İnfeksion kolit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1627

infeksion kolit nədir?İnfeksion kolit – yoğun bağırsağın polietioloji iltihabi xəstəliyi olub, şərti-patogen bağırsaq florasının aktivləşməsi və ya patogen mikroorqanizmlərin xarici mühitdən daxil olması nəticəsində yaranır. İnfeksion kolit selik, bəzən isə qan qarışıqlı diareya, qarında ağrı, ümumi intoksikasiya və dehidratasiya əlamətləri ilə təzahür edir. Diaqnoz klinik məlumatlar, nəcisin əkilməsi və qanın ümumi analizinin nəticələrinə əsasən qoyulur. Ehtiyac yarandıqda rektoromanoskopiya və kolonoskopiya aparılır. İnfeksion kolit konservativ yolla müalicə olunur. Bu məqsədlə antibiotikoterapiya, antiparazitar preparatlar, dezintoksikasiya, rehidratasiya tətbiq edilir.

  • Yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • İnfeksion kolitin əlamətləri
  • Diaqnostika
  • İnfeksion kolitin müalicəsi
  • Proqnoz və profilaktika

İnfeksion kolit barədə ümumi məlumat

Infeksion kolit – yoğun bağırsağın kəskin (az hallarda – xroniki) iltihabi xəstəliyidir. Patologiya müxtəlif növ bakteriya, ibtidailər, bəzən isə parazitlər və bir sıra viruslar tərəfindən törənir. Prosesə adətən mədə-bağırsaq traktının digər şöbələri də qoşulur. Hesab olunur ki, hər bir insan həyatında ən azı 1 dəfə kəskin infeksion kolitin əlamətləri ilə qarşılaşır. İlin isti aylarında problemin aktuallığı daha da artır. Xəstəlik isti iqlimi və içməli su problemi olan ölkələrdə, eləcə də kommunikasiyanın inkişaf etmədiyi ərazilərdə – Afrika, Cənub-Şərqi və Orta Asiyada geniş yayılmışdır. Hər iki cinsin nümayəndələri arasında patologiyanın rastgəlmə tezliyi eynidir. İnfeksion kolitə az yaşlı uşaqlarda daha çox təsadüf olunur. Xəstəlik səhvən qeyri-spesifik infeksion kolit və ya yoğun bağırsağın digər xəstəlikləri kimi qiymətləndirildikdə pasiyentlər proktologiya şöbəsinə yerləşdirilə bilər.

İnfeksion kolitin yaranma səbəbləri

İnfeksion kolitin yaranma səbəbləriİnfeksion kolitin əsas törədicisi müxtəlif növ bakteriyalardır. Xəstəliyin yaranmasında əksər hallarda şigella (dizenteriyanın törədicisi), bağırsaq çöpü, salmonella, klostridium, qarın yatalağı çöpü, kampilobakteriya, protey, stafilokokklar iştirak edir. Adenovirus, enterovirus infeksiyaları, bəzən isə rotavirusların törətdiyi xəstəliklər zamanı infeksion kolitin əlamətləri müşahidə edilir. Kolitin inkişafına amöba, lyambliya, parazitlərin digər növləri də səbəb ola bilir.

Bir sıra xəstələrdə infeksion kolit vərəm və ya sifilisin fəsadı kimi meydana çıxır. İmmunitetin həddindən artıq zəiflədiyi hallarda xəstəlik göbələklər (kandida, aktinomisetlər) tərəfindən yarana bilər. Göbələk mənşəli infeksion kolit QİÇS-in markerlərindən sayılır. Xəstəliyin bu növünə kimyaterapiya alan onkoloji xəstələrdə və ya steroid hormonlardan uzun müddət istifadə edən şəxslərdə də rast gəlinir. Antibiotikoterapiya və ya kimyəvi preparatların qəbulu ilə assosiasiyalı disbakterioz zamanı şərti-patogen bakteriyaların (məsələn, klostridium) aktivləşməsi infeksion kolitə gətirib çıxara bilər.

İnfeksion kolitin patogenezi

İnfeksion kolit zamanı yoğun bağırsaqda iltihabi dəyişikliklər baş verir, motorika pozulur, endotel hüceyrələri tərəfindən mayenin ifrazı güclənir. Suyun geriyə sorulması pozulur, toksinlərin bağırsaq divarından keçməsi sürətlənir. Bütün bu proseslər orqanizmin ümumi intoksikasiyasına səbəb olur.

İnfeksion kolitin təsnifatı

Morfoloji dəyişikliklərdən asılı olaraq, infeksion kolitin aşağıdakı formaları ayırd edilir: kataral, fibroz, kataral-hemorragik, fleqmanoz, fleqmanoz-qanqrenoz və nekrotik. Proses sürətlə proqressivləşərək, bir formadan digərinə keçə bilər. Bəzən isə xəstəlik eyni inkişaf mərhələsində dayanır. Xəstəliyin forması həm də törədicinin növündən asılıdır. Kataral formalar virus xəstəliklərində, kataral-hemorragik kolit isə dizenteriya zamanı müşahidə edilir. Klostridium adətən nekrotik və fleqmonoz-qanqrenoz kolitin yaranmasına səbəb olur.

İnfeksion kolitin əlamətləri 

İnfeksion kolitin əlamətləri Xətəliyin klinik əlamətləri onun etiologiyasından asılı olaraq dəyişir. Lakin bütün formalar üçün kəskin və yarımkəskin başlanğıc, selikli diareya, qarında spazm xarakterli ağrılar, bədən hərarətinin yüksəlməsi, halsızlıq, selikli qişaların quruluğu, dilin ağ ərplə örtülməsi xarakterikdir. Prosesə nazik bağırsaq qoşulduqda (enterokolit) nəcis kütlələrinin miqdarı artır, mayenin itirilməsi sürətlənir, dehidratasiya əlamətləri güclənir. Törədicilərin nazik və yoğun bağırsaqla yanaşı, mədəyə yayıldığı hallarda (qastroenterokolit) xəstəlik qusma ilə özünü büruzə verir.

Dizenteriya zamanı adətən S-vari bağırsaq zədələnir. Xəstəlik nəcis kütlələrinin az miqdarda ifraz olunması ilə gedən ishalla təzahür edir. Defekasiya aktlarının sayı gün ərzində 3-20, bəzən daha artıq olur. Nəcisdə selik və qan aşkarlanır. Ağır formalarda defekasiya zamanı yalnız selik və qanlı axıntı (rektal tüpürcək) ifraz olunur. Pasiyentlər qarın nahiyəsində yaranan kəskin ağrılardan şikayət edirlər. Ağrı ilə bərabər, bədən hərarətinin febril həddə qədər yüksəlməsi, ifadəli intoksikasiya əlamətləri, huşun qaranlıqlaşması və ya itirilməsi müşahidə edilir.

Amöbiaz zamanı oxşar klinik əlamətlər meydana çıxır. İnfeksion kolitin bu növü bir o qədər də kəskin inkişaf etmir. Prosesə kor, qalxan çənbər bağırsaq və ya yoğun bağırsağın bütün hissələri cəlb olunur. Selik və qan qarışıqlı nəcis moruqlu jeleni xatırladır. İntoksikasiya əlamətləri zəif ifadə olunur. Xəstəlik xroniki və ya residivləşən xarakter alır.

Salmonella mənşəli infeksion kolit bataqlıq palçığı rəngdə, xoşagəlməz iyli ishalla təzahür edir. Prosesə nazik bağırsaq da qoşulduğundan nəcis kütlələri sulu konsistensiyalı olur. Pasiyentlərdə bədən temperaturu yüksəlir. Ağır formalı infeksion kolit sepsis və ya septisemiya ilə fəsadlaşa bilir.

Klostridium etiologiyalı psevdomembranoz kolit antibiotikoterapiya, kimyaterapiya fonunda və ya ağır disbioz zamanı yarana bilər. Kolitin bu forması qızdırma, qarında tutmaşəkilli ağrılar, sulu, irin iyli nəcis ifrazı (diareya) ilə xarakterizə olunur. Psevdomembranoz infeksion kolit tez-tez residivləşir. Xəstəlik bağırsağın nekrozuna gətirib çıxara bilər.

İnfeksion kolitin diaqnostikası

İnfeksion kolitin diaqnostikasında laborator analizlər mühüm rol oynayır. Xəstəliyin etiologiyasını təyin etmək üçün nəcisin virusoloji, parazitoloji, bakterioloji müayinəsi aparılır. Bir sıra hallarda bu və ya digər törədiciyə qarşı anticisimləri aşkar etmək məqsədilə qan zərdabı yoxlanılır. Septiki ağırlaşmalara şübhə yarandıqda qanın sterilliyə görə əkilməsi yerinə yetirilir. Bakterial infeksion kolit zamanı qanın ümumi analizində formulanın sola meylliyi ilə leykositoz, EÇS-nin yüksəlməsi izlənilə bilər. Virus mənşəli kolitlərdə limfositlərin, parazitar infeksiya zamanı isə əsasən eozinofillərin səviyyəsi artır.

Morfoloji dəyişikliklər qeyri-spesifik olduğundan endoskopik müayinə  köməkçi xarakter daşıyır. Bu üsuldan kolitin yoğun bağırsağın digər xəstəlikləri ilə differensial diaqnostikasının aparılmasında istifadə olunur. Rektoromanoskopiya bakterial dizenteriya, psevdomembranoz infeksion kolit zamanı tətbiq edilir. Xəstəliyin fəsadlaşmasından şübhələndikdə qarın boşluğu orqanlarının USM göstəriş sayılır. İnfeksion kolit Kron xəstəliyi, divertikulit, divertikulyar xəstəlik, disbiozla differensiasiya edilir. Həmçinin infeksion kolitin müxtəlif formalarını öz aralarında fərqləndirmək lazımdır, çünki müalicə taktikası xəstəliyin etiologiyasına müvafiq şəkildə təyin edilir.

İnfeksion kolitin müalicəsi

Spesifik müalicə məqsədilə ilk növbədə antibiotiklərdən (peroral qəbul arzuolunandır) istifadə edilir. Dizenteriya zamanı seçim preparatları flüorxinolon və ya 8-oksixinolondur. Salmonellyoz və ya bağırsaq çöpü tərəfindən törədilən infeksion kolitdə qram-mənfi floraya təsir edən III və IV nəsil sefalosporinlər tətbiq edilir. Psevdomembranoz kolit metronidazolla müalicəyə daha yaxşı tabe olur. Amöbiaz zamanı birbaşa və ya dolayı təsirli amebosidlər (xiniofon, xloroxin), tetrasiklin sırasından olan antibiotiklər, metronidazol təyin edilir. Göbələk mənşəli infeksion kolitdə antifunqisid təsirli preparatlar məsləhət görülür.

İnfeksion kolitin müalicəsində vacib məqam rehidratasiyadır. Qusma ilə müşayiət olunmayan yüngül və orta dərəcəli dehidratasiya zamanı xüsusi duz məhlulları (peroral) qəbul edilir. Xəstənin vəziyyəti ağır olduqda infuzion rehidratasiya və dezintoksikasion terapiya aparılır. İnfeksion kolitin müalicəsi zamanı yanaşı olaraq, probiotiklər və ferment preparatlarının qəbulu tövsiyə edilir.

İnfeksion kolitin proqnoz və profilaktikası

Hazırda infeksion kolitin effektiv etioloji müalicə üsulları tətbiq edildiyindən xəstəliyin proqnozu olduqca qənaətbəxş sayılır. Klostridium, salmonella, göbələk mənşəli ağır formalı kolitlərdə, eləcə də onkopatologiyadan və QİÇS-dən əziyyət çəkən xəstələrdə proqnoz pisləşir. Uşaqlarda infeksion kolit daha ağır gedişli olur.

Xəstəliyin başlıca profilaktika üsulu gigiyenadır. Qida məhsullarının təmizliyinə və yararlılıq müddətinə, həmçinin içməli suyun keyfiyyətinə ciddi nəzarət etmək məsləhət görülür.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: