaq yatağı ilə əlaqəsini pozur. Hipertrofiyalaşmış dırnaq formalaşır. Onixoqrifoza infeksiya və ya hipohidrozla assosiasiyalı olduqda dırnaqaltı hematomadan savayı yuxarıda qeyd olunanlara bənzər proseslər baş verir. Xroniki iltihab dırnaq yatağının infiltratlaşmasına səbəb olur, makriksdə və buynuz lövhəciyin bütün uzunluğu boyunca buynuzlaşma proseslərini stimulyasiya edir, nəticədə hiperkerotik dırnaq əmələ gəlir.

Enoxoqrifoz endogen triggerlər tərəfindən törədildikdə buynuz lövhəciklərin hipertrofiyasının əsasında dəri və onun artımlarının fizioloji xüsusiyyətlərinin yaşla bağlı dəyişiklikləri fonunda gedən immun pozğunluqlar dayanır. Yaş artdıqca dırnaq matriksi nazilir, onun tərkibində su və lipidlərin miqdarı azalır. Epidermis və dermada qan damarlarının bir hissəsi obliterasiyaya uğrayır. Bütün bu proseslər dəri artımlarının trofikasının pozulmasına, dırnağın kimyəvi tərkibinin dəyişilməsinə gətirib çıxarır.

Bu fonda dəriyə hər hansı bir təsir dermada iltihabi reaksiyaya səbəb olur, keratinositlərin proliferasiya və qeyri-düzgün böyüməsini gücləndirir. Bu proseslərlə əlaqədar dırnaqaltı hiperkeratoz yaranır, dırnaq qalınlaşır, rəngini dəyişir, deformasiyalaşır, zamanla caynaq forması alaraq, dırnaq yatağı ilə əlaqəsini hissəvi itirir. 60 yaşdan yuxarı pasiyentlərdə inkişaf edən damar çatışmazlığı, dərman sensibilizasiyası və şəkərli diabet (damarların həddindən artıq kövrəkliyi) onixoqrifozu daha da dərinləşdirir.

Onixoqrifozun təsnifatı və əlamətləri

Dermatologiyada onixoqrifozlar 2 formaya ayrılır: anadangəlmə və qazanılmış. Patoloji prosesin səbəbindən asılı olan adekvat terapiya məhz bu bölgüyə əsasən müəyyən edilir.

Klinik olaraq onixoqrifozun 2 inkişaf mərhələsi ayırd edilir. Xəstəliyin erkən mərhələsində dırnaq lövhəciyi ətrafı  və onun altında yerləşən yumşaq toxumalarda ağrı müşahidə olunur. Patoloji proses adətən ayaq barmaqlarında lokalizasiya olunduğundan yerimə zamanı ağrı və diskomfort yaranır.  Dırnaq lövhəciyinə cüzi təzyiq ağrı hissinin güclənməsi ilə müşayiət olunur. Zamanla dırnaq qalınlaşmağa başlayır və dırnaq yatağı səviyyəsindən yuxarı qalxan qeyri-təbii buynuz çıxıntı formalaşır. Dırnağın qalınlığı 1 mm-dən çox olduqda bu, onixoqrifozun başlanmasından xəbər verir. Dırnaq tündləşir, bərkiyir, onu kəsmək çətinləşir. Bır sıra hallarda dırnaq lövhəciyinin kənarı dəriyə batır.

Onixoqrifozun ikinci mərhələsində hipertrofiyalaşan dırnaq lövhəsində dərin köndələn və boylama zolaqlar əmələ gəlir. Dırnaq bozumtul-sarı rəngə boyanır. Buynuz təbəqələr burularaq, o dərəcədə sərtləşir ki, hətta ən rahat ayaqqabı güclü ağrı hissi törədir. Dırnağı əvvəlcədən islatmadan kəsmək mümkün olmur. O, barmaq ucundan kənara çıxaraq, daxilə doğru burulur – quş dimdiyi formasını alır. Bəzən dırnağın boyümə istiqaməti vint və ya spiral şəkilli olur. Onun uzunluğu 4-6sm olur, səthi qonur rəng alır, üzərində qabarlar və kələ-kötürlük yaranır. Dırnaq formasına görə heyvan buynuzunu xatırladır. Pasiyentlər ayaqqabını müstəqil şəkildə geyinə bilmir, onlarda yerimə ilə bağlı məhdudiyyətlər yaranır. Bu tip onixoqrifoz yaşlı insanlarda qeydə alınır.

Onixoqrifozun diaqnostika və müalicəsi

Onixoqrifozun müayinə və müalicəsi dermatoloq və ya podoloq tərəfindən aparılır. Tipik klinika və anamnezlə əlaqədar diaqnozun qoyulmasında heç bir çətinlik törənmir. Ehtiyac yarandıqda dar ixtisaslı mütəxəssislər – endokrinoloq, damar cərrahı, immunoloq-allerqoloqun konsultasiyaları təyin olunur.  Qazanılmış onixoqrifoz zamanı RW və qlükozanı təyin etmək məqsədilə venadan qan götürülür (gecikmiş sifilis və şəkərli diabetdə dırnaq lövhəciyinin bu tip deformasiyasına rast gəlinir). Göbələk infeksiyasını inkar etmək məqsədilə dermatoskopiya aparılır, Vud lampasından istifadə olunur, zədələnmiş dırnaqdan götürülən sıyrıntı mikroskop altında təhlil edilir və ya patoloji material qidalı mühitə əkilir.

Onixoqrifozun əlamətlərinə ikincili infeksiya qoşulduqda pustulanınn mövtəviyyatının əkilməsi yolu ilə piodermiyanın törədiciyisinin növü və onun antibiotiklərə qarşı həssaslığı müəyyən edilir. Patologiyanın terapiyası yalnız onun səbəbinin təyin edildiyi halda effektiv olur. Pasiyent mütəxəssisə nə qədər tez müraciət edərsə nəticə bir o qədər effektli olar. Terapiyanın məqsədi dırnaq lövhəciyinin qalınlığının azaldılması və dırnağın əvvəlki formasına qaytarılmasından ibarətdir. Bu məqsədlə dırnaq lövhəciyi hissəvi və ya tam şəkildə çıxarılır. Konservativ variantda əvvəlcə dırnağı yumşaltmaq üçün onun zədələnmiş sahəsinə xüsusi pasta çəkilir. 30-40 dəqiqədən sonra ilıq su ilə yuyulur, mexaniki qaşıma yolu ilə dırnağın yumşalmış hissəsi çıxarılır.

Kurs minimum 3-5 prosedurdan ibarətdir. Paralel olaraq daxilə qəbul üçün vitaminlər təyin edilir. Xaricə istifadə üçün retinol və jelatin əsaslı bərpaedici məlhəm məsləhət görülür. Alternativ vasitə kimi keratolitik plastırlardan da istifadə etmək mümkündür.

Ağır hallarda dırnaq cərrahi və ya lazer üsulu ilə tamamən çıxarılır. Əl barmaqların estetik nöqteyi-nəzərdən dırnağın əsası saxlanılır. Daxilə vitamin-mineral kompleksi, retinol və tokoferol preparatları qəbul edilir. Müalicə kursu 4-6 ay təşkil edir.

Onixoqrifozun profilaktikası məqsədilə travmaların uzaqlaşdırılması, rahat ayaqqabıdan istifadə, yanaşı gedən xəstəliklərin korreksiyası, dırnaq lövhəciyinin düzgün kəsilməsi, əllərin məişət kimyasından müdafiəsi tövsiyyə olunur. Xəstəliyin proqnozu şübhəlidir, tam sağalma əksər hallarda mümkünsüzdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: