Burun qanaxması

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 6287

burun qanaxması nədən baş verir?Burun qanaxması  qan damarlarının tamlığının pozulması nəticəsində burun boşluğundan qanın axmasıdır. Əksər hallarda burnun travmaları və iltihabi proseslərini müşayiət edir. Qan xəstəlikləri ilə əlaqədar baş verə bilər. Burun dəliklərindən damcı şəklində və ya şırnaqla al rəngli qanın ifrazı, onun udlağın arxa divarı boyunca axması ilə xarakterizə olunur. Burun qanaxmasında qulaqda küy və başgicəllənmə yarana bilər. Residivləşən gur qanaxmalar arterial təzyiqin kəskin azalmasına, nəbzin yüksəlməsinə, ümumi halsızlığa səbəb olur. Həddindən artıq qanitirmə həyat üçün təhlükəli sayılır.

  • Yaranma səbəbləri
  • Təsnifat
  • Burun qanaxmasının əlamətləri
  • Diaqnostika və differensial diaqnostika
  • Burun qanaxmalarının müalicəsi

Burun qanaxmasının yaranma səbəbləri

Burun qanaxması – geniş yayılmış patoloji vəziyyətdir. LOR-şöbəyə hospitalizasiya olunan xəstələrin təxminən 10%-də burun qanaxması müşahidə edilir. Burun qanaxmalarının səbəbləri ümumi və yerli olur.

Yerli səbəblər:

  • Burnun travması qanaxmanın ən çox rast gəlinən səbəbidir. Adi məişət, istehsalat və yol-nəqliyyat travmalarından əlavə bu qrupa əməliyyat, eləcə də müalicəvi-diaqnostik manipulyasiyaların (nazoqastral zondlama, nazotraxeal intubasiya, burun ciblərinin kateterizasiya və punksiyası)  aparılması zamanı burnun selikli qişasının zədələnmələri daxildir.
  • Burnun selikli qişasının hiperemiyası ilə müşayiət olunan patoloji vəziyyətlər (sinusit, rinit, adenoid)
  • Burnun selikli qişasından gedən distrofik proseslər (burun çəpərinin ifadəli əyilməsi, atrofik rinit)
  • Burun boşluğunun şiş xəstəlikləri (spesifik qranuloma, angioma, bədxassəli şiş)

Ümumi səbəbləri:

  • Ürək-damar sisteminin xəstəlikləri (simptomatik hipertoniya, ateroskleroz, hipertoniya xəstəliyi, arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan inkişaf qüsurları)
  • Qan xəstəlikləri, avitaminoz və hemorragik diatez
  • Bədənin həddindən artıq qızması, günvurma və ya infeksion xəstəliklər zamanı hərarətin yüksəlməsi
  • Hormonal disbalans (hamilə və yeniyetmələrdə).

Burun qanaxmasının təsnifatı

Burun qanaxmasının səbəbləriQanitirmənin mənbəyinin burun boşluğunda lokalizasiyasından asılı olaraq, burun qanaxmaları 2 formaya bölünür: ön və arxa.  90-95% hallarda ön qanaxmalar Kisselbax zonasının qan damarları ilə zəngin olması nəticəsində baş verir. Bu zonada nazik selikli qişa ilə örtülü, selikaltı qatın demək olar ki, rast gəlinmədiyi çoxsaylı xırda damarlar yerləşir. Ön burun qanaxmaları nadir hallarda güclü olur. Onlar pasiyentin həyatı üçün əsla təhlükə daşımır. Çox zaman öz-özünə kəsilirlər.

Arxa burun qanaxmalarının mənbəyi burun boşluğunun dərinliyində lokalizasiya olunan iri damarlardır. Həmin damarlar iri diametrə malik olduqlarından arxa burun qanaxmaları massiv xarakterli olur və tibbi yardın göstərilmədən dayanmır. Belə hallar insan üçün təhlükəli hesab olunur.

Qanitirmə aşağıdakı üsulla qiymətləndirilir:

  • cüzi – bir neçə 10 ml-lər;
  • yüngül – 500 ml-ə qədər;
  • orta ağır –1000-1400 ml-dən az;
  • ağır –1400 ml-dən yuxarı.

Burun qanaxmasının əlamətləri

Burun qanaxmalarının əlamətləri 3 qrupa bölünür:

  • qanaxmanın əlamətləri;
  • kəskin qanitirmənin əlamətləri;
  • əsas xəstəliyin simptomları.

Bir qrup pasiyentlərdə burun qanaxması qəflətən baş verir. Digərlərində isə qanaxmadan əvvəl başgicəllənmə, qulaqlarda küy, baş ağrıları, burunda qaşınma meydana çıxır. Qanın burun boşluğundan xaricə və ya burun-udlağa axması qanaxmanın birbaşa əlaməti sayılır. Axırıncı halda qan ağız-udlağa tökülür, farinqoskopiya zamanı da məhz bu nahiyədə aşkarlanır.

Cüzi qanaxma patoloji əlamətlərlə müşayiət olunmur. Yüngül qanitirmə zamanı xəstələr başgicəllənmə, qulaqda küy, susuzluq, halsızlıq və ürəkdöyünmədən şikayət edirlər. Bəzən dəri bir qədər avazıyır.

Orta dərəcəli qanaxmalar üçün başgicəllənmə, arterial təzyiqin enməsi, akrosianoz, taxikardiya və təngnəfəslik xarakterikdir. Ağır formalı qanitirmə zamanı hemorragik şok inkişaf edir. Huş tormozlana və itə bilər. Baxış zamanı sapvari nəbz, ifadəli taxikardiya, arterial təzyiqin kəskin azalması aşkarlanır.

Burun qanaxmasının diaqnostika və differensial diaqnostikası

Burun qanaxmasının mənbəyininin lokalizasiyasını təyin etmək üçün pasiyentə baxış keçirilir, farinqoskopiya və ön rinoskopiya aparılır. Bəzən ağciyər və mədə qanaxmalarında qan burun boşluğuna axaraq, burun qanaxmasını simulə edir.

İlkin differensial diaqnostika xarici baxışın nəticələrinə əsaslanır. Burun qanaxmalarında qan tünd qırmızı, ağciyər mənşəli qanitirmələrdə isə köpüklü və al-qırmızı rəngdə olur. Mədə qanaxmaları üçün  qəhvə xıltasına bənzəyən tünd qan səciyyəvidir. Onu da nəzərə almaq lazımdır ki, ifadəli burun qanaxmaları tünd rəngli qan qusma ilə müşayiət oluna bilər. Belə hallarda qusma ağız-udlağa axan qanın udulması nəticəsində baş verir.

Qanitirməni qiymətləndirmək və burun qanaxmasına səbəb olan əsas xəstəliyi müəyyən etmək üçün əlavə müayinələr aparılır. İtirilən qanın həcmi qanın ümumi analizi və koaquloqrammanın nəticələrinə əsasən təyin edilir. Ümumi müayinənin taktikası əsas xəstəliyin əlamətlərinə müvafiq şəkildə tərtib edilir.

Burun qanaxmasının müalicəsi

Burun qanaxmasının müalicəsiQanaxma maksimal dərəcədə tez dayandırılmalı, qanitirmənin fəsadlarının qarşısını almaq üçün tədbirlər görülməli (və ya itirlən qan kompensə olunmalı), əsas xəstəlik müalicə olunmalıdır. Əksər hallarda ön burun qanaxmasını dayandırmaq üçün burun nahiyəsinə soyuq kompressin qoyulması və burun dəliyini 10-15 dəqiqə ərzində sıxılması və yaxud burun boşluğuna hemostatik vasitə ilə və ya zəif hidrogen peroksid məhlulunda isladılmış pambığın yeridilməsi kifayət edir. Həmçinin burnun selikli qişasının adrenalin və ya efedrin məhlulu ilə anemizasiyası aparılır. 15 dəqiqə müddətində qan axını kəsilmədikdə burun boşluğunun bir və ya hər iki yarısının tamponadası göstəriş sayılır.

Burnun ön tamponadası arxa burun qanaxmalarında da effektivdir. Bu yolla qanaxmanı saxlamaq mümkün olmadıqda arxa tamponada yerinə yetirilir.

Sadalanan tədbirlər heç bir nəticə vermədikdə və ya burun qanaxmaları residivləşdikdə cərrahi müalicə icra olunur. Müdaxilənin həcmi və taktikası qanaxma mənbəyinin yerləşdiyi sahəyə əsasən təyin edilir. Təkrarlanan burun qanaxmaları ön hissələrdə lokalizasiya olunduqda bəzən endoskopik koaqulyasiya, kriodestruksiya, sklerozlaşdırıcı preparatların yeridilməsi və Kisselbax zonasındakı xırda damarların mənfəzinin obliterasiyasına yönəldilmiş digər tədbirlər həyata keçirilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: