Qocalıq lentiqosu

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1259

qocalıq lentiqosu nədir?Qocalıq lentiqosu (qaraciyər ləkəsi) – yaşla bağlı metabolik dəyişikliklər fonunda ultrabənövşəyi şüaların təsirindən yaranan xoşxassəli sadə piqment ləkəsidir. Gənclik dövründə dərisini günəş şüalarının birbaşa təsirindən müdafiə etməyən yaşlı şəxslərdə yaranır. Qocalıq lentiqosu diametri 1 sm-dən kiçik olan, qeyri-müəyyən sərhədlərə malik qəhvəyi rəngli yastı ləkədir. Dərinin açıq nahiyələrində lokalizasiya olunur. Diaqnoz anamnestik məlumatlar, klinik şəkil, dermatoskopiya və biopsiyanın nəticələrinə əsasən qoyulur. Qocalıq lentiqosu müalicə tələb etmir. Pasiyentin istəyini nəzərə alaraq, fotocavanlaşdırma, təmizləyici və ağardıcı vasitələr tətbiq oluna bilər.

  • Qocalıq lentiqosunun yaranma səbəbləri
  • Qocalıq lentiqosunun əlamətləri
  • Qocalıq lentiqosunun diaqnostika və müalicəsi

Qocalıq lentiqosu barədə ümumi məlumat

Qocalıq lentiqosu – yaşlı şəxslərdə günəş şüalarının təsirindən melanositlərin xoşxassəli proliferasiyası zamanı yaranan ləkədir. Bu nöqteyi-nəzərdən qocalıq lentiqosu dərinin yaşla bağlı hiperkeratozu nəticəsində əmələ gələn vulqar piqment ləkəsini və ya çilləri xatırladır. Lentiginoz ləkənin əsas fərqləndirici xüsusiyyəti onun bir neçə amilin birgə təsirindən formalaşmasıdır. Lentiqo yaşlı bağlı dəyişikliklər, hormonal pozğunluqlar və günəş yanığı fonunda yaranır. Yerli dermatoloqların məlumatlarına əsasən 60 yaşlı pasiyentlərin 50%-dən çox hissəsində minumum bir və ya iki lentiginoz ləkə qeydə alınır. Qocalıq lentiqosu daimi hiperinsolyasiya zamanı ultrabənövşəyi şüaların kumulyativ təsiri nəticəsində meydana çıxır. Bu ləkələrdən əsasən açıq dərili insanlar əziyyət çəkir.

Qocalıq lentiqosu cins, fəsillə bağlı olmur, qeyri-endemik sayılır. Lentiqonun digər növlərindən fərqli olaraq, heç vaxt maliqnizasiyaya uğramır, lakin o, bir sıra hallarda keçid (xərçəngönü) nevus və ya bədxassəli lenqitiqonu xatırlatdığından bu törəmələrlə dəqiq differensial diaqnostika aparılmalıdır. XX əsrin ortalarına qədər dermatologiyada lentiqo yastı melanostitar nevusun bir forması kimi qiymətləndirilirdi. Lakin venalı dermatoloqların elmi fəaliyyətləri sayəsində 1962-cı ildən başlayaraq  lentiqo müstəqil nozologiya kimi qəbul edilməyə başlandı. Qocalıq lentiqosunun aktuallığı estetik diskomfortla bağlıdır. Xüsusən boyun nahiyəsində yerləşən çoxsaylı piqment ləkələr pasiyentlərə ciddi narahatlıq törədir.

Qocalıq lentiqosunun yaranma səbəbləri

Xoşxassəli lentiginoz ləkənin birbaşa yaranma səbəbi epidermisə təsir edən ultrabənövşəyi şüalardır. Qaralmanı – dərinin günəş şüalarına qarşı cavab reaksiyasını təmin edən keratinositlər orqanizmdə ən çox epidermisdə (85%-ə qədər) yerləşir. Onlar melanin sintez etmir, bu piqment melanositlərdən hüceyrə çıxıntıları ilə keratinositlərə daşınır. Melanositlər – melaninin başlıca mənbəyi hesab olunur və say hesabı ilə epidermis hüceyrələri arasında ikinci yeri tutur. Açıq dərili insanların epidermisində melanin az miqdarda toplandığından dərinin günəş şüalarının təsirinə qarşı müdafiə reaksiyası zəif ifadə olunur.

Hiperinsolyasiya melanositlərdə piqmentin sintezini stimulə edir, dərinin rəngi qaralır. Bu zaman melanositlə zənginləşən hüceyrələrin bir hissəsi dəri səthinə qalxır, digərləri isə dənəli qatda yığılır -melaninin kumulyativ toplanması baş verir. Dərinin üst qatına keçərək, ultrabənövşəyi şüalanmaya qarşı müdafiə funksiyasını yerinə keratinositlər bir müddətdən sonra buynuz pulcuqlara çevrilir. İnsolyasiyadan təxminən bir ay sonra bu hüceyrələr melaninin normal miqdarda toplandığı yeni hüceyrələrlə əvəz olunur və dərinin normal rəngi qayıdır.

Keratinositlərin tranzitorluğunun müsbət və mənfi cəhətləri vardır. Bir tərəfdən melanin oksidləşmə prosesini inhibə edən, sərbəst radikalları birləşdirən və dərinin erkən yaşlanmasının qarşısını alan faydalı maddə – antioksidant rolunu oynayır. Digər tərəfdən isə melanin özlüyündə dəri hüceyrələrini və onların DNT-ni dağıdan sərbəst radikallar hasil etməklə bədxassəli şişə transformasiya etmə qabiliyyəti qazanır. 50 yaşdan sonra melaninin prooksidant aktivliyi oksidant müdafiəsi üzərində dominantlıq edir. Məhz bu dövrdə qocalıq lentiqosu formalaşır. Piqment ləkələri melanositlərin kumulyativ təsiri hesabına növbəti qaralmadan sonra və ya spontan şəkildə yarana bilər.

Mədə-bağırsaq traktının xəstəlikləri və ya alkoqolizmdən əziyyət çəkən pasiyentlərdə paralel olaraq, bilirubin mübadiləsi pozulmağa başlayır. Qaraciyərin fəaliyyətində baş verən patoloji dəyişikliklər nəticəsində bilirubin dəridə toplanır. Epidermis hüceyrələrinin toksiki zədələnməsi ilə əlaqədar dərinin qoruyucu xüsusiyyətləri əhəmiyyətli dərəcədə zəifləyir, metabolik proseslər ləngiyir. Belə vəziyyətlər xroniki iltihab fonu yaratmaqla qaraciyər ləkələrinin (qocalıq lentiqosu) formalaşmasını stimulə edir.

Qocalıq lentiqosunun əlamətləri

Xəstəlik klinik olaraq, dəridə diametri 1 sm böyük olmayan tək və ya çoxsaylı sarı, qonur və ya tünd-qəhvəyi rəngli ağrısız yastı piqment ləkələrinin spontan yaranması ilə təzahür edir. Nadir hallarda lentiginoz ləkənin diametri 3 sm-ə çatır. Ləkələrin polixromluğu mozaik əlvan görüntü yaradır. Qocalıq lentiqosu adətən oval formada, sərhədləri isə qeyri-müəyyən olur. Bəzən ləkələr coğrafi xəritəni xatırladır. Qocalıq lentiqosu dərinin açıq sahələrində – dekolte, çiyin, üz nahiyəsində lokalizasiya olunur. Lentigioz ləkə heç zaman qabıqlanmır, rəngini dəyişmir, periferik böyümə tendensiyasına malik olmur. Piqment törəmələri dəri səthində xaotik şəkildə yerləşir və hər bir ləkə izoləolunmuş formada olur.

Qocalıq lentiqosunun elementlərinin formalaşması subyektiv hisslərin yaranmasına səbəb olmasa da (xüsusən üz nahiyəsində yerləşdikdə) pasiyentə ciddi estetik diskomfort törədir. Adətən qocalıq lentiqosu mədə-bağırsaq traktında patoloji proseslərin kəskinləşməsi ilə müşayiət olunmur, lakin piqment ləkələrinin formalaşmış mədə xorası xəstəliyi, qaraciyərin iltihabi dəyişiklikləri, alkoqoldan sui-istifadə fonunda yaranması müşahidə edilir. «Sakit» simptomatika xüsusi diqqət tələb edir, çünki qocalıq lentiqosu maskası altında keçid və ya bədxassəli nevus gizlənə bilər.  Belə hallarda ləkənin rəngi və dəri səthindən yüksəlməsi vacib diaqnostik əlamət sayılır.  Ləkənin minimal qabarıqlığı və rənginin qaralması zamanı təcili surətdə onkoloqa müraciət etmək lazımdır.

Qocalıq lentiqosunun diaqnostika və müalicəsi

Dermatoloq anamnez və qocaqlıq lentiqosunun tipik klinik şəkli əsasında diaqnoz qoyur. Əlavə olaraq dermatoskopiya və onkoloji patologiyanı inkar etmək üçün biopsiya aparılır. Qocalıq lentiqosu zamanı histoloji müayinədə melanositlərin proliferasiyası, epidermis qatının qalınlaşması izlənilir. Epidermisin məməciklərarası sahəsi sancaq formasını xatırladır, bu da qocalıq lentiqosunun diaqnostik əlaməti hesab olunur. Bəzən müayinə prosesində qanda onkomarkerlər yoxlanılır. Qocalıq lentiqosu çillər, xal, yastı nevus, xloazma, senil keratozla differensiasiya edilir. Xoşxassəli sadə lentiqo pasiyentə estetik diskomfort törətmədikdə xüsusi müalicə tələb olunmur.

Xəstənin istəyi ilə kosmetoloqun konsultasiyası və dəri (allergik) sınaqlarının keçirilməsindən sonra xüsusi kosmetik vasitələrlə dərinin ağardılması mümkündür. Bundan əlavə melanositlərin destruksiyası ilə təmizlənmə proseduru aparılır. Patoloji piqmentasiyanın geniş sahəni əhatə etdiyi ağ dərili pasiyentlərdə üzün kimyəvi pilinqi məsləhət görülür. Tünd dərili xəstələrdə bu prosedura ehtiyatla yanaşmaq lazımdır, çünki kimyəvi pilinq zamanı piqment ləkəsi ilə yanaşı onu əhatə edən sağlam toxumalar da ağarır. Qocalıq lentiqosunun ən müasir müalicə üsulu fotocavanlaşdırmadır. Tək-tək təsadüf edilən ləkələr  lazer kosmetologiyasının köməyilə aradan qaldırılır.

Lentiqonun profilaktikası şlyapa, gün eynəyi, günəşdən müdafiə edən krem, uzun qollu paltarlardan istifadə etməklə insolyasiyanın məhdudlaşdırılmasından ibarətdir. Lentigioz ləkələri olan pasiyentlər patoloji prosesi aktivləşdirən zərərli vərdişlərdən imtina etməlidir. Sağalma barədə proqnoz bir mənalı deyil, lakin xəstəlik həyat və sağlamlıq üçün heç bir təhlükə daşımır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: