Allergik xeylit

Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 4986

Allergik xeylit nədir?Allergik xeylit – əsasında allergenin dodaqlara birbaşa toxunması nəticəsində inkişaf edən hiperergik reaksiya duran zədələnmədir. Patologiya dodaqlarda yanma hissi, qaşınma, quruluq, hiperemiya, ödem, ağrı və deskvamasiya ilə özünü göstərir. Xəstəlik anamnez, stomatoloji inspeksiya zamanı aşkar olunmuş klinik təzahürlərə, dəri allergik testlərin nəticələrinə əsasən diaqnostika olunur. Allergik xeylitin müalicəsi antihistaminlərin qəbulu, iltihab əleyhinə preparatların yerli aplikasiyasından ibarətdir.

  • Allergik xeylitin səbəbləri
  • Allergik xeylitin simptomları
  • Allergik xeylitin diaqnostikası
  • Allergik xeylitin müalicəsi və profilaktikası

Allergik xeylit barədə ümumi məlumat

Allergik xeylit – dodaqların qırmızı haşiyəsinin müxtəlif qıcıqlarla sensibilizasiyası (patoloji həssaslıq) nəticəsində yaranan iltihabi xəstəlikdir. Patologiya kontakt xeylit də adlandırılır; belə ki, o, allergənlə birbaşa kontakt nəticəsində cavab reaksiyası kimi inkişaf edir. Xeylitin bu formasının əsasında IV (ləng) tip allergik reaksiya durur. Patoloji həssaslıq və immun cavabın formalaşması dövrü geniş hüdudlarda (bir həftədən bir neçə aya və ya ilədək) dəyişə bilər. Bu, fərdin endokrin və sinir sisteminin xüsusiyyətlərindən, həmçinin onun allergik statusundan asılıdır. Allergik xeylit üçün dəri sınaqlarının ehtimal olunan qıcıqlandırıcılara qarşı müsbət reaksiya verməməsi xarakterikdir. Stomatologiyanın praktikasında xəstəlik 20 yaşdan yuxarı qadınlarda daha çox müşahidə olunur və 1 yaşa qədər uşaqlarda, demək olar ki, rastlanmır.

Allergik xeylitin səbəbləri

Allergik xeylitə səbəb ola biləcək çoxsaylı kontakt qıcıqlandırıcılar mövcuddur. Ən geniş yayılmış allergen dodaq boyasıdır (adətən onların tərkibində olan flüressesiyaedici komponentlər, rodamin, eozin və s.); məhz buna görə allergik xeylitdən qadınlar daha çox əziyyət çəkir. Xəstəliyin səbəbləri həm də daim dodaqlara toxunan başqa kosmetik vasitələr (kremlər, kontur karandaşlar), diş məcunları və eliksirləri, plastmas diş protezləri və s.

Allergik reaksiya tez-tez meyvələr (ananas, sitrus, giləmeyvələr və s.), çeynənən rezinləri çeynəmə vərdişi, qələm, karandaş kimi yazı vasitələrinin dodağa toxundurulması və s. ilə əlaqəli ola bilər. Bundan başqa, bir sıra hallarda patologiya peşə xarakteri alır: məsələn, nəfəsli musiqi alətlərinin ağızlığının kimyəvi maddələrlə emalı nəticəsində dodaqların qıcıqlanması.

Bütün hallarda kiçik molekullu maddələr – sensibilizatorlar orqanizmə dodaqlardakı mikroçatlar və yaralardan daxil olur. Allergenlə ilk kontakt zamanı T-limfositlərin sensibilizasiyası inkişaf edir. Antigenlə təkrari qarşılaşmada hüceyrə tipli immun reaksiya törədən 30-dan artıq müxtəlif mediatorlar ayırd edilir. Beləliklə, allergik xeylitin klinik təzahürləri əvvəllər qıcıqlandırıcı ilə kontaktda olmuş dodağın bütün hissələrində və yaxınlıqdakı dəridə inkişaf edir.

Allergik xeylitin simptomları

Xəstəliyin ilk təzahürləri dodaqlarda yanma hissi, qaşınma, həmçinin hiperemiya və ödemdir. Qıcıqlandırıcı ilə kontaktda olan yerdə aydın konturlu eritema (qızartı) əmələ gəlir, dodaqlar quruyur və deskvamasiyaya məruz qalır. Zədə ocaqlarında güclü iltihabi reaksiyalar zamanı kiçik qovuqcuqların inkişafı mümkündür. Bu qovuqcuqlar qısa müddət sonra öz-özünə partlayır və yerində eroziya qalır. Xəstəlik uzun müddət davam etdikdə dodaqların quruluğu artır, onların üzərində çatlar meydana çıxır.

Allergik xeylit zamanı patoloji proses, adətən, dodaqların qırmızı haşiyəsindən kənara çıxmır; lakin bir sıra hallarda onu əhatə edən dəri örtüyünü də zədələyir. İltihabi reaksiyanın ağzın selikli qişasına yayılması da mümkündür. Bu zaman toxumaların ödemi və hiperemiyası qeyd olunur; palpasiyada ağrı hiss olunur.

Allergik xeylitin diaqnostikası

Allergik xeylit həkim-stomatoloq tərəfindən obyektiv müayinə zamanı anamnez və müşahidə olunan simptomlara əsasən diaqnostika olunur. Bir sıra hallarda allerqoloq konsultasiyası və patoloji prosesə səbəb olmuş allergenin dəqiq təyini məqsədilə dəri allerqosınaqları tələb olunur. Diaqnostika üçün qıcıqlandırıcı ilə az əvvəl kontaktın olması böyük əhəmiyyət kəsb edir.

Allergik xeyliti atopik xeylit, həmçinin aktinik və eksfoliativ xeylitin quru formalarından differensiasiya etmək vacibdir. Atopik xeylitin allergikdən əsas fərqi ağız bucağında daha çox büruzə verən dodağın qırmızı haşiyəsinin lixenizasiyasıdır. Eksfoliativ xeylitin quru formasında allergik xeylit üçün mütləq olan eritema müşahidə olunmur və heç vaxt dodağın qırmızı haşiyəsi bütünlüklə zədələnmir. Dodaq boyalarının bəzi növləri yerli fotohəssaslığı yüksəltdiyindən aktinik xeylitin səbəbi ola bilər. Allergik xeylit aktinik xeylitin quru formalarından buynuzlaşmanın, verrukoz törəmələrin və xəstəliyin mövsümi xarakterinin olmamasına görə differensiasiya olunur.

Allergik xeylitin öz başına müalicəsi yolverilməzdir. Xəstəliyin simptomları meydana çıxanda dəqiq diaqnoz qoyacaq və lazımi dərman terapiyasını təyin edə biləcək həkimə dərhal müraciət olunmalıdır.

Allergik xeylitin müalicəsi və profilaktikası

Allergik xeylitin müalicəsi ilk növbədə xəstəliyin inkişafına səbəb olan qıcıqlandırıcının dəf edilməsini nəzərdə tutur. Bu, sağalmanın başlıca şərtidir. Dərman terapiyasını sistemli (ümumi) və topik (yerli) olmaqla ayırmaq olar. Ümumi terapiya bir sıra preparatların daxilə və ya parenteral qəbulundan ibarətdir. Hiposensibilizasiya məqsədilə antihistamin preparatlar (məsələn, xloropiramin, loratidin və s.) təyin olunur. Ağır hallarda qlükokortikosteroid (prednizolon, deksametazon) tərkibli dərmanlar tətbiq olunur. Bundan başqa, kalsium preparatları, histaqlobulin, natrium tiosulfat 30%, angioprotektorlar, sedativlər və trankvilizatorlar istifadə olunur.

Yerli müalicə kortikosteroid (prednizolon, hidrokortizon, ftorokort və s.) məlhəmlər, dental adheziv məcunlar, çaytikanı yağı, A və E vitaminlərinin təyinindən ibarətdir. Bununla bərabər, xəstəliyin kompleks müalicəsində Bukki şüalarının – ultrayumşaq rentgen şüalanmanın istifadəsi mümkündür.

Müalicəyə vaxtında başladıqda allergik xeylitin təzahürləri tez bir zamanda sönür və proqnoz kafi olur. Xəstəliyin təkrari epizodlarının profilaktikası üçün bəlli allergenlə kontaktın aradan qaldırılması tövsiyə olunur. Allergik reaksiynın inkişafına səbəb ola biləcək qıcıqlandırıcını dəqiq təyin etmək məqsədilə həkim-allerqoloqa müraciət etmək və müayinələrdən keçmək (dəri sınaqları) lazımdır. Bundan başqa, qidalanmaya diqqət etmək, zərərli oral vərdişlərdən imtina, həmçinin dodaqlar üçün kosmetik vasitələr istifadə etməmək mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: