Problemli dəri
Problemli dəri – həddindən artıq quruluq və ya yağlılıq, sızanaqlar, damar defektləri, piqmentasiya və digər kosmetik qüsurlarla xarakterizə olunur. Problemli dərinin əlamətlərinə lokal qızartı, nahamar səth, genişlənmiş məsamələr, sızanaqlar, komedonlar və s. aiddir. Bu probelemlə əksər hallarda yeniyetmələr, eləcə də endokrin və həzm sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üzləşir. Bu və ya digər problemlərini həll etmək üçün dermatoloq, qastroenteroloq, endokrinoloqun konsultasiyası, kompleks müayinə, endogen pozğunluqların aradan qaldırılması, dəriyə düzgün qulluğun təşkili tələb olunur.
- Problemli dərinin xarici təzahürləri
- Problemli dərinin səbəbləri
- Problemli dərinin müalicə üsulları
Problemli dəri barədə ümumi məlumat
Sağlam görünüşə malik olmayan, sızanaqlar, damar və ya piqment ləkələri, çapıqlarla müşayiət edilən dəri problemli sayılır. Bu problemlə hər kəs qarşılaşa bilər. Hətta ideal dəridə yaş artdıqca hormonal dəyişikliklərlə əlaqədar müəyyən çatışmazlıqlar yaranır. Stress və digər əlverişsiz amillər dərinin vəziyyətinə təsir edərək, bir sıra kosmetik qüsurlara səbəb olur. Problemli dəri tipinə görə yağlı, quru, kombinəolunmuş, xroniki yaşa əsasən cavan və yetkin ola bilər. Dermatokosmetoloqa müraciətlərin böyük əksəriyyəti məhz problemli dəri ilə bağlı olur.
Problemli dərinin xarici təzahürləri
- sızanaqlar, civzələr dəri örtüklərinin saralması
- furunkulyoz piqment ləkələri
- dərinin həddindən artıq yağlılığı dəridə allergik reaksiyalar
- dərinin solğunluğu göbələk mənşəli zədələnmələr, kandidoz
- həddindən artıq quruluq dərinin boşalması
- “damar ulduzcuqları” erkən qırışlar
- dəri qaşınması
Yaş amili, orqanizmin ümumi vəziyyəti və sağlamlığı, dəri tipi və bir çox səbəblərdən asılı olaraq, dəri problemləri müvəqqəti xarakterli olub, qısa zaman ərzində keçib gedə, bəzən isə ciddi narahatlıqlar törədə bilər. Üz dərisi quru, normal və yağlı sahələrdən ibarət olduqda kombinəolunmuş adlanır. Belə dəri tipi əsasən qadınlarda müşahidə edilir. Üzün mərkəzi və ya T-zonası (burun, alın, çənə) yağlı, yanaqlar, göz ətrafı nahiyə, boyun isə normal və ya quru dəri ilə örtülür. Yağlı və quru həssas dəri daha problemli tiplərdir.
Digər tiplərdən fərqli olaraq, yağlı dəriyə malik qadınlarda erkən qırışların yaranma təhlükəsinə rast gəlinmir. Lakin o, digər ciddi problemlərə səbəb olur. Yağlı dəri üçün parıltı, iri məsamələr, sarımtıl zeytun rəngi, qan dövranının zəifliyi, akne, yağlı seboreya xarakterikdir.
Sebumun az ifraz olunması ilə əlaqədar quru dərinin təbii müdafiəsi zəif olur. Məhz bu səbəbdən dəri quru olur və qabıqlanır. Quru dəri xarici faktorların: əlverişsiz iqlim və hava şəraiti, mexaniki amillər (kobud geyim və s.) təsirinə həssas olur. Bu təsirlərdən dəri qıcıqlanır, qızarır, səpkilər yaranır. Kosmetik vasitələrin tərkibinə daxil olan müəyyən komponentlər dəridə reaksiya törədərək, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Problemli dərinin səbəbləri
Problemli dəri xəstəlik sayılmır. Əvvəllər hesab olunurdu ki, dəridəki səpkilər qeyri-düzgün qidalanma və gigiyena qaydalarına riayət edilməməsi nəticəsində yaranır. Hazırda mütəxəssislər dəri problemlərinin əsasında psixoloji amillər (stress və s.) və piy vəzilərinin fəaliyyətinin pozulmasının dayandığını irəli sürürlər. Problemli dərinin əlamətlərinə piy vəzilərinin hiperfunksiyası, quru və yağlı sahələrin olması, krater şəkilli genişlənmiş məsamələr aiddir. Məsamələr və tük follikullarında piy, ölü hüceyrələrin toplanması və onların patogen bakteriyaların təsiri nəticəsində dəridə sızanaqlar əmələ gəlir. Səpkilər kürək, üz və sinə nahiyəsində ağrılı olur.
Problemli dəri MBT xəstəlikləri və ya endokrin pozğunluqların əlaməti ola bilər. Bəzi dəri problemləri, məsələn piqment ləkələri irsi xarakter daşıyır.
Hormonal dəyişikliklər nəinki cavanlarda, həmçinin yaşlı şəxslərdə də bir sıra dəri problemlərinə səbəb ola bilər. Dərinin sallanması kollagen sintezinin zəifləməsi ilə əlaqəlidir, bu zaman dərinin elastikliyi və turqoru azalır. Quru dərinin yaş xüsusiyyətləri dəri baryerinin zədələnməsi və quruluğun artması ilə bağlı problemləri daha da dərinləşdirir. Bununla yanaşı piy vəzilərinin sekresiyası zəifləyir, hüceyrədaxili proseslər ləngiyir, hialuron turşusunun səviyyəsi azalır.
Özbaşına müalicə dərinin sağlamlığına ziyan vura bilər. Yalnız mütəxəssis xəstəliyin həqiqi səbəbini təyin etməyə və dəri tipinə uyğun individual müalicə yazmağa qadirdir. Vaxtında aparılan müalicə dəri problemini aradan qaldırmağa kömək edir.
Problemli dərinin müalicə üsulları
Müasir kosmetologiyada dərinin yaş xüsusiyyətləri və digər əlverişsiz amillərlə bağlı neqativ proseslərin aradan qaldırılması, korreksiyası və ləngidilməsinə yönəldilən müxtəlif üsullar mövcuddur.
Biogel və ya botoksla aparılan prosedurlar müsbət nəticələr göstərir. Qırışların hamarlaşdırılmasında mezoterapiya uğurla tətbiq olunur. Bu prosedurun mahiyyəti epidermisdən sonra yerləşən dəri qatlarına (mezoderma) inyeksiya ilə xüsusi dərman və ya homeopatik preparatların yeridilməsindən ibarətdir. Mezoterapiyadan həmçinin yaşlanma və və ya hormonal dəyişikliklərlə bağlı digər problemlərin müalicəsində istifadə olunur. Estetik təbabət və dermatologiyada sellülit, piylənmə, venaların varikoz genişlənməsi, dəri çatları, çapıqlar, dərinin yaşlanması və şişkinliyi ilə mübarizədə məhz bu üsula üstünlük verilir.
Elektrokoaqulyasiya (diatermokoaqulyasiya) – dərinin problemli toxumalarının elektrik cərəyanı ilə yandırılması – sızanaqlar, «damar ulduzcuqları», xallar, papillomanın müalicəsində tətbiq edilir. Problemli və yaşlanmış dərinin müalicəsi ozonoterapiya ilə aparılır. Bu üsul ozonlaşdırılmış yağlarla masaj, ozon-oksigen qarışığının dərialtı və ya dəridaxili yeridilməsindən ibarətdir. Ozonoterapiya mimik qırışlara effektiv təsiri və üz dərisini yaxşılaşdırması sayəsində qadınlar arasında çox məşhurdur.
Problemli dəridə mütləq pilinq aparılmalıdır. Onun köməyilə dəri ölü hüceyrələrdən azad olur, yeni hüceyrələrin əmələ gələməsi və böyüməsinə şərait yaranır. Sallanmış dərinin dartılması, yeniyetmələrdə akne, yeni çatlar və digər dəri problemlərinin korreksiyasında əvəzedilməz kosmetik porsedur üzün liftinqi hesab olunur.
Müasir aparat kosmetologiyası problemli dəriyə ultrasəslə təsir üsullarından geniş istifadə edir. Fonoforez (ultrasəslə xüsusi vasitələrin müştərəkliyi) nəticəsində dəri hüceyrələrində mübadilə prosesləri aktivləşir, limfodrenaj güclənir. Kriodestruksiya (kriocərrahiyyə) və krioterapiya – quru soyuq hava ilə müalicə kosmetologiya və dermatologiyada tez-tez tətbiq olunan üsullardandır.
Keratoma, tünd ləkələr, ziyillər, çapıqlar, döymələrin kriodestruksiya (aşağı temperatura qədər yerli soyudulma) ilə aradan qaldırılması az travmatikliyi və yüksək effektivliyi ilə seçilir. Krioterapiya (kriomasaj) zamanı dərinin problemli nahiyələrinə aşağı temperaturla qısa müddətli təsir göstərilir, nəticədə damarlar əvvəlcə kəskin daralır, sonra isə genişlənir. Bu zaman ehtiyat kapilyarlar «oyanır», soyuqla təsir edilən sahəyə qan axını güclənir, mübadilə prosesləri aktivləşir. Krioterapiyadan saçların möhkəmləndirilməsi, qırışların hamarlaşdırılmasında istifadə olunur.
Fitohormonal terapiya – problemli dərinin yeni müalicə üsuludur. Bu üsul dəri problemlərinin başlıca amillərindən olan hormonal disbalansın aradan qaldırılmasına yönəldilir.