Arterial hipotoniya

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 2192

arterial hipotoniya nədir?Arterial hipotoniya – arterial təzyiqin dayanıqlı və ya müntəzəm azalması olub, sistolik təzyiqin 100 mm.c.süt.-dan, diastolik təzyiqin isə 60mm.c.süt.-dan aşağı olması ilə xarakterizə edilir. Arterial hipotoniya başgicəllənmə, görmənin müvəqqəti pozulması, yorğunluq, yuxululuq, bayılmalara meyllik, termorequlyasiyanın pozulması və s. ilə müşayiət olunur. Diaqnostika  AT səviyyəsinin təyini (o cümlədən AT-nin sutkalıq monitorinqi), ürək-damar, endokrin və sinir sistemlərinin vəziyyətinin qiymətləndirilməsinə (EKQ, ExoKQ, EEQ, qanın biokimyəvi analizi və s.) əsaslanır. Arterial hipotoniyanın müalicəsində qeyri-medikamentoz (psixoterapiya, massaj, hidroterapiya, fizioterapiya, iynərefleksoetrapiya, aromaterapiya) və medikamentoz (bitki tərkibli adaptogen, serebroprotektor, nootrop preparatlar, trankvilizatorlar) üsullardan istifadə olunur.

  • Arterial hipotoniyanın təsnifatı
  • Arterial hipotoniyanın yaranma səbəbləri
  • Arterial hipotoniyanın patogenezi
  • Arterial hipotoniyanın əlamətləri
  • Arterial hipotoniyanın diaqnostikası
  • Arterial hipotoniyanın müalicəsi
  • Arterial hipotoniyanın profilaktikası

Arterial hipotoniya barədə ümumi məlumat

Arterial hipotoniya  (arterial hipotenziya) –arterial təzyiqin azalma sindromu olub, sistolik (yuxarı) təzyiqin 100 mm.c.süt.-dan, diastolik (aşağı) təzyiqin isə 60mm.c.süt.-dan aşağı olması ilə səciyyələnir. Bu sindromdan daha çox cavan qadınlar və yeniyetmələr əziyyət çəkir. Yuxarı yaşlarda aterosklerozla əlaqədar damar tonusunun itirilməsi səbəbindən aterosklerotik arterial hipotenziya müşahidə olunur.

Arterial hipotoniyanın təsnifatı

Arterial hipotoniyanın yaranma səbəbləriArterial hipotoniya sağlam şəxslərdə rast gəlinə, müxtəlif xəstəliklərin əlaməti  və ya müstəqil nozoloji forma kimi təzahür edə bilər. Bununla əlaqədar hipotonik vəziyətlərin vahid təsnifatından istifadə olunur. Təsnifata görə arterial hipotoniya 3 qrupa ayrılır: fizioloji, patoloji (birincili) və simptomatik (ikincili).

Fizioloji arterial hipotoniyaya individual norma sayılan (irsi konsitutsional xarakterli) arterial hipotoniya, adaptiv kompensator hipotenziya (dağlıq şəraitdə, tropik və subtropik iqlim zonalarında yaşayan şəxslərdə) və intensiv məşqlər nəticəsində yaranan hipotenziya (idmançılar arasında qeydə alınır) daxildir.

Patoloji birincili arterial hipotoniya müstəqil xəstəlikdir, onun 2 forması ayırd edilir: qeyri-stabil, geri dönən gedişli və ya davamlı təzahürlərlə müşahidə olunan neyrosirkulyator hipotenziya və idiopatik ortostatik hipotenziya.

Simptomatik (ikincili) arterial hipotoniyanın kəskin (kollaps, şok zamanı) və ürək-damar, sinir, endokrin sistemlərin üzvi patologiyaları, hematoloji xəstəliklər, intoksikasiyalarla assosiasiyalı xroniki formaları mövcuddur.

Arterial hipotoniyanın yaranma səbəbləri

Arterial hipotoniyanı müxtəlif fizioloji və patoloji səbəblərdən arterial sistemdə qan təzyiqinin azalmasını əks etdirən multifaktor vəziyyət kimi nəzərdən keçirmək lazımdır. Birincili arterial hipotoniyaya 80% hallarda neyrosirkulyator distoniya səbəb olur. Müasir nəzəriyyələrə əsasən birincili hipotenziya baş beynin damar-hərəkət mərkəzlərinin nevrozunun xüsusi formasıdır, onun yaranmasında stresslər, psixoloji travma, depressiya, xroniki yorğunluq, yuxusuzluq aparıcı rol oynayır.

İkincili arterial hipotoniya mövcud olan digər xəstəliklərin: anemiya, mədə xorası, dempinq-sindromu, hipotireoz, kardiomiopatiya, miokardit, aritmiya, diabetik neyropatiyalar, boynun osteoxondrozu, şişlər, infeksion xəstəliklər, ürək çatışmazlığı və sairənin əlaməti kimi üzə çıxır.

Kəskin arterial hipotoniya massiv qanaxma, dehidratasiya, travma, intoksikasiya, anafilaktik şok, ürək fəaliyyətinin kəskin pozulması fonunda baş verə bilər. Belə hallarda arterial hipotenziya qısa müddət ərzində (bir neçə dəqiqədən bir neçə saata qədər) inkişaf edərək, daxili orqanların qan təhcizatının ifadəli pozğunluqlarına səbəb olur. Xroniki arterial hipotoniya uzunmüddətli gedişə malikdir; bu zaman orqanizm aşağı təzyiqə uyğunlaşdığından qan dövranı pozğunluğunun ifadəli əlamətləri izlənilmir.

Arterial hipotoniya həmçinin B, C, E vitaminlərinin çatışmazlığı; pəhriz; dərman preparatlarının doza həddinin aşılması (məsələn, arterial hipertenziyanın müalicəsi zamanı) ilə əlaqədar yarana bilər. Fizioloji arterial hipotoniya aşağı təzyiqə irsi meylli şəxslərdə, idmançılarda, hava və ya iqlim şəraitinin kəskin dəyişməsinə adaptasiya dövründə müşahidə oluna bilər.

Arterial hipotoniyanın patogenezi

Etioloji səbəblərin müxtəlifliyinə baxmayaraq, arterial hipotoniyanın inkişaf mexanizmi 4 əsas amillə bağlı ola bilər: ürəyin dəqiqəlik və zərbə atımının; sirkulyasiya edən qanın həcminin; periferik damarların müqavimətinin; ürəyə venoz qan axının azalması.

Qanın zərbə və dəqiqəlik həcminin azalmasına infarkt, miokardit, ağır formalı aritmiyalar, ß-aderonoblokatorların doza həddinin aşılması nəticəsində miokardın ağır disfunksiyası zamanı rast gəlinir. Periferik damarların (ilk növbədə arteriol və prekapilyarların) tonus və müqavimətinin azalması toksiki və ya infeksion mənşəli kollaps, anafilaktik şok fonunda arterial hipotoniyanın yaranmasına səbəb olur. Sirkulyasiya edən qanın həcminin azalması ilə assosiasiyalı arterial hipotoniya xarici (mədə-bağırsaq) və ya daxili qanaxmalar (yumurtalığın apopleksiyası, dalağın partlaması, aorta anevrizmasının cırılması və s.) zamanı inkişaf edir. Massiv assit və ya plevritlərdə ekssudatın sürətli evakuasiyası ürəyə venoz qanın qayıdışının azalması ilə əlaqədar arterial hipotoniyaya gətirib çıxara bilər, bu da sirkulyasiya edən qanın xeyli hissəsinin kiçik damarlarda ləngiməsi ilə izah olunur.

Arterial hipotoniyanın müxtəlif formalarında ali vegetativ mərkəzlər tərəfindən damar tənziminin pozulması, renin-angiotenzin-aldosteron sisteminin arterial təzyiqi tənzimləmə mexanizmlərinin zəifləməsi, damar reseptorlarının katexolaminlərə həssaslığının, barorefleks qövsünün afferent və ya efferent hissəsinin pozulması aşkarlana bilər.

Arterial hipotoniyanın əlamətləri

Arterial hipotoniyanın əlamətləriFizioloji hipotoniya əksər hallarda heç bir diskomfort törətmir. Arterial hipotoniyanın kəskin forması baş beynin ifadəli hipoksiyası ilə gedir, bununla bağlı başgicəllənmə, görmənin qısamüddətli pozulması, səndələmə, dəri örtüklərinin avazıması, bayılmalar inkişaf edir. Xroniki arterial hipotoniya zamanı əsas xəstəliyin əlamətləri ön plana keçir. Bundan əlavə pasiyentlərdə halsızlıq, apatiya, yuxululuq, yorğunluq, baş ağrıları, emosional labillik, yaddaşın pisləşməsi, termorequlyasiyanın pozulması, pəncə və ovucların tərləməsi, taxikardiya qeydə alınır. Arterial hipotoniyanın uzunmüddətli gedişi qadınlarda aybaşı siklinin, kişilərdə isə potensiyanın pozulmasına gətirib çıxarır.

Ortostatik arterial hipotoniyalarda bədən horizontal vəziyyətdən vertikal mövqeyə keçdikdə bayılmaönü hallar inkişaf edir. Arterial hipotoniya zamanı vegetativ krizlər (adətən vagoinsulyar xarakterli) baş verə bilər. Belə paroksizmlər adinamiya, hipotermiya, güclü tərləmə, bradikardiya, AT-nin enməsi (bayılmaya qədər), qarında ağrılar, ürəkbulanma, qusma, qırtlağın spazmı nəticəsində tənəffüsün çətinləşməsi ilə gedir.

Arterial hipotoniyanın diaqnostikası

Diaqnostika prosesində arterial hipotoniyanın təsdiqi ilə yanaşı, onun yaranma səbəbləri da aşkar olunmalıdır. AT səviyyəsinin düzgün qiymətləndirilməsi üçün arterial təzyiq 3-5 dəqiqə intervalla 3 dəfə ölçülür. AT-nin sutkalıq monitorinqi arterial təzyiqin sutkalıq ritmi və ölçüsündən kənaraçıxmaları müəyyən etməyə imkan verir.

İkincili arterial hipotoniyanı təsdiq və ya inkar etmək üçün ürək-damar, endokrin və sinir sisteminin vəziyyəti komleks müayinə olunmalıdır. Bu məqsədlə qanın biokimyəvi göstəriciləri (elektrolitlər, qlükoza, xolesterin və lipid fraksiyaları) təhlil edilir, EKQ (sakitlik halında və yüklənmə testləri ilə), ortostatik sınaq, exokardioqrafiya, elektroensefaloqrafiya və s. aparılır.

Daha geniş müayinənin zəruriliyini müəyyənləşdirmək üçün arterial hipotoniyalı xəstələr kardioloq, nevroloq, okulist, endokrinoloq tərəfindən konsultasiya olunmalıdır.

Arterial hipotoniyanın müalicəsi

Arterial hipotoniyanın müalicəsinə yalnız onun etioloji amili müəyyənləşdirildikdən sonra başlanılır. İkincili simptomatik hipotenziya zamanı hədəf qismində əsas xəstəlik götürülür. Neyrovegetativ genezli arterial hipotoniyalarda ilk növbədə vegetativ disbalansın korreksiyası tələb olunur, bu məqsədlə medikamentoz və qeyri-medikamentoz üsullardan istifadə edilir.

Müalicəvi-sağlamlaşdırıcı tədbirlər kompleksinə gündəlik və qidalanma rejiminin normalizasiyası, psixoterapiyanın müxtəlif variantları; boyun-yaxalıq nahiyəsinin massajı, aromaterapevtik massaj; hidroterapiya (şotland, sirkulyar, Vişi duşu, hidromassaj, aromatik və mineral vannalar); iynərefleksoterapiya, fizioterapiya (yaxalıq nahiyəyə elektrofarez, elektroyuxu); aromaterapiya, aeroionoterapiya, MBT aiddir.

Arterial hipotoniyanın medikamentoz müalicəsi müxtəlif qrup preparatlarla: bitki tərkibli adaptogenlər  (cır limon, araliya, jenşen cövhəri); xolinolitiklər, serebroptotektor (sinnarizin, vinposetin); nootrop preparatlar (qlisin, pirasetam); antioksidant və vitaminlər (kəhraba turşusu, А, В, E vitaminləri); antidepressantlar və trankvilizatorlarla aparılır. Kəskin arterial hipotoniya zamanı AT-nin tez bir zamanda yüksəlməsi və stabilizasiyası məqsədilə kardiotoniklər və vazokonstriktorlar (mezaton, dofamin), qlükokortikosteroidlər damar daxilinə yeridilir, eləcə də duz və kolloid məhlulların infuziyasından istifadə olunur.

Arterial hipotoniyanın profilaktikası

Birincili arterial hipotoniyanın profilaktikasının ümumi prinsiplərinə gündəlik rejimə riayət, sağlam və aktiv həyat tərzinin aparılması, idmanla (üzgüçülük, gimnastika) məşğul olmaq, balanslaşdırılmış qidalanma, stresslərin istisnası daxildir. Damarları möhkəmləndirən prosedurlar (kontrast duş, massaj) effektivdir.

İkincili arterial hipotoniyanın profilaktikası endokrin, nevroloji, ürək-damar xəstəliklərinin qarşısının alınmasından ibarətdir. Arterial hipotoniyalı pasiyentlərə AT səviyyəsini daima nəzarətdə saxlamaq, müntəzəm şəkildə kardioloji müayinələrdən keçmək məsləhət görülür.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: