Аllergik bronxopulmonal aspergilyoz

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 4509

Аllergik bronxopulmonal aspergilyoz nədir?Аllergik bronxopulmonal aspergilyoz – tənəffüs yollarının aspergilla göbələyi tərəfindən zədələnməsi nəticəsində inkişaf edən bronxopulmonal sistemin xroniki xəstəliyidir. Xəstəlik bronxların allergik iltihabi prosesi ilə xarakterizə olunur. Aspergilyoz, bir qayda olaraq, bronxial astma xəstələrində yaranır; hərarət, selikli – irinli bəlğəmli öskürək, döş qəfəsində ağrılar, periodik boğulma tutmaları ilə təzahür edir.  Diaqnoz kliniki inspeksiya (baxış), qanın və bəlğəmin analizi, ağciyərlərin rentgenoloji müayinəsi, allerqoloji sınaqların göstəricilərinə əsasən qoyulur. Müalicə qlükokortikoidlər və antifunqal preparatlarla aparılır.

  • Səbəbləri
  • Patogenez
  • Əlamətləri
  • Diaqnostikası
  • Allergik bronxopulmonal aspergilyoz
  • Proqnoz və profilaktikası

Аllergik bronxopulmonal aspergilyoz barədə ümumi məlumat

Аllergik bronxopulmonal aspergilyoz  – infeksion-allergik kif mikozudur; törədiciləri aspergilla (adətən, Aspergillus fumigatus) göbələkləridir. Bu xəstəlik tənəffüs yollarının disbakteriozu,  bronxların selikli qişasının və ağciyərlərin fibrozunun allergik iltihabı ilə özünü büruzə verir. Xəstəlik əsasən atopik bronxial astmalı (aspergilyozun bütün kliniki hallarının 90%-ində), həmçinin mukovisidozlu və immun sistemi zəifləmiş xəstələrdə  yaranır.

Xəstəlik ilk dəfə 1952-ci ildə Böyük Britaniyada uzun müddət bədən temperaturunun yüksək olduğu qeyd edilmiş bronxial astma xəstələrində aşkarlanmış və təsvir olunmuşdur. Hazırda bronxopulmonal aspergilyoz 20-40 yaşlı insanlar arasında daha çox rastlanır və bronxial astma xəstələrinin 1-2%-ində təyin edilir. Tənəffüs yollarının aspergilla göbələkləri ilə zədələnməsi anadangəlmə və qazanılmış immun defisitli insanlar üçün daha təhlükəlidir.

Аllergik bronxopulmonal aspergilyozun səbəbləri

Allergik bronxopulmonal aspergilyozun törədiciləri Aspergillus cinsindən olan mayayabənzər göbələklərdir. Bu mikroorqanizmlərin təxminən 300 nümayəndəsi məlumdur ki, bunlardan da 15-i tənəffüs yollarına düşdükdə infeksion-allergik iltihabın yaranmasına səbəb ola bilər.  Kliniki halların əksəriyyətində bronxların kif mikozu Aspergillus fumigatus-la yoluxma nəticəsində inkişaf etmişdir.

Aspergillus hər yerdə var, bu göbələklərin sporları həm yayda, həm də qışda havada mövcud olur. Bu mikroorqanizmlərin sevimli yaşayış yeri rütubətli ərazilər, bataqlıqlar, zəngin orqanik gübrəli torpaqlar, ağaclarının yarpaqları tökülmüş parklar və xiyabanlar, havasında rütubət çox yüksək olan yerlər (vanna otaqları, köhnə evlərin zirzəmiləri),  ev bitkilərinin torpaqları, quş qəfəsləri, kondensionerlər və sairdir.

Aspergillus sporları nəfəsalma zamanı  tənəffüs yollarına düşür, bronxların selikli qişalarında məskunlaşır, spor formadan aktiv formaya keçərək öz həyat fəaliyyətinə başlayır. Bu zaman bronxların epitel hüceyrələrini zədələyən proteolitik fermentlər ifraz edir. Aspergillus antigenlərinə qarşı immun sisteminin reaksiyası allergiya mediatorlarının, immunoqlobulin E, A və G-nin sintezi, bronxlarda allergik xarakterli iltihabi prosesin inkişafından ibarətdir.

Allergik bronxopulmonal aspergilyozun inkişafına zəmin yaradan əsas risk faktorları allergiyaya irsi meyillik (qohumlarda bronxial astma və digər allergik xəstəliklərin olması), Aspergillusla uzunmüddətli kontakt (həyətyanı sahələr, fermalar, un dəyirmanlarında işləmək), orqanizmin müdafiə gücünün azalmasıdır (birincili və ikincili immun defisit, bronxopulmonal sistemin xroniki xəstəlikləri, qan xəstəlikləri, bədxassəli törəmələr və s.).

Аllergik bronxopulmonal aspergilyozun simptomları

Allergik bronxopulmonal aspergilyoz əksər hallarda atopik bronxial astmalı xəstələrdə, adətən, ilin soyuq, rütubətli fəsillərində – payız-yaz dövründə meydana çıxır. Xəstəlik kəskin, titrəmə, bədən temperaturunun 38-39 oC-yə qədər qalxması, döş qəfəsində ağrılar, selikli-irinli bəlğəmli öskürək, qanlı bəlğəmlə (hemoptizis) başlayır. Bununla yanaşı, bronxial astma simptomları (hava çatışmazlığı hissi, təkrarlanan boğulma tutmaları) daha çox özünü büruzə verir. Orqanizmin intoksikasiya simptomları – ümumi zəiflik, yuxululuq, dərinin solğunluğu, iştahasızlıq, bədən çəkisinin azalması, uzunmüddətli subfebril temperatur və s. qeyd olunur.

Allergik bronxopulmonal aspergilyozun xroniki gedişli formalarında xəstəlik silinmiş – intoksikasiya əlamətləri, periodik, selikli bəlğəmli, rəngi qəhvəyiyə çalan öskürək, fiziki yüklənmə zamanı zəif təngnəfəslik, hava çatışmazlığı hissi olmayan gedişata malik ola bilər. Əgər aspergilyoz immun defisit fonunda keçirsə, klinikada əsas xəstəliyin simptomları (kəskin leykoz, ağciyərlərin vərəmi, sarkaidoz, ağciyərlərin obstruktiv vərəmi, konkret lokalizasiyalı bədxassəli törəmələr) təzahür edəcək.

Аllergik bronxopulmonal aspergilyozun diaqnostikası

Allergik bronxopulmonal aspergilyoz diaqnozu pulmonoloq və allerqoloq-immunoloq həkimlər tərəfindən anamnez, xəstəliyin kliniki mənzərəsi, laborator və instrumental müayinələr, allerqoloji sınaqların nəticələrinə əsasən qoyulur.

Xəstəliyin anamnezi allergik xəstəliklərə irsi meyillik, pasientdə atopik bronxial astma, periodik və ya Aspergillusla gündəlik, uzunmüddətli kontaktın olmasını və ya peşə fəaliyyəti nəticəsində yaranmasını göstərə bilər. Fiziki müayinədə allergik bronxopulmonal aspergilyoz xəstələrinin təxminən yarısında ağciyərlərin yuxarı nahiyələrində perkutor səsin kütləşməsi, auskultasiyada yaş, kiçik qabarcıqlı xırıltılar eşidilir. Həmçinin ümumi vəziyyətin pozulması əlamətləri – təngnəfəslik, dərinin solğunluğu, tərləmə, subfebril temperatur və ya hipertermiya təyin olunur.

Periferik qanın laborator analizlərində eozinofiliya (>20%), bəzən leykositoz və EÇS-nin yüksəlməsi təyin olunur. Bəlğəmin sitoloji analizində bəlğəmdə eozinofillərin olması, mikroskopiyasında isə Aspergillus mitseliləri aşkar olunur. Bəlğəmin bakterialoji müayinəsində Aspergillus fumigatus kulturasının mövcudluğu qidalı mühitdə göbələk koloniyalarının inkişafına əsasən müəyyənləşdirilir.

Aspergillus ekstraktı ilə dəri allerqoloji testləri aparılır (tipik sürətli tip reaksiya təyin olunur). Allergik bronxopulmonal aspergilyoz diaqnozu qan zərdabında Aspergillus fumigatus-a qarşı ümumi immunoqlobulin E və spesifik immunoqlobulin E və G yüksək konsentrasiyasını təyin etməklə təsdiqlənir.  Bronxoqrafiya və kompyuter tomoqrafiyada proksimal bronxoektaziya, ağciyərlərdə uçucu infiltratlar aşkarlanır.

Allergik bronxopulmonal aspergilyozun differensial diaqnostikası ağciyərlərin vərəmi, sarkoidoz, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, başqa etiologiyalı ağciyərlərin eozinofillərlə zədələnmələri kimi patologiyalarla aparılır.

Аllergik bronxopulmonal aspergilyozun müalicəsi

Allergik bronxopulmonal aspergilyozun müalicəsi əsasən iltihabəleyhinə terapiya, orqanizmin sensibilizasiyasının (həssaslığının) azaldılması və Aspergillusun aktivliyinin yüksəldilməsi vasitəsilə həyata keçirilir.

Kəskin dövrdə 6 ay ərzində sistemli qlükokortikosteroidlər (seçim preparatı – prednizolon) təyin olunur. Qlükokortikosteroidlərin qəbulu müalicəvi doza ilə başlanır, iltihabın tamamilə sorulması və antitel titrinin normallaşmasınadək davam edir. Sonra isə 4-6 ay ərzində saxlayıcı terapiya aparılır. İltihabi prosesin qarşısı tamamilə alındıqdan sonra 4-8 ay müddətində amfoterisin B və ya trakonazolla antifunqal terapiyaya başlanır.

Allergik bronxopulmonal aspergilyozun profilaktikası məqsədilə allergenlə kontaktı tamamilə azaltmaq təmin olunur, imkan daxilində quru havası olan dağlıq əraziyə köçmək tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: