Аllergik rinokonyunkitivit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1324

allergik rinokonyunktivit nədir?Аllergik rinokonyunkitivit – burnun və konyunktivanın selikli qişasının törədici allergenlə kontakt nəticəsində yaranan zədələnməsidir; İgE ilə əlaqəli birinci tip reaksiyanın inkişafı ilə xarakterizə olunur. Əsasən burundan selikli ifrazatın axması, burun tənəffüsünün çətinləşməsi, burun nahiyəsində qaşınma və yanğı hissi, konyunktivanın qızarması və göz yaşı axması (lakrimasiya), qoxu hissinin zəifləməsi şəklində özünü büruzə verir. Müalicə: allergenin eliminasiyası, antihistaminlər, kortikosteroidlər, tosqun hüceyrə stabilizatorları və damardaraldıcı (vazokonstriktorlar) preparatların istifadəsi, allergen-spesifik immunoterapiya.

  • Səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Allergik rinokonyunktivitin simptomları
  • Diaqnostika
  • Allergik rinokonyunktivitin müalicəsi

Аllergik rinokonyunktivit barədə ümumi məlumat

Аllergik rinokonyunkitivit – burun və gözlərin konyunktivasının selikli qişasının zədələnməsi ilə gedən allergik etiologiyalı, xroniki iltihabi xəstəlikdir.  Yaranmasına səbəb olan etioloji faktorlardan asılı olaraq xəstəliyin 2 forması ayırd edilir: mövsümi (intermittə edən) və il boyunca davam edən (persistə edən). Xəstəliyin yayılması ilbəil artır. Hazırda bu patologiya planetin əhalisi arasında böyüklərdə 1: 5-7, uşaqlarda isə 1:3 nisbətində rastlanır. Uzunmüddətli xroniki gedişatı rinosinusit, xroniki otit və bronxial astmanın yaranama riskini yüksəldir; bu isə sosial ünsiyyəti məhdudlaşdırır, uğurlu təhsil və professional fəaliyyəti çətinləşdirir.

Аllergik rinokonyunktivitin səbəbləri

Allergik rinokonyunktivitin inkişafına səbəb olan allergenlərin siyahısı kifayət qədər genişdir. Xəstəliyin mövsümi formalarında (əsasən yaz-yay fəsillərində meydana çıxır) törədici bitkilərin – ilin müəyyən dövründə çiçəkləyən ağac və otların çiçəklərinin tozcuqlarıdır. Klinikası quru, isti havalarda güclənir; yağışlı, rütubətli günlərdə isə zəifləyir.

İl boyunca davam edən (persistə edən) formalarda burun boşluğu və konyunktivada iltihabi prosesin inkişafına gətirib çıxaran əsas allergenlər kif göbələkləri, ev tozu gənələri, həmçinin pasientin orqanizminə peşə fəaliyyəti zamanı daxil olan aeroallergenlərdir.

Allergik rinokonyunktivitin inkişaf mexanizminin əsasında İgE ilə əlaqəli sürətli tip allergik reaksiya durur. Allergenlə ilk dəfə kontaktda olduqda mövcud zülal komponentinə qarşı E qrup immunoqlobulinlərin nəzərə çarpan ifrazı baş verir. Allergen orqanizmə təkrari daxil olduqda İgE ilə qarşılıqlı əlaqədə olur və iltihab mediatorlarının massiv ifrazına, beləliklə, burun boşluğunun və konyunktivanın selikli qişasında patoloji prosesin inkişafına gətirib çıxarır. Persistə edən formada, demək olar ki, həmişə, hətta törədici allergenlə kontakt olmadıqda və ya minimal konsentrasiyada orqanizmə daxil olduqda belə iltihab saxlanır.

Аllergik rinokonyunktivitin simptomları

Allergik rinokonyunktivitin mövsümi və il boyunca davam edən formalarında kliniki mənzərə fərqlidir. İntermittə edən variant qəfil burundan çoxlu sulu ifrazatın axması, asqırma tutmaları, lakrimasiya, burun və gözlərdə qaşınma, işıqdan qorxma, burnun periodik tutulmaları ilə xarakterizə olunur. Simptomatika yaz-yay fəsillərində təzahür edir, quru, isti havalarda güclənir.

Persistə edən formalarda xəstəlik əlamətləri, demək olar ki, bütün ili özünü göstərir. Lakin klinika mövsümi forma ilə müqayisədə daha az nəzərə çarpan xarakterə malik olur. Gecələr güclənən daimi burun tıxanıqlığı, qatı selikli ifrazat, periodik asqırma tutmaları qeyd olunur. Bir qayda olaraq, qoxubilmənin zəifləməsi və ya itməsi (anosmiya), gözlərdən selikli filamentlərin ifrazı müşahidə olunur. Xəstəlik tez-tez xroniki rinosinusit və bronxial astmanın inkişafı ilə ağırlaşır. Xəstəliyin fəsadlaşması hava faktorları (hipotermiya, temperaturun qəfil azalmaları), həmçinin yaşayış şəraiti və ev heyvanları ilə əlaqəlidir.

Gedişatının ağırlığından asılı olaraq yüngül, orta-ağır və ağır formaları ayırd edilir. Yüngül formalı allergik rinokonyunktivit zamanı simptomlar zəif olur, xəstənin iş qabiliyyəti pozulmur, ehtiyac yaranmazsa, dərman qəbulu olmadan keçinmək olar. Xəstəliyin orta-ağır formasında yuxu və gündəlik aktivlik pozulur, həyat keyfiyyəti azalır.  Ağır formalarda iş qabiliyyətinin pozulması və ünsiyyət zamanı problemlər qeyd olunur. Simptomatikanın aradan qaldırılması məqsədilə davamlı dəstəkləyici müalicə aparılmalıdır.

Аllergik rinokonyunktivitin diaqnostikası

Diaqnoz otorinolarinqoloq, oftalmoloq və allerqoloq-immunoloq həkim tərəfindən  götürülmüş detallı anamnez, aparılmış kliniki inspeksiyaya (baxış) əsasən qoyulur.   Burun boşluğuna baxış zamanı selikli qişanın solğunluğu və ödemliliyi, həmçinin çoxlu, sulu sekret aşkar olunur. Sekretin laborator analizində sekretdə eozinofillərin miqdarının çoxluğu müəyyənləşdirilir. Oftalmoloji baxış zamanı hiperemik, ödemli və kövşək konyunktiva görünür; gərilmiş selikli filamentlər, follikulların böyüməsi, göz qapaqlarının hiperemiyası və ödemi qeyd olunur. Ağır hallarda blefarospazm təyin olunur.

Diaqnoz allerqologiyada istifadə olunan laborator analizlər və testlərə əsasən qoyulur. Əsas atopik allergenlərlə (məişət, göbələk, epidermal), dəridaxili və skarifikasion sınaqlar şəklində dəri testləri mövcuddur. İnhalyasion allergenlərə gəldikdə isə Avropa allerqoloqlarının tövsiyələrinə əsasən dəri sınaqları zamanı məsləhət görülmür.  Allergik rinokonyunktivitin spesifik allergenlə əlaqəsinə dair etibarlı məlumatları allergen-spesifik immunoqlobulin E-nin (Allerqoçip testi zamanı bir sınaqla 120-yə yaxın allergen təyin olunur) təyini ilə əldə etmək olar. Əldə olunmuş nəticələr allergen-spesifik immunoterapiyanın təyinində və aparılmasında istifadə oluna bilər.

Differensial diaqnostika allergik zədələnmələrin digər növləri, viral, bakterial və xlamidiya mənşəlli rinokonyuktivitlər, rinosinusitlər, “ofis” gözü sindromu və başqa xəstəliklərlə aparılır.

Аllergik rinokonyunktivitin müalicəsi

Allergik rinokonyuktivitin müalicəsində əsas prinsip allergenin eliminasiyası, farmakoterapiya və allergen spesifik immunoterapiyadan ibarətdir. Potensial və törədici allergenlə kontaktı maksimal aradan qaldırmaq üçün xüsusən də ot və ağacların intensiv çiçəklədiyi yerlərdə, həmçinin quru, isti havalarda açıq hava gəzintilərini məhdudlaşdırmaq lazımdır. Xəstəliyin il boyu davam edən formasında yaşayış olan yerlərdən tozşəkilli allergenlərin kənarlaşdırılmasına (otaqların müntəzəm olaraq yığılması və havasının dəyişdirilməsi, müasir tozsoran və hava təmizləyici cihazlardan istifadə, ev gənələri və tarakanların məhvi, ev heyvanları və quşlarından imtina) xüsusi diqqət ayrılmalıdır.

Allergik rinokonyunktivit zamanı medikamentoz müalicə peroral və yerli antihistaminlər, intranazal sprey və göz damcıları formasında qlükokortikoidlər, tosqun hüceyrələrin membran stabilizatorları və vazokonstriktorların (damardaraldıcılar) qəbulundan ibarətdir. Bəzən M-xolinoblokatorlar, antileykotrien preparatlar və immunomodulyatorlardan istifadə olunur. Hər bir kliniki halda rinokonyuktivitin formasından, gedişatının ağırlığından, yanaşı gedən xəstəliklərdən, pasientin yaşından və mümkün yan təsirlərin yaranma riskindən asılı olaraq optimal farmakoterapiya metodu seçilir.

Allergen spesifik immunoterapiyanın prinsipi allergik rinokonyunktivitin inkişafına səbəb olan allergeni xəstənin orqanizminə yeritməyə əsaslanır. Müalicə minimal doza ilə başlanır, sonra orqanizmin həssaslığının azalmasına nail olmaq üçün tədricən konsentrasiya artırılır. Uzunmüddətli immunoterapiya (azı 1-3 il) həkim-allerqoloq tərəfindən əlavə reaksiyalar və ya ağırlaşmalar yaranarsa, keyfiyyətli təxirəsalınmaz yardım göstərilə biləcək tibb müəssisəsində aparılmalıdır. Düzgün istifadə olunan allergen spesifik immunoterapiya müxtəlif allergik xəstəliklərin müalicəsində yüksək effektivliyə malik metoddur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: