Qadınlarda sifilis

20 Yanvar 2019 Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 232

qadınlarda sifilisQadınlarda sifilis — solğun treponema tərəfindən törədilən xroniki zöhrəvi xəstəlikdir. 90—99% hallarda cinsi yolla ötürülür. Sifilis spesifik dəri səpkiləri, limfa düyünlərinin böyüməsi, müxtəlif orqan və sistemlərin ləng, proqressivləşən zədələnmələri ilə təzahür edir. Diaqnoz klinik məlumatlar, fizikal, mikroskopik və seroloji müayinələrin nəticələrinə əsasən qoyulur. Spesifik müalicə xəstəliyin mərhələ və gediş xüsusiyyətlərinə əsasən seçilən treponema əleyhinə preparatların təyinindən ibarətdir.

  • Qadınlarda sifilisin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Qadınlarda sifilisin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Qadınlarda sifilisin müalicəsi
  • Proqnoz və profilaktika

Qadınlarda sifilis barədə ümumi məlumat

Sifilis haqqında ilkin məlumatlar XV-XVI əsrlərə təsadüf edir, lakin onun törədicisi 1905-ci ildə avstriyalı Frits Şaudin və Erix Hoffman tərəfindən kəşf olunmuşdur. Son illər sifilislə xəstələnmənin azalma tendensiyası qeydə alınır. Risk qrupuna yüngül həyat tərzi keçirən qadınlar, homoseksualistlər daxildir. Sifilis adətən 20-39 yaşlı qadınlarda müşahidə edilir. Qadınlar bu virusa kişilərə nisbətən daha az yoluxur.

Qadınlarda sifilisin yaranma səbəbləri

qadınlarda sifilisXəstəliyin törədicisi xarakterik nazik spiralşəkilli formaya və boyaq maddələrinə qarşı aşağı həssaslığa malik solğun treponemadır (solğun spiroxet, Treponema pallidum). Toxuma paraziti sayılan mikroorqanizm hüceyrə və onun nüvəsinə daxil olarkən öz həyat qabiliyyətini itirmir. Spiroxetlər birləşdirici, sinir, limfoid toxumalara yüksək tropluğu ilə xarakterizə edilir. İnsan orqanizmində törədicinin bir neçə formasına rast gəlinir:

  • Klassik spirilyar forma. Yüksək patogenliyi ilə seçilir. Sifilisin yoluxdurucu mərhələlərində aşkarlanır. Hərarətin 55°С-dən yüksək temperatura, qurumaya, spirt və antiseptiklərlə işlənməyə yüksək həssaslığı ilə əlaqədar xarici mühitdə tez məhv olur.
  • Uzunmüddətli yaşama forması (qoruyucu qişalı sistayabənzər və süzülən L-forma). Törədicilər antibakterial preparatlara qarşı rezistent olub, latent və gec mərhələlərdə qeydə alınır.

Qadın sifilisə zədələnmiş dəri örtükləri və ya selikli qişalardan yoluxur. Adətən infeksiyalaşma yoluxmuş partnyorla qorunmayan vaginal, anal, oral cinsi əlaqə zamanı baş verir. Həmçinin törədici məişət (öpüş, siqaret, xəstə insanın şəxsi əşyaları) və infeksiyalaşmış donor qanının transfuziyası və ya çirklənmiş spris, iynə və s. istifadəsi zamanı hematogen yolla yayıla bilər (təzə qanda mikroorqanizmlər 3-4 günə qədər yaşayır)

Qadınlarda sifilisin patogenezi

Sifilisin gedişi mərhələli olub, latent və klinik ifadəli dövrlərin növbələşməsi ilə səciyyələnir. Törədici limfa sisteminə daxil olaraq, limfogen, hematogen, neyrogen yolla yayılır. Yoluxmadan sonra bir neçə saat ərzində treponemalar aktiv şəkildə çoxalaraq, limfa düyünləri, qan və toxumalarda aşkarlanır. Törədicilərin sayının artması və toksinlərin təsiri ilə əlaqədar xəstəlik klinik təzahür edir. Əvvəlcə limfa düyünləri böyüyür və bərkiyir, bundan sonra törədicinin orqanizmə daxil olma zonasında bərk şankr və ya birincili sifilomanın atipik variantı formalaşır. Treponemaya qarşı intensiv şəkildə anticisimlər sintez olunur: mikroorqanizmlər qanda kütləvi formada məhv olmaqla intoksikasiyaya səbəb olur. Toxumalarda anticisimlərin konsentrasiyası artaraq, yerli iltihaba gətirib çıxarır, bu da generalizə olunmuş səpgilərlə özünü büruzə verir. Müalicə olunmayan sifilis dalğayabənzər gedişlə – humoral immunitetin periodik zəifləməsi və səpgilərin residivləri ilə xarakterizə olunur. Sonralar müxtəlif orqan və toxumalarda kobud üzvi dəyişikliklər törədən qranulomatoz iltihab inkişaf edir.

Qadınlarda sifilisin təsnifatı

Sifilisin formalarının sistemləşdirilməsi zamanı xəstəliyin mərhələləri, toxuma və orqanların zədələnmə xüsusiyyətləri, seroloji nəticələr nəzərə alınır. Qadınlarda sifilisin aşağıdakı formaları ayırd edilir:

  1. Birincili (bərk şankrın yaranması ilə):
  • Seroneqativ — seroloji testlərin nəticələri mənfi olur
  • Seropozitiv — seroloji testlərin nəticələri müsbət olur
  1. İkincili sifilis (generalizəolunmuş səpgilər):
  • Erkən — səpkinin birincili generalizasiyası
  • Gizli — səpkilər arası dövr
  • Təkrarlanan (residivləşən), əvvəllər müalicə olunan və ya olunmayan— səpginin təkrar generalizasiyası
  1. Gizli- müsbət seroloji sınaqlar, birincili sifilomanın izləri ilə xarakterizə edilir, lakin generalizəolunmuş səpgilər və kobud orqan patologiyaları qeydə alınmır:
  • Erkən — xəstəliyin davametmə müddəti 2 ildən az olduqda
  • Gec — xəstəliyin davametmə müddəti 2 ildən çox olduqda
  1. Üçüncülü (qabarcıqlı sifilidlər, qummalar və orqanların zədələnmələri ilə):
  • Aktiv— kəskinləşmə dövrü
  • Gizli —L-forma daşıyıcılığı

Visseral sifilis zamanı aorta, ürək qapaqları, sümüklər, oynaqlar və s. zədələnir. Sinir sisteminin artan kəmağıllıq (proqressiv iflic), həssaslığın azalması, əzələ hipotoniyası, digər nevroloji simptomatika (bel quruması və s.) ilə təzahür edən sifilitik zədələnməsi ayrıca qeyd edilir. Xəstəliyin transplasentar yolla yayılan bir neçə formaları mövcuddur: dölün, ciftin sifilisi, erkən, gec və latent anadangəlmə sifilis.

Qadınlarda sifilisin əlamətləri

qadınlarda sifilis İnkubasion simptomsuz dövr 2-12 həftə (orta hesabla 21-28 gün) davam edir. Xəstəlik birincili sifiloma (bərk şankr) – törədicinin orqanizmə daxil olma sahəsində yerləşən, diametri 1sm-dən kiçik olan, palpasiyada bərk və ağrısız, tünd-qırmızı düyünlər şəklində özünü büruzə verir. Düyünün səthində qığırdağabənzər dibi və hündür kənarları olan yumru xora müşahidə edilir. Qadınlarda şankr adətən vulva, uşaqlıq yolunun divarları, uşaqlıq boynu, anal nahiyədə, bir sıra hallarda ağır boşluğu, dodaqlarda, döş gilələrində lokalizasiya olunur. 28—35 gündən sonra şankr özbaşına itir, yerində çapıq, atrofiya, bəzən isə dəyişilməmiş dəri izlənilir.

Atipik gedişli birincili sifilis zamanı çoxsaylı ağrılı xoralaşmalar yarana bilər, ocağın əlavə infeksiyalaşması irinin axması ilə müşayiət olunur. Bu mərhələdə qadınlar qasıq, boyun, qoltuqaltı limfa düyünlərinin böyüməsini və onların ağrısız olmasını aşkar edir. Məişət yolu ilə yoluxma zamanı birincili sifiloma dəri və ya selikli qişaların «qeyri-tipik» sahəsində treponemanın birbaşa daxil olduğu hissədə yerləşir, hemotransfuzion yolla yayılma hallarında isə ümumiyyətlə olmur.

Sifilisin ilkin manifestasiyasından 21—42 gün sonra ləkə, düyün, irincik şəklində generalizəolunmuş səpkilər əmələ gəlir. Onlar yaxalıq nahiyəsi («Venera boyubağısı»), ovuc və dabanlarda daha parlaq ifadə olunur. İkincili sifilidlər çoxlu sayda mikroorqanizmlərdən ibarət olur və yüksək dərəcəli kontagiozluqla fərqlənir. Xarakterik səpkilərdən əlavə böyümüş, bərk, ağrısız limfa düyünləri, halsızlıq, əzginlik, konyuktivit, rinit, boğazda gicişmə, öskürək, hərarətin  37°С –yə qədər və daha çox yüksəlməsi müşahidə edilir. Səpki elementləri və kataral əlamətlər bir neçə həftədən sonra itirək, sifilisin simptomsuz fazasına başlanğıc verir. Etiotrop müalicə aparılmadıqda dəri örtüklərivə selikli qişalarda səpkilərin residivləri, ocaqlı alopesiya, sinir sistemi, böyrəklər və qaraciyərin zədələnməsi mümkündür. Latent gediş zamanı ikincili sifilisin patoqnomik əlamətləri izlənilmir.

Yoluxma anından 3-6 il, bəzən daha uzun müddətdən sonra üçüncülü sifilis inkişaf edir. Gilas tumu ölçüsündə səthi qabarcıqlar və ya 3-4 sm diametrli dərialtı qummalar formalaşır.  Onlar adətən bərk quruluşa, dəqiq sərhədlərə malik olub, ağrı, göynəmə, qaşınma ilə müşayiət edilmir. Üçüncülü dəri sifilisində sifilidlərin yetişmə dövrü bir neçə həftədən bir neçə aya qədər davam edir. Qabarcıqlar quru nekroz və ya hamar, təmiz dibli  xoralarla əvəz olunur. Onların yerində piqment haşiyəli çapıq əmələ gəlir. Qummalar spontan deşilərək, qatı möhtəviyyatlı xoraların yaranmasına səbəb olur, bir müddətdən sonra xarakterik ulduzabənzər çapıqlar əmələ gəlir. Daxili orqanlar və sinir sisteminin qranulomatoz iltihabı zamanı hissiyyat pozulur, qadınlar əzələ zəifliyi, oynaq ağrıları, görmənin zəifləməsi, yaddaşın zəifləməsi, təngnəfəslik, döş sümüyünün arxasında ağrılardan və s. şikayət edir.

Qadınlarda sifilisin ağırlaşmaları

Qadınlarda birincili və ikincili sifilis ailənin digər üzvlərinin yoluxmasına, uşağın bətndaxili infeksiyalaşması və ya ölümünə gətirib çıxara bilər. Letal sonluq ehtimalının yüksək olduğu sifilitik meningit təhlükəli forma sayılır. Adekvat müalicə aparılmadıqda xəstəlik 1/3 hallarda üçüncülü sifilisə keçir.  Dərinin kobud kosmetik qüsurundan əlavə onun ağır fəsadlarına korluq, parez və ifliclər, sümüklərin patoloji sınıqları, kəmağıllıq, iri damarların zədələnməsi zamanı ölümcül qanaxmalar aiddir.

Qadınlarda sifilisin diaqnostikası

Qadınlarda sifilisin diaqnostikasında anamnestik və epidemioloji məlumatlardan, fizikal müayinələr və analizlərin nəticələrindən istifadə edilir. Kompleks müayinə planına aşağıdakı üsullar daxildir:

  • Ginekoloji baxış. Birincili sifilis zamanı ginekoloji baxışda xarici cinsiyyət orqanları, uşaqlıq yolu, uşaqlıq boynunun selikli qişasında bərk şankr aşkarlanır. Gizli və ya ikincili sifilisi olan qadınlarda birincili sifilomanın yerində çapıq və ya toxumaların atrofiyası müəyyən edilir.
  • Fizikal müayinə. Sifilis xəstəliyin inkişaf mərhələsinə müvafiq spesifik dəri səpkiləri ilə təzahür edir. Limfadenopatiya xarakterikdir.
  • Laborator diaqnostika. Mikroskopik müayinələrdə sifilidin möhtəviyyatı, limfa düyünlərinin punktatı, serebrospinal mayedə treponemalar qeydə alınır. RPR-test, Vasserman reaksiyası (RW), PHAR, STİR, İFR, İFA müsbət nəticələri xəstəliyin spesifik markerləri sayılır. Bu üsulların həssaslığı 90-98%-dir. Sifilisin seroneqativ formaları və müalicənin effektivliyinə nəzarət zamanı PZR-diaqnostika xüsusi əhəmiyyət kəsb edir.

Differensial diaqnostika xəstəliyin mərhələsindən asılıdır. Bərk şankr bəzən uşaqlıq boynunun eroziyasından, ikincili sifilidlər — dəri xəstəliklərindən, üçüncülü sifilisin klinikası— vərəm, iltihabi və həcmli proseslər, stenokardiyadan və s. differensiasiya olunmalıdır. Ehtiyac olduqda diaqnostika prosesinə dermatoveneroloq, infeksionist, nevroloq, kardioloq, ftiziatr, qastroenteroloq, okulist, otolarinqoloq cəlb edilir, instrumental müayinələr — qarın boşluğu orqanlarının USM, EKQ, ağciyərlərin rentgenoqrafiyası, MRT və ya KT, qastroskopiya və s. aparılır. Sifilisin diaqnozu təsdiqləndikdə qadın digər CYKİ görə müayinə edilir.

Qadınlarda sifilisin müalicəsi

Müalicənin əsas məqsədi törədicinin eliminasiyasından ibarətdir. Pasiyentlərə benzilpenisillin, bisillin və ya digər antibiotiklərlə müalicə kursları təyin edilir. Preparatın treponemosid konsentrasiyası xəstəliyin davametmə müddətindən asılı olaraq, 7—10 gün müddətində (bəzən daha çox) saxlanılmalıdır. Treponemaəleyhinə müalicənin aparılmasına olan göstərişlər aşağıdakılardır:

  1. Laborator yolla təsdiqlənən klinik şəkil. Belə vəziyyətlərdə müalicə sxemi sifilisin mərhələsindən asılı olur.
  2. Sifilisin erkən formalarından birinin aşkarlandığı xəstə ilə məişət və ya cinsi yolla təmas və ya yoluxmuş qanın köçürülməsi. Xəstəliyin klinik-laborator əlamətlərinin olmadığı və təmas və ya hemotransfuziyadan 3 aydan az vaxt keçdiyi hallarda preventiv antibakterial terapiya tətbiq edilir.
  3. Hamiləlik. İlk dəfə sifilis diaqnozunun qoyulması və ya sifilisdən müalicə olunan hamilələrdə seroloji testlərin nəticələrinin müsbət olması zamanı treponemaəleyhinə preparatlar təyin edilir.
  4. Daxili orqanlarda sifilis üçün xarakterik ocaqların aşkarlanması. Sınaq müalicəsi diaqnostik məqsədlə aparılır.

Üçüncülü sifilisli qadınlarda spesifik terapiyaya simptomatik müalicə (qeyri-steroid iltihabəleyhinə terapiya, nootroplar və s.) əlavə olunur.

Qadınlarda sifilisin proqnoz və profilaktikası

Birincili və ikincili sifilis zamanı xəstəliyin proqnozu qənaətbəxşdir. Etiotrop terapiyaya başladıqdan 24 saat sonra pasiyent yoluxucu hesab olunmur. Qadınlarda sifilisə qarşı qeyri-steril (infeksion) immunitet formalaşır, təkrar yoluxma (reinfeksiya) mümkündür. Üçüncülü sifilis ağır dərəcəli sistem və orqan zədələnmələri ilə müşayiət olunur, bu mərhələdə ölüm halları 25%-ə çatır. Müalicə kursu başa çatdıqdan sonra protokol üzrə təyin olunmuş vaxtlarda kontrol seroloji testlər aparılır.

Yoluxmanın qarşısını almaq üçün təsadüfi cinsi əlaqələrdən imtina edilməli və ya belə vəziyyətlərdə prezervativlərdən istifadə olunmalıdır. Ailədə sifilisli xəstə olduqda onun qab dəsti ayrılmalı, gigiyena vasitələrinin birgə istifadəsi, sıx fiziki əlaqələr və öpüşlər istisna edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: