Lyamblioz
Lyamblioz – bağırsaq lyambliyası tərəfindən törədilən və həzm pozğunluğu ilə gedən parazitar infeksiyadır. Lyambliozun klinikasında qastrointestinal sindrom (ürəkbulanma, qarında ağrı, meteorizm, dəyişkən nəcis ifrazı) üstünlük təşkil edir. Xəstələrdə həmçinin intoksikasion, allergik, asteno-nevrotik, hepatolineal sindromlar inkişaf edə bilər. Diaqnozun qoyulması üçün nəcis və duodenal möhtəviyyatın mikroskopik müayinəsi, PZR, bioptatın analizi, İFA aparılır. Spesifik müalicə məqsədilə antiprotozoy preparatlar (metronidazol, tinidazol, ornidazol və s.) təyin edilir; əlavə olaraq öd qovucu vasitələr, fermentlər, enterosorbentlər məsləhət görülür.
- Yaranma səbəbləri
- Patogenez
- Təsnifat
- Lyambliozun əlamətləri
- Diaqnostika
- Lyambliozun müalicəsi
- Proqnoz və profilaktika
Lyamblioz barədə ümumi məlumat
Lyamblioz – nazik bağırsaqda məskunlaşan patogen ibtidailərin – lyambliyaların səbəb olduğu bağırsaq infeksiyasıdır. İnfeksiyanın törədicisi ilk dəfə 1859-cu ildə rus həkimi D.F.Lyambl tərəfindən təsvir olunmuşdur və onun şərəfinə adlandırılmışdır. Lakin qərb ölkələrində protozoy infeksiyasını fransız tədqiqatçısı A.Jiardın kəşf etdiyi hesab olunur. Bununla əlaqədar beynəlxalq nozoloji təsnifatda xəstəliyin digər adı – jiardiaz və ya giardiaz (giardiasis) qeyd olunmuşdur. İnkişaf etmiş ölkələrdə böyüklər arasında lyambliozun yayılma tezliyi 3-5%, inkişaf etməkdə olan dövlətlərdə – 10-15%; uşaq kollektivlərində isə 30-40% təşkil edir.
Lyambliozun yaranma səbəbləri
Morfoloji nöqteyi nəzərdən lyambliyalar (Lamblia intestinalis, Giardia intestinalis və ya Giardia lamblia) qamçılılar sinfinə aid olan mikroskopik təkhüceyrəli parazitdir. Lyambliyalar bağırsaqda vegetativ (trofozoitlər) və spor (sista) formasında parazitlik edə bilər. Uzunluğu 18-21 mkm, eni isə 5-15 mkm olan trofozoitlər armudabənzər formaya və sorucu diskə malikdir. Lyambliyalar osmotik yolla, divaryanı həzm məhsullarını bütün bədən səthi ilə sormaqla qidalanır. Trofozoitlər 4 cüt qamçı hesabına dairəvi və ya titrəyişli hərəkət edirlər. Lyambliyalar bölünmə yolu ilə çoxalırlar; parazitlər hər 10-12 saatdan bir bölünürlər. Vegetativ formalar nazik bağırsağın yuxarı şöbələrində məskunlaşırlar. Lyambliyaların sistaları oval formada olub, ikikonturlu qişa – kapsulla əhatə edilir. Trofozoitlərdən fərqli olaraq, sistalar hərəkət etmirlər. Onların uzunluğu 8-14mkm, eni isə 5-8 mkm təşkil edir. Sistalar yoğun bağırsaqda lokalizasiya olunur. Onlar insan orqanizmdən kənarda, xarici mühitdə öz həyat qabiliyyətini uzun müddət qoruya bilir.
İnfeksiya mənbəyi lyambliya sistalarını nəcislə ifraz edən xəstə insan sayılır. Lyambliya daşıyıcıları olan heyvanların (it, pişik, dəniz donuzu, dovşan və s.) epidemioloji rolu inkar edilmir. Törədicilərin mexaniki ötürücülərinə milçək, tarakan və digər həşəratlar aiddir. Yoluxma fekal-oral mexanizmlə; su, qida, kontakt-məişət yolu ilə baş verir. İnfeksiyanın yayılmasında qaynadılmamış su, qida məhsulları, ümumi əşyalar, lyambliya sistaları ilə çirklənmiş torpaq başlıca rol oynayır. 10 yaşa qədər dövr, hipotrofiya və distrofiya, öd yollarının anadangəlmə anomaliyaları, turşuluğun və fermentativ aktivliyin azalması ilə gedən mədə-bağırsaq xəstəlikləri, zülal aclığı və s. lyamblioza yoluxmanı asanlaşdırır. Parazitar infeksiya yaz-yay aylarında daha çox qeydə alınır.
Lyambliozun patogenezi
Həzm traktına düşən sistalar onikibarmaq bağırsağa çataraq, orada vegetativ formalara çevrilir. Burada, eləcə də acı bağırsağın proksimal hissəsində lyambliyalar epitel xovlarına birləşərək, enterositlərin mexaniki zədələnməsinə, nazik bağırsaq divarının sinir uclarının zədələnməsinə, sorulma prosesinin pozulmasına səbəb olurlar. Bu proseslər mədə-bağırsaq traktının iltihabı (duodenit, enterit), ikincili fermentopatiya, malabsorbsiya sindromu, disbakterioz, xroniki endogen intoksikasiya sindromu ilə nəticələnir. Lyamblioz helmintozların və digər bağırsaq infeksiyalarının (salmonelyoz, dizenteriya, iersinioz) xronikləşməsinə gətirib çıxara bilər.
Sübut olunmuşdur ki, lyambliyalar sinir toxumasına tropluğa malik toksin ifraz edirlər. Parazitar infeksiyanın sinir sisteminə tormozlayıcı təsiri məhz bu faktla bağlıdır. Protozoy antigenləri ilə orqanizmin sensibilizasiyası müxtəlif allergik reaksiyalar, xüsusən uşaqlara xas olan limfatik-hipoplastik diatezlə müşayiət oluna bilər.
Lyambliozun təsnifatı
Lyamblioz simtomsuz lyambliyadaşıyıcılıq (25%), subklinik (50%) və manifest formada (25%) gedə bilər. Manifest lyamblizoun əsas klinik təzahürlərindən asılı olaraq, xəstəliyin aşağıdakı formaları ayırd edilir:
- bağırsaq forması – bağırsağın funskional pozğunluğu, diodenit, duodeno-qastral reflüks, qastroenterit, enteritlə təzahür edir;
- biliar-pankreatik forma – öd yollarının diskineziyası, xolangit, xolesistit, reaktiv pankreatitin əlamətləri ilə özünü büruzə verir;
- bağısaqdan kənar forma – asteno-nevrotik sindrom, neyrosirkulyator distoniya, toksiko-allergik təzahürlərlə xarakterizə olunur;
- qarışıq forma.
Lyamblioz kəskin və xroniki gedişə malik ola bilər.
Lyambliozun əlamətləri
Xəstəliyin manifest formasının simtomatikası qastrointestinal, intoksikasion, allerqo-dermatoloji, asteno-nevrotik, hepatolienal sindromlardan ibarətdir. Tipik hallarda inkubasiya dövrü 1-3 həftə davam edir. Lyambliyalar bağırsaqda parazitlik etdiyindən, parazitar infeksiyanın əsas klinik əlamətləri MBT fəaliyyətinin pozulması ilə bağlıdır. Kəskin mərhələdə göbəkətrafı və sağ qabırğaaltı nahiyədə mülayim ağrılar, ürəkbulanma, gəyirmə, iştahsızlıq, mədədə ağırlıq hissi, köp müşahidə edilir. Defekasiya aktı sutkada 3-5 dəfəyə qədər tezləşir. Nəcis duru və köpüklü, bir müddətdən sonra isə yağlı olur. İshal çox vaxt qəbizliklə növbələnir. Kəskin forma sağala və ya yarımkəskin xroniki fazaya keçə bilər. Xroniki lyambliozda arıqlama, astenizasiya, bağırsaq təzahürlərinin qastroduodenit, yeyunit, onikibarmaq bağırsağın diskineziyası şəklində qısamüddətli kəskinləşmələri baş verir.
İntoksikasiya sindromu bilavasitə xəstəliyin müddətindən və ağırlıq dərəcəsindən asılıdır. Bu sindrom periferik limfadenit, adenoidlərin böyüməsi, subfebrilitetlə ifadə oluna bilər. Lyamblioz mərkəzi sinir sistemini zədələyərək, əsəbilik, yorğunluq, emosional labillik, bruksizm törədir. Uşaqlarda tiklər, hiperkinez, hipotonik kriz və bayılma halları yarana bilər. Dermatoallergik əlamətlərə dərinin quruması və qabıqlanması, follikulyar keratoz, övrə, atopik dermatit və s. aiddir. Lyambliozlu xəstələr əksər hallarda blefarit, konyunktivit, xeylit, astmatik bronxit və bronxial astmadan əziyyət çəkirlər.
Lyambliozun diaqnostikası
Əlamətlərin müxtəlifliyi və qeyri-spesifikliyi xəstəliyin diaqnostikasını çətinləşdirir. Bu da xəstənin çox zaman qastroenteroloq, nevroloq, allerqoloq, pulmonoloq, dermatoloq tərəfindən yanlış istiqamətdə müalicə olunmasına gətirib çıxarır.
Obyektiv müayinə zamanı lyambliozlu pasiyentlərdə dəri örtüklərinin solğunluğu, dilin ərplə örtülməsi, qarında köp, qaraciyərin böyüməsi, mezoqastral nahiyədə ağrı müəyyən edilir. Hepatobiliar sistemin USM və xolesistoqrafiya vasitəsilə öd yollarının diskineziyası, xolestaz əlamətləri aşkarlanır. Hemoqrammada ezozinofiliya, monositoz izlənilir. Qanın biokimyəvi analizində hipoqammaqlobinemiya, hipoalbuminemiya, qələvi fosfataza səviyyəsinin yüksəlməsi müşahidə edilir. Nəcisin disbakterioz görə müayinəsində bağırsaq mikroflorasında dəyişikliklər: lakto- və bifidobakteriyaların azalması, patogen mikroorqanizmlər (stafilokokklar, streptokokklar, Candida göbələkləri və s.) təyin edilir.
Lyambliozun diaqnozu mütləq qaydada parazitoloji müayinə – nəcisdə sistaların və ya duodenal möhtəviyyatda vegetativ formaların tapılması ilə təsdiqlənməlidir. Bu məqsədlə nəcis kütlələri və yaxmaların (nativ və rənglənmiş) mikroskopik müayinəsi, duodenal zondlanma prosesində götürülmüş sekretin analizi aparılır. Trofozoitlər və sistalar nəcislə siklik şəkildə ifraz olunduğundan nəcis ay ərzində 3-5 dəfə müayinə edilməlidir. Lyambliozun təsdiqlənməsi üçün həmçinin fekal kütlələrdə lyambliyanın antigenlərinin (PZR) və ya qan zərdabında spesifik anticisimlərin təyini (İFA), endoskopiya yolu ilə alınmış biopsiya materialının müayinəsindən istifadə olunur.
Lyambliozun müalicəsi
Lyambliozun müalicəsi mərhələli şəkildə aparılır:
- hazırlıq mərhələsi (xolestazın, endotoksikozun aradan qaldırılması, lyambliyaların mexaniki yolla xaric edilməsi)
- antiparazitar müalicə (trofozoitlərin və sistaların insan orqanizmindən uzaqlaşdırılması)
- bərpa dövrü (bağırsaq mikroflorasının bərpası, immunitetin möhkəmləndirilməsi və s.).
Hazırlıq mərhələsində rasional dietoterapiya təyin olunur. Pəhrizin köməyilə lyambliyaların orqanizmdə çoxalması üçün əlverişsiz şərait yaradılır. Qida rasionu sıyıq, yarma, bitki yağı, meyvə və tərəvəzlərdən ibarət olur. Karbohidratların, xüsusən də şəkərin qəbulu məhdudlaşdırılır. Yüngülləşdirici günlər; mineral su, ksilit, sorbitlə tübaj; öd qovucu və antihistamin preparatların qəbulu effektiv sayılır.
Lyambliozun medikamentoz müalicəsi xüsusi antiprotozoy preparatlarla (metronidazol, tinidazol, ornidazol, nimorazol, albendazol, furazolidon və s.) aparılır və adətən 2 kursdan ibarət olur.
Sonuncu məthələdə – bərpa dövründə polivitaminlər, enterosorbentlər, bakterial və fermentativ preparatlar, bitki tərkibli adaptogenlər, immunostimulyatorlar, fitoterapiya təyin edilir.
Lyambliozun proqnoz və profilaktikası
Lyambliozun terapiyasının effektivliyi 92-95% təşkil edir. Lakin gələcəkdə parazitar infeksiyanın residivləri və ya reinfeksiyalaşma baş verə bilər. Parazitlərdən tamamən azad olmaq üçün çox vaxt təkrar müalicə tələb olunur.
Lyambliozun qarşısını almaq məqsədilə sanitar-gigiyenik normalara əməl olunmalı, içməli suyun keyfiyyətinə nəzarət edilməlidir. Lyambliozun ötürülmə zəncirini qırmaq üçün simptomsuz daşıyıcılar və xəstələr vaxtında aşkarlanması və müalicə olunmalıdır.