Kardial X sindromu

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1270

Kardial X sindromu nədir?Kardial X sindromu – koronar arteriyalarda heç bir dəyişiklik baş vermədən miokardın oksigenlə təchizatının azalması nəticəsində yaranan patoloji vəziyyətdir. Gərginlik stenokardiyasının əlamətləri: ürək nahiyəsində fiziki yüklənmə və emosional stress zamanı güclənən ağrılar, təngnəfəslik, taxikardiya ilə təzahür edir. Diaqnostika anamnestik məlumatlar, elektrokardioqrafiya, koronaroqrafiya, farmakoloji yüklənmə testləri, miokardın sintiqrafiyasının nəticələrinə əsaslanır. Müalicə beta-blokatorlar, nitratlar, kalsium kanallarının blokatorları və digər vasitələrin təyini ilə aparılır.

  • Kardial X sindromunun yaranma səbəbləri
  • Patogenez
  • Kardial X sindromunun əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Kardial X sindromunun müalicəsi
  • Proqnoz və profilaktika

Kardial X sindromu barədə ümumi məlumat

Kardial X sindromu (КХS, mkkrovaskulyar stenokardiya) ilk dəfə 1973-cü ildə amerikalı tədqiqatçı H.Kemp tərəfindən koronar damarların zədələnmə əlamətləri ilə müşayiət edilməyən miokard işemiyası kimi təsvir olunmuşdur. Hazırda patologiya kardialgiyanın səbəblərini aşkar etmək üçün aparılan koronoqrafiyanın təxminən 20-30% hallarında qeydə alınır. Pasiyentlər arasında orta yaşlı şəxslər üstünlük təşkil edir, qadınlarda (xüsusən 40-45 yaşlarda) kişilərlə müqayisədə KXS 2-3 dəfə çox rast gəlinir. Xəstələnmə hallarının bir hissəsi müəyyən edilmədiyindən onun yayılma tezliyinin daha yüksək olması ehtimal edilir.

Kardial X sindromunun yaranma səbəbləri

Kardial X sindromunun səbəbləriKXS-nun etiologiyası axıra qədər öyrənilməmişdir. Patoloji vəziyyətin bir neçə inkişaf mexanizmi irəli sürülmüşdür. Eyni xəstədə onların kombinasiyası mümkündür. Əksər nəzəriyyələrin əsasında xəstəliyin kardial genezi (miokardda və ya onun damarlarında gedən dəyişikliklərlə əlaqədar inkişaf etməsi) dayanır. Simptomokompleksin ürəkdən kənar pozğunluqlar nəticəsində yaranması barədə hipotezlər mövcuddur. KXS-nun ən geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Arteriolların struktur dəyişiklikləri. Koronoqrafiyada kiçik kalibrli damarlar vizualizasiya olunmadığından onların anomaliyalarını aşkar etmək çox çətindir. Onların mənfəzinin daralması miokardın perfuziyasını azaltmaqla stenokardiyanın inkişafına gətirib çıxarır.
  • Endotelin disfunksiyası. Mikrosirkulyator damarları örtən hüceyrələrin fəaliyyətinin pozulması ilə əlaqədar kardiomiositlərə oksigen və enerji birləşmələrinin daşınması azalır, bu da patoloji dəyişikliklərlə özünü büruzə verir.
  • Simpatik sinir sisteminin aktivləşməsi. Simpatik sistemin təsiri altında prearteriollar daralır, ürək toxumalarına daxil olan qanın miqdarı azalır. Emosional qeyri-stabillik, həyəcan halları, depressiyanın müşahidə olunduğu xəstələrdə bu mexanizm xüsusilə aktualdır.
  • Metabolik və ion dəyişiklikləri. Bir sıra maddələr, kalium, kalsium və natrium ionları anomal konsentrasiyalarda oksigenin miokarda daşınma proseslərini çətinləşdirərək, onun çatışmazlığı və stenokardiyaya səbəb olur. Buna hiperkaliemiya, insulinin yüksək səviyyəsi və digər vəziyyətlərdə ürək nahiyəsində ağrıların meydana çıxmasını misal göstərmək olar. Klimaks dövründə estrogen səviyyəsinin azalması fonunda analoji mexanizmin baş verməsi ehtimal olunur.
  • Ağrı hissiyyatının pozulması. KXS-lu xəstələrin əksəriyyətində ürək-damar sistemi xəstəlikləri izlənilmir, lakin sinirlər və ya talamus səviyyəsində qıcıq qapısının azalması mümkündür. Bu, subyektiv əlamətlərin – yüklənmə və ya emosional stress, miokardın normal perfuziyası və oksigenlə doyması fonunda güclənən kardialgiyanın yaranmasını potensə edir.

Bir sıra hallarda KXS-nun inkişafına koronar arteriyaların aterosklerozunun başlanğıc forması şərait yaradır. Mikrovaskulyar stenokardiyanın etioloji amillərinin dəqiq təyini optimal müalicə taktikasının seçilməsində mühüm rol oynayır.

Kardial X sindromunun patogenezi

Kardial X sindromunun formalaşma mexanizmi onun yaranma səbəblərindən asılıdır. Miokardın mikrosirkulyator damarlarının zədələnməsi zamanı («həqiqi» mikrovaskulyar stenokardiya) arteriolların orta qişası qalınlaşır, nəticədə damar mənfəzi daralır. Koronoqrafiya ilə deyil, digər diaqnostik müayinələrin, məsələn sintiqrafiyanın köməyilə aşkarlanan miokard işemiyası yaranır. Simpatik sinir sisteminin aktivləşməsi zamanı analoji dəyişikliklər baş verə bilər – ifraz olunan mediatorlar damarların spazmını törədərək, daxil olan qanın həcmini azaldır.

Endotelin disfunksiyası və metabolik pozğunluqlar zamanı arteriollar makroskopik olaraq dəyişmir, lakin toxumalara oksigen və qidalı maddələrin daşınması zəifləyir. Oksigen aclığı (həm perfuziyanın azalması, həm də oksigen nəqlinin pozulması səbəbindən) His dəstəsinin ayaqcıqlarının blokadasına gətirib çıxara bilər. Kardial X sindromunda nadir hallarda sol ayaqcığın blokadasına rast gəlinir, belə hallar dilatasion kardiomiopatiya və ya kiçik ocaqlı kardiosklerozla nəticələnir.

Kardial X sindromunun əlamətləri

Kardial X sindromunun əlamətləriKXS-nun klinik mənzərəsi ürəyin işemik xəstəliyi ilə oxşardır. İlkin əlamət döş qəfəsinin sol yarısında sıxıcı ağrıların yaranmasıdır. Ağrılar adətən sol qol, kürək nahiyəsi və ya aşağı çənəyə irradiasiya edir. Soyuqlama və ya əksinə hipertermiya ağrı tutmalarına təkan verə bilir. Xəstələrin əksəriyyətində əlamətlər nitratların (məsələn, nitroqliserin) qəbulu ilə aradan qalxmır, bu da tutmanın tipik stenokardiyaya nisbətən uzun çəkməsi ilə birgə çox zaman miokard infarktının yanlış şəklinin formalaşmasına səbəb olur.

Xəstələrin 30-40%-də kardialgiya sakit vəziyyətdə yaranaraq, həyəcan və qorxu hissi ilə müşayiət edilir. Belə pasiyentlər özlərində infarkt və ya digər təhlükəli xəstəliyin olmasını hesab edərək, ürək patologiyası ilə əlaqədar erkən ölümdən qorxurlar. Bir qayda olaraq, emosional gərginlik miokard işemiyasını daha da gücləndirərək, ağrı sindromunun ifadələliliyinin artmasına gətirib çıxarır. Əksər xəstələr üçün əsəbilik xarakterikdir. Xəstəliyin bu tipli gedişində çox zaman nəinki kardioloq, həmçinin psixoloq və ya psixiatrın yardımı tələb olunur.

Mikrovaskulyator stenokardiyalı pasiyentlərdə kardialgiyadan əlavə təngnəfəslik, tənəffüsün çətinləşməsi, taxikardiya müşahidə edilir. Adətən qan dövranı çatışmazlığının hər hansı bir əlaməti (burun-dodaq üçbucağının və barmaqların distal hissələrinin sianozu) izlənilmir. Onların olması ağırlaşmaların inkişafına və ya diaqnozun yanlış qoyulmasına dəlalət edir. Müalicə aparılmadıqda xəstəlik illərlə davam edə bilər, tutmaların tezliyi fərdi xarakter daşıyaraq, bir sıra amillərdən – patologiyanın xarakteri, xəstənin fiziki aktivliyinin səviyyəsi, metabolizm və hormonal fonun xüsusiyyətlərindən asılıdır.

Kardial X sindromunun ağırlaşmaları

Sindrom xoşxassəli gedişə malikdir, müalicə edilmədikdə belə çox nadir hallarda ağırlaşmalara səbəb olur. Tədqiqatçıların fikrincə patologiyanın ən geniş yayılmış fəsadı «tipik» xarakterli – koronar arteriyaların zədələnməsi ilə müşayiət olunan ÜİX-dir. Lakin mütəxəssislərin bir qismi bu 2 vəziyyətin bir-biri ilə bağlılığını qəbul etmir. Bəzi alimlər ÜİX-nin KXS fonunda inkişafını yaş və ya metabolik amillərlə əlaqələndirir. Pasiyentlərin bir qismində dilatasion kardiomiopatiya ilə nəticələnən ürəkdaxili blokada yarana bilər. Aktivlik və əmək qabiliyyətinə mənfi təsir edən periodik tutmalar xəstənin həyat keyfiyyətini pisləşdirir.

Kardial X sindromunun diaqnostikası

Kardial sindromun aşkarlanması və onun digər ürək-damar patologiyalarından differensiasiyası məqsədilə çoxsaylı diaqnostik üsullardan istifadə olunur. İlk növbədə miokard işemiyasının əlamətlərini müəyyənləşdirmək və eyni zamanda adi ÜİX üçün xarakterik olan koronar damarların zədələnməsini inkar etmək lazımdır. Sonrakı addımlar patoloji vəziyyətin səbəblərinin təyininə yönəldilir, bu da effektiv müalicə sxeminin tərtibində mühüm əhəmiyyət kəsb edir. KXS-nun diaqnostikası aşağıdakı mərhələlərdən ibarətdir:

  • Sorğu və ümumi baxış. Pasiyentlər fiziki yüklənmə fonunda və ya (bəzən) sakit vəziyyətdə ürək nahiyəsində yaranan sıxıcı və ya deşici xarakterli tutmaşəkilli ağrılardan şikayət edir. Xəstələrdə çox vaxt həyəcan və əsəbilik qeydə alınır. Ürəyin auskultasiyasında taxikardiya, nadir hallarda ritm pozğunluğu müəyyən edilir.
  • Koronaroqrafiya. Kardial sindromun ürəyin digər formalı zədələnmələrindən differensiasiyasında böyük rol oynayır. Damar dəyişiklikləri (məsələn, ateroskleroz, spazm və ya iltihabi proseslərlə bağlı daralmalar) müşahidə edilmir.
  • Miokardın perfuzion sintiqrafiyası. Radiofarmpreparat- tellur-201 yeridilməklə ürək əzələsinin qan təchizatının keyfiyyəti qiymətləndirilir, işemiya ocaqları təyin edilir. Kardial X sindromunda perfuziya azalır, daxil olan qanın həcminin kəskin azaldığı sahələr aşkarlanır.
  • Elektrokardioqrafiya. EKQ ÜİX-nin tipik əlamətlərini – ST seqmentinin 1,5 m-dən artıq depressiyasını təsdiqləyir, lakin bu pozğunluq tranzitor xarakterli olub, standart elektrokardioqrammada qeydə alınmaya bilər. EKQ Holter monitorlaşması – 48 saat ərzində EKQ qeydiyyat diaqnostik əhəmiyyət daşıyır. ST-nin işemik depressiyası əsasən səhər və günorta saatlarında, emosional və ya fiziki yüklənmələr zamanı izlənilir.
  • Farmakoloji sınaqlar. Kardial X sindromunun ürəkdaxili mənşəli olmasını sübut edən xarakterik əlaməti erqometrin sınağıdır. Bu testin müsbət nəticəsi miokardın işemiyaya meyilliliyinə dəlalət edir. Müsbət dipiridamol sınağında analoji nəticə çıxarılır.

Əlavə üsullar qismində koronar sinus qanı təhlil edilir (laktatın səviyyəsinin yüksəlməsi aşkarlanır), qanda insulinin miqdarı təyin olunur. Sübut edilmişdir ki, toxumaların bu hormona az həssas olması kardial sindromun yaranma riskini bir neçə dəfə artırır. Qanın əsas ionlarının (kalsium, kalium, natrium) səviyəsi və qadınlarda estrogenin konsentrasiyası yoxlanılır.

Kardial X sindromu koronar ateroskleroz, ikincili mikrovaskulyar stenokardiya (vaskulit, amiloidoz zamanı), miokarditlər və qeyri-kardial patologiyalar – döş şöbəsinin osteoxondrozu, qabırğalararası nevrit və miozit, plevritlə differensiasiya edilir.

Kardial X sindromunun müalicəsi

KXS-nin spesifik müalicəsi yoxdur, medikamentlərin köməyilə yalnız əsas patoloji pozğunluqları aradan qaldırmaq – miokard perfuziyasını yaxşılaşdırmaq, qan və qidalı maddələrin daşınmasını asanlaşdırmaq mümkündür. Terapiya kompleks şəklində aparılmalıdır. Əksər hallarda aşağıdakı qrup preparatlardan istifadə olunur:

  • Beta-adrenoblokatorlar. Ən çox tətbiq olunan antianginal preparat sayılır. Bu qrupa atenolol, bisoprolol və digər medikamentlər daxildir. Onlar ürək yığılmalarının tezliyini, miokardın oksigenə olan tələbatını azaltmaqla xəstəliyin əlamətlərinin ifadəliliyini zəiflədir.
  • Kalsium antaqonistləri. Kardial X sindromunda ləng kalsium kanallarının blokatorlarına – nifedipin, verapamil üstünlük verilir. Bu qrup preparatlar damarları genişləndirərək, ürək əzələsinə qan axınını artırır.
  • Kalium kanallarının aktivatorları. Nikorandil – kardial sindromun terapiyasında perspektiv vasitə hesab olunur. O, ürəkdə gedən hipoksik prosesləri effektiv şəkildə aradan qaldırmaqla miokardın qan təchizatını bərpa edir. Kardioprotektiv təsirə malikdir.
  • Nitratlar. Sublinqval antianginal preparatlar (məsələn, nitroqliserin) bu patologiyalı xəstələrin yalnız 50%-də effektivdir. Bundan əlavə 10-15% pasiyentlərdə nitroqliserinin qəbulu ağrı və digər əlamətlərin güclənməsinə səbəb olur. Bununla əlaqədar nitratlar böyük ehtiyatla təyin edilməlidir.
  • Əvəzedici hormonal terapiya. Qadınlarda klimaks fonunda baş verən KXS-nun effektiv müalicə üsuludur. Estrogen səviyyəsinin bərpası tutmaların tezliyi və gücünü əhəmiyyətli dərəcədə azaldır, xəstənin həyat keyfiyyətini yaxşılaşdırır.

Köməkçi terapiya qismində antiaqreqantlardan (asetilsalisil turşusu), qanda lipoproteidlərin miqdarının azaldılması məqsədilə statinlərdən, kardioprotektiv və hipotenziv təsir üçün APF inhibitorlarından istifadə olunur. Kardial X sindromunun terapiyasında müalicəvi bədən tərbiyəsinə xüsusi yer verilir. MBT qıcıq qapısını və xəstənin fiziki yüklənmələrə davamlılığını yüksəldir. Bəzi məlumatlara əsasən bu patologiyada, xüsusən endotelin disfunksiyası ilə assosiasiyalı formalarda allopurinol və metforminin təyini mümkündür. Həyəcan və emosional qeyri-stabillik müşahidə edildikdə sedativ vasitələr və antidepressantlar məsləhət görülür.

Kardial X sindromunun proqnoz və profilaktikası

Kardial X sindromunun proqnozu adətən qənaətbəxş olur – tutmaların yaranmasına baxmayaraq, xəstəlik proqressivləşmir, ağırlaşmalar çox nadir hallarda inkişaf edir. KXS adətən (əsasən müalicəvi tədbirlər görülmədikdə) xəstənin həyat keyfiyyətinin azalması ilə nəticələnir. Adekvat terapiya ilə mülayim fiziki aktivliyin müştərəkliyi tutmaların tezliyi və ifadəliliyini xeyli zəiflədir, lakin onlar uzun illər ərzində vaxtaşırı özünü büruzə verə bilər.

Sindromun profilaktik üsulları məlum deyil. Kardial X sindromlu şəxslər müalicə sxeminin korreksiyası üçün müntəzəm şəkildə kardioloji müayinələrdən keçməlidir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: