Dil absesi

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 3273

Dil absesi nədir?Dil absesi – dildə infiltrativ kapsulla əhatə olunmuş irinliyin əmələ gəlməsi ilə xarakterizə olunan lokal irinli-nekrotik iltihabdır. Patologiya nasazlıq, bədən temperaturunun yüksəlməsi, dilin ağrılı şişkinliyi, danışıq, qida qəbulu və hətta tənəffüsün çətinləşməsilə özünü göstərir. Abses obyektiv müayinə, punksiya və irinlik möhtəviyyatının mikrobioloji müayinəsinin nəticələrinə əsasən diaqnostika olunur. Dil absesinin müalicəsi irinliyin cərrahi yarılması, ağız boşluğunun antiseptik məhlullarla yaxalanması, antibakterial və iltihab əleyhinə preparatlarla sistemli terapiya, vitaminlərin qəbulundan ibarətdir.

  • Dil absesinin inkişaf səbəbləri
  • Dil absesinin simptomları
  • Dil absesinin diaqnostikası və müalicəsi
  • Dil absesinin proqnozu və profilaktikası

Dil absesi barədə ümumi məlumat

Dil absesi – irinli eksudatla dolu boşluğa malik, piogen membranla hüdudlanmış dil toxumasının lokal iltihabi ocağıdır. Patologiya cərrahi-stomatologiyada kifayət qədər çox rastlanan xəstəliklərə aiddir. Əksər hallarda absesin yaranma səbəbi patogen mikrofloranın dilin yaralanmış nahiyəsindən onun toxumasına daxil olması ilə bağlıdır. Dil absesi, xüsusən dilin kökü nahiyəsində lokalizasiya olunduqda ağız boşluğunun ən təhlükəli irinli-iltihabi xəstəliklərindən biridir. Vaxtında və adekvat müalicə olunmadıqda xəstəlik ağır fəsadların – fleqmonoz qlossit, boyun fleqmonası və mediastinitin inkişafına səbəb ola; letal sonlana bilər. Buna görə də dil absesinin ilk simptomları təzahür etdikdə vaxt itirmədən mütəxəssisə müraciət etmək həddən artıq vacibdir.

Dil absesinin inkişaf səbəbləri

Dil absesinin inkişafının birbaşa səbəbi bakterial infeksiyadır; etioloji agent kimi, adətən, stafilokokklar, streptokokklar və anaerob mikroflora çıxış edir. Bakteriyaların daxil olmasına müxtəlif travmalar (dilin selikli qişasının balıq sümüyü, dişlərin iti kənarı, düzgün hazırlanmamış diş protezləri və s. ilə zədələnməsi) nəticəsində əmələ gəlmiş yaralar səbəb olur. Patologiyanın inkişafı ön, aşağı dişlərin iltihabının, məsələn, irinli periodontitin yayılması nəticəsində mümkündür. Dil absesi qlossit, xoralı stomatit, bəzən kəskin tonzillitin ağırlaşması ola bilər. Bundan başqa, abses infeksiyanın dilin inkişaf etməmiş kor (Morqan) yarığı vasitəsilə yayılması nəticəsində də yarana bilər.

Dilin quruluşunun anatomik xüsusiyyətləri iltihabi prosesin orqanın müxtəlif şöbələrinə yayılmasında mühüm rol oynayır. Dilin yuxarı hissəsinin boylama, köndələn və vertikal əzələ dəstələri arasında birləşdirici toxumanın əhəmiyyətli dərəcədə təbəqələməsi yoxdur. Dilin əzələ qruplarını sağ və sol yarıya ayıran sıx, lifli arakəsmə iltihabın yayılmasına müəyyən qədər mane olur. Buna görə də dilin bir tərəfində inkişaf etmiş abses çox nadir hallarda orta xətti keçərək dilin digər tərəfinə yayılır. Dərin qatlarda yerləşən əzələlər (çənəaltı-dil, biz-dil və dilaltı-dil) arasında kifayət qədər çox hüceyrə və limfa düyünləri yerləşir. Bu nahiyədə lokalizasiya olunmuş abses çox təhlükəlidir və irinli-iltihabi prosesin yaxınlıqda yerləşən boyun toxumalarına və divararalığına yayılmasına rəvac verir.

Dil absesinin simptomları

Dil absesi, bir qayda olaraq, çox sürətlə inkişaf edir. Lokalizasiyasına görə səthi və dərin abseslər ayırd edilir. Səthi abses birbaşa selikli qişanın altında, adətən, dilin kürəyində yerləşir. Udqunma və dilin hərəkətləri zamanı pasiyent kəskin ağrı hiss edir, bəzən bu ağrılar qulaqlara irradiasiya edə bilər. İnspeksiyada selikli qişanın hiperemiyalı, ödemli hissəsi aşkarlanır; palpasiyada ağrılı bərkimə hiss olunur. Dilin səthi absesləri bəzən müstəqil şəkildə yarılır; bundan sonra xəstənin vəziyyəti yüngülləşir. Lakin ağırlaşmalardan sığortalanmaq üçün mütləq mütəxəssisə müraciət olunmalıdır.

Dərin abses dilin içərisində lokalizasiya olunur. Patologiyanın bu forması üçün ümumi səhhətin pisləşməsi – zəiflik, nasazlıq, iştahanın və yuxunun pozulması, baş ağrıları, taxikardiya, bədən temperaturunun 38–40°C-ə qədər yüksəlməsi, bəzən titrəmə xarakterikdir. Submental və submandibulyar limfa düyünlərinin böyüməsi, güclü tüpürcək ifrazı, dilin ödemi və ağrıları müşahidə olunur. Onun selikli qişası göyümtül çalar alır, çirkli-boz rəngli ərplə örtülür; ağız boşluğundan çürüntü qoxusu gəlir.

Dilin ölçüləri böyüyür; bəzən elə həddə qədər böyüyür ki, xüsusən irinlik dil kökündə lokalizasiya olunduqda orqanın ağız boşluğunda yerini dəyişmək mümkün olmur. Bu səbəbdən nitq aydın olmur, tənəffüs çətinləşir; bu, pasiyentin oyanıqlığına və qorxu hissinə səbəb olur. Bundan başqa, xəstə məcburi oturaq vəziyyət alır. Palpasiyada bərk, ağrılı infiltratın olması aşkar olunur; aydın olmayan fluktuasiya zamanı irinliyin aşkarlanması məqsədilə punksiyadan istifadə olunur. Dilin mərkəzində residivləşən absesin müşahidə olunması kor yarığın natamam inkişafının əlamətidir.

Dil absesinin diaqnostikası və müalicəsi

Dil absesi stomatoloq tərəfindən anamnez, klinik təzahürlər və mühüm laborator müayinələrə əsasən diaqnostika olunur. Qanın ümumi analizinin nəticələrinə əsasən iltihabi prosesin əlamətləri – EÇS-in yüksəlməsi və leykositoz təyin olunur. Törədicinin müəyyənləşdirilməsi məqsədilə irinliyin mikrobioloji əkilməsi aparılır. Rentgenoloji müayinə dil absesinin differensial diaqnostikası, infeksiyanın odontogen mənbəyinin dəqiqləşdirilməsi və fəsadlaşmaların aşkarlanması məqsədilə informativdir. Dil absesini oxşar simptomatikalı xəstəliklərdən – ağız boşluğu dibinin fleqmonası (Lüdviq anginası), submental limfatik düyünlərin absesləşən limfadeniti və başqa patologiyalardan differensiasiya etmək vacibdir.

Dilin səthi abseslərinin müalicəsi konservativ tədbirlərdən – antiseptik preparatlarla (məsələn, xlorheksidin və ya nitrofural) ağız boşluğunun yaxalanması, antibakterial preparatların qəbulundan başlanır. Bu müalicə tədbirləri bir çox hallarda cərrahi müdaxilədən qaçmağa imkan verir; lakin konservativ müalicə effekt vermədikdə cərrahi əməliyyata müraciət olunur.

Dilin dərin abseslərinin müalicəsi yalnız cərrahi yolla aparılır. İnfeksiyanın sonrakı yayılmasının qarşısını almaq məqsədilə stomatoloq-cərrah irinliyi boylama kəsiklə yarır. İrinlik dilin kökündə lokalizasiya olunduqda irinliyin yarılması alt dodağın altından, çənə nahiyəsindən, dəri üzərindən aparıla bilər. Absesin divarlarının təşrihi zamanı, adətən, irinin yüksək təzyiq altında xaric olması müşahidə olunur, və pasiyent, demək olar ki, dərhal tənəffüsün və udmanın yüngülləşməsini hiss edir. Bundan sonra absesin boşluğu antibiotikli proteolitik ferment məhlulları ilə yuyulur, sonra isə irinli eksudat axınının təmin olunması üçün yara drenə olunur. Çətinləşmiş tənəffüs simptomları artdıqda traxeotomiya icra olunur. Cərrahi müalicədən başqa, həm də antibiotiklər, antihistaminlər və iltihab əleyhinə preparatlarla terapiya, polivitaminlərin qəbulu, ağız boşluğunun antiseptiklərlə, o cümlədən, soda və ya kalium permanqanat məhlulu ilə yaxalanması; isti, müalicəvi bitki (çobanyastığı və adaçayı) dəmləmələri ilə qarqara təyin olunur. Bununla yanaşı, kompleks müalicədə UYT terapiyadan da istifadə tövsiyə olunur.

Dil absesinin proqnozu və profilaktikası

İrinli-iltihabi xəstəliyin müalicəsinin uğuru mütəxəssisə müraciət vaxtından və pasiyentin ümumi sağlamlıq vəziyyətindən çox asılıdır. Dil absesi zamanı müalicə tədbirlərinə vaxtında başlandıqda proqnoz kafidir – xəstəlik 14 gün ərzində sağalır. Patologiyanın xeyli gecikmiş formalarında ağır fəsadların – fleqmona, mediastinit və sepsisin inkişafı mümkündür. Belə hallarda proqnoz qeyri-kafidir; hətta letal sonlanma mümkündür.

Dil absesinin inkişafının profilaktikası məqsədilə ağız boşluğu gigiyenası qaydalarına hərtərəfli riayət etmək və selikli qişanın travmalarından yayınmaq tövsiyə olunur. Abseslə ağırlaşa bilən xəstəlik diaqnostika olunduqda onun vaxtında və düzgün müalicəsi mütləqdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: