Alveolit

Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 4291

Alveolit nədir?Alveolit – dişin çıxarılmasından sonra əmələ gəlmiş diş dəliyinin posttravmatik infeksiya və iltihabıdır. Patologiya dəliyində güclü ağrılar, ümumi vəziyyətin pozulması (zəiflik, bədən temperaturunun yüksəlməsi, baş ağrıları), çənəaltı limfa düyünlərinin böyüməsi, ağızdan xoşagəlməz, çürüntülü qoxunun gəlməsi ilə xarakterizə olunur. Bir neçə gün ərzində alveolit məhdud osteomielitə (çənə sümüyünün irinləməsi) inkişaf edə bilər. Alveolitin müalicəsi diş dəliyinin təmizlənməsi və antiseptik məhlullarla müntəzəm yuyulmasından ibarətdir. Diş dəliyi vaxtında sanasiya olunduqda proqnoz kafidir.

  • Alveolitin səbəbləri
  • Alveolitin klinik təzahürləri
  • Alveolitin diaqnostikası
  • Alveolitin müalicəsi

Alveolit barədə ümumi məlumat

Alveolit – ekstraksiya olunmuş dişin yerində qalmış dəliyin divarının kəskin iltihabıdır. Alveolitlə yanaşı, dəliyin özünün də zədələnməsi və onu əhatə edən diş ətinin əzilməsi müşahidə olunur.

Alveolitin səbəbləri

Alveolitə dişin ekstraksiyasından sonra rast gəlinir. Normada dəlik bir neçə gün ərzində sağalmalıdır və dişin çıxarılmasından bir gün sonra intensiv ağrı olmamalıdır. Yaranı örtən qan laxtası yerini dəyişdikdə və ya ümumiyyətlə əmələ gəlmədikdə o, infeksiyalaşır. Beləliklə, alveolit inkişaf edir və yara səthinin sağalması ləngiyir.

Postoperativ rejimin pozulması – ağız boşluğunun aktiv yaxalanması nəticəsində trombun yuyulması və yara səthinin çılpaq qalması yaranın infeksiyalaşması üçün şərait yaradır və alveolitin əsas səbəbi hesab olunur. Alveolitə ağız boşluğunun gigiyenasının pozulması, diş dəliyinə qidanın düşməsi də gətirib çıxara bilər. Qonşu dişlərin müalicə olunmamış kariesi və ağız boşluğunun iltihabi prosesləri alveolitə aparan digər faktorlardır. Buna görə də dişin ekstraksiyası üçün təxirəsalınmaz vəziyyət olmadıqda əvvəlcə karies müalicə olunur.

Dişlərin çıxarılması əməliyyatlarının təxminən 3%-i postekstraksion alveolitlə ağırlaşır. Alt azı dişlərinin ekstraksiyası zamanı alveolit daha çox diaqnostika olunur. Alt azı dişlərinin mürəkkəb yarılma ilə çıxarılması 20% hallarda alveolitlə ağırlaşır.

Alveolitin klinik təzahürləri

Dişin ekstraksiyasından sonra ağrı normal əlamətdir. Dəliklərin sağalma prosesində ağrı azalır və bir neçə gün sonra keçib gedir. Alveolit zamanı başlanğıcda diskomfort və ağrı sakitləşir, lakin dişin ekstraksiyasından 3-5 gün sonra dəlikdə güclü, bəzən pulsasiyaedici ağrı meydana çıxır. İnfeksion proses inkişaf etdikdə güclənir. Alveolitin ağırlıq dərəcəsi ağrı sindromu ilə xarakterizə olunur: mülayim və ya pulsasiya edən dözülməz ağrılar ola bilər. Ağrı yalnız çıxarılmış diş nahiyəsində müşahidə olunur; lakin bəzən üzün bütünlüklə yarısına irradiasiya edir.

Alveolit zamanı bədən temperaturu subfebril göstəricilərə qədər yüksəlir, dişlərin isti/ soyuq qidalara qarşı həssaslığı artır. Bəzən regionar limfa düyünləri böyüyür, ağızda acı dad və xoşagəlməz qoxu əmələ gəlir. Ağrı səbəbindən iştaha azalır, tüpürcək ifrazı isə artır. Dişin dəliyi kifayət qədər böyük olduqda alveolit üzün şişkinliyi ilə müşayiət olunur. Bəzən ümumi vəziyyətin pisləşməsi, zəiflik, tükənmənin artması, ağız boşluğunun selikli qişasında ikincili infeksiya ocağının yaranması müşahidə olunur.

Alveolitin diaqnostikası

Dişin ekstraksiyasından 3-5 gün sonra kəskin ağrıların meydana çıxması və dəliyin sağalma prosesinin uzanması alveolitin əsas əlamətləridir. Xroniki alveolit profilaktik müayinə zamanı, uzun müddət əvvəl ekstraksiya olunmuş dişin yerində, dəlikdə qranulyasiya toxumasının olmaması aşkarlana bilər; onun dibində tez-tez sümük toxuması görünür.

Dəyişilmiş toxumanın aşkarlanması və alveolit diaqnozunun təsdiqlənməsinə ekstraksiya olunmuş diş nahiyəsinin rentgenoqrafiyası və ya radiovizioqrafiyası kömək edir.

Alveolitin müalicəsi

Alveolitin müalicəsinin infeksiya ocağının aradan qaldırılması, fəsadların qarşısının alınması və qalan diş sırasının saxlanmasıdır.

Mexaniki metod kimi diş dəliklərinin mexaniki təmizlənməsi və sonra nitrofural və ya hidrogen peroksidlə qalıq irinin yuyulmasına müraciət olunur. Ağrı sindromunun dəf edilməsi məqsədilə analgetiklərlə və antiseptiklərlə yerli aplikasiya istifadə olunur. Hər 30 dəqiqədən bir soyuq kompres qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar. Tablet şəkilli analgetiklərin təyini məqsədyönlü deyil, çünki onlar kəskin qastritə rəvac verə bilər.

Yanaşı gedən xəstəliklər və immunitetin zəifləməsi zamanı antibiotiklər təyin olunur. Alveolitin simptomlarının bir neçə gün ərzində sönməməsi məhdud osteomielitin inkişafını göstərir. Stomatoloqa vaxtında müraciət etdikdə və müalicə aparıldıqda alveolit bir neçə gün ərzində keçib gedir; qalıq dəlik ağrıları 2-3 həftəyə qədər uzana bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: