Tromboflebit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 1691

Tromboflebit nədir?Tromboflebit — venanın daxili divarında trombun formalaşması ilə müşahidə olunan iltihabi prosesdir. Genişlənmiş vena boyunca dərinin sərtləşməsi və hiperemiyası, kəskin ağrı, ödem, yerli və ümumi hərarətin yüksəlməsi ilə xarakterizə olunur. Tromboflebitin dərin venalara yayılması zamanı təhlükəli ağırlaşma sayılan ağciyər arteriyasının tromboemboliyası yarana bilər. Diaqnoz xarakterik klinik əlamətlər, ultrasəs angioskanlama, venaların USDQ-nin nəticələrinə əsasən qoyulur. Tromboflebitin konservativ terapiyası onun yayılmasının qarşısını almağa və yaranmış trombun sorulmasına yönəldilmişdir. Müasir cərrahi müalicə zədələnmiş venanı trombotik kütlələrlə birgə xaric etməyə imkan verir.

  • Tromboflebitin yaranma səbəbləri
  • Tromboflebitin əlamətləri
  • Tromboflebitin diaqnostikası
  • Tromboflebitin müalicəsi
  • Tromboflebitin profilaktikası

Tromboflebit barədə ümumi məlumat

Təhlükəli ağırlaşmalar: septiki fəsadlar, dərin venaların trombozu və ya ağciyər arteriyası şaxələrinin tromboemboliyasına səbəb olan trombun ayrılma riskinin yüksək olması ilə əlaqədar əksər hallarda cərrahi müalicə tələb olunur.

Tromboflebit kəskin və ya xroniki gedişə malik olur. Kəskin tromboflebitin manifestasiyası dövründə pasiyent düzgün müalicə almadıqda xəstəliyin xroniki residivləşən formaya transformasiya ehtimalı yüksəlir. Bir sıra hallarda kəskin tromboflebit hətta vaxtında aparılan adekvat terapiya fonunda xroniki fazaya keçir. Patoloji prosesin xarakterindən asılı olaraq, irinli olmayan və irinli tromboflebit ayırd edilir.

Tromboflebitin yaranma səbəbləri

Tromboflebit müəyyən şərtlər daxilində istənilən lokalizasiyalı venalarda inkişaf edə bilər, lakin çox zaman patoloji proses aşağı ətrafların damarlarında baş verir. Bir qayda olaraq, tromboflebit varikoz genişlənmiş səthi venaları zədələyir. Təxminən 10% hallarda səthi venalarla yanaşı, prosesə dərin damarlar da cəlb olunur.

Müxtəlif lokalizasiyalı tromboflebitlərin yaranmasında bir sıra amillər: qanın tərkibinin dəyişməsi və onun laxtalanmasının artması, qan cərəyanının zəifləməsi, venoz divarın müxtəlif mənşəli zədələnmələri (travmalar, xəstəliklər, endokrin və nevroloji pozğunluqlar) mühüm rol oynayır.

Aşağıda qeyd olunan xəstəliklər və vəziyyətlər tromboflebitin inkişafına səbəb ola bilər:

  • Venaların varikoz genişlənməsi;
  • Yerli irinli proseslər;
  • Posttromboflebitik xəstəlik;
  • Ürək-damar sisteminin xroniki xəstəlikləri;
  • Bəzi qan xəstəlikləri;
  • Tibbi abortlar və cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər;
  • Doğuşdan sonrakı dövr;
  • Travmalar;
  • Onkoloji xəstəliklər;
  • Venaların uzunmüddətli kateterizasiyası;
  • Ümumi infeksion xəstəliklər.

Tromboflebitin əlamətləri

Səthi venaların kəskin tromboflebiti əsasən baldırın yuxarı 1/3 və budun aşağı 1/3 hissəsinin varikoz genişlənmiş venalarında lokalizasiya olunur. Təxminən 95% hallarda böyük dərialtı venanın kötüyü və onun şaxələri zədələnir. Xəstə zədələnmiş vena boyunca yayılan, yerimə zamanı güclənən dartıcı xarakterli kəskin ağrılardan şikayət edir. Bədən hərarətinin 37,5-38°С-yə qədər yüksəlməsi mümkündür. Zolaqlar şəklində hiperemiya müşahidə edilir. Tromblaşmış venanın palpasiyası zamanı yerli hərarətin yüksəlməsi, sərtləşmiş, ağrılı venalar aşkar olunur.

Səthi venaların kəskin tromboflebiti iki istiqamətdə inkişaf edə bilər. Qənaətbəxş gedişi tromboflebitin tədricən geriyə inkişafı ilə xarakterizə olunur. Adətən sağalma dövrü 10 gün-3 ay arasında dəyişir, bəzi hallarda bir az uzana bilər.  Pasiyentlərin əksəriyyətində gələcəkdə venanın mənfəzi bərpa olunur, digərlərində isə zədələnmiş venaların tam obliterasiyası müşahidə edilir.

Qeyri-qənaətbəxş gedişli tromboflebitlərdə proses dərin venaları əhatə edir və ya proksimal yayılır (qalxan tromboflebit). Perforant venaların (dərin və səthi venaları birləşdirən damarların) qapaq çatışmazlığı ilə müşayiət olunan varikoz xəstəliyi zamanı dərin venaların trombozunun təhlükəliliyi artır.

Prosesin dərin venalara yayılması zamanı flebotromboz (dərin venaların tromboflebiti) inkişaf edir, bu xəstəliyin klinik simptomatikası trombun lokalizasiyasından asılıdır. Bir sıra hallarda flebotromboz simptomsuz gedir. Nəzərə almaq lazımdır ki, dərin venaların tromboflebiti xəstənin həyatı üçün təhlükə törədən ciddi xəstəlikdir. Flebotrombozun ən ağır fəsadı ağciyər arteriyasının tromboemboliyası hesab olunur. Xəstəlik xroniki venoz çatışmazlıqla da nəticələnə bilər.

Aşağı ətrafların kəskin səthi və dərin tromboflebiti bir qayda olaraq, varikoz genişlənmiş venaları olan xəstələrdə inkişaf edir. Varikoz xəstəliyi adətən hər iki ətrafı zədələyir. Tromboflebitin inkişafının istənilən formalarında digər aşağı ətrafın dərin və səthi venalarında trombların yaranması mümkündür. Bu səbəbdən müalicə taktikası seçilərkən  hər iki aşağı ətrafın venoz sisteminin vəziyyəti haqqında tam məlumat əldə etmək lazımdır. Xroniki tromboflebit kəskin prosesin nəticəsi sayılır (kəskin formanın xronik formaya keçməsi 60% xəstələrdə qeyd olunur), uzunmüddətli residivləşən gedişə meylli olur.

Tromboflebitin diaqnostikası

Tromboflebitin klinik təzahürləri trombun lokalizasiyası, patoloji prosesin yayılması, xəstəliyin uzunmüddətli gedişi və ətraf yumşaq toxumaların iltihabının ifadəliyi ilə müəyyən edilir. Xarici baxış prosesində trombun ölçüsünü  təyin edərkən onun son nöqtəsi kimi zədələnmiş damardakı qalınlaşmanın qurtaracağı deyil, venanın ağrılı hissəsinin sərhəddini qəbul etmək lazımdır.

İnstrumental müayinələrin (ultrasəs angioskanlama, aşağı ətraf venalarının USDQ) köməyilə trombun xarakter, lokalizasiya və uzunluğu, venoz divarın vəziyyəti və tromblaşmış venanın mənfəzinin tutulma dərəcəsi təyin edilir.

Tromboflebitin müalicəsi

Sağlam venalarda tromboflebitin yaranması, pəncə və baldırın səthi damarlarının məhdud zədələnməsi zamanı fleboloq tərəfindən konservativ terapiya aparılır. Yerli olaraq UYT və heparin məlhəmlə sarğılardan istifadə olunur. Xəstələrə venalarda durğunluğu azaldan iltihabəleyhinə preparatlar və vasitələr (trokserutin, dihidroerqokristin, hidroksietilrutozid) təyin edilir. İfadəli yerli iltihab zamanı antibiotikoterapiya məsləhət görülür. Zədələnmiş ətrafın elastik bintlənməsi göstəriş hesab olunur.

Böyük və kiçik dərialtı venaları zədələyən səthi qalxan tromboflebit zamanı prosesin yayılması və dərin venaların cəlb olunma təhlükəsi ilə əlaqədar xəstə hospitalizasiya edilir.  4-5 günlük yataq rejimi təyin olunur, zədələnmiş ətraf bədən səviyyəsindən yuxarıya qaldırılır. Erkən mərhələlərdə trombun əridilməsi üçün fibrinolitik təsirli preparatlardan (ximotripsin, tripsin, urokinaza, streptokinaza, fibrinolizindən) istifadə edilir. İltihabəleyhinə preparatlar, antikoaqulyantlar, flebotoniklər, heparin tərkibli gel və məlhəmlər təyin olunur.
Antikoaqulyantların tətbiqinə əks-göstəriş olduqda (xoralar, təzə yaralar, hemorragik diatezlər, qaraciyər və böyrək xəstəlikləri, vərəmin açıq formaları zamanı hirudoterapiya (zəlilərlə müalicə) məsləhət görülür. Kollateral qan dövranının yaxşılaşdırılması və ağrı sindromunun azaldılması məqsədilə Vişnevski üsulu ilə bel nahiyəsində novokain blokadası icra edilir. İfadəli hipertermiya və irinli tromboflebitə şübhənin yaranması antibiotikoterapiyaya göstəriş hesab olunur.

Yayılmış fikirlərin əksinə olaraq, tromboflebitli xəstələrin uzun müddət yataq rejimində qalması düzgün deyil. Əzələlərin yığılması dərin venalarda qan cərəyanının güclənməsinə səbəb olaraq, trombların yaranma ehtimalını azaldır. Hərəki aktivlik zamanı səthi venada trombun fiksasiyası üçün elastik bintdən istifadə olunması tövsiyə olunur.

Müasir flebologiyada yeni, az travmatik cərrahi müdaxilələr uğurla tətbiq olunur.  Son zamanlar əksər klinisistlər bud və baldırın kəskin səthi tromboflebitinin müalicəsində cərrahi üsullara üstünlük verirlər. Erkən cərrahi müdaxilə prosesin kommunikant venalarla dərin venalar sisteminə yayılmasının qarşısını alır, müalicə müddətini azaldır və xəstəliyin xroniki formaya keçməsini istisna edir.

Baldır venalarının kəskin qalxan tromboflebiti və səthi bud venaları nahiyəsində trombun birincili lokalizasiyası zamanı təcili cərrahi müdaxilə tələb olunur, çünki belə hallarda dərin venaların tromboflebitinin inkişaf riski yüksəlir. Septiki tromboflebit zamanı Troyanov-Trendelenburq əməliyyatı aparılır.

Xəstəliyin uzaq dövrlərində kəskin tromboflebit keçirmiş pasiyentlərə hidrogen-sulfidli və radon vannalarının tətbiq olunduğu kurort müalicələr məsləhət görülür. Xroniki səthi tromboflebitin kəskinləşməsinin müalicəsi kəskin prosesin terapiyası ilə eynidir. Xroniki tromboflebitli  pasiyentlərdə sanator-kurort müalicəsinə yalnız trofiki pozğunluqların və kəskinləşmə əlamətlərinin müşahidə olunmadığı hallarda icazə verilir.

Tromboflebitin profilaktikası

Venaların xroniki xəstəlikləri vaxtında müalicə olunmalıdır. Anamnezində tromboflebit olan şəxslər daima elastik kompressiyadan istifadə etməli, qida rasionunda heyvan mənşəli yağlar azaldılmalı, rutin və askorbin turşusu ilə zəngin qidaların (giləmeyvələr, meyvə, tərəvəzlərin) miqdarı artırılmalıdır. Residivlərin profilaktikası məqsədilə il ərzində 2-3 dəfə fleboprotektorların qəbulundan və fizioterapevtik prosedurlardan (dəyişən maqnit sahələri ilə müalicə, elektroterapiya) ibarət müalicə kursu təyin olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: