Diabetik kardiomiopatiya

Oxuma vaxtı: 16 dəq Oxunma sayı: 1236

diabetik kardiomiopatiya nədir?Diabetik kardiomiopatiya ‒ şəkərli diabet zamanı metabolik, damar və elektrolit pozğunluqları nəticəsində ürəkdə yaranan patoloji dəyişikliklərin məcmusudur. Xəstəliyin klinikası fərqlidir (simptomsuz gedişdən tutmuş təngnəfəslik, ödem, kardialgiya, akrosianozla müşahidə olunan ifadəli ürək çatışmazlığına qədər). Diaqnoz elektrokardioqrafiya, exokardioqrafiya, miokardın tallium-201 izotopu ilə sintiqrafiyası, funksional sınaqların nəticələrinə əsasən qoyulur. Müalicə kompleks şəklində aparılır: qanda qlükozanın səviyyəsi korreksiya edilir, kardioprotektiv vasitələr, kalium, tiazolidindion preparatları və statinlər təyin olunur.

  • Diabetik kardiomiopatiyanın yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Diabetik kardiomiopatiyanın əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Diabetik kardiomiopatiyanın müalicəsi
  • Proqnoz və profilaktika

Diabetik kardiomiopatiya barədə ümumi məlumat

Diabetik kardiomiopatiya (DK) ilk dəfə olaraq 1973-cü ildə müstəqil xəstəlik kimi qeyd olunmuşdur. Patologiya şəkərli diabetin (ŞD) istənilən tipində yarana, eləcə də hamiləlik dövründə hiperqlikemiyadan əziyyət çəkən qadınların dünyaya gətirdikləri uşaqlarda rast gəlinə bilər. Əksər hallarda diabetik kardiomiopatiya qanda şəkərin yüksək səviyyəsinin aşkarlanmasından 10-15 il sonra müşahidə olunur. Patologiyanın inkişaf etmə vaxtı variabelli olub, diabetin tipi, müalicə sxemi, pəhriz, risk amillərinin olmasından asılıdır. Statistik məlumatlara əsasən dayanıqlı hiperqlikemiyalı xəstələrin təxminən 20-25%-nin ölüm səbəbi ürəyin zədələnməsi ilə bağlıdır, lakin bu rəqəmlər mübahisəlidir, çünki diabetli pasiyentlərdə kardiomiopatiyaların etiologiyasını dəqiq təyin etmək heç də hər zaman mümkün olmur.

Diabetik kardiomiopatiyanın yaranma səbəbləri

Diabetik kardiomiopatiyanın yaranma səbəbləriİnsulinin kifayət qədər sintez olunmaması (I tip şəkərli diabet) və ya onun toxumalara təsirinin zəifləməsi (II tip şəkərli diabet) ürək-damar sisteminə neqativ təsir göstərməklə kardiomiopatiyanın inkişafına səbəb olur. ŞD fonunda ürəyin zədələnmə ehtimalını artıran müəyyən daxili və xarici amillər mövcuddur, bu da DK-nın bütün diabetli xəstələrdə deyil, onların yalnız bir hissəsində inkişaf etməsini izah edir. Diabetik kardiomiopatiyanın yaranma səbəbləri 3 əsas qrupda cəmləşdirilmişdir:

  • Müalicə və qidalanma rejiminin pozulması. Endokrinoloqun təyinatlarına laqeyd yanaşma DK-nın ən geniş yayılmış inkişaf amillərindəndir. Pəhrizə riayət etmədikdə  qanda qlükozanın konsentrasiyası artır, kardiomiositlər zədələnir. Analoji olaraq hipoqlikemik vasitələrin qeyri-düzgün istifadəsi ürək toxumalarıında mikrosirkulyasiyanı pozaraq, işemiyaya gətirib çıxara bilər.
  • Şəkərli diabetin dekompensasiyası. Qlükozanın davamlı yüksək səviyyəsinin ağır hallarında miokard zədələnir. Digər orqan və sistemlərin (məsələn, böyrəklər, qaraciyər, neyrovegetativ sistem) funksional pozğunluqları dolayı yolla ürəyin yüklənməsinə səbəb olur. Bununla bağlı proqressivləşən diabetdə demək olar ki, bütün hallarda DK inkişaf edərək, xəstəliyin ümumi şəklini ağırlaşdırır.
  • Diabetik embriofetopatiyaHamilə qadında rast gəlinən dekompensə olunan diabetlə əlaqədar dölün ürəyi zədələnə bilər – anadangəlmə kardiomeqaliya və aritmiya ilə səciyyələn çox nadir uşaq xəstəliyi yaranır. Bu, həm hiperqlikemiya, həm də insulin və hipoqlikemik preparatların uşağın inkişafına təsiri nəticəsində baş verir.

Bundan əlavə, şəkərli diabet koronar damarları zədələyən aterosklerozun risk amili sayılır, lakin əksər müəlliflər diabet və ateroskleroz fonunda inkişaf edən ürəyin işemik xəstəliyini həqiqi diabetik kardiomiopatiyalara aid etmir. Keyfiyyətsiz hipoqlikemik vasitələrin (məsələn, yaxşı təmizlənməmiş insulin preparatları) istifadəsi ilə bağlı ürəyin zədələnməsi DK-nın nadir rast gəlinən səbəblərindəndir.

Diabetik kardiomiopatiyanın patogenezi

Diabetik kardiomiopatiyaların inkişafında 3 patogenetik mexanizm iştirak edir: metabolik, angiopatik və neyrovegetativ. Birinci variant daha əhəmiyyətlidir ‒ insulin çatışmazlığı kardiomiositlərdə enerji defisitinə gətirib çıxarır, bu da proteoliz və lipoliz prosesləri ilə kompensasiya edilir. Nəticədə ürək əzələsi daxilində lipid və amin turşularının parçalanma məhsulları toplanır, NO və digər iltihab mediatorları  sintez olunur. Toxumalarda turşu-qələvi tarazlığı asidoza tərəf dəyişərək, transmembran potensialını və qeyri-üzvi ionların konsentrasiyasını pozur. Bu səbəbdən avtomatizm azalır, ürək ritmi pozulur. Eyni zamanda toxumalarda hüceyrələrə oksigenin daşınmasını çətinləşdirən və enerji çatışmazlığını dərinləşdirən qlükozalaşmış zülal və proteoqlikanların miqdarı artır.

Şəkərli diabetdə miokardın zədələnməsinin angiopatik mexanizmi izoləolunmuş və ya metabolik pozğunluqlara birgə inkişaf edə bilər. İnsulin səviyyəsinin kəskin sıçrayışları koronar damarların saya əzələ qatının proliferasiyasını aktivləşdirən reseptorları stimulə etməklə onların daralmasına və miokardın perfuziyasının daha da azalmasına gətirib çıxarır. Bu proses endotelin zədələnməsi ilə ağırlaşan və işemiya hallarını dərinləşdirən mikroangiopatiyalarla nəticələnir. Həmçinin ürək əzələsində anomal kollagenin miqdarı artır, onun sərtlik və elastikliyi  dəyişir.

Neyrovegetativ sistemin distrofiyası DK-nın inkişafının son mərhələsində yaranır. Kardiomiositlər və damarların birbaşa zədələnməsi bir qayda olaraq erkən inkişaf edir. Hiperqlikemiya, eləcə də diabetik hepatoz (şəkərli diabetin dərin dkompensasiyasında) nəticəsində vegetativ sinir sistemi zədələnir. Onun lifləri demielinləşir, mərkəzləri isə qlükoza çatışmazlığı və ketoasidozla əlaqədar zədələnə bilər.  Bu fonda ürəyin yığılma ritminin pozulması ilə təzahür vaqus denervasiyası baş verir. Bu proseslərin məcmusu işemiya xəstəliyinə, miokardın həcminin artmasına və son nəticədə ürək çatışmazlığına səbəb olur.

Diabetik kardiomiopatiyanın təsnifatı

Kardiologiyada diabetik kardiomiopatiyaların bir neçə forması ayırd edilir. Təsnifat xəstəliyin etioloji və patoloji xüsusiyyətlərinə əsaslanır. Patologiyanın inkişafında eyni zamanda bir neçə mexanizmin iştirak etməsinə baxmayaraq, adətən onlardan biri digərləri ilə müqayisədə daha güclü ifadə olunur. Mütəxəssis patogenezin aparıcı mexanizmini müəyyən etməklə müalicənin düzgün istiqamətdə aparılmasına nail olur. Hazırda diabetik kardiomiopatiyanın 3 forması məlumdur:

  • Birincili forma. Xəstəliyin bu variantında miokardın zədələnməsində toxumalarda yağ və qlükozalaşmış proteinlərin metabolizm məhsullarının toplanması ilə bağlı mübadilə pozğunluqları əsas rol oynayır. Xəstəliyin geniş yayılmış formasıdır, lkain əksər hallarda simptomsuz gedişi ilə xarakterizə olunur və şəkərli diabetdən əziyyət çəkən pasiyentin müayinəsi zamanı təsadüfən aşkarlanır.
  • İkincili forma. İlkin olaraq və ya metabolik pozğunluqların proqressivləşməsi nəticəsində yarana bilər. İkincili formada koronar aretriollar zədələnir, mikrosirkulyasiya pozulur, perfuziya azalır və miokard infarktı baş verir. Bəzi kardioloqlar DK-nın bu variantına diabetik etiologiyalı koronar aterosklerozu da aid edirlər.
  • Embriofetopatik tip. Analarında şəkərli diabet olan uşaqlarda qeydə alınan nadir formadır. Bəzi mütəxəssislər bu patologiyanın diabetik kardiomiopatiya sayılmasını təkzib edirlər.

Diabetik kardiomiopatiyanın əlamətləri

Diabetik kardiomiopatiyanın əlamətləriÜrəyin zədələnmə anından xəstəliyin ilk simptomlarına qədər uzun müddət (bir neçə aydan 4-6 ilə qədər) tələb oluna bilər. Xəstələr adətən döş qəfəsinin sol yarısında işemik ağrıları xatırladan sıxıcı, təzyiqedici hisslərdən şikayət edir, lakin onların ifadəliliyi stenokardiya ilə müqayisədə daha zəif olur, eləcə də ağrının boyun, kürək nahiyəsi, sol qola irradiasiyası xarakterik deyil. Kardialgiya ilk əvvəl fiziki yüklənmə və ya insulin qəbulunun ötürülməsindən sonra meydana çıxır, sonralar isə hətta sakit halda da müşahidə edilir. Nitratların qəbuluna reaksiyanın olmaması – nitroqliserinin ağrı hissini aradan qaldırmaması mühüm diaqnostik əlamət sayılır.

Pasiyentlərin bir qismində ağrı sindromunun əvəzinə təngnəfəslik, akrosianoz, başgicəllənmə izlənilir. Bu əlamətlər həm yüklənmə fonunda, həm də sakit vəziyyətdə təzahür edir. Tutmalar bir neçə dəqiqədən 1-3 saata qədər davam edə bilər. Tutma başa çatdıqdan sonra (xəstəliyin erkən mərhələlərində) kardial simptomlar zəifləyir.  DK-nın gecikmiş formalarında ürək nahiyəsində daimi ağrı, zəiflik, başgicəllənmə, baş ağrıları qeydə alınır. Hətta cüzi yüklənmələr (pilləkənlərlə qalxmaq, tez yerimə) güclü təngnəfəslik, öskürək və xoşagəlməz hisslərin artmasına səbəb olur.

Diabetik kardiomiopatiyanın ağırlaşmaları

Müalicənin aparılmaması, qida rejiminin pozulması, korreksiya olunmayan hiperklikemiya zamanı diabetik kardiomiopatiya durğun xarakterli artan ürək çatışmazlığına gətirib çıxarır. Nəticədə ağciyərlərin kardiogen ödemi və qaraciyərin distrofiyası inkişaf edə bilər. Belə hallar şəkərli diabetin gedişini xeyli ağırlaşdırır, xəstənin həyatı üçün təhlükə törədir. Miokardın zəifliyi mikrosirkulyasiyanı  pozaraq (xüsusən ətrafların distal hissələrində), mikroangiopatiyalarla birlikdə trofik xora və qanqrenaya səbəb olur. Miokardın xroniki işemiyası infarktın, kiçik və iri ocaqlı kardiosklerozun inkişafını asanlaşdırır.

Diabetik kardiomiopatiyanın diaqnostikası

Diabetik kardiomiopatiyanın uğurlu müalicəsi üçün erkən diaqnostika çox vacibdir. Xəstəliyin başlanğıc mərhələrdə aşkarlanması ağırlaşmaların riskini əhəmiyyətli dərəcədə azaldır, patologiyanın proqressivləşməsini ləngidir. Bu məqsədlə diabetli xəstələr hətta subyektiv əlamətlər olmadıqda belə müntəzəm şəkildə kardioloqun müayinəsindən keçməlidir. Klinik təcrübələrdə DK-nın digər ürək-damar patologiyalarından differensiasiyasına və effektiv müalicə sxeminin tərtib olunması üçün xəstəliyin tip və mərhələsinin təyininə imkan verən çoxsaylı üsullardan istifadə edilir. Kardiomiopatiyalarda əsasən aşağıdakı diaqnostika üsullar tətbiq edilir:

  • ElektrokardioqrafiyaÜrək aktivliyinin monitorinqinin və ürək əzələsində erkən dəyişikliklərin aşkar edilməsinin sadə və effektiv üsuludur. Diabetik kardiomiopatiyalı xəstələrdə EKQ şəkli işemiya xəstəliyi ilə oxşardır – ST seqmentinin yerdəyişməsi, QRS kompleksinin hamarlaşması, T dişciyinin deformasiyası qeydə alınır. Patologiya proqressivləşdikcə voltajın azalması, ürəyin elektrik oxunun dəyişməsi, aritmiya mümkündür.
  • ExokardioqrafiyaMüayinə prosesində mədəciklərin divarlarının qalınlaşması, ürəyin ümumi kütləsinin artması, miokardın sıxlığının dəyişməsi, ürək əzələsinin yığılma qabiliyyətinin və ürək atımının azalması müəyyən olunur. Patologiyanın uzun müddət inkişaf etdiyi hallarda dilatasion kardiomiopatiya və ya ocaqlı kardiosklerozun əlamətləri təyin oluna bilər.
  • Miokardın perfuzion sintiqrafiyası. Qanın toxumalara daxil olma prosesi tallium-201 tərkibli radiofarmasevtik preparatların köməyilə izlənilir. Bu üsul preparatın miokarda zəif yayılmasına əsaslanaraq, koronar mikroangiopatiyanın (ikincili DK) daha erkən əlamətlərini üzə çıxarmağa imkan verir, lakin diabetik kardiomiopatiyanın başlanğıc mərhələlərində testin nəticələri fərqli ola bilər.

Xəstəliyin yüngül formalarında fiziki yüklənmələr zamanı EKQ-də dəyişiklikləri aşkar etmək üçün veloerqometriyadan istifadə olunur, bu metod diaqnozun dəqiqləşdirilməsinə şərait yaradır. Həmçinin qanın biokimyəvi analizi təyin olunur, onun köməyilə qlükoza, lipoproteidlər, ürək və qaraciyər fermentlərinin səviyyəsi müəyyən edilir. Ürək damarlarının aterosklerozuna şübhə yarandıqda koronoqrafiya aparılır.  Yuxarıda sadalanan bütün üsullar DK-nı işemiya xəstəliyi və şəkərli diabetlə birbaşa əlaqəsı olmayan  digər vəziyyətlərdən differensiasiya etməyə imkan verir.

Diabetik kardiomiopatiyanın müalicəsi

Diabetik kardiomiopatiyanın terapiyası çoxkomponentli olub, əsas xəstəliyin –şəkərli diabetin müalicəsi ilə sıx bağlıdır. Adekvat pəhriz, qanda qlükozanın miqdarına daimi nəzarət, insulin səviyyəsinin kəskin sıçrayışlarının aradan qaldırılması hətta ürək preparatları qəbul etmədən xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bir sıra hallarda DK həkim-kardioloqun müdaxiləsini tələb edən gecikmiş mərhələdə aşkarlanır. Proqressivləşmənin ləngiməsi və kardiomiopatiyanın müalicəsi məqsədilə şəkərli diabetdə aşağıdakı qrup preparatlardan istifadə olunur:

  • Tiazolidindionlar. Bu qrupa daxil olan hipoqlikemik preparatlar koronar arteriolların saya əzələ hüceyrələrinin bölünməsini selektiv şəkildə ləngidərək, onların mənfəzinin daralmasının və miokardın perfuziyasının azalmasının qarşısını alır. Lakin onlar ürəyin mikrosirkulyator şəbəkəsinin yalnız təsdiq olunmuş zədələnmələrində tətbiq edilməlidir –nadir hallarda tiazolidindionlar naməlum səbəbli kardiopatik təsir göstərir.
  • Kalium preparatları.Diabetik kardiomiopatiyalarda metabolik pozğunluqlarla əlaqədar kardiomiositlərdə kalium ionlarının  çatışmazlığı yaranır. Onun defisitinə həmçinin diurezin artması səbəb ola bilər, belə vəziyyətlər əsasən diabet, pəhrizin pozulması, bəzi dərman preparatlarının qəbulu zamanı müşahidə edilir. Kalium preparatları orqanizmdə mikroelementin miqdarını bərpa etməklə, miokard hüceyrələrinin elektrolit tərkibini və membran potensialını normallaşdırır.
  • StatinlərXəstələrin bir qismində aterosklerozun inkişaf riskini artıran, kardiomiopatiyanın gedişini ağırlaşdıran hiperlipidemiya qeydə alınır. Statinlər (məsələn, atorvastatin) təhlükəli sayılan aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsini aşağı salır, eləcə də yağların parçalanma məhsullarını ürək toxumalarından eliminasiya edir. Bu qrup preparatların tətbiqi diabetli xəstələrin yaşama müddətini uzadır, infarkt və insultun yaranma təhlükəsini kəskin azaldır.
  • Beta-аdrenoblokatorlar. Onlar miokardda gedən ifadəli işemik dəyişikliklər və ya taxiaritmiyalarda təyin olunur. Beta-аdrenoblokatorlar ürək yığılmalarının tezliyini və miokardın oksigenə olan tələbatını azaldır, onun metabolizmini yaxşılaşdırır. Bu preparatların normada ürək yığılmalarının tezliyini zəiflədən vegetativ sinirlərin distrofiyası zamanı istifadəsi daha aktualdır.

Göstərişlərə əsasən müxtəlif hipoqlikemik vasitələr (xüsusən II tip diabetdə), APF inhibitorları, kalsium kanalı blokatorları, antioksidantlar tətbiq edilə bilər. Durğun ürək çatışmazlığı və ödemlərin inkişaf etdiyi hallarda qan plazmasının ion tərkibinə daimi nəzarət etməklə diuretik prepartlar təyin olunur. Kardiomiopatiyanın ağır formalarında dəstəkləyici terapiya qismində ürək qlikozidlərindən istifadə edilir.

Diabetik kardiomiopatiyanın proqnoz və profilaktikası

Diabetik kardiomiopatiyanın proqnozu əsas xəstəliyin gedişi ilə sıx bağlıdır. Adekvat hipoqlikemik terapiya və həyat tərzinin korreksiyası patologiyanın proqressivləşmə sürətini əhəmiyyətli dərəcədə ləngidir, kardioprotektiv vasitələrin tətbiqi isə kardial simptomları aradan qaldırmağa kömək edir.

Eyni zamanda xəstəliyə və qida rejiminə laqeyd yanaşma ağır ürək çatışmazlığına gətirib çıxara bilər.  Diabetik kardiomiopatiyaların profilaktikası qlükoza səviyyəsinin nəzarətdə saxlanılması, diabetin dekompensasiyasının inkişafının qarşısının alınması, endokrinoloqun müntəzəm müşahidəsindən ibarətdir. Bu qaydalara xüsusən hamilə qadınlar əməl etməlidir, çünki onların uşaqlarında ürəyin bətndaxili zədələnmə ehtimalı yüksək olur.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: