Anadangəlmə sifilis

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 4889

Anadangəlmə sifilisin müalicəsi

Anadangəlmə sifilis — uşağın bətndaxili dövrdə solğun treponema ilə yoluxması nəticəsində yaranan sifilisin kliniki formasıdır. Patologiya uşağın həyatının müxtəlif dövrlərində – bəntdaxili dövrdən yeniyetməlik dövrünədək meydana çıxa bilər. Xəstəlik dərinin, selikli qişaların, sümüklərin, somatik orqanların və sinir sisteminin sifilitik zədələnmələri ilə xarakterizə olunur. Anadangəlmə sifilisin diaqnostikası törədicinin qanda, dəri elementlərindən ayrılmış materialda və onurğa beyni mayesində aşkarlanması; seroloji sınaqların və PZR-diaqnostikanın müsbət cavabı, daxili orqanların müayinəsinə əsaslanır. Anadangəlmə sifilisin müalicəsi antibiotiklərlə, vismut və immun sisteminin yüksəlməsinə yönəlmiş qeyri-spesifik preparatlarla aparılır.

  • Anadangəlmə sifilisin yaranma səbəbləri
  • Anadangəlmə sifilisin simptomları
  • Anadangəlmə sifilisin diaqnostikası
  • Anadangəlmə sifilisin müalicəsi
  • Anadangəlmə sifilisin profilaktikası

Anadangəlmə sifilis barədə ümumi məlumat

Sifilis ən geniş yayılmış veneroloji xəstəliklərdən biridir. Qonoreya, xlamidioz, sitomeqaliya və trixomoniazla birlikdə cinsi yolla ötürülən xəstəliklərə aiddir. Cinsi yolla ötürülmədən başqa anadangəlmə sifilisin inkişafına gətirib çıxaran bətndaxili yoluxma da mümkündür. Anadangəlmə sifilislə xəstə olan uşaq, xüsusən də xəstəlik dəri elementləri ilə təzahür edərsə, ətrafdakılar üçün təhlükəlidir.

Anadangəlmə sifilisin əmələ gəlmə səbəbləri

Uşağın anadangəlmə sifilis xəstəliyi infeksiyanın bətndaxili inkişaf dövründə xəstə anadan dölə ötürülməsi ilə əlaqəlidir. Solğun treponemalar (sifilisin törədiciləri) sağlam transplasentar baryerdən keçə bilmir. Lakin hamiləlik dövründə qadının sifilisi plasentanın zədələnməsinə və onun baryer funksiyasının pozulmasına gətirib çıxarır. Nəticədə treponemalar dölün orqanizminə yoluxur.

Treponemaların xəstə anadan dölə ötürülməsi xəstəliyin ilk illərində daha çox ehtimal olunandır. Belə ki, zaman keçdikcə ötürülmə xüsusiyyəti sönür. Uşağın anadangəlmə sifilislə doğulma riski törədicinin qan cərəyanı ilə disseminasiyaı ilə müşayiət olunan ikincili sifilisi olan qadınlarda xüsusən yüksəkdir. Treponema ilə yoluxmuş döldə daxili orqanların zədələnməsi hamiləliyin yalnız 5-6-cı ayından inkişaf edir. Buna görə də erkən mərhələlərdə sifilis əleyhinə müalicənin aparılması sağlam uşağın doğulmasına gətirib çıxara bilər.

Anadangəlmə sifilisin simptomları

Venerologiya anadangəlmə sifilisin gedişinin xüsusiyyətlərindən və kliniki əlamətlərin meydana çıxmasından asılı olaraq 4 formasını ayırd edir.

Dölün sifilisi bətndaxili inkişaf dövründə hamiləliyin 5-ci ayından tez olmayaraq inkişaf edir. Daxili orqanların (xüsusən qaraciyə və dalaq) iltihabi infiltrasiya nəticəsində qalınlaşması və böyüməsi ilə xarakterizə olunur.  Ağciyərlərdə infiltrasiyanın yaranması dölün “ağ” pnevmoniyasının inkişafına gətirib çıxarır. Dölün anadangəlmə sifilisini təsdiqləyən ən etibarlı müayinə rentgenoloji üsulla döldə osteoxondrozabənzər əlamətlərin aşkar olunmasıdır. Bətndaxili inkişaf dövründə sifilisin yaranması vaxtından əvvəl doğuşa, gecikmiş abortlara, dölün ölü doğulmasına və ya xəstə uşağın doğulmasına səbəb ola bilər.

Erkən anadangəlmə sifilis 2 yaşa qədər uşaqlarda inkişaf edir və 2 qrupa ayrılır: südəmər uşaqların sifilisi və erkən yaşlı uşaqların sifilisi. Südəmər uşaqlarda sifilisin simptomları həyatın ilk aylarında – 1-2-ci ayında meydana çıxır. Dəri və selikli qişaların bu zədələnməsində daha çox sifilitik qovuqcuqlar inkişaf edir. 

 Südəmərlərin anadangəlmə sifilisinin tipik simptomları sifilitik zökəm və Hoxzinger infiltrasiyasıdır. Sifilitik zökəm selikli qişaların anadangəlmə ödemi, çoxlu selikli ifrazat, burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan uzunmüddətli gedişə malikdir. O, burnun sümük-qığırdaq strukturunun zədələnməsinə gətirib çıxarır; nəticədə yəhərəbənzər deformasiya formalaşır. Hoxzinger infiltrasiyası anadangəlmə sifilislə doğulmuş uşağın həyatının 8-10-cu həftələrində çənə, dodaqlar, ovuc, ayaqların altı və sağrıda qalın infiltrasiya (sifilid) şəklində özünü büruzə verir. Uşağın dodaqları qalınlaşmış və ödemli olur, çatlayır, qanayır, dərinin zədələnmiş hissələri elastikliyini itirir, qalınlaşır, onun qırışları düzləşir.

Anadangəlmə sifilisin südəmər dövründə qırtlağın xoraları əmələ gəlir və nəticədə uşağın səsi batıq olur. Sümük toxumasının zədələnmələri əsasən borulu sümüklərdə osteoxondrtilər və periostitlər şəklində özünü göstərir. İkincili sifilisdə olduğu kimi anadangəlmə sifilislə əlaqəli olaraq somatik orqanların spesifik zədələnmələri – hepatit, miokardit, perikardit, endokardit, qlomerulonefrit, hidrosefaliya, meningit, meninqoensefalit müşahidə olunur. Oğlanlarda tez-tez spesifik orxit, bəzən hidrosele (xaya ödemi) müşahidə olunur. Anadangəlmə sifilis zamanı ağciyərlərin zədələnməsi həyatın ilk günlərində uşağın ölümünə səbəb olan intersitisial diffuz pnevmoniyanın inkişafı ilə büruzə verir.

Erkən yaşlı uşaqlarda anadangəlmə sifilis göz xəstəlikləri, sinir sisteminin zədələnmələri, həmçinin azsaylı iri papula və geniş kondilomalar şəklində məhdud dəri təzahürləri ilə özünü göstərir. Erkən yaşlı uşaqlarda anadangəlmə sifilis zamanı daxili orqanların zədələnmələri zəif büruzə verir. Sümük toxumasının dəyişiklikləri rentgenoqramma ilə aşkar olunur.

Gecikmiş anadangəlmə sifilis 2 yaşdan sonra, adətən, yeniyetməlik dövründə (14-15 yaş) kliniki olaraq təzahür etməyə başlayır. Onun simptomları üçüncülü sifilisin kliniki mənzərəsinə uyğundur. Gövdə, üz, ətraflar, burun və sərt damaqda lokalizasiya olunmuş qummoz və vərəmli sifilid (syphilis tuberculosa, səthi qumma) şəklində təzahür edir. Onlar sürətlə  xoralaşırlar. Gecikmiş anadangəlmə sifilisin tez-tez rastlanan simptomlarına törədicilərin toxuma və orqanlara təsiri nəticəsində formalaşmış spesifik qonit, “X” şəkilli ayaqlar, distrofik dəyişikliklər (stiqmalar) aiddir. Stiqmalar qeyri-spesifik xarakterlidir və başqa infeksion xəstəliklər (məs., vərəm) zamanı da müşahidə oluna bilər. Gecikmiş anadangəlmə sifilis üçün Hetçinson triadası: sifilitik labirint, diffuz keratit və çəlləyəbənzər Hetçinson dişləri – yuxarı mərkəzi dişlərin distrofiyası spesifikdir.

Gizli anadangəlmə sifilis uşaqda istənilən yaşda müşahidə oluna bilər. O, tamamilə simptomsuz keçir və yalnız seroloji analizlərin nəticələrinə əsasən aşkar olunur.

Anadangəlmə sifilisin diaqnostikası

Anadangəlmə sifilisin diaqnozu sifilitik qovuqcuqlarda və xoranın ifrazatında solğun treponemaların aşkarlanması ilə təsdiq olunur. Lakin dəri dəyişiklikləri olmadıqda bu metodu diaqnostikada istifadə etmək mümkün olmur. Anadangəlmə sifilis zamanı törədiciləri aşkar etmək üçün lyumbal punksiya ilə alınmış onurğa beyni mayesinin mikroskopik müayinəsi aparılır. Lakin bu müayinənin mənfi nəticələri anadangəlmə sifilisin gizli formasının mövcudluğunu inkar etmir.

Anadangəlmə sifilisin diaqnostikasında seroloji reaksiyalar həlledici rol oynayır. Qeyri-spesifik müayinələr (Vasserman reaksiyası, RPR-testi) yanlış nəticələr verə bilər. Buna görə də anadangəlmə sifilisə şübhə olduqda spesifik seroloji müayinələr – İFR, TPİT,QDHR  geniş miqyasda tətbiq olunur. PZR vasitəsilə solğun treponemaların təyini qan, sıyrıntı, sifilislə doğulmuş pasientin qopmuş dəri elementləri ilə aparılır; nəticələrin dəqiqliyi 97%-dir.

Müxtəlif daxili orqanların sifilitik zədələnmələrinin diaqnostikası pulmonoloq, nevroloq, hepatoloq, nefroloq, okulist, otolarinqoloq konsultasiyası, ağciyərlərin və sümüklərin rentgenoqrafiyası, ultrasonoqrafiya, EXO-EQ, lyumbal punksiya, abdominal USM, qaraciyər və böyrəklərin USM-i və s. ilə aparıla bilər.

Anadangəlmə sifilisin müalicəsi

Solğun treponemalar başqa mikroorqanizmlərin əksəriyyətindən fərqli olaraq pensillin sırası antibiotiklərin təsirinə hələ də həssas olaraq qalır. Buna görə də anadangəlmə sifilisin əsas müalicəsi uzunmüddətli, sistemli pensillin qrupu preparatlarının (kombinasiyalı və ekmolinomla yanaşı benzilpenisillinlər)  təyinindən ibarətdir. Uşaqda penisillinə qarşı allergik reaksiya yarandıqda və ya antibiotikoqramma ilə bakterioloji əkilmə vasitəsilə treponemaların davamlılığı aşkar olunduqda müalicə eritromisin, sefalosporinlər və ya tetrasiklin törəmələri ilə aparılır.

Anadangəlmə sifilislə sinir sisteminin zədələnməsi nəticəsində inkişaf edən neyrosifilisin müalicəsi antibiotiklər endolyumbal yeridilir və piroterapiyanın aparılır (prodiqiozan, pirogenal). Piroterapiya antibiotiklərin hemato-ensefalik baryerdən keçməsinə müsbət təsir göstərir. Gecikmiş anadangəlmə sifilisin müalicəsi antibiotikoterapiya ilə aparılır, vismut sırası (bismoverol, biyoxinol) preparatlar təyin olunur. Bundan başqa, xəstə vitaminlər, biogen stimulyatorlar, immunomodulyatorlar qəbul edir.

Anadangəlmə sifilisin profilaktikası

Anadangəlmə sifilisin qarşısının alınması üçün əsas profilaktik tədbirlərə bütün hamilə qadınların sifilisə görə iki dəfə seroloji müayinə olunması aiddir. Sifilisə qarşı müsbət seroloji reaksiya aşkar olunarsa, qadının əlavə müayinələri həyata keçirilir. Hamiləliyin erkən mərhələsində “sifilis” diaqnozunun qoyulması abort üçün tibbi göstərişdir. Hamiləlik davam etdirilərsə, sifilislə yoluxmuş qadının müalicəsi erkən başlanarsa, sağlam uşaq doğula bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: