Allergik rinit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 20265

allergik rinit nədir?Allergik rinit – allergenlərin burun boşluğunun selikli qişası ilə təması nəticəsində inkişaf edən xəstəlikdir. Patologiyanın əsas əlamətlərinə burun boşluğunda qaşınma, asqırma, burun tənəffüsünün çətinləşməsi, burun boşluğundan sulu konsistensiyalı ifrazatın axması aiddir. Allergik rinitin səbəblərini aşkar etmək məqsədilə pasiyent mütəxəssislər (allerqoloq-immunoloq, orolarinqoloq) tərəfindən konsultasiya olunur, dəri sınaqları, rinoskopiya aparılır, ümumi və spesifik IgE (allerqoloji panel) təyin edilir. Antihistamin preparatlar, intranazal qlükokortikoidlərlə müalicə və ya allergenin ekspozisiyasının dayandırılması xəstəliyin əlamətlərinin qısa zaman ərzində aradan qalxmasına səbəb olur.

  • Allergik rinitin yaranma səbəbləri
  • Təsnifat
  • Allergik rinitin əlamətləri
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Allergik rinitin müalicəsi
  • Profilaktika

Allergik rinit barədə ümumi məlumat

Allergik rinit – burnun selikli qişasının allergenin təsirinə qarşı iltihabi reaksiyasıdır. O, pollinozun əlaməti sayılır. Allergik rinit fəsil dəyişən zaman baş verə və ya bütün il boyu davam edə bilər. Patologiya burun tutulması, ödem, burunda qaşınma və qıcıqlanma, seliyin həddindən artıq axması, asqırma, gözün yaşarması, iybilmə hissinin azalması ilə təzahür edir. Xəstəliyin uzunmüddətli gedişi allergik sinusit, burun polipləri, otit, burun qanaxmaları,bronxial astmaya gətirib çıxara bilər.

Allergik rinit geniş yayılmışdır. Statistik məlumatlara əsasən dünya əhalisinin 8-12%-i allergiyanın bu formasından əziyyət çəkir. Patologiya adətən 10-20 yaşlarda inkişaf edir. Yaş artdıqca əlamətlərin ifadəliliyi azala bilər, lakin tam klinik sağalma baş vermir.

Allergik rinitin yaranma səbəbləri

Allergik rinit adətən allergik xəstəliklərə irsi meylliyi olan şəxslərdə yaranır. Pasiyentlərin ailə tarixində çox zaman bronxial astma, allergik övrə, diffuz neyrodermit və atopik xəstəliklərə rast gəlinir.

Fəsillə bağlı allergik rinitin ən çox rast gəlinən səbəbi bitki (mürəkkəbçiçəklilər fəsiləsi, dənli bitkilər) və ağacların tozcuqlarıdır. Bəzi hallarda xəstəlik göbələk sporları tərəfindən törədilir. Pasiyentlərin əksəriyyəti allergik rinitin qovaq ağacının tozcuğu ilə bağlı olduğunu ehtimal edir. Lakin əslində rinit qovaq ağacının tozcuğunun yaranma vaxtında çiçəklənən bitkilərin təsirindən yaranır. Fəsil dəyişən zaman baş verən xəstəliyin manifestasiyası regionun iqlim xüsusiyyətlərindən asılı olub, hər il eyni qaydada təzahür edir. İl boyu davam edən allergik rinit isə heyvanların epidermisi, müxtəlif kimyəvi birləşmələr və mikrogənələrin toplandığı məişət tozu ilə daimi təmas zamanı inkişaf edir.

Allergik rinitin təsnifatı

Xəstəliyin 2 əsas forması ayırd edilir:

  • Fəsillə bağlı allergik rinit. Bu forma daha geniş yayılmışdır. Adətən cavan yaşlarda özünü büruzə verir. Xəstəliyin əlamətləri ilin müəyyən vaxtında bəzi bitkilərin tozcuqları ilə təmas nəticəsində meydana çıxır.
  • İl boyu davam edən allergik rinit. Əsasən yaşlı qadınlarda müşahidə edilir. Əlamətlər il ərzində və ya fəsildən asılı olmadan müntəzəm şəkildə yaranır. Xəstəlik ətraf mühitdə daima mövcud olan allergenlərin təsirindən formalaşır.

Allergik rinitin əlamətləri

Allergik rinit üçün səhər saatlarında və ya allergenlə təmas zamanı baş verən asqırma tutmaları səciyyəvidir. Arası kəsilməyən qaşınma ilə əlaqədar pasiyentlər daima burnun uc hissəsini qaşıyır, bu səbəbdən bəzən burun belciyində köndələn büküş əmələ gəlir. Burun tənəffüsü çətinləşdiyindən pasiyentlər ağızla nəfəs alır. Allergik rinit burun boşluğundan sulu konsistensiyalı ifrazatın axması,  gözün yaşarması, gözlərdə diskomfort hissi ilə müşayiət olunur. Xroniki durğun proseslər iybilmənin azalması, dad hissiyyatının itirilməsinə gətirib çıxarır.

Allergik rinitlərdə burun boşluğunun selikli qişası nazik və kövşək olur. Burun dəliklərinin dərisində hiperemiya və qabıqlanma müşahidə edilmir. Bəzən konyunktivanın qızarması qeydə alınır. Udlağın dəyişməsi bu xəstəlik üçün xarakterik deyil, lakin bır sıra pasiyentlərdə cüzi və ya mülayim hiperemiya izlənilə bilər.

Allergik rinitin ağırlaşmaları

İl boyu davam edən allergik rinit çox zaman selikli qişanın ödemi nəticəsində paranazal ciblərin tutulması səbəbindən ikincili infeksiya ilə ağırlaşır. Otit və ya sinusitlərin inkişafı mümkündür. Fəsillə bağlı allergik rinit zamanı bu tip ağırlaşmalara nadir hallarda rast gəlinir. Xəstəliyin uzunmüddətli gedişi zamanı adətən burun polipləri inkişaf edir, onlar paranazal ciblərin dəliklərini daha çox tutaraq, tənəffüsü çətinləşdirir və yanaşı gedən sinusitlərin gedişini ağırlaşdırır.

Allergik rinitin diaqnostikası

Fəsillə bağlı allergik rinitin diaqnostika prosesində anamnezin geniş şəkildə toplanması mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin əlamətlərinin müəyyən ağac və bitkilərin çiçəklənmə dövründə periodik manifestasiyası qeydə alınır.

İl boyu davam edən allergik rinitin anamnestik əlamətləri bir o qədər də əhəmiyyətli olmur. Allergenlə sıx təmas əlamətlərin daimi xarakter almasına gətirib çıxartdığından məhz hansı allergenin xəstəliyə səbəb olmasını təyin etmək çətinləşir.

Rinoskopiyanın yerinə yetirilməsi ilə otolarinqoloqun baxışı, eləcə də xüsusi testlərin aparılması ilə allerqoloqun konsultasiyası göstəriş sayılır.  Allergiyanın səbəbini dəqiqliklə təyin etməyə imkan verən ən sadə test allergik dəri sınağıdır. Müayinə qıcıqlandırıcının tosqun hüceyrələrlə birləşməsinə əsaslanır. Nəzərə almaq lazımdır ki, bəzən dəri sınağı yanlış müsbət nəticə verir. Mənfi dəri sınağı və orqanizmin allergenə qarşı sensibilizasiyasından xəbər verən anamnestik məlumatlar dəridaxili sınağın aparılmasına əsas verir. Lakin inyeksiya sahəsində yanaşı gedən qeyri-spesifik qıcıqlanmanın olma ehtimalı bu sınağın dəqiqliyini azaldır.

Qan analizi və nazal yaxmada çoxsaylı eozinofillərin aşkarlanması rinitin allergik mənşəli olmasını sübut edir. Qan və burun möhtəviyyatının analizində neytrofillərin miqdarının artması ikincili infeksiyaya dəlalət edir. Müəyyən allergenlərə qarşı sintez olunan anticisimlərin səviyyəsini təyin etmək üçün immunosorbent analiz aparıla bilər.

İl boyu davam edən allergik mənşəli rinit adi vazomotor rinitlə differensiasiya edilir. Xəstəliklərin klinik şəkli oxşardır, lakin allergik rinitdən fərqli olaraq, vazomotor rinit həm də qeyri-spesifik qıcıqlandırıcılarla təmas zamanı yaranır. Bəzi hallarda yuxarı tənəffüs yollarının infeksion genezli xəstəlikləri, anatomik qüsurlar, rinitin müalicəsi üçün nəzərdə tutulan preparatların daimi istifadəsi, estrogen və β-adrenoblokatorlarla müalicə il boyu davam edən allergik  rinitin klinik şəklinə oxşar əlamətlər törədir.

Allergik rinitin müalicəsi

Allergik rinitin müalicə sxemi xəstəliyin ağırlığı və formasından asılıdır. Yüngül allergik rinit zamanı antihistamin preparatlar (setirizin, feksofenadin, dezloratadin, loratadin və s.) və ya intranazal qlükokortikoidlər (budesonid, flutikazon və s.) təyin olunur. Orta ağır və ağır formalarda intranazal qlükokortikoidlərin antihistamin preparatlar və leykotrienlərin anatqonistləri (zafirlukast, natrium-montelukast) ilə kombinasiyası əsas terapevtik vasitə hesab olunur. I nəsil antihistamin preparatların qəbulu zamanı preparatların sedativ və M-xolinoblokadaedici təsirləri  (aritmiya, sidiyin ləngiməsi, görmənin bulanıqlaşması) nəzərə alınmalıdır.

İfadəli burun tutulması yerli təsirli damardaraldıcı preparatların təyininə göstəriş sayılır, lakin dərman rinitinin inkişaf riski ilə əlaqədar bu qrupa daxil olan preparatlardan uzun müddət istifadə etmək məsləhət görülmür.

Allergik rinitin bəzi formalarında xüsusi pəhrizin gözlənilməsi tövsiyə olunur. Məsələn, tozağacına qarşı allergiyası olan insanlar qida rasionundan almanı, flnqıq ağacının tozcuğunun törətdiyi allergik rinitli xəstələr isə fındıq və qozu uzaqlaşdırmalıdır. Bu, çarpaz reaksiyanın olma ehtimalı ilə bağlıdır.

Dərman vasitələrinin qəbuluna əks-göstəriş olduqda və ya müalicənin kifayət qədər effekt vermədiyi hallarda müəyyən allergenlərə qarşı hiposensibilizasiya (allergen-spesifik immunoterapiya) mümkündür. Müalicə dozası tədricən artırılan allergen ekstraktının dərialtı yeridilməsindən ibarətdir. Tam desensibilizasiya kursu 3-5 il davam edir. İnyeksiya 1-2 həftədə 1 dəfə vurulur. Anafilaktik reaksiyanın yaranma təhlükəsi ilə əlaqədar inyeksiyadan sonra 20 dəqiqə ərzində pasiyentin vəziyyətinə nəzarət edilir. İnyeksiya yerində bərkimə və ya eritema şəklində yerli reaksiya yarana bilər. Ağır formalı bronxial astma və bir sıra ürək-damar xəstəlikləri desensibilizasiyaya əks-göstəriş sayılır.

Allergik rinitin konservativ müalicə üsullarının qeyri-effektivliyi və onun inadlı gedişi  zamanı burun balıqqulaqlarında cərrahi müdaxilə – vazotomiya aparıla bilər. Əməliyyat transnazal yolla yerli anesteziya altında icra olunur.

Allergik rinitin profilaktikası

Allergik rinitin yeganə effektiv profilaktik tədbiri xəstəliyin inkişafına səbəb olan allergenlə təmasın aradan qaldırılmasından ibarətdir. Allergik rinit heyvanların dəri hüceyrələri ilə bağlı olduqda heyvanlar evdən uzaqlaşdırılmalı, ağac tozcuqları və göbələk sporları ilə assosiasiyalı allergiya zamanı isə yaşayış yeri dəyişdirilməli və ya mənzildə hava filtrləri quraşdırılmalıdır.

Məişət tozuna allergiya yarandıqda evdə havanın nəmliyi azaldılmalı, mənzildən xalça və portyerlər kənarlaşdırılmalı, balış, döşək və sırıqlı yorğanlar plastik üzlüklə örtülməlidir. Allergik rinitli bütün xəstələrə qeyri-spesifik qıcıqlandırıcı vasitələrlə (siqaret tüstüsü, kəskin iy, əhəng tozu) təmasdan uzaq olmaq məsləhət görülür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: