Yetkin dəri

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1270

yetkin dəriyə qulluqYetkin dəri – xronoloji yaşlanmanın ilkin əlamətlərinin müşahidə olunduğu dəridir. Yetkin dəriyə xas olan fizioloji dəyişikliklərə quruluq, elastikliyin azalması, mimik və dərin qırışların yaranması, piqment ləkələri, gözlə görünən kapilyarlar, göz altı torbalar aiddir. Yetkin dəri xüsusi qulluq tələb edir: intensiv nəmləndirilmə, qidalandırma və anti-age kosmetikadan istifadə olunmaqla müdafiə. Dərinin yaşlanmasının profilaktikasına yönəldilən salon prosedurlarına kimyəvi pilinq, masaj, foto- və lazer cavanlaşdırılma, biorevitalizasiya, mezoterapiya, kontur plastikası və s. daxildir.

  • Dərinin yaşlanması
  • Yetkin dərinin xarakteristikası
  • Yetkin dəriyə qulluq

Yetkin dəri barədə ümumi məlumat

«Yetkin dəri» dedikdə 35-45 yaşlı qadınlarda yaşlanmanın ilkin əlamətlərinin izlənildiyi dəri nəzərdə tutulur. Buna baxmayaraq, dərinin yaşı hər zaman xronoloji (pasport) yaşla üst-üstə düşmür. Yetkin dəri problemi cavan yaşlarda, xüsusən dərinin sistematik şəkildə əlverişsiz amillərin təsirinə məruz qaldığı, ona qulluğun düzgün və müntəzəm aparılmadığı hallarda da yarana bilər. Yetkin dəri normal və ya kombinəolunmuş tipdə ola bilər, lakin o, əksər hallarda quru dəriyə xas olan xüsusiyyətlərlə özünü büruzə verir. Dəriyə ev şəraitində düzgün və peşəkar qulluq olunduqda onun yaşlanmasını əhəmiyyətli dərəcədə ləngitmək, sağlam və parlaq görünüşünü uzun müddət qorumaq mümkündür.

Dərinin yaşlanması

Dərinin yaşlanması – obyektiv (daxili) və subyektiv (xarici) amillərin təsirindən baş verən qaçılmaz prosesdir. Daxili amillərə irsiyyət, hormonal, metabolik və biokimyəvi dəyişikliklər, xarici amillərə isə ətraf mühitin təsiri və həyat tərzi aiddir. Estetik təbabət qocalmanın obyektiv səbəblərini yalnız dolayı yolla zəiflədə bilər. Subyektiv amilləri isə əksər hallarda insan müstəqil şəkildə azalda və ya tamamən uzaqlaşdıra bilər.

Orqanizmdəki hər bir orqan kimi dəri də 25 yaşdan başlayaraq, bioloji qocalmaya məruz qalır. Təbii yaşlanmanın əsasını fizioloji proseslərin ləngiməsi və pozulması təşkil edir ki, bu da dərinin struktur dəyişikliklərinə gətirib çıxarır. Yaş artdıqca piy vəzilərinin aktivliyi azalır, nəticədə dərinin təbii və effektiv müdafiəsi – lipid mantiya itirilir. Bundan əlavə epidermis hüceyrələrinin yenilənmə prosesi zəifləyir. Onların əvəz olunma sikli 26-28 gündən 40-45 günə qədər uzanır. Beləliklə, dərinin zədələnmiş quruluşunu bərpa etmə qabiliyyəti xeyli azalır.

Epidermis qalınlığı azalır, onun səthindən dermanın kapilyarları görünməyə başlayır. Epidermisin bazal qatında yerləşən melanositlərin daha intensiv fəaliyyət göstərməsi ilə əlaqədar yetkin dəridə piqment ləkələri əmələ gəlir. Dermada qlikozaminoqlikanların (ən başlıcası, hialuron turşusu) miqdarı azaldığından dəri təbii nəmliyini itirir. Kollagen və elastin lifləri nazilir, zədələnir və dezorqanizasiyaya uğrayır; dərinin makriksinin dəstəkləyici quruluşu zəifləyir – dərinin turqoru azalır. Nəticədə dəri nazilir və sallanır.

Yetkin dərinin yaranmasında iştirak edən daxili amillərə orqanizmdə baş verən hormonal dəyişikliklər – qadınlarda 35-40 yaşdan sonra estrogenlərin səviyyəsinin tədricən azalması aiddir. Belə ki,  estradiol digər funksiyalarla yanaşı həm də kollageni parçalayan kollagenaza fermentinin fəaliyyətini tənzimləyir. Məhz bu səbəbdən menopauza dövründə estrogen ifrazı dayandıqda kollagen liflərin destruksiyası və dərinin qocalması daha intensiv gedir. Dərinin yaşlanması həmçinin dermanın hüceyrəarası matriksi və  hüceyrə membranlarını zədələyən sərbəst radikalların təsiri ilə bağlıdır.

Bundan əlavə dərinin qocalma əlamətlərinin meydana çıxdığı yaş dövrü əsasən genetikadan asılıdır. Dərinin erkən qocalmasına xroniki xəstəliklər: arterial hipertenziya, erkən menopauza və digər hormonal pozğunluqlar, şəkərli diabet, böyrək xəstəlikləri və s. səbəb ola bilər.

Dərinin vəziyyətinə mənfi təsir edən xarici qıcıqlandırıcılar sırasına ultrabənövşəyi şüalanma, temperatur dəyişiklikləri, çirklənmiş hava və su və s. daxildir.  Yetkin yaşlarda az yatmaq, izahi qidalanma, alkoqol qəbulu, stress, hipovitaminoz, hipodinamiya, keyfiyyətsiz kosmetikanın istifadəsi dərinin qocalmasını tezləşdirir. Tədqiqatdlarla sübut olunmuşdur ki, siqaret çəkən insanları dərisi 4 dəfə tez qocalır. Yetkin dəriyə düzgün və müntəzəm qulluq olunmadıqda bu problem daha da dərinləşir.

Yetkin dərinin xarakteristikası

Yetkin dərinin əsas əlamətləri aşağıdakılardır: müxtəlif ifadə dərəcəsinə malik qırışlar, dehidratasiya, dərinin tonus və elastikliyinin itirilməsi, piqment və damar defektlərinin yaranması. Dərinin yaşla əlaqədar solmasının ilkin əlaməti üzün daha hərəkətli zonalarında əmələ gələn mimik qırışlardır. Qırışlar əvvəlcə gözətrafı, alın, qaşarası zonada, sonralar isə ağız ətrafında, boyunda müşahidə edilir, burun-dodaq büküşləri dərinləşir. Alın və gicgah nahiyəsi toxumalarının yaşla bağlı dəyişiklikləri nəticəsində qaşlar və yuxarı göz qapağının dərisi sallanır, gözlərin kənarları enir. Üzün konturu dəqiqliyini itirir, yaranan buxaq qadının xarici görünüşünü daha da korlayır.

Cavan dəri yağlı və ya kombinəolunmuş tipdə olsa belə yetkin yaşlarda o, qurumağa və qabıqlanmağa meylli olur. Dərinin rəng və elastikliyi dəyişir: təbii parıltı və turqoru itir, boşalır, piqmentasiya nəzərə çarpır. Mikrosirkulyasiyanın pozulması və epidermisin nazilməsi ilə əlaqədar dəridə damar ulduzcuqları əmələ gəlir. Yetkin dəri üçün burun və yanaqlarda məsamələrin genişlənməsi xarakterikdir. Qadınlarda dodaqüstü nahiyədə tüklərin artması, gözaltı torbacıqlarqara kölgələrin yaranması müşahidə edilir. Yaşla əlaqədar dəyişikliklər üz, boyun, dekolte nahiyəsi, əllərdə daha qabarıq  olur.

Statistik məlumatlara əsasən orta hesabla 47% qadınlarda dərinin bioloji (real) yaşı pasport (xronoloji) yaşına uyğun gəlmir, bu fərq 10-15 ilə qədər arta bilər. Təxminən hər 4-cü qadın bu və ya digər səbəblərdən yaşından böyük görünür. Bununla əlaqədar kosmetik problemlərin ifadəliliyi, eləcə də yetkin dərinin tələbatı yalnız dermatokosmetoloqun əyani konsultasiyası zamanı müəyyən oluna bilər. Diaqnostika prosesində epidermisin quruluşu, dərinin ümumi tonu, onun nəmlənmə səviyyəsi, turqor və elastikliyi, qırışların ifadəliliyi qiymətləndirilir. Yetkin dərinin bu və ya digər problemləri həm vizual, dəriyə lampa-lupa vasitəsilə baxış, həm də kompüter testlənmənin köməyilə aşkarlana bilər. İlkin müayinədə piy vəzilərinin funksiyası yoxlanılır, dərinin pH-metriyası aparılır.

Yetkin dəriyə qulluq

Dərinin qocalmasının qarşısını almaq mümkün deyil. İnsan müəyyən üsullarla bu prosesi yalnız ləngidə bilər. Yetkin dəri xüsusi qulluq tələb edir: təmizlənmə, tonuslandırma, nəmləndirilmə, qidalandırma və müdafiə.

Dərinin təmizlənməsi gündəlik və yumşaq olmalıdır. Bu məqsədlə tərkibində spirt və qələvi komponentlər olmayan təmizləyici vasitələr məsləhət görülür. Dərini qurudan sabun, qaynar su, kontrast vannalar yetkin dəri üçün təhlükəli sayılır, onlar kuperozun əmələ gəlməsinə səbəb ola bilər. Həftədə 1 dəfə rollinq–krem və ya yumşaq təsirli skrabın köməyilə pilinqdən istifadə edilməlidir. Dəri təmizləndikdən sonra spirtsiz losyon, toniklə silinməlidir.

Yetkin dərinin nəmləndirmə və qidalandırma mərhələsində su və faydalı maddələrin defisitini bərpa etmək üçün «anti-age» yağlı kremlər seçilməlidir. Bu kosmetik vasitələrin tərkibinə adətən retinol, hialuron turşusu, peptidlər, kollagen; fitoekstraktlar, vitamin və antioksidant kompleksləri, meyvə turşuları və təbii yağlar daxil olur. Krem təkcə üzə deyil, boyun və dekolte nahiyəsinə də çəkilməlidir. Çunki bədənin bu hissələri erkən qocalmaya daha meylli olur. Kremlə masaj yetkin dəriyə qulluğun əlavə və çox effektiv üsuludur. Dəriqə qulluq proqramına kremlə yanaşı nəmləndirici və qidalandırıcı maskalar, zəruri mikroelementlərdən ibarət termal su ilə nəmləndirilmə də daxildir. Göz ətrafı nahiyənin dərisinə qulluq üçün məhz bu məqsədlə hazırlanmış xüsusi vasitələrdən istifadə olunur.

Yetkin dərinin əsas müdafiə elementi gündən qoruyucu SPF kremlərdir. Məlumdur ki, ultrabənövşəyi şüaların təsiri dərinin erkən fotoyaşlanmasına səbəb olur, bu da öz növbəsində təbii yaşlanma proseslərini sürətləndirir. Yetkin qadınlar tərkibində nəmləndirici komponentlər olan maye və ya yarımmaye şəkilli dekorativ kosmetikaya (tonal krem, ənlik, kirşan) üstünlük verməlidir.

Peşəkar qulluq

Yetkin yaşlarda salon prosedurları aparılmadan dərinin qocalmasını ləngitmək mümkün deyil. Dərinin hidratasiyasını artırmaq məqsədilə biorevitalizasiya və mezoterapiya, plazmoliftinq prosedurları yerinə yetirilir. Bu üsullar dərinin dərindən və uzunmüddətli nəmləndirilməsinə, turqor və elastikliyinin artmasına, cavanlaşmasına yönəldilir. Yetkin dərinin konturunu bərpa etmək və qırışları hamarlaşdırmaq üçün estetik təbabətdə botulotoksin inyeksiyaları, hialuron turşusu, kollagen, uzunmüddətli təsirə malik gellərlə konturlu plastika geniş tətbiq edilir.

Solmuş dərinin remodelləşdirilməsi, kosmetik qüsurların aradan qaldırılması, elastin və kollagen liflərin sintezinin aktivləşdirilməsi məqsədilə lazer cavanlaşdırma, fraksion termoliz, fotocavanlaşdırma, termoliftinq prosedurları məsləhət görülür. Lazer və fototerapiya üsulları əlavə olaraq piqmentasiyanı aradan götürür, genişlənmiş damarlarla mübarizə aparmağa imkan verir. Hüceyrə yenilənməsinin stimulyasiyası üçün kimyəvi pilinqlər (qlikol, TCA, Cessner və s.), lazer pilinqdən istifadə olunur. Bundan əlavə «anti-age» zərdablar, liftinq-maskalar, masaj, ionofarez, mikrocərəyan, ultrasəs terapiyası və s. üsullarla dəriyə sistematik qulluq effektiv təsir göstərir.

«35+» yaş kateqoriyasına daxil olan qadınlar yuxarıda qeyd olunan prosedurlarla yanaşı sağlam həyat tərzi keçirməli, düzgün qidalanmalı, zərərli vərdişlərdən imtina etməli, idmanla məşğul olmalı, bədən çəkisini nəzarət altında saxlamalıdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: