Pəncənin hiperkeratozu

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 1430

pəncənin hiperkeratozu nədir?Pəncənin hiperkeratozu  – onun alt səthində epidermisin həddindən artıq buynuzlaşması və qalınlaşması ilə səciyyələnir. Pəncənin hiperkeratozu dərinin kobudlaşması və quruması, döyənəklər, ağrılı və qanayan çatların yaranması ilə təzahür edir. Diaqnostika pəncənin dermatoloq, podoloq və ya ortoped tərəfindən xarici müayinəsi, biopsiya yolu ilə dəridən götürülən materialın histoloji analizinin nəticələrinə əsaslanır. Pəncənin hiperkeratozun müalicəsi kompleks şəklində aparılır: ayaq vannaları, dabanın pilinqi, tibbi pedikür, xüsusi kosmetik vasitələrin tətbiqi.

  • Pəncənin hiperkeratozunun yaranma səbəbləri
  • Pəncənin hiperkeratozunun müalicə üsulları

Pəncənin hiperkeratozu barədə ümumi məlumat

Pəncənin hiperkeratozu (buynuz qatın sərtləşməsi) epidermisin buynuz qatının 1 sm-ə qədər və daha çox qalınlaşması ilə xarakterizə olunur. Hiperkeratozun ağırlaşmalarına nöqtəvi hemorragiyalar (qansızmalar), yümşaq (barmaqların arasında, dırnaqda) və bərk (köklü) döyənək, xoralar aiddir.  Qansızma və döyənəklər sağlamlıq üçün təhlükə daşımır və yerimə zamanı diskomfort törətmir. Onlar xüsusi prosedurlarla aradan qaldırılır. Xoralar əsasən şəkərli diabetdən əziyyət çəkən xəstələrdə müşahidə olunur, belə hallarda kosmetik prosedurlar əsas xəstəliyin müalicəsi ilə birgə aparılır.

Adətən dabanda buynuz qatının bərkiməsi fonunda çatlar əmələ gəlir, bu da müəyyən narahatlıqlar törədir. Lakin onların inkişafı hər zaman hiperkeratozla birbaşa bağlı olmur, onlar daban dərisinə kifayət qədər qulluq edilmədikdə da yarana bilər.

Pəncənin hiperkeratozunun yaranma amilləri

Hiperkeratozun yaranmasında iştirak edən amillər 2 qrupa bölünür:

1. Ekzogen (xarici) amillər.

Pəncənin bəzi hissələrinin uzunmüddətli yüklənməsi hiperkeratozun formalaşmasına səbəb olur. Təzyiq nəticəsində dərinin bazal hüceyrələri sürətlə çoxalmağa başlayır. Normada epidermisin yuxarı qatında yerləşən hüceyrələr qoparaq, yeniləri ilə əvəz olunur. Hüceyrələrin aktiv bölünməsi zamanı bu proses ləngiyir, epidermisin  buynuz qatı qalınlaşır, hiperkeratoz yaranır.

Hiperkeratozun ən geniş yayılan ekzogen amili düzgün seçilməyən ayaqqabıdır. Nəinki dar, həmçinin ölçüsü böyük olan ayaqqabı da hiperkeratozun yaranmasına şərait yaradır. Ayaqqabı boş olduqda ayaq içəridə fiksə olunmur, yerimə zamanı təpənərək, pəncənin sürtülməsinə, onun patoloji dəyişikliklərinə gətirib çıxarır.

Pəncənin hiperkeratozu həm də insanın konstitutsiyası: artıq bədən çəkisi və hündür boyla bağlıdır. Buynuz qatın qalınlaşmasının digər ekzogen səbəbi pəncənin anadangəlmə (yastıpəncəlik, əyripəncəlik) və ya qazanılmış (travma, əməliyyatlar zamanı) deformasiyalarıdır. Belə hallarda pəncənin bəzi hissələri fizioloji normadan bir neçə dəfə artıq yüklənərək, təzyiqə məruz qalır.

2. Endogen (daxili) səbəblər.

Onlara ilk növbədə endokrin və dəri xəstəlikləri aiddir. Şəkərli diabetə tutulan insanlarda karbohidrat mübadiləsi pozulur, bu da öz növbəsində aşağı ətrafların ağrı və taktil hissiyyatının dəyişməsi, toxumaların qan təhcizatı və trofikasının pozulması, dərinin quruması, xoralar və hiperkeratozun inkişafının digər risk amillərinə gətirib çıxardır.

Hiperkeratoza səbəb olan dəri xəstəliklərinin sırasına psoriaz, ovuc-pəncə nahiyəsinin keratodermiyası, ixtioz, keratin sintezinin anadangəlmə pozulması daxildir.

Ekzo- və endogen amillərin eyni zamanda təsir göstərməsi (məsələn, şəkərli diabetdən əziyyət çəkən insanın dar ayaqqabı geyinməsi) hiperkeratozun yaranma və proqressivləşmə riskini artırır.

Pəncənin hiperkeratozunun müalicə üsulları

Ev şəraitində müalicə

Pəncənin hiperkeratozu zamanı salon prosedurları ilə yanaşı ev şəraitində də ayaqlara qulluq edilməlidir.

Müntəzəm gigiyenik prosedurlar və yumşaldıcı təsirə malik preparatlar hiperkeratozun müalicəsində effektiv təsir göstərir. Lavanda, küknar, rozmarinin yağda məhlulunun istifadəsi tövsiyyə olunur. Ayaq dərisinə kompleks qulluq -axşamlar əsas dərman vasitəsinin çəkilməsi, səhərlər xüsusi tonik və losyon, həftədə 1-2 dəfə ayaq vannaları müsbət nəticə verir.

Bundan əlavə ev şəraitində dabanın kobudlaşmış dərisi pemza (süngər daşı) ilə təmizlənməlidir. Pemzadan hər gün istifadə etməklə buynuz qatın qalınlaşmasını  azaltmaq mümkündür. Prosedurdan əvvəl ayaqlar yuyulmalı, qurulanmamalıdır, çünki pempazının yaş dəridə istifdasi daha asan olur.

Yuxarıda qeyd olunan üsullar hiperkeratozun qarşısını almağa və ya onun gedişini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Podoluqun müalicəsi 

Pəncənin hiperkeratozunun müalicəsi ilə mütəxəssislər –tibb təhsili alan podoloqlar məşğul olur. Müalicə mərhələli şəkildə aparılır: pəncənin kobudlaşmış dərisinin yumşaldılması, sərtləşmiş buynuz qatın xaric edilməsi, dərinin cilalanması.

Bərkimiş buynuz qatın yumşaldılmasının üçün bir neçə üsulu vardır. Klassik üsulda yumşaldıcı qismində sudan istifadə olunur.  Bəzən suya duz və ya aromatizatorlar əlavə olunur. Bu üsul həm sadə, həm də xoşagələndir. Müasir kosmetologiyada əsasən kimyəvi yumşaldıcılara (məhlul, gel, köpüklənən vasitələr) üstünlük verilir. Onların danılmaz üstünlükləri dezinfeksiyaedici təsirə malik olmaları, yüksək effektivliyin təminindən ibarətdir.

Sərtləşmiş buynuz qat birdəfəlik istifadə üçün nəzərdə tutulan skalpel və ülgüclə xaric edilir. Pəncənin alt səthində, barmaqlar arasında və ya ayaqdarağı-falanqa oynağı üzərində yerləşən hiperkratoz sahələri uzun zolaqlar və ya düyü dənələrini xatırladır. Bu nahiyələrin ulgüclə təmizlənməsi məqsədəuyğundur.

Kobudlaşmış buynuz qat ehtiyatla xaric edilməli, yumşaq toxumanın tamlığı pozulmamalıdır.

Hiperkeratozun podoloji müalicəsinin son mərhələsi dərinin cilalanmasıdır. O, ənənəvi dırnaqyonan və ya birdəfəlik istifadə üçün nəzərdə tutulan keramik ucluqla aparatla aparıla bilər. Aparat üsulu yüksək effektivlik və gigiyenikliyi ilə seçilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: