Skleroterapiya

Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1149

Skleroterapiya nədir?Skleroterapiya – varikozun əməliyyatsız müalicəsi üsuludur. Onun əsasında genişlənmiş damarın daralması və «kleylənməsi» dayanır. Skleroterapiya damar daxilinə xüsusi preparatın – sklerozantın yeridilməsi ilə aparılır. Onun bir neçə növü vardır: mikroskleroterapiya, köpüklü, Exo-skleroterapiya və s. 

Damar ulduzcuqlarının, retikulyar varikozun müalicəsində skleroterapiya sərbəst şəkildə istifadə olunur. Bir sıra hallarda isə bu üsul cərrahi əməliyyatla kombinə edilir. Skleroterapiya seanslarının sayı orta hesabla 3-5 olur.  

Skleroterapiya üsuluna göstərişlər

Skleroterapiyaya göstərişlərSkleroterapiya – aşağı ətraf venalarının varikoz genişlənməsindən əziyyət çəkən insanlarda icra olunan prosedurdur. Bu üsul xəstəliyin erkən mərhələlərində, trofiki xoratromboflebitin inkişafına qədərki dövrdə tətbiq olunur.  

Skleroterapiyaya əks-göstərişlər

Əks-göstərişlər mütləq və şərti olur. Skleroterapiyanın mütləq əks-göstərişləri aşağıdakılardır:

  • sklerozanta qarşı allergiya;
  • kəskin tromboflebit;
  • müdaxilə olunacaq nahiyədə lokal infeksion proses.

Şərti əks-göstərişlər bunlardır:  

  • hamiləlik;
  • südvermə dövrü;
  • nevroloji pozğunluqlar.  

Skleroterapiya proseduruna hazırlıq

Sklerozantın yeridilməsindən əvvəl pasiyent fleboloq tərəfindən müayinə olunur. Damar patologiyasının diaqnostikasının qızıl standartı Doppler müayinəsidir. Onun köməyilə səthi və dərin venaların vəziyyəti qiymətləndirilir, tromblar üzə çıxarılır. Müayinənin nəticəsinə əsasən müalicə üsulu dəqiqləşdirilir.

Skleroterapiyanın aparılma qaydası

Skleroterapiyanın aparılma qaydasıSkleroterapiya prosedur kabinetində yerinə yetirilir. Damar dərində yerləşdikdə və aydın nəzərə çarpmadıqda USM nəzarətinə ehtiyac yaranır. Bu üsul EXO-skleroterapiya adlanır. 

Ümumiyyətlə, Skleroterapiya zamanı nazik iynələrdən istifadə olunduğundan anesteziya edilmir.  

İlk növbədə pasiyent uzandırılır. Dəri antiseptiklə silinir. Sklerozantı yeritdikdə minimal ağrı hissi yarana bilər. Bu, pasiyentin həssaslıq dərəcəsindən asılıdır. Prosedurun sonunda ayağa elastik bint bağlanılır və yaxud varikoz əleyhinə corab geyindirilir. Kompression geyim preparatın yeridildiyi damarı sıxmaqla, onu aktiv qan dövranından çıxarır. Bu yolla müalicənin effektini artırır. 

Skleroterapiyadan sonra

Varikoza qarşı corab seanslar arası daima, axırıncı seansdan sonra isə 3 həftə ərzində geyinilməlidir. Nəticəni qiymətləndirmək üçün müalicə bitdikdə kontrol müayinə təyin edilir. Bərpa dövrünün sonunda venanın itməsi skleroterapiyanın uğurlu olmasına dəlalət edir. 

Skleroterapiyadan sonra 2 ay ərzində hamam və saunaya getmək qadağandır. Həddindən artıq yüklənmədən gündəlik gəzintilər məsləhətdir. Onların optimal müddəti 40-60 dəqiqədir. Oturaq işlə məşğul olduqda hər bir saatdan bir ayağa qalxıb, 5-10 dəqiqə gəzişmək lazımdır.  

Skleroterapiyanın fəsadları

Skleroterapiya üsulundan sonra 5-10% hallarda dəridə hiperpiqmentasiya müşahidə edilir. Bu əlamətin həyat və sağlamlıq üçün heç bir təhlükəsi yoxdur. Hiperpiqmentasiya 1 neçə həftə ərzində öz-özünə keçib gedir. 0,2-0,3% hallarda pasiyentlərdə sklerozanta qarşı allergik reaksiya baş verə bilər. 

Arzuolunan nəticənin əldə edilməsi üçün sağlamlığınızı yalnız peşəkar həkimlərə etibar edin.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: