Alkoqol kardiomiopatiyası

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 2911

alkoqol kardiomiopatiyası nədir?Alkoqol kardiomiopatiyası — həddindən artıq spirtli içki qəbulu fonunda ürək əzələsinin zədələnməsidir. Müxtəlif morfoloji, funksional, klinik pozğunluqlarla təzahür edir. Pasiyentlər döş sümüyü arxasında ağrı, ödem və aşağı ətrafların soyumasından şikayət edir. Ürək çatışmazlığı, həyat üçün təhlükəli ritm pozğunluqları, tromboemboliyaların inkişafı mümkündür. Alkoqol kardiomiopatiyası EKQ, Exo-KQ, rentgenoqrafiyanın köməyilə aşkarlanır. Müalicə konservativ yolla aparılır, orqanın geridönməyən dəyişikliklərində ürək transplantasiyası göstəriş hesab olunur.

  • Alkoqol kardiomiopatiyasının yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Alkoqol kardiomiopatiyasının əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Alkoqol kardiomiopatiyasının müalicəsi
  • Proqnoz və profilaktika

Alkoqol kardiomiopatiyası barədə ümumi məlumat

Miokardın alkoqol mənşəli zədələnməsi kardiomiopatiyanın əsas səbəblərindən sayılır. Xəstəliyin rastgəlmə tezliyi populyasiyada alkoqolizmin yayılmasına əsasən təyin edilir. Alkoqol kardiomiopatiyası adətən uzun müddət ərzində mütəmadi şəkildə spirtli içki qəbul edən orta yaşlı şəxslərdə inkişaf edir. Pasiyentlər arasında kişilər üstünlük təşkil edir. Siqaretdən istifadə, stresslər, ürək və damar xəstəliklərinə səbəb olan digər amillər patologiyanın yaranma ehtimalını artırır. Dilatasion kardiomiopatiyanın 30%-i alkoqol kardiomiopatiyasının payına düşür.

Alkoqol kardiomiopatiyasının yaranma səbəbləri

alkoqol kardiomiopatiyasının səbəbləriXəstəliyin əsas etioamili spirtli içkilərin böyük həcmdə və davamlı surətdə (10-20 il müddətində hər gün 100ml etanola ekvivalent) qəbuludur. Alkoqol kardiomiopatiyası xroniki alkoqoliklərin 50%-də aşkarlanır. Kardiomiopatiyanın yaranmasında iştirak edən amillərə irsi meyllik, immun pozğunluqlar, qeyri-rasional qidalanma, xroniki stresslər, yorğunluq, siqaretdən istifadə aiddir.

Alkoqol kardiomiopatiyasının patogenezi

Miokarda ilk növbədə alkoqol metabolizminin toksiki məhsulları, xüsusən asetaldehid mənfi təsir göstərir. Bu maddə etanolun parçalanmasından sonra qaraciyər hüceyrələrində əmələ gəlir və qan dövranına daxil olur. Ürəyə çataraq, struktur və funksional pozğunluqlar törədir: ürək əzələsinin yığıcı zülallarının sintezinə neqativ təsir edir, onun gücünü zəiflədir, kardiomiositlərin daxilində metabolizmi (lipidlərin, kaliumun, kalsiumun daşınması) pozur.

Elektrolit balansı və metabolizmin pozulmaları aritmiyalara, ürəyin funksional aktivliyinin azalmasına, fibroz dəyişikliklərin inkişafına gətirib çıxarır.  Asetaldehidin bəzi birləşmələrin sintezinə təsirini, o cümlədən autoimmun cavabın yaranmasına səbəb olan iltihabönü sitokinlər və zülalların produksiyasını stimulə etməsini sübut edən məlumatlar mövcuddur. Bundan əlavə etanol və spirtli içkilərə əlavə olunan müxtəlif maddələrin – metal qarışıqlarının (məsələn, kobalt), boya maddələri, konservantların qanda yüksək miqdarda olması ürəyə birbaşa toksiki təsir göstərir.

Alkoqol kardiomiopatiyasının təsnifatı

Alkoqol kardiomiopatiyasının formalarının sistemləşdirilməsi klinik simptomatikanın xüsusiyyətləri, bu və ya digər əlamətlərin ifadə dərəcəsi nəzərə alınmaqla həyata keçirilir. Xəstəliyin əlamətləri variabelliyi ilə seçildiyindən təsnifat nisbi sayılır, patologiyanın müxtəlif tiplərinə aid edilən simptomlar bir pasiyentdə aşkarlana bilər. Alkoqol kardiomiopatiyasının 4 forması ayırd edilir:

  • Klassik. Klinik şəkildə ürək çatışmazlığı üstünlük təşkil edir. Spirtli ickilərin qəbulu dayandırıldıqdan sonra müsbət klinik və exokardioqrafik dinamika qeydə alınır. Alkoqolun istifadəsinə  davam etdikdə xəstənin vəziyyətinin qisa müddət ərzində pisləşməsi, əlamətlərin təkrarlanması və dərinləşməsi müşahidə olunur.
  • Psevdoişemik. Bu formanın əsas əlamətləri ürəyin işemik xəstəliyinə xas olan EKQ dəyişikliklərinin olması, ürək nahiyəsində deşici və ya sızıltılı ağrıların yaranmasıdır. Kardialgiya alkoqolun qəbulundan sonra baş verir, fiziki yüklənmələrlə əlaqədar olmur, nitroqliserinlə aradan qalxmır.  Simptomatikanın ifadəliliyi tədricən proqressivləşir.
  • Aritmik. Klinikada ürək ritminin pozulması dominantlıq edir. 20% pasiyentlərdə səyrici aritmiya, daha az hallarda ekstrasistoliya, taxikardiya, qulaqcıqların səyriməsi və ya fibrillyasiyası izlənilir. Alkoqol etiologiyalı aritmiya üçün onların etanol tərkibli içkilərin böyük həcmdə qəbulundan sonra yaranması xarakterikdir. Ritm pozğunluğu birincili xarakter daşıya və əksər pasiyentlərdə kardiomiopatiyanın yeganə əlaməti ola bilər.
  • Qarışıq. Miokardın zədələnməsinin əvvəlki 2 formasının əlamətlərini özündə birləşdirir. Ən qeyri-qənaətbəxş variant sayılır, bu da əlamətlərin bir-birini ağırlaşdıraraq, xəstəliyin proqnozunu daha da pisləşdirməsi ilə izah olunur. Qarışıq kardiomiopatiyalı pasiyentlərin 30-40%-də EKQ-də ürəyin mədəcik ritminin ağır pozulmaları, qəfil ürək ölümünə meylliyə dəlalət edən  əlamətlər aşkarlanır.

Alkoqol kardiomiopatiyasının əlamətləri

Alkoqol kardiomiopatiyasının əlamətləriXəstəliyin ilkin mərhələsi spirtli içkilərin 4-5 il ərzində böyük həcmdə müntəzəm qəbulu nəticəsində müxtəlif orqan və sistemlərin funksional pozğunluqları fonunda yaranan qeyri-spesifik əlamətlərlə xarakterizə olunur. Xəstələr yüngül fiziki yüklənmələrdən sonra halsızlıq, tez yorulmadan, güclü tərləmədən şikayət edir. İntensiv yüklənmələr zamanı döş qəfəsində, ənsə nahiyəsində davamlı ağrılar mümkündür. Ritm pozğunluğu ekstrasistoliya, taxikardiya, ürəyin dayanması hissi ilə özünü büruzə  verir. Vegetativ pozulmalara istilik hissi, əllərin əsməsi, üzün qızarması, oyanıqlıq və ya tormozlanma halı aiddir. Adətən əlamətlər alkoqol ekssesindən 1 gün sonra yaranır. Spirtli içkinin qəbulu dayandırıldıqda təzahürlərin intensivliyi azalır. Simptomatika 10 ilə qədər davam edə bilər.

Etanol tərkibli içkilərdən mütəmadi istifadə edildikdə miokardın hipertrofiyası inkişaf edir, o, tez bir zamanda dilatasiya ilə əvəz olunur. Ürək kameraları genişlənir, onların yığılma qabiliyyəti zəifləyir, bu da ürək çatışmazlığına, böyük və kiçik qan dövranında durğunluğa səbəb olur. Daimi təngnəfəslik müşahidə edilir, xəstəliyin klinik şəklinə gecə saatlarında boğulma, aşağı ətrafların ödemi, öskürək (quru və ya az miqdarda bəlğəmlə) əlavə olunur. Əl və ayaqların soyuması, sianoz  izlənilə bilər.

Müalicə aparılmadıqda daxili orqanların geridönməyən struktur dəyişiklikləri formalaşır. Sirkulyator pozğunluqlar nəticəsində böyrəklərin fəaliyyəti pozulur, orqanizmdə MSS və daxili orqanların fəaliyyətinə neqativ təsir göstərən toksiki metabolitlər toplanır. Sinir sisteminin zədələnməsi koqnitiv funksiyaların zəifləməsi, səbəbsiz aqressiya, inamsız yeriş, yuxu pozğunluğu ilə təzahür edən ensefalopatiyalara gətirib çıxarır. Terminal mərhələ sinir sistemi tərəfindən kobud dəyişikliklər, xəstənin ölümü ilə nəticələnən ürək, böyrək və qaraciyər çatışmazlığının proqressivləşməsi ilə səciyyələnir.

Alkoqol kardiomiopatiyasının ağırlaşmaları

Miokardın alkoqol mənşəli zədələnmələrində ağırlaşmaların (o cümlədən həyat üçün təhlükəli) yüksək yaranma riski qeydə alınır. Alkoqol kardiomiopatiyasının ən geniş yayılmış fəsadı ritmin kritik pozulması – qeyri-effektiv yığılmalarla xarakterizə olunan və tibbi yardım edilmədikdə ürək fəaliyyətinin dayanması ilə nəticələnən mədəcik fibrillyasiyasıdır. Ürək əzələsinin funksional çatışmazlığı fonunda kameralarda qanın hərəkəti zəifəyir, onun reoloji xüsusiyətləri pozulur, tromboembolik ağrılaşmaların – insult, miokard infarktı, kəskin böyrək çatışmazlığı, MBT-nin müxtəlif şöbələrinin nekrozunun yaranma ehtimalı yüksəlir.

Alkoqol kardiomiopatiyasının diaqnostikası

Bu patologiyanın diaqnostikası terapevt və ya kardioloq tərəfindən aparılır. Pasiyentlər çox zaman spirtli içkilərdən sui-istifadə etmə faktını gizlətdiklərinə görə alkoqol genezli kardiomiopatiyaya şübhə  yarandıqda bu barədə xəstənin qohumlarından soruşulur. Müvafiq etiologiya üzə çıxarıldıqda asılılığın optimal müalicə taktikasının seçilməsi məqsədilə narkoloqun konsultasiyası təyin edilir. Diaqnostika prosesində aşağıdakı müayinələrdən istifadə olunur:

  • Obyektiv müayinə. Narahatlıq və ya davranışın tormozlanması, barmaq ucları, burun, qulaq, döş qəfəsinin yuxarı hissəsinin göyərməsi aşkarlana bilər. Palpasiyada güclü tərləmə, ətrafların ödemi və soyuması, boyun damarlarının şişməsi və pulsasiyası qeydə alınır. Perkussiya zamanı ürəyin ölçülərinin böyüməsi onun kameralarının hipertrofiyası və ya dilatasiyasına dəlalət edir. Auskultasiyada miokardın, qapaqların struktur dəyişikliklərinə xas olan patoloji küylər eşidilir.
  • Elektrokardioqrafiya. Diaqnostikanın əsas instrumental üsulu sayılır, ritm pozğunluğunu müəyyən etməyə, miokardın üzvi zədələnməsi barədə məlumat almağa, onun toksiki etiologiyasını ehtimal etməyə imkan verir. EKQ Holter üsulu ilə gündəlik monitorinqlə tamamlana bilər. Əks-göstərişlər olmadıqda veloerqometriya təyin edilir.
  • Exokardioqrafiya. Koronar arteriyalar və qapaq aparatının vəziyyətinin qiymətləndirilməsi, miokardın hipertrofiya və dilatasiyasının, qan cərəyanının sürətinin azalmasının, kameralarda təzyiqin təyini məqsədilə tətbiq edilir. Bu üsuldan kardiomiopatiya ilə perikarditlərin differensial diaqnostikasında istifadə olunur.
  • Döş qəfəsinin rentgenoqrafiyası. Ürək kameralarının genişlənməsi, az hallarda qalxan aortanın dilatasiya əlamətləri vizualizasiya olunur. Döş qəfəsinin rentgenoqrafiyası digər iri damarların vəziyyətinin dəqiqləşdirilməsinə, patoloji törəmələrin aşkarlanmasına kömək edir. Rentgen şəkillə əsasında qapaq qüsurlarını müəyyən etmək olar.

Alkoqol kardiomiopatiyasının differensial diaqnostikası oxşar klinik simptomatikalı xəstəliklərlə: stenokardiya, ürəyin işemik xəstəliyi, miokard infarktı, aortanın laylanan anevrizması, plevrit, pnevmoniya ilə aparılır. Kardiomiopatiyaların digər növləri: restriktiv, hipertrofik, sağ mədəciyin aritmogen displaziyası inkar edilir.

Alkoqol kardiomiopatiyasının müalicəsi

Xəstəliyin kompleks terapiyası etanol tərkibli içkilərin qəbulunun dayandırılması, ürək çatışmazlığı ilə mübarizə, metabolizm pozğunluqlarının korreksiyası, digər orqanların funksiyalarının bərpasından ibarətdir. Geridönməyən pozğunluqlar olmadıqda müalicə kursu xəstəliyin erkən mərhələlərində müsbət nəticələr verir. Gecikmiş mərhələlərdə dərman preparatları fasiləsiz qəbul edilməlidir. Kardiomiopatiyanın müalicəsi bir neçə istiqamətlərdə aparıla bilər:

  • Həyat tərzinin dəyişdirilməsi. Spirtli içkilər və siqaretin istifadəsi dayandırılır. Zülalların yüksək miqdarda qəbulu, duz və yağların məhdudlaşdırılması ilə pəhriz təyin olunur. Buxarda bişirilmiş, qaynadılmış məhsullara üstünlük verilir. Xəstənin gün ərzində 4-6 dəfə kiçik porsiyalarla qidalanması məsləhət görülür. Gündəlik qəbul edilən mayenin həcmi 1,5litrdən çox olmamalıdır. Fiziki yüklənmələr artırmaq, stresslərdən qorunmaq, yuxu rejiminə riayət etmək tövsiyyə olunur.
  • Medikamentoz terapiya. Xəstəliyin başlıca müalicə üsulu olub, simptomatika nəzərə alınmaqla individual qaydada bir neçə qrup preparatların təyinə əsaslanır. Arterial təzyiqi normallaşdırmaq üçün antihipertenziv, ritm pozğunluğunun profilaktikası məqsədilə – antiaritmik, ödemləri aradan qaldırmaq üçün –  sidikqovucu vasitələr, qanda xolesterinin səviyyəsini azaltmaq məqsədilə statinlərdən istifadə olunur. Xəstəliyin ağır formalarında müalicə sxeminə taxiaritmiya tutmalarını aradan qaldıran ürək qlikozidləri, tromboembolik ağırlaşmaların qarşısını alan antiaqreqantlar və antikoaqulyantlar əlavə olunur.
  • Cərrahi müdaxilə. Konservativ terapiyanın effekt vermədiyi, alkoqol kardiomiopatiyasının sürətlə proqressivləşərək təhlükəli ağırlaşmaların yüksək yaranma riski ilə müşayiət olunduğu hallarda ürək transplantasiyası göstəriş sayılır. Bu üsuldan sonra 10 illik sağqalma ehtimalı yüksəlir (75%). Cərrahi müdaxilənin aparılması üçün orqanizmin vəziyyəti qənaətbəxş olmalı, kobud psixi və intellektual pozğunluqlar izlənilməməlidir. Ürək transplantasiyasının çatışmazlığı travmatizm, əməliyyatın bahalı olması, donor orqanların defisitindən ibarətdir.

Alkoqol kardiomiopatiyasının proqnoz və profilaktikası

Xəstəliyin erkən mərhələlərində spirtli içkilərin qəbulu tamamilə dayandırılaraq, müalicəyə vaxtında başlanıldıqda proqnoz qənaətbəxş sayılır. Ürək əzələsinin geridönməyən dəyişikliklərinin inkişafı zamanı yaşama müddətinin əhəmiyyətli dərəcədə qısalması qeydə alınır.

Kardiomiopatiyaların profilaktikası nəinki tibbi, həm də sosial məqsəd daşıyaraq, alkoqolizmin mübarizəsinə yönəldilir: əhalinin sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumatlandırılması, spirtli içkilərin reklamının və onların cavanlar arasında yayılmasının qanunvericilik səviyyəsində məhdudlaşdırılması. Preventiv tədbirlərə həmçinin uzunmüddətli alkoqol intoksikasiyasının nəticələri, onun ürək, digər orqan və sistemlərə neqativ təsiri haqqında maarifləndirmə işlərinin aparılması aiddir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: