Allergik otit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4489

allergik otit nədir?Allergik otit – orta qulağın lənggedişli allergik mənşəli iltihabıdır. Xəstəlik qaşınma, eşitmə zəifliyi, qulaqdan spesifik ifrazatla özünü büruzə verir. Orta otitə xas olan ağrı hissinə adətən rast gəlinmir, o, yalnız ikincili iltihabi prosesin qoşulması zamanı yarana bilər. Diaqnoz allerqoloq və otorinolarinqoloq tərəfindən anamnestik məlumatlar, otoskopiya, allergik sınaqların nəticələrinə əsasən qoyulur. Allergik otitin müalicəsi allergenin eliminasiyası və simptomatik terapiyadan ibarətdir.

  • Allergik otitin yaranma səbəbləri
  • Patogenez
  • Allergik otitin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Allergik otitin müalicəsi
  • Proqnoz və profilaktika

Allergik otit barədə ümumi məlumat

Allergik otit – orta qulaq nahiyəsində lokalizasiyalaşan allergik iltihabi prosesdir. Patologiya yevstax borusu, orta qulaq boşluğunun ödemi və təbil boşluğunda eksudatın toplanması ilə müşayiət olunur. Allergik otitin müstəqil xəstəlik kimi qeyd olunmasına baxmayaraq, onun əlamətləri yüksək spesifikliyi ilə seçilmir. Bu simptomlara ümumi iltihabi-allergik proseslərdə rast gəlinir.

Allergik otit əsasən keçirilmiş kəskin respirator xəstəliklərdən sonra südəmər və az yaşlı uşaqlarda, zəif immunitetli insanlarda, kimyəvi və ya aqressiv, allergik maddələrin istehsalı və yaxud istifadəsi ilə bağlı sənaye müəssisələrində işləyən şəxslərdə müşahidə edilir. Xəstəliyin təhlükəliliyi eşitmə zəifliyinin inkişaf etməsi ilə həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasından ibarətdir. Allergik otitin müalicəsi praktik otorinolarinqologiya və allerqologiya sahəsinin mütəxəssisləri tərəfindən aparılır.

Allergik otitin yaranma səbəbləri

Allergik otitə adətən respirator və ya təmas allergenləri səbəb olur. Anatomik quruluş və yerləşməsinə görə qulaqlar bakterial, göbələk, məişət allergenlərinin təsirinə daha çox məruz qalır. Hiperhəssaslıq reaksiyası dərman vasitələri, kosmetik məhsulların antigenləri, eləcə də məişət kimyasının tərkibinə daxil olan kimyəvi aqressiv vasitələrin təsirinə qarşı baş verə bilər.

Allergik otitin yaranmasında allergik xəstəliklərə, o cümlədən allergik otitə irsi meyllik böyük rol oynayır. Üz-çənə nahiyəsinin quruluşunun müxtəlif mənşəli pozğunluqları bu xəstəliyin inkişaf ehtimalını artırır. Məhz bu səbəbdən Daun sindromu allergik rinitin risk amili sayılır. Anadangəlmə və qazanılmış immun çatışmazlıqlar allergik xəstəliklərin yaranma riskini yüksəldir. Aktiv və passiv siqaret çəkmə allerqopatologiyanın inkişafına şərait yaradır. Allergik rinit adətən adenoid, bronxial astma, xroniki allergik rinit, övrə kimi yanaşı gedən xəstəliklərdən əziyyət çəkən insanlarda meydana çıxır.

Allergik otitin patogenezi

Bu xəstəliyin patogenezinin əsasında allergik və iltihabı proseslər dayanır. Allergik reaksiya nəticəsində təbil pərdəsinin selikli qişasında onun immun xüsusiyyətlərini zəiflədən patoloji dəyişikliklər baş verir. Bu, onun infeksion agentlərə qarşı müqavimətini azaldır. Patogen mikroblar orta qulağa müxtəlif yollarla, o cümlədən hematogen və limfogen yolla keçə bilər. Təsvir olunan inkişaf mexanizmi xarakterik birincili simptomatika – təbil boşluğu və yevstax borusunun allergik mənşəli ödemi və eozinofillərdən ibarət spesifik tərkibli eksudatın yaranmasını izah edir.

Allergik otitin əlamətləri

Allergik otitdən əziyyət çəkən xəstələr qulaq keçəcəyində daimi xarakterli güclü qaşınma, qulaqdan yapışqanlı selik ifrazından (çox zaman irin qarışıqlı) şikayət edir. Qulaqda küy və tutulma hissi, zəif eşitmə qabiliyyəti pasiyentə diskomfort törədir. Başın vəziyyəti dəyişərkən mayenin axması hissi yarana bilər. Bədən temperaturu normal, bəzən isə bir qədər yüksək olur, bu da qeyri-aktiv iltihabi prosesə dəlalət edir. Güclü pulsasiyaedici ağrılar yalnız ikincili iltihabi reaksiyanın qoşulduğu hallarda müşahidə olunur.

Allergik otitin ağırlaşmaları

İltihabın ləng gedişi, əlamətlərin zəif ifadəliliyi və spesifikliyi ilə əlaqədar diaqnostika və müalicənin gecikdirilməsi ciddi ağırlaşmalara səbəb ola bilər. Fəsadlaşmış allergik rinit eşitmə itiliyinin azalması və autofoniyaya (xəstənin bir qulağında öz səsinin rezonansı) gətirib çıxarır. Müalicə aparılmadıqda allergik otit üz sinirinin iflici, təbil pərdəsinin atrofiyası, qulağın xoleasteatoması – birləşdirici toxuma mənşəli kapsulla əhatə olunan, ölü epitel hüceyrələri, irin, eksudatdan ibarət şişəbəzər törəmə ilə nəticələnə bilər.

Allergik otitin diaqnostikası

Diaqnostika əlamətlərin təhlili, yanaşı gedən allergik xəstəliklər və allergik otit üçün risk amili sayılan patologiyalar barədə məlumatın toplanması yolu ilə aparılır. Otolarinqoloq otoskopiyanın köməyilə təbil pərdəsinin hərəkətlilik dərəcəsini təyin edir, qulaq boşluğunun vəziyyətini qiymətləndirir.  Bəzən hiperemiya, irinli ifrazat və ya sarı möhtəviyyatlı (eksudat) qovuqcuqlar müşahidə edilir. Təbil pərdəsinin punksiyası (parasentez) zamanı ezozinofillərin yüksək miqdarda toplandığı yapışqanlı selik ifraz olunur. Eşitmə zəifliyini müəyyən etmək üçün bir sıra audiometrik testlərdən istifadə olunur. Öz vəziyyətini izah etməyə çətinlik çəkən uşaqların müayinəsi zamanı bu testlərin istifadəsi xüsusi əhəmiyyət kəsb edir.

Allerqoloji anamnez bu tip xəstəliklərə irsi meylliyi, allerqoloji testlər isə hiperhəssaslıq reaksiyası törədən allergeni aşkar etməyə imkan verir. Laborator diaqnostika periferik qanın analizi və ifrazatda eozinofillərin miqdarının təyinindən ibarətdir. Orta qulağın iltihabının klassik müalicəsinin qeyri-effektivliyi, antihistamin preparatların qəbulu fonunda vəziyyətin yaxşılaşmaması xəstəliyin allergik mənşəli olmasından xəbər verir. Xəstədə bronxial astma və ya allergik rinitin müşahidə olunması həkim-allerqoloqa allergik rinitdən şübhələnməyə əsas verir. Həmçinin digər allergik reaksiyalar, məsələn, övrə, ödem, qaşınma mütəxəssisin düzgün diaqnoz qoymasına kömək edir.

Uşaqlarda xəstəliyin diaqnostikası çətinlik törədir, bu da az yaşlı pasiyentlərin öz narahatlıqlarını düzgün izah edə bilməmələri ilə bağlıdır. Bəzi uşaqlar sübyektiv əlamətləri «şaqqıltı» kimi qiymətləndirir, qulaq tutulması və mayenin olmasından şikayət edir.

Allergik otitin müalicəsi  

Terapevtik tədbirlər kompleksi xəstəliyin klinik şəkli, gedişi və allergenin xarakterinə əsasən seçilir. Xəstəliyin səbəbini aşkar etmək üçün həkim-allerqoloq xüsusi allerqoloji sınaqlar aparır. Allergenin təyinindən sonra göstərişlərə əsasən spesifik desensibilizasiya (hiposensibilizasiya) – uzunmüddətli allergenspesifik immunoterapiya – minimal dozadan başlayaraq, konsentrasiyası tədricən artırılan allergenin inyeksion yeridilməsi həyata keçirilir.

Qulaqda güclü qaşınma hissindən azad olmaq üçün yerli qlükokortikosteroidlərdən (hidrokortizon, kortikosteroid məlhəmi) istifadə olunur. Həmçinin antihistamin preparatlar təyin edilir. Qulaq boşluğu bor turşusu, etakridin-laktat-1, 3%-li hidrogen-peroksidlə yuyulur. Pasiyentlərə vitaminlərlə zəngin balanslaşdırılmış qidalanma, allergiya qida məhsulu ilə bağlı olduqda isə rasiondan bu məhsulun çıxarılması ilə pəhriz məsləhət görülür. Paralel olaraq, yanaşı gedən allergik mənşəli respirator xəstəliklər (vazomotor rinit, rinosinusopatiya) müalicə olunur. İkincili infeksiyanın qoşulduğu hallarda xroniki irinli otitin müalicə sxemi üzrə antibiotiklər (seçim preparatları – eritromisin, amoksisillin, sulfametoksazolla trimetoprimin kombinasiyası) təyin edilir.

Orta qulaqdan uzun müddət ərzində irinli-selikli ifrazat müşahidə edildikdə ciddi xroniki ağırlaşmalara yol verməmək üçün cərrahi müalicə icra olunur. Sanasiyaedici əməliyyat irinli prosesin aradan qaldırılması, onun proqressivləşməsinin və həyat üçün təhlükəli ağırlaşmaların qarşısının alınmasına yönəldilir. Bu əməliyyat eşitmə zəifliyinin yaranma riski və növbəti funksional əməliyyatların aparılma ehtimalı ilə müşayiət olunur.

Allergik otitin proqnoz və profilaktikası

Allergik otitin proqnozu adətən qənaətbəxş olur. Bu patologiyanın yaranmasına yol verməmək üçün allergenlə təmas minimuma endirilməli və ya ən yaxşı halda aradan qaldırılmalıdır.

Xəstəliyin müasir diaqnostikası və adekvat müalicəsi ağırlaşmaların yaranma riskini əhəmiyyətli dərəcədə azaldır, cərrahi müdaxilənin qarşısını alır. Düzgün seçilməyən antibiotiklərin qəbulu zamanı rezistentliyin inkişafı və ya sensibilizasiyanın əlavə reaksiyalarının inisiasiyasının, eləcə də fəsadlaşmanın baş verməməsi üçün özünü müalicə ilə məşğul olmaq məsləhət görülmür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: