Alopesiya
Alopesiya (dazlaşma) – başın və ya dərinin digər tüklü nahiyələrinin keçəlləşməsinə gətirib çıxaran proqressivləşən saç tökülməsidir. Alopesiyanın aşağıdakı növləri ayırd edilir: diffuz (bütün başda tüklərin nazikləşməsi və seyrəlməsi); ocaqlı (tamamilə tüksüz ocaqların əmələ gəlməsi); androgen mənşəli (qanda kişi cinsi hormonlarının səviyyəsi ilə əlaqəli olan kişi tipi); total (tüklər ümumiyyətlə olmur). Alopesiyanın müxtəlif növləri həm kişilərdə, həm də qadınlarda meydana çıxır. Patologiya güclü kosmetik defekt və ciddi psixoloji problemdir.
- Alopesiyanın səbəbləri və klinik təzahürləri
- Alopesiyanın diaqnostikası
- Alopesiyanın müalicəsi
- Alopesiyanın gedişi və proqnozu
Alopesiya barədə ümumi məlumat
Alopesiya – tüklərin normal lokalizasiyasından tamamilə və ya ocaqlı tökülməsidir. Patologiya başın tüklü hissəsində daha çox müşahidə olunur. 50 yaşdan yuxarı kişilərin təxminən yarısı və qadınların 1/3-i alopesiyanın müxtəlif əlamətlərinə malikdir.
Alopesiyanın səbəbləri və klinik təzahürləri
Yetkin tüklərin tökülməsi, adətən, tük örtüyünün sıxlığının azalmasına və ya çox nadir hallarda total alopesiyaya gətirib çıxarır. Yetkin tüklərin tökülmə səbəbləri kifayət qədər çoxdur, məsələn, hamiləlik dövründə orqanizmin fizioloji dəyişiklikləri nəticəsində doğuşdan sonra alopesiya baş verə bilər. Retinoidlərin, oral kontraseptivlərin və antikoaqulyantların uzunmüddətli qəbulu, xüsusən daimi stress vəziyyətlərində və endokrin patologiyalarla yanaşı getdikdə tez-tez alopesiyaya səbəb olur. Orqanizmdə dəmir, sink çatışmazlığı və başqa qidalanma pozulmaları da tük örtüyünün sıxlığına mənfi təsir göstərir.
Alopesiya, bir qayda olaraq, başın alın və ya təpə nahiyəsində kiçik hissədə tüklərin seyrəlməsi ilə tədricən başlayır; dəri parlaq olur. Tük follikullarının atrofiyası müşahidə olunur; ocağın mərkəzi hissəsində tək-tük, görünüşünü dəyişməmiş uzun tüklər müşahidə olunur.
Patologiyanın səbəbi inkişaf edən tüklərin tökülməsidirsə, bu, zaman keçdikcə saçların total itirilməsinə gətirib çıxara bilər. Bu tipli patogenetik alopesiya mikozlar, şüa terapiyası; vismut, arsen, qızıl, talium və bor turşusu ilə zəhərlənmə ilə əlaqəli ola bilər. Sitostatiklərlə aparılan şişəleyhinə terapiya da saçların tökülməsinə və alopesiyaya rəvac verə bilər.
Androgen mənşəli alopesiya əsasən kişilərdə müşahidə olunur; patologiya cinsi yetişkənlikdən sonra meydana çıxmağa başlayıır və 30-35 yaşa qədər formalaşır. Bu zaman alopesiyanın inkişafı androgen hormonunun yüksək konsentrasiyası ilə əlaqəlidir; bu isə irsi faktorlarla bağlıdır. Androgen mənşəli alopesiya klinik olaraq uzun saçların nazik, qısa tüklərlə əvəzlənməsi ilə təzahür edir. Bu tüklər zaman keçdikcə daha da qısalır və piqmentini itirir. Başlanğıcda hər iki gicgah nahiyəsində simmetrik seyrəlmə baş verir, tədricən prosesə təpə nahiyəsi də qoşulur. Zaman keçdikcə keçəlləşmiş nahiyələr periferik inkişaf səbəbindən bir-birilə birləşir.
Başın tüklü hissəsində parlaq və hamar nahiyələrlə müşayiət olunan çapıqlı alopesiya patoloji ocaq nahiyələrində saç soğanağının olmaması ilə fərqlənir. Alopesiyanın bu növünün inkişaf səbəbi anadangəlmə anomaliyalar və saç follikullarının qüsurları ola bilər. Lakin sifilis, cüzam və herpetik infeksiyalar kimi infeksion xəstəliklər çapıqlı alopesiyaya daha çox gətirib çıxarır. Yumurtalıqların və hipofizin hiperplaziya və polikistoz tipli dəyişiklikləri, bazalhüceyrəli xərçəng, steroid preparatlarının uzunmüddətli qəbulu da çapıqlı alopesiyanı təşviq edir. Baş dərisinə aqressiv kimyəvi maddələrin təsiri, yanıqlar, donma çapıqlı alopesiyanın daha çox rastlanan ekzogen səbəbləridir.
Yuvalı alopesiya keçəlləşmə çapıqla müşayiət olunmur və müxtəlif ölçülü dairəvi ocaqlar şəklində yerləşir; qəflətən təzahür edir. Patologiyanın səbəbi məlum deyil; lakin alopesiya ocaqları periferik inkişafa meyillidir və saçların total tökülməsinə gətirib çıxara bilər. Yuvalı alopesiya daha çox başın tüklü hissəsində müşahidə olunur. Lakin keçəlləşmə prosesi bığ, saqqal, qaş və kirpik nahiyələrini əhatə edə bilər. Başlanğıcda alopesiya ocaqlarının diametri 1 sm-ə qədər olur, dərinin vəziyyəti dəyişilmir; lakin bəzən kiçik hiperemiya müşahidə oluna bilər.
Zədələnmiş nahiyədə tük follikullarının ağzı aydın görünür. Periferik inkişafı sayəsində alopesiya ocaqlarının konturları nahamar xarakter alır və bir-birilə birləşir. Ocaqların ətrafındakı sahələrdə tüklər boş olur, azacıq təsir zamanı asanlıqla tökülürlər. Bu nahiyədəki tüklər kökdən piqmentdən məhrumdur və sancaqvari qalınlaşma ilə ağ nöqtələr şəklində qurtarırlar. Onlar “nida şəkilli tüklər” adını almışlar. Belə saçların olmaması yuvalı alopesiyanın stasionar mərhələyə keçməsindən və saç tökülməsinin proqressivləşməsindən xəbər verir. Bir neçə həftə və ya aydan sonra alopesiya ocaqlarında tüklərin inkişafı bərpa olunur. Başlanğıcda onlar nazik və rəngsiz olur; lakin zaman keçdikcə onların rəngi və quruluşu normal xarakter alır. Tüklərin inkişafının yenilənməsi faktı residivlər ehtimalını inkar etmir.
Seboreyalı alopesiya seboreya klinik hallarının təxminən 25%-ində müşahidə olunur. Keçəlləşmə cinsi yetişkənlik dövründə başlayır və 23-25 yaşlarda maksimal həddə çatır. Başlanğıcda saçlar yağlı və parlaq olur, xaricən yağ sürtülmüş kimi görünür. Saçlar bir-birinə yapışırlar, baş dərisi sıx yerləşmiş, yağlı, sarımtıl rəngli pulcuqlarla örtülür. Proses qaşınma ilə müşayiət olunur; patologiyaya tez-tez seboreyalı ekzema da qoşulur. Keçəlləşmə tədricən başlayır. Əvvəlcə saçların yaşam müddəti qısalır, nazikləşirlər və tədricən sarı (qısa, nazik, az piqmentli) tüklərlə əvəzlənirlər. Seboreyalı alopesiya inkişaf etdikcə saç tökülməsi artmağa başlayır; keçəlləşmiş nahiyələr görünür. Saç tökülməsi alın kənarından başlayır və təpə nahiyəsinə istiqamətlənir. Dazlaşma ocağı həmişə sağlam və möhkəm kökə malik saçlardan ibarət nazik zolaqla əhatə olunmuşdur. Тrixotillomaniya – insanın öz saçlarını qeyri-iradi dartması və həddən artıq dar hörüklər etdikdə saç soğanağının zədələnməsidir. Bu vərdiş travmatik alopesiyaya gətirib çıxarır və xroniki xarakter alaraq tez-tez tam keçəlləşmə ilə sonlanır.
Alopesiyanın diaqnostikası
Alopesiyanın diaqnostikası çətinlik törətmir; belə ki, pasiyentlərdə ya tük örtüyünün seyrəlməsi, ya da tam tüksüz ocaqlar müşahidə olunur. Müalicə sxemini təyin etmək üçün alopesiyanın səbəbini müəyyənləşdirmək daha çətindir. Bunun üçün trixoloq konsultasiyası mühümdür.
Adətən, hormonal fonun təyini – qalxanabənzər vəzin funksional müayinəsi və qanda kişi hormonlarının səviyyəsinin müəyyənləşdirilməsindən ibarət pasiyentin kompleks müayinəsi həyata keçirilir. Bundan başqa, immun sistemin funksiyalarının pozulmasını aşkarlamaq və ya inkar etmək məqsədilə qanın ümumi analizi aparılır. Alopesiyanın sifilik təbiətli olmasını istisna etmək və ya təsdiqləmək mühümdür. Bu məqsədlə qanın seroloji analizi və RPR-test həyata keçirilir.
Yuvalı alopesiyalı pasiyentlərdə, adətən, T- və B-limfositlərin miqdarı azalır və saçın çəkilməsi sınağı müsbət olur; belə ki, saçın ehtiyatla çəkilməsi onun asanlıqla qopmasına gətirib çıxarır.
Göbələklərin olub-olmamasını təyin etmək məqsədilə saç spiralının və keçəlləşmə ocağının mikroskopik müayinəsi mütləqdir; başın tüklü hissəsinin dərisinin biopsiyası sistemli qırmızı qurdeşənəyi, sarkoidoz və ya yastı dəmrov fonunda inkişaf edən çapıqlı alopesiyanın və dermatozların aşkarlanmasına və ya istisnasına imkan verir. Əlavə olaraq tükün spektral analizi aparılır.
Alopesiyanın müalicəsi
Alopesiyanın müalicəsində başın yuyulma rejimi pasiyentin istəyinə uyğun ola bilər. Burada seboreyalı alopesiya istisnadır; belə ki, seboreyalı alopesiyada baş həftədə bir dəfədən artıq yuyulmamalıdır. Ot tərkibli qeyri-aqressiv yuyucu vasitələrdən istifadə tüklərin inkişafına rəvac verir.
Vitamin kompleksləri və əsas müalicədən başqa qidalanma rejimi də qaydasına salınmalıdır. Keçəlləşmə və saçların tökülməsi zamanı qidada çoxlu miqdarda sink və mis olmalıdır. Qida rasionuna qaraciyər, dəniz məhsulları, taxıllar və dənli bitkilər, göbələklər, yaşıl tərəvəzlər, apelsin və limon şirəsi daxil olunmalıdır; bu məhsulları gün ərzində azı bir dəfə qəbul etmək lazımdır. Kofe, alkoqol və ekstraktiv maddələrin istisnası vegetativ sinir sisteminin normallaşmasına rəvac verir; bundan başqa, bu maddələrin istifadəsi alopesiyada təyin olunmuş preparatlar qəbul oldunduğu müddətdə əks göstərişdir.
Saç itkisinin əsas səbəbi yetkin saçların tökülməsidirsə, alopesiya təsiri başladıqdan maksimum üç ay sonra təzahür edir. Bir qayda olaraq, dərmanlar kəsildikdən, həyat rejimi və qidalanma normallaşdıqdan sonra keçəlləşmə sürətlə bərpa olunur. İnkişaf edən saçların tökülməsi ilə meydana çıxan alopesiya zamanı onların maksimal tökülməsi provokasiyaedici faktorların təsirindən bir neçə həftə və ya gün sonra müşahidə olunur. Əsas səbəb dəf olunduqdan sonra saçların inkişafı sürətlə bərpa olunur.
Çapıqlı alopesiya total saç tökülməsinə yol verməmək üçün əsas səbəbin aradan qaldırılmasını tələb edir. Belə ki, saçlar tamamilə töküldükdən sonra cərrahi müalicəyə müraciət olunur; bu zaman çapıq toxuma yarılır və oraya saç köçürülür.
Androgen mənşəli alopesiyada tərkibində minoksidil və ya onun analoqları olan dərmanlar pasiyentlərin böyük bir qismində saçların inkişafına revac verir. Lakin nəzərə almaq lazımdır ki, minoksidilin effektivliyi preparatın qəbul müddətinin uzunluğundan asılıdır. Saçların inkişafı, adətən, müalicəyə başladıqdan 10-12 ay sonra müşahidə olunur. Preparat əks göstərişlərə və yan təsirlərə malikdir. Xüsusilə, ürək-damar sisteminin fəaliyyət pozulmaları olan pasiyentlərə, hamilə və laktasiyada olan analara əks göstərişdir. Androgen mənşəli alopesiyanın müalicəsində alternativ metod hormonal fonun korreksiyası məqsədilə hormonal preparatların qəbulu və sonra saç transplantasiyasıdır.
Qadınlarda androgen mənşəli və seboreyalı alopesiyada antiandrogen oral kontraseptivlər təyin olunur. Həmin preparatlar hormonal fonu normallaşdırır; dəri, saçlar və dırnaqların vəziyyətinə müsbət təsir göstərir.
Yuvalı alopesiya, adətən, iki-üç il ərzində öz-özünə keçir; lakin hətta özünü müalicə zamanı da tez-tez residivlər müşahidə olunur. Alopesiyanın bu formasının əsas səbəbi stress və hipovitaminozlar olduğundan vitamin terapiyası, qalxanabənzər vəzin fəaliyyətini normallaşdıran preparatlar və sedativ preparatlar yaxşı təsir göstərir. Trixologiyada saçların inkişafını stimulyasiya etmək məqsədilə furakumarin preparatları (bitki tərkibli dərmanlar) istifadə olunur. Nəzərə almaq lazımdır ki, alopesiyanın müalicə sxemi fərdi həssaslıqdan və ilin fəslindən asılıdır; buna görə də alopesiyanın müalicəsi zamanı bu preparatların istifadəsi həkim nəzarəti altında keçirilməlidir.
Travmatik alopesiyanın müalicəsi psixoloq və psixiatrla birgə aparılmalıdır; belə ki, sağalma saçın dartılması dayandıqdan sonra başlayır. Sedativ preparatların qəbulu və davranışın korreksiyası travmatik alopesiyaya gətirib çıxaran manyakal davranışların tam və ya hissəvi aradan qaldırılmasına imkan verir. Alopesiyanın səbəbi dermatomikozlar olduqda ocaqda bütün antiepidemik tədbirlərə riayət olunmaqla göbələk əleyhinə müalicə aparılır. Müalicədən sonra saçların inkişafı, adətən, bərpa olunur. Lakin, məsələn, favusun uzunmüddətli gedişində davamlı postfavus alopesiyası müşahidə olunur və bu zaman bərpanın yeganə metodu saç transplantasiyası olur.
Alopesiyanın gedişi və proqnozu
Saçların tökülməsinin səbəbi dematomikozlar, hormonal fonun pozulması və trixoillomaniya olduqda korreksiyadan sonra tük örtüyü tam bərpa olunur. Çapıqlı və total, yuvalı alopesiyada tüklər, adətən, bərpa olunmur; belə ki, bu zaman tük follikulları ciddi zədələnir və saç transplantasiyası tələb olunur.
Ümumilikdə alopesiyanın müalicəsinin uğuru həkimin təyinatına tam əməl olunması və pasiyentin xəstəliyin hansı mərhələsində tibbi yardıma müraciət etməsindən asılıdır. Xalq təbabəti vasitələri ilə dərman müalicəsinin kombinasiyası sağalma prosesini sürətləndirir. Özünü müalicə, adətən, məqsədyönlü deyil və az effektlidir; belə ki, bu metodla alopesiyanın inkişafının əsas səbəbi aradan qaldırılmır.