Tüpürcək vəzilərinin absesi

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 4077

Tüpürcək vəzilərinin absesi nədir?Tüpürcək vəzilərinin absesi – öz sekretini (tüpürcəyi) ağız boşluğuna xaric edən ekzokrin vəzilərinin məhdud irinli iltihabıdır. Patologiya adətən sialadenit və ya sialolitiazın ağırlaşmasıdır və bakterial etiologiyaya malikdir. Tüpürcək vəzilərinin absesi ağızda quruluq, bədən temperaturunun yüksəlməsi, zəiflik, ödem, qızartı, atıcı ağrılar və zədə nahiyəsində dolqunluq hissi ilə təzahür edir. Xəstəliyin diaqnostikası obyektiv müayinə, vəzin sekretinin bakterial və sitoloji müayinəsi, USM, sialoqrafiya və s. əsaslanır. Tüpürcək vəzinin absesinin müalicəsi irinliyin cərrahi üsulla yarılması, drenajı və antibiotiklərlə terapiyadan ibarətdir.

  • Tüpürcək vəzilərinin absesinin səbəbləri
  • Tüpürcək vəzilərinin absesinin simptomları
  • Tüpürcək vəzilərinin absesinin diaqnostikası və müalicəsi
  • Tüpürcək vəzilərinin absesinin proqnozu və profilaktikası

Tüpürcək vəzilərinin absesi barədə ümumi məlumat

Tüpürcək vəzilərinin absesi, adətən, qulaqətrafı vəziləri zədələyir, lakin çənəaltı, dilaltı və kiçik tüpürcək vəzilərində də meydana çıxa bilər. Klinik halların yarısında patoloji proses cütün digər tüpürcək vəzisinə yayılır. Tüpürcək vəzilərinin absesi başqa lokalizasiyalı abseslər kimi piogen membrana malik olması ilə xarakterizə olunur; bu membran irinliyi ətraf strukturlardan və toxumalardan ayırır, lakin prosesin proqressivləşməsi zamanı irinli eksudatın toplanması infiltrativ kapsulun cırılmasına gətirib çıxarır. Belə hallarda fistulların əmələ gəlməsi və irinin ağız boşluğuna və ya dəri səthinə axması, yaxud irinli möhtəviyyatın ətraf toxumalara siraət etməsi nəticəsində fleqmonanın inkişafı mümkündür. Tüpürcək vəzilərinin absesi pasientin dərhal cərrahi stomatologiya şöbəsinə hospitalizasiyasını tələb edən təhlükəli xəstəlikdir.

Tüpürcək vəzilərinin absesinin səbəbləri

Tüpürcək vəzilərinin absesinin yaranma səbəbi bakterial infeksiyalardır (stafilokokk, streptokokk, anaerob mikroflora). Abses, bir qayda olaraq, tüpürcək vəzilərinin iltihabının (sialadenit) və ya tüpürcək daşı xəstəliyinin (sialolitiaz) ağırlaşmasıdır və bu xəstəliklər vaxtında müalicə olunmadıqda, həmçinin ağız boşluğunun gigiyenasına əməl olunmadıqda yaranır. Patologiya epidemik parotit zamanı qulaqətrafı vəzilərin spesifik iltihabı fonunda da yarana bilər. Bu virus xəstəliyi təkcə tüpürcək vəziləri üçün deyil, həm də başqa – mədəaltı, cinsiyyət və süd vəziləri üçün də təhlükəlidir. Kiçik uşaqlarda tüpürcək vəzilərinin absesi sitomeqaloviruslar tərəfindən törədilən sialadentitin ağırlaşması da ola bilər.

Tüpürcək vəzilərinin absesinin inkişafına keçirilmiş cərrahi əməliyyatlardan sonra ağız boşluğuna qənaətbəxş gigiyenik qulluq olunmaması zəmin yarada bilər. Belə ki, narkoz tüpürcək vəzilərinin funksiyalarını basqılayır, nəticədə tüpürcək ifrazı azalır və onun bakteriosid rolu zəifləyir. Bundan başqa, absesin yaranması tüpürcək vəzinin axarına yad cismin (kiçik sümükcüklər, toxum və s.) düşməsi ilə tez-tez əlaqəli olur. Tüpürcək vəzinin absesinin yaranması bir çox hallarda orqanizmin tükənməsi; virus (qrip, herpes), bakterial (vərəm, pnevmoniya) və xroniki (şəkərli diabet və s.) xəstəliklər nəticəsində immunitetin ümumi zəifləməsi fonunda baş verir.

Tüpürcək vəzilərinin absesinin simptomları

Absesin inkişafını tüpürcək vəzi xəstəliklərinin ümumi simptomları qabaqlayır. Ağızda xoşagəlməz dad yaranır, selikli qişaların quruluğu, çeynəmə və udma zamanı ağrı müşahidə olunur. İltihab nahiyəsində ödem və hiperemiya təzahür edir. Bədən temperaturunun 40 °C-ə qədər kəskin yüksəlməsi, ümumi zəiflik və nasazlıq qeyd olunur. İltihablaşmış vəzidə palpasiyada bərk, ağrılı törəmə hiss olunur. Absesin xarakterik inkişaf əlamətləri zədələnmiş tüpürcək vəzisində irinin toplanmasından xəbər verən atıcı ağrılar, həmçinin təzyiq və dolqunluq hissidir. Ağrı üst çənə, qulaqlar və boyuna yayılır.

Qulaqətrafı tüpürcək vəziləri zədələndikdə ödem yanaqlara, aşağı çənə nahiyəsinə və boynun yuxarı hissəsinə yayılır; pasient başını döndərəndə və ağzını açanda ağrı hiss edir. Abses dilaltı və çənəaltı lokalizasiya olunduqda ödem çənə nahiyəsində əmələ gəlir, udqunma zamanı güclü ağrı hiss olunur.

Xəstəlik çox sürətlə inkişaf edir: 1-2 günə irinli iltihab vəzin strukturuna yayılır və nekroz başlayır. 50% hallarda iltihabi proses cüt tüpürcək vəziyə keçir. İrinin çox miqdarda toplanması sonralar absesin açılmasına gətirib çıxarır. İnfiltrativ kapsul cırıldıqdan sonra irinli möhtəviyyat fistul vasitəsilə xaricə axır. İrinlik ağız boşluğunun ətraf toxumalarına siraət etdikdə çox ağır nəticələrin, məsələn, sepsislə sonlanan diffuz iltihabın (fleqmona) yaranması mümkündür.

Tüpürcək vəzilərinin absesinin diaqnostikası və müalicəsi

Tüpürcək vəzilərinin absesinin diaqnostikası stomatoloq tərəfindən aparılır, anamnez və müayinə prosesində əldə olunmuş məlumatlara əsaslanır. Patologiya sialadenit, sialolitiaz, tüpürcək vəzilərinin kistaları, şişləri və limfadenitlə differensiasiya olunur. Xəstəliyin törədicisini dəqiq müəyyənləşdirmək məqsədilə vəzi sekretinin bakterioloji müayinəsi təyin olunur. Bundan başqa, tüpürcək vəzilərinin USM-i və sialoqrafiya həyata keçirilir. Bu metodlar iltihabi prosesin lokalizasiyasını, mərhələsini və vəzin zədələnmə dərəcəsini aşkarlamağa imkan verir. Bir sıra hallarda xəstəliyin onkoloji xarakterini inkar etmək məqsədilə tüpürcək vəzinin toxuma materialının sitoloji müayinəsi aparılır.

Tüpürcək vəzilərinin absesinin müalicəsi stasionar şəraitdə cərrahi müdaxiləni tələb edir. Cərrah irinliyi yarır və möhtəviyyatını boşaldır. Daha sonra abses boşluğu drenə olunur və irinli eksudatın və tüpürcək daşlarının axını təmin olunur. İltihabi prosesin proqressivləşməsinin qarşısını almaq məqsədilə antibakterial preparatlar birbaşa zədələnmiş vəzin daxilinə yeridilir. Toxumaların nekrozu başlandıqda vəzi və ya onun bir hissəsi rezeksiya olunur. İrin boşluğunu açmaqla cərrah vəzin hansı hissələrinin fəaliyyət göstərə bildiyini, hansılarının isə artıq tüpürcək sintez edə bilməyəcəyini müəyyənləşdirir. Çıxarıcı axar nekrotik dəyişikliklərə məruz qalmadıqda vəzin bir hissəsi saxlana bilər, əks halda vəz bütünlüklə rezeksiya olunur.

Postoperativ dövrdə antibiotiklər, immun stimuləedici preparatlar, vitaminlər, fizioterapevtik prosedurlardan (lazer və maqnitoterapiya) ibarət kompleks müalicə təyin olunur. Reablitasiya zamanı həkim tərəfindən təyin olunmuş balanslaşdırılmış qidalanma böyük əhəmiyyət daşıyır.

Tüpürcək vəzilərinin absesinin proqnozu və profilaktikası

Tüpürcək vəzilərinin absesi ağır nəticələrə gətirib çıxaran çox ciddi xəstəlikdir; buna görə də ilk simptomlar meydana çıxanda diaqnozu dəqiq qoya və düzgün müalicə təyin edə biləcək həkimə mümkün qədər tez müraciət etmək lazımdır. Cərrahi əməliyyatın vaxtında aparılması, adətən, kafi proqnoz verməyə imkan verir; 14 gün ərzində sağalma baş verir. Gecikmiş xəstəlik zamanı iltihabi prosesin ətraf toxumalara yayılması və ağırlaşmaların, məsələn, osteomielit, fleqmona və sepsisin inkişafı mümkündür. Belə hallarda proqnoz qeyri-kafidir; xüsusi ağır vəziyyətlərdə hətta letal sonlanma baş verə bilər.

Profilaktik tədbirlər tüpürcək vəzilərinin absesindən və ağır fəsadlardan yayınmağa kömək edir. Xüsusən keçirilmiş cərrahi əməliyyatlardan sonra ağız boşluğu gigiyenasına hərtərəfli riayət etmək mühümdür. Sialadenit zamanı absesin inkişafının qarşısını almaq məqsədilə həkimin göstərişlərinə ciddi əməl etmək, həmçinin tam sağalmaya qədər siqaret çəkməni dayandırmaq mütləqdir. Ağızda quruluq olduqda güclü tüpürcək ifrazına səbəb olan qida məhsullarının

(limon, turşuya qoyulmuş kələm, zoğal və s.) qəbulu tövsiyə olunur; buna görə də həkimlə mütləq konsultasiya olunmalıdır. Bundan başqa, infeksion və xroniki somatik xəstəliklərin vaxtında müalicəsi, immunitetin gücləndirilməsi, həmçinin ağız boşluğunun müntəzəm sanasiyası mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: