Qulaq ağrısı

Oxuma vaxtı: 11 dəq Oxunma sayı: 1143

Qulaq ağrısı üçün nə etməli?Qulaq ağrısı (otalgiya) — otit və yevstaxiit zamanı, həmçinin qulaq keçəcəyinə yad cisim düşdükdə yaranır. Bundan əlavə bu əlamətə qulağın, gicgah sümüyünün travmalarında, nevroloji xəstəliklərdə, xoş və bədxassəli şişlərdə rast gəlinir. Ağrı sindromunun diaqnostikası otoskopiya, audiometriya, kəllənin rentgenoqrafiyası və kompüter tomoqrafiyasının köməyilə aparılır. Qulaqdan götürülən möhtəviyyatın müayinəsi, qan analizi ağrının mənşəyini təyin etməyə imkan verir. Qulaq ağrısını aradan qaldırmaq üçün yerli preparatlardan (qulaq damcıları) və ümumi təsirli analgetiklərdən istifadə olunur. Müalicə sxeminə fizioterapiya da daxildir. Ehtiyac yarandıqda cərrahi əməliyyat icra olunur. 

Qulaq ağrısının səbəbləri

Otit

Qulaq ağrısıQulağın iltihabı — uşaqlarda və böyüklərdə qulaq ağrısının ən geniş yayılmış səbəbidir. Zədələnmənin lokalizasiya və dərəcəsindən asılı olaraq, kəskin, küt, pulsasiyaedici ağrılar ayırd edilir. Adətən diskomfort hissi birtərəfli olur. Bəzi hallarda isə iltihab 2 tərəfdə əmələ gəlir. Xəstələrdə əlavə olaraq, baş ağrısı, qızdırma, əzginlik müşahidə edilir. Otalgiya aşağıdakı iltihabi proseslərin əlaməti kimi meydana çıxa bilər:

  • Xarici otit. Pasiyentlər qulaqda pulsasiyaedici, kəskin ağrılardan şikayətlənirlər. Ağrı həmçinin aşağı çənəyə və boyun nahiyəsinə yayılır. Danışdıqda, udqunduqda və qidanı çeynədikdə diskomfort daha da artır. Xarici otit üçün qulaq seyvanının dərisinin və qulaq keçəcəyinin görünən hissəsinin qızarması xarakterikdir. Eşitmə qabiliyyəti bir qayda olaraq, pozulmur.  
  • Orta otit. Xəstəlik qulaqda qəfil yaranan, pulsasiyaedici və tədricən artan ağrı ilə təzahür edir. Diskomfort 3 günə qədər davam edir, sonra irin xarici qulağa keçir və ağrı kütləşir. Bəzən əlamətlər o qədər güclü olur ki, analgetiklərin təsirinə tabe olmur, insanın iş fəaliyyətini və yuxusunu pozur.  
  • Daxili otit (labirintit). Patologiya qulaq və gicgah nahiyəsində mülayim ağrı ilə səciyyələnir. Labirintit üçün başgicəllənmə, ürəkbulanma patoqnomikdir. Bu əlamətlər pasiyentləri qulaq ağrısından çox narahat edir. Əksər hallarda eşitmə qabiliyyəti zəifləyir.

Otalgiyanın səbəbləri arasında üzgüçü qulağı sindromu (xarici diffuz otit) xüsusi yer tutur. Bu patologiyanın əsas əlaməti qulaq ağrısıdır. Qulaq seyvanını dartdıqda və yaxud zədələnmiş hissənin üzərindən basdıqda ağrı daha da güclənir. Xəstələr xarici qulaq keçəcəyində ağrıdan, eşitmənin pisləşməsindən şikayətlənirlər.  

Yevstaxiit

Qulaq ağrısı üçün dərmanEşitmə (yevstax) borusunun iltihabı zədələnmiş tərəfdə küt ağrı və diskomfort ilə gedir. Pasiyentlər bu əlamətləri qulaqda maye axını və tutulma kimi izah edirlər. Güclü otalgiya atmosfer təzyiqinin qəfil dəyişməsi nəticəsində yaranan yevstaxiit zamanı müşahidə olunur. Xəstəliyin spesifik əlaməti autofoniya, yəni qulaqda insanın öz səsinin rezonansı sayılır.  

Qulaqda yad cisim

Qulaq keçəcəyinə iri əşyalar düşdükdə daimi xarakterli, şiddətli ağrılar əmələ gəlir. Heç bir ağrıkəsici vasitələr və yaxud qulaq damcıları ağrını azalda bilmir. Yad cismin kənarları iti olduqda otalgiya ilə yanaşı qulaqdan qanaxma və yaxud təbil pərdəsinin zədələnməsi səbəbindən kəskin ağrı baş verir.  

Sadalanan əlamətlərdən savayı eşitmə birtərəfli zəifləyir, qulaq tutulur. Bəzən başgicəllənmə və baş ağrıları meydana çıxır. Yad əşya qulaqda uzun müddət qaldıqda ilthabi proses başlanır. Nəticədə otalgiya daha da güclənir. Qulaq keçəcəyindən selikli-irinli maye axır.  

Qulağın travması

Qulaq seyvanı zədələndikdə həmin tərəfdə şiddətli ağrı yaranır. Zamanla ağrı kütləşir və ya pulsasiya edir (hematoma formalaşdıqda). Travma qulaq keçəcəyini əhatə etdikdə otalgiya ilə yanaşı, qanaxma və konduktiv tip eşitmə zəifliyi müşahidə olunur. Təbil pərdəsinin zədələnməsi tədricən zəifləyən güclü ağrı sindromu, qulaq tutulması və eşitmə zəifliyi ilə xarakterizə olunur.   

Orta və daxili qulağın travmalarına əsasən kəllə-beyin zədələnmələrinin tərkibində rast gəlinir. Pasiyentləri nəinki qulaqda, həm də gichag və məməciyəbənzər çıxıntı nahiyəsində şiddətli ağrılar narahat edir. Ağır formalı travmalar dəqiq lokalizasiya olmayan güclü baş ağrıları ilə müşayiət edilir. Xəstələrdə qulaqdan qanaxma baş verir, eşitmə qabiliyyəti kəskin azalır və ya tamamən itir.  

Qulaq şişləri

Xoşxassəli şişlər yalnız iri ölçülərə çatdıqda və ətraf toxumaları sıxdıqda qulaq ağrısı əmələ gəlir. Şiş təbil pərdəsinə yaxın yerləşdikdə xəstələri qulaqda küy, eşitmə zəifliyi narahat edir. Bədxassəli törəmələr üçün yandırıcı ağrılıar patoqnomikdir. Başlanğıcda ağrı periodik olsa da, şiş böyüdükcə sürətli şəkildə artır.  

Epidemik parotit

Parotit zamanı ağrılar qulaq ətrafında, zədələnmiş tüpürcək vəzilərinin proyeksiyasında lokalizasiyalaşır. Adətən ağrı qulağa yayılır. İnfeksiya klinik şəklinə görə orta otit və yaxud yevstaxiiti xatırlada bilər. Danışıq və çeynəmə zamanı otalgiya güclənir. Zədələnmiş hissədə dəri dartılır və parıldayır. Gecə saatlarında ağrı intensivləşir.   

Nevroloji xəstəliklər

Qulaq düyününün nevralgiyası qulaq və ona yaxın sahədə birtərəfli, yandırıcı və yaxud pulsasiyaedici ağrılarla təzahür edir. Ağrı ənsə, boyun, çənə-gicgah oynağına yayılır. Otalgiya tutmaları bir neçə dəqiqədən 1 saata qədər sürür, sonra isə bütün əlamətlər itir. Paroksizmlərə havanın temperatur və nəmliyinin, eləcə də atmosfer təzyiqinin dəyişməsi səbəb olur.  

Dil-udlaq sinirinin nevralgiyasında ağrı əsasən dilin kökündə olur. Çox vaxt qulağa irradiasiya edir. Ağrı tutması öskürək, çeynəmə, həddindən artıq isti və yaxud soyuq qida qəbulu ilə əlaqəli olur. Həmçinin qulaq ağrısı herpes infeksiyası (Ramsey Hant sindromu) ilə əlaqədar dizəbənzər düyünün qanqlionitində formalaşır. Həmçinin qulaqda küt ağrılar koxlear nevritin əlaməti sayıla bilər.   

Farmakoterapiyanın fəsadları

Ototoksiki təsirə malik dərmanları istifadə etdikdə küt ağrılar yaranır. Otalgiya ilə yanaşı qulaqda küy əmələ gəlir, eşitmə qabiliyyəti azalır. Başı və ya bədəni əydikdə xoşagəlməz əlamətlər güclənir. Yatrogen ototoksiklik əsasən aminoqlikozidlərə, ilgək diuretiklərə məxsusdur. 

Qulaq ağrısının diaqnostikası

Otalgiya zamanı həkim-otolarinqoloqa müraciət etmək lazımdır. İlkkin diaqnoz vizual müayinə zamanı xarici qulağın zədələnmə əlamətləri, irinli ifrazat, qulaq keçəcəyində şişəbənzər çıxıntılar aşkarlandıqda qoyulur. Qulaq ağrısının səbəbini üzə çıxarmaq üçün aşağıdakı instrumental və laborator müayinələr aparılır:  

  • Otoskopiya. Otoskopla baxış otitin, törəmələrin və furunkulun ən sadə diaqnostika üsuludur. Müayinə zamanı dəridə hiperemiya, təbil pərdəsinin qabarması və ya içəri batması, irinli axıntı aşkar edilir. Xəstəlik qulaq membranının cırılması ilə ağırlaşdıqda otoskopiya prosesində həkim təbil boşluğunu görür.  
  • Audiometriya. Eşitmənin zəifləməsini və onun dərəcəsini müəyyən etmək üçün təyin edilir. Klinik şəklin tamlığı üçün tonal, nitq və yaxud kompüter audiometriyadan istifadə olunur.  
  • Gicgah sümüyünün rentegnoqrafiyası. Rentgenoloji üsullar daxili və orta qulağın quruluğunu ətraflı şəkildə izləməyə imkan verir. Rentgen şəkillərdə sınıqlar, məməciyəbənzər çıxıntının destruksiyası, iltihab əlamətləri, şiş törəmələrinin təsirindən strukturların deformasiyası müşahidə olunur.  
  • Əlavə üsullar. Qulağın travmalarında patoloji prosesin lokalizasiyasını dəqiqləşdirmək üçün kəllənin KT, baş beynin MRT-si aparılır. Yevstax borusunun iltihabından şübhələndikdə rinoskopiya, farinqoskopiya yerinə yetirilir.  
  • Laborator müayinələr. Otit zamanı qulaq keçəcəyindən götürülən yaxmanın bakterioskopik və bakterioloji analizi göstərişdir. Uşaqlarda epidemik parotitə şübhə yarandıqda seroloji reaksiyalar (İFA və s.) aparılır. Bədxassəli şişlərin diaqnozu bioptatın histoloji analizi ilə təsdiqlənir.   

Qulaq ağrısı zamanı müalicə

Diaqnoz qoyulana qədər yardım

Həkimə müraciət edənə kimi qulaq ağrısını azaltmaq üçün yerli anestetiklər (qulaq damcıları) və yaxud ağrıkəsici tabletlər məsləhətdir. Lakin travma zamanı bu dərmanların özbaşına istifadəsi qəti qadağandır. Qulağı zədələyən patoloji prosesə çox qısa zamanda baş beyin və kəllə sümükləri cəlb olunduğundan ev şəraitində özünü müalicə yolverilməzdir. Otalgiyalı xəstələrə yalnız LOR-həkim yardım etməlidir.  

Konservativ terapiya

Müalicə yerli və yaxud ümumi təsirli vasitələrlə, bəzən isə onları kombinasiya etməklə aparılır. Otit zamanı antibakterial, iltihab və allergiya əleyhinə təsirə malik qulaq damcıları təyin edilir. Təbil boşluğundan eksudatın axınını asanlaşdırmaq üçün buruna damardaraldıcı vasitələr tökülür. Ağrını azaltmaq məqsədilə ilk günlərdə (təbil pərdəsi deşilənə qədər) qulağa isidilmiş 96%-li spirt damcıladılır.  

Ototoksik dərmanların yan təsirlərini aradan qaldırmaq üçün ATF və qalantamin tövsiyə edilir. Onlar regenerasiya proseslərini stimula edirlər. Nootroplar eşitmə analizatorunun qidalanmasını yaxşılaşdırırlar. Nevroloji səbəblərdən yaranan otolgiyalarda sedativ, xolinolitik vasitələr, metabolik və vazoaktiv preparatlar effektivdir. Güclü ağrı paroksizmləri antikonvulsantların qəbulunu tələb edir.  

Otolarinqologiyada fizioterapiya üsulları da effektiv sayılır.  İltihabi prosesi dayandırmaq və yerli immuniteti stimulyasiya etmək üçün mikrodalgalı terapiya, lazer terapiyası, UYT aparılır. Sağalma dövründə eşitmə pozğunluqlarının profilaktikasında təbil pərdəsinin pnevmomasajı əhəmiyyətlidir.  Qulaq düyününün nevralgiyasında refleksoterapiya, amplipulsterapiya paroksizmləri aradan qaldırmağa kömək edir.  

Qulaq ağrısı zamanı cərrahi müalicə

Təbil boşluğu irindən mirinqotomiya prosesində təmizlənir. Ardınca qulaq antibakterial məhlullarla yuyulur. Xroniki otit hallarında və konservativ terapiya effekt vermədikdə məməciyəbənzər çıxıntı nahiyəsində antrodrenaj aparılır. Xarici xolesteatoma, ekzostoz, abseslər cərrahi müalicəyə göstərişdir.  

Orta qulağın travmasının nəticələrini aradan qaldırmaq üçün rekonstruktiv əməliyyatlar: mirinqoplastika, timpanoplastika, mastoidoplastika icra olunur. Daxili qulağın zədələnmələrində anatomik quruluşların tamlığı otocərrahi müdaxilələrlə bərpa edilir. Eşitmə zəifliyi ilə müşayiət olunan ağır xəstəliklər və travmalarda pasiyentə eşitmə aparatı və yaxud koxlear implantasiya məsləhət görülür.  

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: