Sallanmış yanaqlar

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4478

sallanmış yanaqların korreksiyasıSallanmış yanaqlar – üzün orta hissəsində dərinin tonusu və piy toxumasının zəifləməsi nəticəsində toxumaların boşalması və üzün təbii ovalının pozulması ilə əlaqədar yaranır. Sallanmış yanaqlar insanı daha da yaşlı göstərir. Bu estetik qüsur adətən 40 yaşdan sonra meydana çıxır. Yaş artdıqca dəri hüceyrələrində kollagen və elastin sintezinin azalması yanaq və aşağı çənənin dərisinin sallanmasına gətirib çıxarır. Sallanmış yanaqlarla mübarizədə aparat kosmetologiyası (termoliftinq, ultrasəs SMAS-liftinq və s.) və ya radikal cərrahi üsullardan – feysliftinqin müxtəlif növlərindən istifadə olunur.

  • Üzdə yaşla əlaqədar baş verən dəyişikliklər
  • Üz və boynun dartılma üsulları

Sallanmış yanaqlar barədə ümumi məlumat

Sallanmış yanaqlar – aşağı çənə və boyun nahiyəsində dəri və dərialtı piy qatının boşalması və üzün normal konturunun pozulması ilə müşayiət olunur. Onların yaranması üzün ümumi tonusunun azalması və ceynəmə əzələsinin zəifləyərək, çənənin hər iki tərəfində torba şəklində sallanması («buldoq yanaqları») ilə bağlıdır.

Üzün yumşaq toxumalarının sallanması (ptoz) dəri karkasının yaşla əlaqədar zəifləməsinin xarakterik əlamətidir. 30-35 yaşdan sonra dəriyə möhkəmlik və elastiklik verən kollagen və elastinin miqdarı kəskin azalır, dərialtı piy toxumasını fiksasiya edən bağlar zəifləyir və ağırlıq qüvvəsinə tab gətirə bilmir. Piy toxuması dərini dartaraq, aşağıya doğru yerini dəyişir. Nəticədə aşağı çənənin kənarları boyunca üzə dalğavari kontur verən sallanmalar əmələ gəlir.

Üzdə yaşla əlaqədar baş verən dəyişikliklər  

Yaş artdıqca üzdə qocalmanın erkən, mülayim və ifadəli əlamətləri müşahidə edilir. Üzün yaşla əlaqədar dəyişikliklərinin erkən əlamətləri 35-45 yaşlarda təzahür edir. Onlar boyun nahiyəsində dərinin bir qədər boşalması, üzün yumşaq toxumalarının mülayim dərəcəli sallanması, «buldoq yanaqlarının» ilkin əlamətlərinin yaranması, burun-dodaq büküşlərinin bir qədər dərinləşməsi ilə xarakterizə olunur. Üz dərisində az miqdarda piqmentasiya izlənilir. Üzün orta hissəsinin yumşaq toxumalarının ptozu minimal dərəcədə olduğundan əksər hallarda pasiyent bunu hiss etmir. Boyun-çənə nahiyəsinin boşalmış dərisi və dərinləşmiş burun-dodaq büküşləri yalnız başı önə əydikdə aydın nəzərə çarpır.

Üzün yaşla əlaqədar dəyişikliklərinin mülayim əlamətləri 45-55 yaşlarda qeydə alınır. Bu dövrdə boyun nahiyəsinin dərisi daha çox boşalır, sallanmış səthi boyun əzələsinin konturları görünür. Aşağı çənənin kənarlarında torbacıqlar, ağız bucaqları və burun-dodaq nahiyəsində büküşlər ifadəli olur. Almacıq sümüyünün üzərində yümşaq toxumaların ptozu və üz konturlarının dəyişməsi mülayim dərəcədə olur. Belə pasiyentlərin bədənində piy yığıntısına rast gəlinir.

Üz dərisinin yaşlanmasının ifadəli əlamətləri istənilən yaşda rast gəlinə bilər, lakin onlar əksər hallarda 55 yaşdan sonra müşahidə edilir. Boynun yumşaq toxumaları və səthi boyun əzələsi daha çox sallanır. Boyunda çox zaman piy yığıntısı izlənilir. Sallanmış yanaqlar istənilən rakursdan nəzərə çarpır.  Burun-dodaq nahiyəsi və ağız bucaqlarındakı büküşlər dərin olur. Almacıq nahiyəsində yumşaq toxumaların ifadəli ptozu və həcmin itirilməsi qeyd olunur. Dərinin elastikliyi itir, onun üzərində çoxsaylı piqment ləkələri əmələ gəlir.

Üz və boynun dartılma üsulları 

Sallanmış yanaqlar və üzün yaşla əlaqədar digər dəyişikliklərini aradan qaldırmaq üçün üzün dartılması – feysliftinqin müxtəlif üsullarından istifadə olunur:

  1. Endoskopik feysliftinq (Subperiosteal Facelift) – üz nahiyəsinin plastikasının müasir üsullarından sayılır. Bu üsul üçün qənaətbəxş cavanlaşdırıcı effekt, az saylı çapıqlar və postoperasion reabilitasiyanın qısa sürməsi xarakterikdir. Əməliyyat videokamera ilə təhciz olunmuş xüsusi endoskopik aparatın köməyilə icra edilir. Plastik cərrahın işi monitorda əks olunur. Başın tüklü hissəsində və ehtiyac olduqda  qulaq seyvanının önündə bir neçə ədəd kiçik (2sm-ə qədər) kəsiklər aparılır. Üz toxumalarının sümüküstüaltı dartılması məhz bu kəsiklərdən həyata keçirilir. Bu zaman artıq dəri kəsilmədiyindən endoskopik dartılma əsasən üz dərisinin yaşlanmasının erkən əlamətləri ilə mübarizədə tətbiq edilir.
  2. MACS-feysliftinq (Minimal Access Cranial Suspension Lift) – müasir üsul hesab olunur. Cərrahi müdaxilədən sonra yalnız qulaq seyvanının önündə minimal çapıq formalaşır. MACS-liftinqin köməyilə boyun və çənəaltı zona cavanlaşdırırlır, burun-dodaq nahiyəsinin büküşləri hamarlaşdırılır, aşağı çənənin kənarında yerləşən torbacıqlar aradan qaldırılır. Reabilitasiya dövrü minimaldır. MACS-liftinq prosesində dərinin artıq hissəsi xaric edilir, sallanmış toxumaların möhkəm vertikal fiksasiyası yerinə yetirilir. Bu üsul dərinin yaşla əlaqədar müxtəlif dərəcəli dəyişikliklərində tətbiq edilir, boyun nahiyəsinin ifadəli yaşlanma əlamətlərində daha effektiv olur.
  3. Üzün qısa çapıqlı dartılması (mini-feysliftinq) (Short-Scar Lift, SSFL) – qulaq seyvanın önündə kəsik aparmaqla icra olunan dartılma üsuludur. Qısa çapıqlı dartılmanın danılmaz üstünlüklərinə minimal travmatizm və reabilitasiya dövrünün qısa olması aiddir. MACS-liftinq kimi bu üsul da boynun ifadəli sallanmalarında aparılmır.
  4. Genişləndirilmiş boyun-üz dartılması (Superficial Muscular Aponeurotic System Lift, SMAS-liftinq) – üzün plastikasının dünya üzrə ən məşhur və geniş tətbiq olunan üsuludur. SMAS – üzün əzələ – aponevrotik toxumalar kompleksidir. O, mimikanın dəyişilməsində iştirak etməklə, emosiyaların ifadə olunmasına şərait yaradır. Yaş artdıca bu toxumalar yaşlanma və qravitasion sallanmaya məruz qalır. SMAS-liftinq zamanı kəsiklər qulaq seyvanının ön və arxa hissəsində, başın tüklü hissəsinə keçməklə aparılır. Əzələ-aponevrotik toxumalar kompleksi yeni vertikal vəziyyətdə fiksasiya edilir. SMAS-liftinq uzunmüddətli reabilitasion dövrlə müşayiət olunsa da yaşla əlaqədar dəyişikliklərin bütün mərhələlərində üzün tam cavanlaşdırılmasının effektiv üsulu hesab edilir.
  5. Dərin feysliftinq (üzün dartılması) (The Deep Plane Lift) – SMAS-liftinqlə müqayisədə daha dərin qatların dartılması ilə xarakterizə olunur. Dərin liftinq zamanı toxumaların mobilizasiyası əzələ-aponevrotik toxumalar kompleksinın altında aparılır. Üzün dərin dartılması dodaq-çənə və burun-dodaq büküşlərini hamarlaşdırır, aşağı çənənin kənarları boyunca sallanmaları aradan qaldırır.  Bu üsul toxumaların daha dərin qatlarını əhatə etdiyindən onların qan təhcizatı yaxşılaşır. Dərin feysliftinq siqaret çəkən şəxslərə də məsləhət görülə bilər. Lakin onu da qeyd etmək lazımdır ki, toxumaların dərin qatlarının dartılması üz sinirinin hərəki şaxələrinin yüksək travmatizasiya riski müşayiət olunur.
  6. Üzün orta 1/3 hissəsinin dartılması (Mid-Face Lift) – izoləolunmuş feysliftinqdir. Bu üsul üzün tam dartılmasına ehtiyac olmadıqda aparılır. Onun köməyilə göz, almacıq, yanaq, burun-dodaq üçbucağı nahiyəsində nahiyəsində cavanlaşdırıcı effekt  əldə edilir.

Üzün orta 1/3 hissəsinin dartılması 2 yolla aparılır: gicgah və kirpikaltı.

Birinci halda əməliyyat gicgah nahiyələrinin tüklü hissələrində kəsik aparmaqla endoskopik üsulla icra olunur, toxumalar diaqonal istiqamətdə dartılır, göz, qaş və almacıq nahiyəsinin xarici görünüşü korreksiya olunur. İkinci halda isə üzün orta hissəsinin dartılması aşağı göz qapağının kirpiklərinin altında aparılan kəsikdən sallanmış toxumaları vertikal istiqamətdə yuxarı dartmaqla yerinə yetirilir.

  1. SOOF-liftinq (Suborbicularis Oculi Fat Lift) – feysliftinqin bu üsulunun mahiyyəti piy toxumasının təkrarən gözaltı nahiyəyə yerləşdirilməsindən ibarətdir. Bu yolla göz altındakı piy toxumasının xaric edilməsi ilə aparılan blefaroplastikadan sonra «sönük» baxışlardan azad olunur.
  2. Gicgah (temporal) dartılması (Temporal Lift) – üzün yuxarı 1/3 hissəsinin yan diaqonal dartılma üsuludur. Onun köməyilə qaşların kənarları, yuxarı göz qapaqları, almacıq nahiyəsinin piy toxuması və yanaqların sallanmış toxumaları yuxarı dartılır, göz bucaqlarındakı qırışlar hamarlaşdırılır. Bu üsul gicgah zonasının tüklü hissəsində kiçik kəsikdən yerinə yetirilir.
  3. Boynun dartılması (Platysma Lift, Neck Lift, Platysmaplasty) – boyun nahiyəsinin dartılması ifadəli çənə-boyun bucağının formalaşmasına, sallanmış toxumalar və buxaqdan azad olmağa imkan verir.  Yaşlanmış boyun dərisinin cavanlaşdırılmasının bu üsulu SMAS-liftinqlə birgə kosmetik effekt baxımından digərlərini geridə qoyur.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin: