Alveokokkoz

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1315

alveokokkoz nədir?Alveokokkoz – alveokokk lentşəkilli qurdlarının larvaları tərəfindən törədilən və ilkin ocağın qaraciyərdə formalaşması ilə gedən parazitar xəstəlikdir. Fəsadlaşmamış formalarında alveokokozun təzahürləri övrə, dəri qaşınması, hepatomeqaliya, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi və ağrı, ağızda acı dad, gəyirmə və ürəkbulanma meydana çıxır. Alveokokkozun ağırlaşmaları parazitar şişlərin irinləməsi, törəmənin abdominal və ya plevral boşluğa açılması, mexaniki sarılıq, portal hipertenziya, alveokokların baş beynə və ağciyərlərə metastazı şəklində özünü göstərə bilər. Xəstəliyin diaqnostikası məqsədilə qaraciyərin USM-i və ssintiqrafiyası, angioqrafiya, abdominal və  plevral rengenoqrafiya /KT həyata keçirilir. Alveokokkozun cərrahi müalicəsi parazit əleyhinə müalicə ilə tamamlanır.

  • Alveokokkozun səbəbləri
  • Alveokokkozun simptomları
  • Alveokokkozun diaqnostika və müalicəsi
  • Alveokokkozun proqnoz və profilaktikası

Аlveokokkoz barədə ümumi məlumat

Alveokokkoz (alveolyar və ya çoxkameralı exinokokkoz) – Alveococcus multilocularis helmintlərinin larvalar mərhələsinin tərəfindən törədilən sistozdur. Patologiya infiltrativ prosesə və ya ağciyərlər, baş beyin və başqa orqanlara metastaza gətirib çıxaran qaraciyərin şişəbənzər zədələnməsinə səbəb olur. İnsan alveokokozu nadir rastlanan, endemik zonalarda xəstələnmə 0,01-0,08% təşkil edən, təbii-ocaqlı helmintozlara aid edilir. Alveokokkoz klinik hallarına Kanada, ABŞ, Avropa (Almaniya, Avstriya, Fransa, İsveçrə), Asiya, Rusiya (Yakutiya, Kamçatka, Qərbi Sibir, Povolje) ərazisində rast gəlinir. Xəstəliklə cavan və orta yaşlı, əsasən, ovla məşğul olan  insanlar xəstələnirlər.

Аlveokokkozun səbəbləri

İnsan üçün Echinococcine yarım-ailəsinin yastıqurdlar tipinə aid olan Alveococcus multilocularis helmintlərinin larvalar mərhələsi təhlükə törədir. Alveokokkların cinsi yetişkən formaları quruluşuna görə exinokoklara yaxındır; lakin onlardan skoleksində qarmaqların miqdarına (adətən, 28-32 ədəd), uşaqlıqda yan budaqların olmamasına, cinsi yarığın seqmentin ön hissəsində yerləşməsinə görə fərqlənirlər. Parazitlərin əsas fərqi finnaların quruluşundadır; belə ki, alveokokkda onlar qatı kütlə ilə dolu salxımvarı qovuqcuqlar formasına malikdir. Qız qovuqcuqlar tumurcuqlanma yolu ilə yaranır və exinokokkdakı kimi daxilə deyil, xaricə böyüyür,.

Yetkin alveokokklar 1,6-4 mm ölçülü olub başında 4 sormac və qarmaqlar, 2-3 seqmentə malikdir. Son seqmentdə içərisində təxm. 400 yumurta olan şarabənzər uşaqlıq yeləşir. Lentşəkilli qurd qütb tülküsü, canavar, it, pişiyin bağırsağında parazitlik edi. Bu canlılar alveokokların əsas sahibləridir. Yetişmiş yumurtalar heyvanların nəcisi ilə ətraf mühitə düşür, oradan aralıq sahibinin (siçanlar, ondatralar, çay qunduzu, Cənubi Amerika qunduzu və insan) orqanizminə daxil olur və burada parazitin larvaları inkişafı gedir. İnsanın alveokokozla yoluxması ov,  ölü heyvanların cəsədinin yarılması, dərinin çıxarılması və emalı, ev heyvanları ilə kontakt, helmint yumurtaları ilə çirklənmiş meşə otları və giləmeyvələrinin istehlakı zamanı helmint onkosferinin ağıza ötürülməsi baş verə bilər.

İnsan orqanizmində alveokokkun larvaları yumurtadan çıxır və qan cərəyanı ilə qaraciyərə gətirilir. Burada o, demək olar ki, daimi qalır. Başqa orqanların birincili alveokokozu həddən artıq nadir hallarda müşahidə olunur. Larvalar qaraciyərdə diaqmetri 2-4 mm olan qovuqlara çevrilir və ekzogen tumurcuqlanma yolu ilə çoxalmağa başlayır. Qaraciyərin birləşdirici toxuma stromasında tədricən diametri 0,5-30 sm və daha çox olan bərk, kiçik zəif kələ-kötür formalı parazitar şiş formalaşır. Alveokokk düyününün kəsiyi çoxlu xitin qovuqcuqlardan ibarət məsaməli pendirə (və ya məsaməli təzə çörək) bənzəyir. Analoji bədxassəli şişlər, parazitar düyünlər ətraf toxuma və orqanlara (böyük piylik, diafraqma, mədəaltı vəzi, sağ böyrək, böyrəküstü vəzi, ağciyərlər və s.), limfatik yollara və qan damarlarına siraət edə, qan damarları ilə bütün orqanizmə yayılaraq ayrı-ayrı metastazlara, daha çox baş beynə metastazlara səbəb ola bilər.

Аlveokokkozun simptomları

Alveokokkozun inkişafında simptomsuz, fəsadlaşmamış və fəsadlaşmış mərhələlər ayırd edilir. Alveolyar exinokokkozun gedişatının xarakteri ləng proqressivləşən, aktiv proqressivləşən və bədxassəli ola bilər. Alveokokkozun klinikaönü mərhələsi uzun illərlə (5-10 il və daha çox) davam edə bilər. Bu dövrdə xəstələri övrə və dəri qaşınması narahat edir. Alveokokkozun bu dövrdə aşkarlanması başqa xəstəliyin müayinəsi zamanı USM-in köməyilə baş verə bilər. Xəstəliyin erkən manifest mərhələsində simptomlar azspesifik olub hepatomeqaliya, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi və küt ağrı, epiqastral nahiyədə təzyiq hissi, ağızda acılıq, ürəkbulanmadan ibarətdir. İnspeksiya zamanı tez-tez qarnın assimmetriyası və böyüməsi; palpasiyada qaraciyərdə bərk, nahamar kələ-kötür səthli düyünlər müəyyənləşdirilir. Xəstələr zəiflik, iştahanın azalması, arıqlama hiss edirlər. Alveokokkoz zamanı qaraciyər koliki periodik tutmaları, dispeptik  pozulmalar mümkündür.

Alveokokkozun daha çox rastlanan ağırlaşması öd yollarının kompressiyası nəticəsində əmələ gəlmiş mexaniki sarılıqdır. Bakterial infeksiyalar qoşulduqda qaraciyər absesi inkişaf edə bilər. Bu patologiya sağ qabırğaaltı nahiyədə ağrıların güclənməsi, hektik hərarət, titrəmə, şiddətli tərlə müşayiət olunur. Parazitar boşluq açıldıqda irinli xolangit, peritonit, plevranın empieması, perikardit, plevra – qaraciyər və bronx – qaraciyər fistulları, aspirasion pnevmoniya inkişaf edə bilər. Şiş konqlomeratlarının qaraciyər qapısına təzyiqi zamanı qida borusu venalarının varikoz genişlənməsi, qida borusu və mədə qanaxmaları, splenomeqaliya, assitlə müşayiət olunan portal hipertenziya yaranır. Böyrəklər prosesə cəlb olunduqda proteinuriya, hematuriya, piuriya inkişaf edir, sidikçıxarıcı yolların infeksiyaları prosesə qoşulur. İmmunopatoloji proseslər nəticəsində xroniki qlomerulonefrit, amiloidoz və xroniki böyrək çatışmazlığı formalaşır.

Alveokokkun metastazlaşması daha çox baş beyində baş verir; bu zaman ocaqlı və ümumi beyin simptomları (Cekson tutmaları, mono- və hemiparezlər, başgicəllənmə, baş ağrıları, qusma) meydana çıxır. Patologiyanın ağır və sürətli gedişə malik formaları hamilələrdə, immun defisitli, həmçinin yanaşı gedən ağır xəstəliklərdən əziyyət çəkən pasientlərdə müşahidə olunur. Alveolyar exinokokkoz tez-tez letal sonlanır.

Аlveokokkozun diaqnostikası və müalicəsi

Alveokokkoz şübhəsi olan xəstələrin müayinəsi zamanı epidemoloji anamnez (endemik zonalarda yaşamaq, ovla məşğul olmaq, yabanı giləmeyvələrin toplanması, vəhşi heyvanların cəsədlərinin yarılması və dərisinin emalı, peşə riskləri və s.) müəyyənləşdirilir.  Erkən mərhələlər üçün müsbət allergik testlər (eozinofiliya, exinokok antigenləri ilə Kazoni reaksiyası) xarakterikdir. Alveokokkozun laborator diaqnostikasının spesifik metodlarına immunoloji reaksiyalar (QDHR (qeyri-düz hemaqlütinasiya reaksiyası), LAR (lateks aqlütinasiya reaksiyası), İFA), ZPR aiddir. Alveolyar qaraciyər exinokokkozunun aşkarlanması, parazitar düyünlərin ölçülərinin və yerləşməsinin təyini məqsədilə qarın boşluğunun ümumi rentgenoqrafiyası, qaraciyərin USM-i və doppleroqrafiyasından istifadə olunur. Qeyri-invaziv alternativ arterioqrafiya və splenoportoqrafiya kompyuter tomoqrafiyadır. Ağır vəziyyətlərdə qaraciyərin ssintiqrafiyası, diaqnostik laparoskopiya tətbiq olunur.

Alveokokkoza şübhə olduqda qaraciyərin başqa ocaqlı zədələnmələri – şişləri, hemangiomaları, polikistozu, sirrozu, exinokokozu istisna olunur. Metastazların aşkarlanması məqsədilə döş qəfəsinin rentgenoqrafiyası, baş beynin MRT-i, böyrəklərin və böyrəküstü vəzilərin USM-i və s. aparılır.

Qaraciyərin alveokokozu zamanı cərrahi müalicə, əlavə antiparazitar terapiya göstərişdir.  Daha çox tətbiq olunan cərrahi metod qaraciyərin sağlam toxuma sərhəddində rezeksiyasıdır (seqmentektomiya, lobektomiya), lakin parazitar şişlərin radikal kəsilməsi yalnız 15-25% hallarda mümkündür. Düyünün radikal eksiziyası (kəsilib kənarlaşdırılması) mümkün olmadıqda onun hissəvi rezeksiyası və ya sonrakı kimyaterapevtik preparatlarla (tripaflavin, formalin məhlulu) infiltrasiya və ya parazitar toxumaların kriotəsirin köməyilə  zədələnməsi ilə qaşınıb çıxarılması həyata keçirilir. Ayrı-ayrı klinik hallarda parazitar kavernaların marsupializasiyası, ödçıxarıcı yolların stentlənməsindən istifadə olunur. Alvekokkozun sistemli antiparazitar terapiyası levamizol, mebendazolla həyata keçirilir.

Аlveokokkozun proqnozu və profilaktikası

Parazitar şişlərin ləng və simptomsuz inkişafı alveokokkoza əksər hallarda gec diaqnoz qoyulmasına gətirib çıxarır və bu isə radikal müalicə aparmağa imkan vermir. Alveolyar exinokokkoz zamanı proqnoz kifayət qədər ciddidir: müalicəsiz 10 illik sağqalma 10-20%-i aşmır. Xəstələrin ölümü irinli ağırlaşmalar, qaraciyər çatışmazlığı, profuz qanaxma, şişin ətraf toxumalara siraət etməsi və onların funksional pozulmaları, beynə uzaq metastazlar və sairdən baş verir.

Alveokokozun profilaktikası ev heyvanlarının dehelmintasiyası, baytar nəzarəti, vəhşi heyvanlarla qarşılıqlı əlaqə zamanı təhlükəsizlik qaydalarına riayət, endemik zonaların əhalisi arasında  sanitar-maarifləndirici işin aparılması ilə reallaşdırılır. Alveokokoz riski yüksək olan insanlara (çobanlar, ovçular, heyvan fermalarının işçiləri və s.) müntəzəm olaraq skrininq müayinələr aparılır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: