Trofik xora

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1772

Trofik xora nədir?Trofik xora – ölü toxumaların kənarlaşmasından sonra yaranan, 6 həftə və daha uzun müddət ərzində sağalmayan dəri və selikli qişaların açıq yaralarıdır. Patologiyanın yaranma səbəbi toxumaların qan dövranının və ya innervasiyasının yerli pozulmasıdır. Trofik xoralar müxtəlif xəstəliklər fonunda inkişaf edir; uzunmüddətli, davamlı gedişata malik olur və müalicəyə çətinliklə tabe olur. Sağalma əsas xəstəliyin gedişindən və xoranın yaranmasına gətirib çıxaran patologiyaların kompensasiya imkanlarından birbaşa asılıdır.

  • Venoz trofik xoraların inkişaf səbəbləri
  • Venoz trofik xoraların simptomları
  • Venoz trofik xoraların diaqnostikası
  • Trofik xoraların müalicəsi
  • Venoz trofik xoraların profilaktikası

Trofik xora barədə ümumi məlumat

Trofik xora — dəri defektinin və onun yaxınlığında yerləşən yoxumaların uzun müddət sağalmamasıdır. Varikoz trofik xoralar daha çox baldırın aşağı 1/3-ində venaların varikoz genişlənməsi fonunda yaranır. Ödemli ətrafda göyümtül, ağrılı ləkə, sonra isə tədricən bir-birilə birləşərək vahid defekt formalaşdıran kiçik xoralar meydana çıxır. Xoralardan qanlı və irinli ifrazat xaric olur və bu ifrazat bir çox hallarda qoxulu olur. Patologiyanın gedişi residivləşən, proqressivləşəndir; varikozun tam müalicəsi dəyişilmiş damarlar tamamilə xaric olunduqdan sonra mümkündür.

Trofik xoraların inkişafına xroniki venoz çatışmazlıq (venaların varikoz genişlənməsində, posttromboflebitik xəstəlikdə), arterial qan dövranının pisləşməsi (hipertoniya xəstəliyində, şəkərli diabetdə, aterosklerozda), limfa axınının pozulması (limfedema), travmalar (donvurmalar, yanıqlar), dərinin xroniki xəstəlikləri (ekzema və s.) gətirib çıxara bilər. Xəstəlik xrom və ya arsenlə zəhərlənmə, bəzi infeksion xəstəliklər, sistemli xəstəliklər (vaskulitlər), xəstəlik və ya travmalar nəticəsində uzun müddət hərəkətsiz uzandıqda yerli qan dövranının pozulması nəticəsində (yataq yaraları) də inkişaf edə bilər.

Aşağı ətrafların trofik xoralarının 70%-dən çoxu vena xəstəlikləri nəticəsində törədilir. Belə hallarda patologiyanın təzahürünün diaqnostikası və aradan qaldırılması ilə fleboloq məşğul olur.

Venoz trofik xoraların inkişaf səbəbləri

Venoz sistemin xəstəlikləri nəticəsində venoz qan dövranının pozulması qanın aşağı ətraflarda toplanmasına gətirib çıxarır. Qan durğunluğu baş verir, qanda hüceyrələrin həyat fəaliyyəti məhsulları toplanır. Toxumaların qidalanması pisləşir. Dəri qalınlaşır, dərialtı toxuma ilə birləşir. Dermatitlər, yaş və ya quru ekzema inkişaf edir.

İşemiya səbəbindən yaraların və cızıqların sağalma prosesi pisləşir. Nəticədə xroniki venoz çatışmazlıq zamanı dərinin ən kiçik zədələnməsi də uzun müddət davam edən, müalicəyə çətin tabe olan trofik xoralara səbəb ola bilər. Prosesə infeksiyaların qoşulması xəstəliyin gedişini ağırlaşdırır və müxtəlif ağırlaşmaların inkişafına gətirib çıxarır.

Trofik xoraların yaranması xroniki venoz çatışmazlıqla müşayiət olunan dərin və səthi venaların istənilən xəstəliyi ilə əlaqəli ola bilər. Diaqnoz qoyularkən xoranın inkişafına səbəb olan xəstəlik çox mühümdür; belə ki, müalicə taktikası və proqnoz əsas venoz patologiyanın xarakterindən çox asılıdır.

Venoz trofik xoraların simptomları

Venoz etiologiyalı trofik xoralar inkişaf etməzdən əvvəl venoz sistemin proqressivləşən zədələnmələrinin xarakterik əlamətləri təzahür edir. Başlanğıcda pasiyentlər baldır nahiyəsində ağırlıq hissi və ödemlərin artmasını qeyd edirlər. Gecələr qıcolma tutmaları daha tez-tez meydana çıxır. Qaşınma, isti və ya yanğı hissi təzahür edir. Hiperpiqmentasiya güclənir, onun sahəsi genişlənir. Dəridə toplanan hemosiderin ekzema və dermatitə səbəb olur. Zədələnmiş nahiyədə dəri laklı şəkil alır, qalınlaşır, hərəkətsiz, gərgin və ağrılı olur. Limfanın transsudasiyasına və dəridə şehi xatırladan kiçik damlaların əmələ gəlməsinə gətirib çıxaran limfostaz inkişaf edir.

Bir müddət sonra zədənin mərkəzində ağımtıl rəngli epidermisin atrofiyası ocağı (xoraönü vəziyyət – ağ atrofiya) meydana çıxır. Dərinin hətta xəstə tərəfindən sezilməyən minimal zədələnməsi zamanı atrofiya nahiyəsində kiçik xora defektləri formalaşır. Başlanğıc mərhələdə trofik xora səthi yerləşir; nəm, tünd-qırmızı rəngli, quru qabıqla örtülmüş səthə malik olur. Sonralar xora genişlənir və dərinləşir. Ayrı-ayrı xoralar bir-birilə birləşərək geniş defektlər əmələ gətirir. Çoxsaylı gecikmiş xoralar bütünlüklə baldırı əhatə edən vahid bir yara formalaşdıra bilər.

Proses təkcə eninə deyil, həm də dərininə yayılır. Xoranın toxumaların dərin qatlarına penetrasiyası kəskin güclənən ağrılarla müşayiət olunur. Xoralı zədələnmə baldır əzələlərini, axill vətərini və qamış sümüyünün ön səthinin periostunu əhatə edə bilər. İkincili infeksiya ilə fəsadlaşmış periostit osteomielitə keçə bilər. Aşıq-baldır oynağı nahiyəsində yumşaq toxumaların zədələnməsi zamanı artrit əmələ gəlir, daha sonra kontrakturalar inkişaf edir.

İfrazatın xarakteri ikincili infeksiyanın olub-olmamasından və infeksion agentin növündən asılıdır. Başlanğıc mərhələdə ifrazat hemorragik; daha sonra fibrin lifli, bulanıq və ya xoşagəlməz qoxulu, irinli xarakter daşıyır. Trofik xora ətrafında dərinin masserasiyası tez-tez mikrob ekzemasının inkişafına gətirib çıxarır.

İkincili infeksiya, bir qayda olaraq, şərti patogen bakteriayalar tərəfindən törədilir. Qoca, zəifləmiş xəstələrdə prosesə göbələk infeksiyaları qoşula və xəstəliyin gedişini ağırlaşdıra bilər; beləliklə, sürətlə proqressivləşən trofik pozulmaya səbəb olur və proqnozu pisləşdirir.

Xoralar infeksiyalaşdıqda ağırlaşmaların yaranma təhlükəsi artır. Trofik xoralar tez-tez piodermiya, allergik dermatitlərlə müşayiət olunur. Limfangit, irinli varikotromboflebit, qızılyel iltihabı, qasıq limfadeniti inkişaf edə bilər. Ayrı-ayrı klinik hallarda trofik xora fleqmona və hətta sepsislə fəsadlaşır. Residivləşən infeksiya limfa damarlarının zədələnməsinə səbəb olur və ikincili limfedemanın inkişafına gətirib çıxarır.

Venoz trofik xoraların diaqnostikası

Venoz etiologiyalı trofik xoraların təsdiqi patologiyanı müşayiət edən varikoz xəstəliyinin və keçirilmiş flebotrombozun olmasıdır. Anamnezdə qan sistemi xəstəliklərinin, hormonal preparatların qəbulu, aşağı ətrafların kateterizasiyası və punksiyası; travmalar, xroniki xəstəliklər və cərrahi müdaxilələr zamanı uzunmüddətli hərəkətsizlik epizodlarıının olması dərin venaların keçirilmiş trombozu ehtimalının yüksək olmasından xəbər verir.

Venoz trofik xoraların tipik lokalizasiyası baldırın aşağı 1/3-inin daxili səthidir. Xoranın ətrafındakı dəri qalınlaşmış və hiperpiqmentasiyalıdır. Tez-tez ekzema və ya dermatit müşahidə olunur. Palpasiyada trofik xora nahiyəsində kratervari çökəklik (burada baldır fassiyasından dəyişilmiş kommunikant venalar xaric olur) müəyyən oluna bilər. Vizual olaraq, adətən, baldırın medial və arxa səthində, budun arxa səthində yerləşən varikoz genişlənmiş venalar aşkar olunur.

Venoz sistemin vəziyyətinin dəyərləndirilməsi məqsədilə funksional sınaqlar, aşağı ətraf venalarının USDQ-ı, ultrasəs dupleks müayinə aparılır. Mikrosirkulyasiyanın müayinəsi məqsədilə aşağı ətrafların reovazoqrafiyası göstərişdir. Venoz etiologiyalı trofik xoralar daha çox yaşlı insanlarda patologiyanı müşayiət edən xəstəliklərlə birgə “dəst” şəklində inkişaf edir. Buna görə də müalicə taktikası xəstənin hərtərəfli müayinəsindən sonra müəyyənləşdirilməlidir.

Trofik xoraların müalicəsi

Trofik xoranın müalicəsi prosesində fleboloq bir sıra məqamları həll etməlidir. Xoranın əmələ gəlməsinə səbəb olan əsas xəstəliyin təzahürlərinin dəf edilməsi və ya mümkün qədər minimallaşdırılması lazımdır. İkincili infeksiyalarla mübarizə aparmaq və trofik xoranın özünün müalicəsini həyata keçirmək mühümdür.

Ümumi konservativ müalicə aparılır. Pasiyentə əsas xəstəliyi müalicə etmək məqsədilə preparatlar (flebotoniklər, antiaqreqantlar və s.), antibiotiklər (mikrofloranın həssaslığına əsasən) təyin olunur. Trofik xoraları təmizləmək məqsədilə yerli olaraq fermentlər, ikincili infeksiyalarla mübarizə üçün yerli antiseptiklər tətbiq olunur, iltihab aradan qaldırıldıqdan sonra isə yarasağaldıcı məlhəmli sarğılar qoyulur.

Cərrahi müalicə hazırlıq mərhələsindən (xoraların sağalması, xəstənin ümumi vəziyyətinin normallaşdırıması) sonra aparılır. Zədə nahiyəsində venoz qan axınının bərpası məqsədilə cərrahi əməliyyat icra olunur: varikoz genişlənmiş venaların eksiziyası (miniflebektomiya, flebektomiya), şuntlanması.

Trofik xoraların profilaktikası

Profilaktik tədbirlər venaların varikoz genişlənməsinin erkən aşkarlanması və vaxtında müalicəsindən ibarətdir. Varikozdan və posttromboflebitik xəstəlikdən əziyyət çəkən pasiyentlər elastik kompressiya vasitələrindən (müalicəvi trikotaj, elastik bintlər) istifadə etməlidirlər. Həkimin tövsiyələrinə əməl etmək, uzunmüddətli statik yüklənmədən qaçmaq lazımdır. Xroniki venoz çatışmazlığı olan xəstələrə isti sexlərdə işləmək, uzun müddət həddən artıq soyuğa məruz qalmaq, hərəkətsiz vəziyyətdə işləmək əks göstərişdir. Baldır əzələlərini stimulyasiya etmək məqsədilə mülayim fiziki yüklənmə mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: