Dırnaqlarda ağ ləkələr
Dırnaqlarda ağ ləkələr (leykonixiya) – dırnaq lövhəsində ağ rəngli nöqtəvi, zolaqşəkilli və ya geniş sahələrin yaranması ilə xarakterizə olunur. Leykonixiya təkcə kosmetik qüsur olmayıb, həm də sağlamlıqla bağlı ciddi problemlərdən xəbər verə bilər. Ağ ləkələrin yaranma səbəblərini aşkar etmək üçün dermatoloqun konsultasiyası, dırnaqların spektral analizi, dırnaq lövhəsindən götürülən sıyrıntının patogen göbələklərə görə müayinəsindən ibarət diaqnostika aparılmalıdır. Dırnaqlarda ağ ləkələrin qarşısını almaq məqsədilə onların yaranma səbəblərinə təsir etmək lazımdır: dırnaq lövhəsini zədələrdən qorumaq, vitamin-mineral kompleksləri qəbul etmək, qida rasionunu balanslaşdırmaq və s.
- Dırnaqlarda ağ ləkələrin yaranma səbəbləri
- Dırnaqlarda ağ ləkələrin xarakteristikası
- Dırnaqlarda ağ ləkələrin yaranma səbəblərinin diaqnostikası
- Dırnaqlarda ağ ləkələrin müalicəsi
- Dırnaqlarda ağ ləkələrin yaranmasının profilaktikası
Dırnaqlarda ağ ləkələr barədə ümumi məlumat
Dırnaqlar – əl və ayaq barmaqlarının uc falanqalarının arxa səthini örtən buynuz lövhəsidir. Dırnaqların əsas funksiyası barmaqların distal hissələrinin yumşaq toxumalarının mexaniki zədələnmələrdən qorumaqdan ibarətdir. Dırnaq lövhəsinin möhkəmliyi keratin (əsasən, sistein – kükürd tərkibli amin turşu), elastiklik və parlaqlığı isə su və piy təbəqələri vasitəsilə təmin olunur. Kükürddən əlavə dırnaq lövhələrində digər mikroelementlər – kalsium, fosfor, xrom, selen, sink və s. mövcuddur.
Dırnaqların (eləcə də saç və dəri) xarici görünüşü nəinki özünəbaxım və təmizliyin göstəricisi, həm də orqanizmin ümumi sağlamlığın həssas indikatoru sayılır. Təcrübəli mütəxəssis dırnaqlarda ağ ləkələr, dırnaq lövhələrinin deformasiyası, disxromiya, kövrək və ya soyulan dırnaqlara əsasən pasiyentin sağlamlığı barədə fikir yürüdə bilər. Dırnaqların vəziyyəti son 6 ay ərzində orqanizmdə gedən dəyişiklikləri əks etdirir – dırnaq lövhəsinin təzələnməsi üçün məhz bu müddət tələb olunur. Dırnaqlarda ağ ləkələr-in yaranma səbəblərini bilməklə orqanizmdəki baş verən müxtəlik pozğunluqların erkən diaqnostikasını aparmaq mümkündür.
Dırnaqlarda ağ ləkələrin yaranma səbəbləri
Dırnaqlarda ağ ləkələrin yaranması barədə çoxsaylı xalq inanclarına rast gəlinir, lakin onların leykonixiyanın həqiqi səbəbləri ilə heç bir ümumiliyi yoxdur. Ağ piqmentasiyanın əsasında dırnaq lövhəsinin keratinizasiya prosesinin pozulması dayanır, nəticədə dıqnaq qatları arasında mikroskopik hava qovuqcuqları əmələ gəlir. Dırnaq lövhəsinin normal buynuzlaşmasının pozulmasına müxtəlif endo- və ekzogen amillər gətirib çıxara bilər. Onların təsirindən dırnaq səthində forma, ölçü və lokalizasiyasına görə fərqlənən müxtəlif ləkə və ya zolaqlar meydana çıxır.
Ağ ləkələrin ən geniş yayılan eksogen səbəbi dırnaq lövhəsinin travmasıdır. Qadınlarda dırnaqların zədələnməsi kutikulanın ehtiyatsız kəsilməsi, manikür, pedikür və dırnaq qaynağının qeyri-peşəkar yerinə yetirilməsi ilə bağlı olur. Bundan əlavə dırnaq boyasının keyfiyyətsiz olması, məişət və ya istehsalat şəraitində əllərin daimi kimyəvi maddələrlə (yuyucu və təmizləyici vasitələr, aseton, boya, gübrə və s.) təması, dırnaqların yeyilməsi dırnaq lövhəsinin vəziyyətinə mənfi təsir göstərir. Ayaq dırnaqlarında ağ ləkələrin yaranmasına dar ayaqqabı səbəb ola bilər.
Leykonixiya əksər hallarda balanslaşdırılmamış pəhrizlərdən sui istifadə edən, anoreksiyadan əziyyət çəkən, mikroelement (kalsium, sink, dəmir) və vitamin (A, E, C) çatışmazlığı olan şəxslərdə müşahidə edilir. Dırnaqlarda ağ ləkələr MBT xəstəlikləri (disbakterioz, enterit və s.), anemiya, ürək çatışmazlığı, xroniki böyrək çatımazlığı, keçirilmiş stress, uzunmüddətli depressiyaya dəlalət edə bilər.
Dırnaqlarda ağ ləkələrin xarakteristikası
Zədələnmənin yayılmasından asılı olaraq məhdud və total leykonixiya ayırd edilir. Birinci halda dırnaq lövhəsinin hissəvi keratinizasiyası qeydə alınır, 1-2 dırnaq zədələnir. Total leykonixiya bir və bütün dırnaqların bütöv zədələnməsi ilə səciyyələnir. Ağ ləkələrin formasına əsasən leykonixiyalar nöqtəvi və zolaqşəkilli formalara bölünür. Ağ nöqtələr xırda və çoxsaylı və ya iri və tək, zolaqlar isə horizontal və ya vertikal ola bilər.
Dırnaqlarda ağ ləkələrin forma və yerləşməsinə əsasən leykonixiyanın mənşəyi barədə mühakimə yürütmək mümkündür. Belə ki, travmatik genezli leykonixiya zamanı ağ ləkələr nöqtəvi, bəzən zolaqşəkilli, xaotik olur; belə hallarda dırnaqların total zədələnməsinə rast gəlinmir. Güclü emosional sarsıntıdan sonra adətən dırnaq lövhəsinin mərkəzində tək sayda iri ağ ləkə əmələ gəlir, dırnaq uzandıqca leykonixiya tədricən itir. Alimentare amillərlə (balanslaşdırılmamış qıdalanma, zülal çatışmazlığı) assosiasiyalı leykonixiya zamanı qüsur dırnaq lövhəsinə köndələn yerləşən cüt ağ zolaq şəklində olur.
Dırnaqlarda çoxsaylı nöqtəvi ağ ləkələr mikroelement və vitaminlərin çatışmazlığından xəbər verir. Hipovitaminoz həmçinin digər əlamətlər: dərinin quruluğu, hiperkeratoz, xeylit, yorğunluq və s. ilə özünü büruzə verir. İnsanların əksəriyyətində yazda fəsil hipovitaminozu ilə bağlı tək saylı ağ ləkələr meydana çıxır. İfadəli leykonixiya adətən yeniyetmələr və hamilələrdə müşahidə edilir, bu da onların orqanizminin vitamin və minerallara yüksək tələbatı ilə izah olunur.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərdə geniş sahəli ağ ləkələr dırnağın aşağı hissəsində yerləşir; bu zaman dırnağın yuxarı seqmenti sağlam və çəhrayı rəngdə olur. Ürək-damar sistemi xəstələrində ağ ləkələr göyərmiş dırnaq lövhəsində yaranır. Total leykonixiya həzm sistemi, qaraciyər xəstəlikləri fonunda əmələ gəlir; belə vəziyyətlərdə ağ ləkələr nəinki əl dırnaqları, həm də ayaqlarda izlənilir.
Dırnaqlarda ağ ləkələrin yaranma səbəblərinin diaqnostikası
Sağlamlığın dırnaq lövhələrinin vəziyyətinə əsasən qiymətləndirilməsi çin təbabətinin ənənəvi müayinə üsuludur. Şərq təbabətinin mütəxəsisləri hesab edir ki, əl barmaqlarında açılan enerji kanalları müəyyən daxili orqanlarla əlaqəlidir. Məhz bu səbəbdən orqanizmdə baş verən dəyişikliklər dırnaq səthində əks olunur. Tutqun və ya az parıldayan səthə, düzgün formaya malik çəhrayı rəngli hamar, düz dırnaq lövhələri fiziki və mənəvi sağlamlığın əlaməti sayılır. Ayaqlarda ağ ləkələr yarandıqda ilk növbədə dermatoloqa müraciət etmək lazımdır. Ehtiyac olduqda pasiyent digər mütəxəssislərin – qastroenteroloq, nefroloq, kardioloq və s. qəbuluna yönəldilir. Mineral mübadiləsinin vəziyyətini qiymətlənidrmək məqsədilə dırnaqların mikroelementlərə görə spektral analizinin aparılması məqsədəuyğundur.
Leykonixiya arsen və ya talliumlə zəhərlənmə zamanı yaranan Mey zolaqlarından differensiasiya etmək lazımdır. Bu zolaqların eni 5mm, rəngi ağ-göyümtül olur, onlar köndələn yerləşir. Həmçinin dırnaqlardakı ağ ləkələri onixomikozdan fərqləndirmək lazımdır. Onixomikoz üçün dırnaqlarda ağ ləkələrdən əlavə, dırnaq lövhəsinin qalınlaşması və rənginin dəyişməsi, müxtəlif deformasiyalar (dırnağın batması, «quş» dırnağı), dırnağı soyulması xarakterikdir. Dırnaqların göbələk mənşəli zədələnməsinin diaqnostikası mikoloq tərəfindən dırnaq lövhələrindən sıyrıntının patogen göbələklərə görə müayinəsinin nəticələrinə əsasən aparılır.
Dırnaqlarda ağ ləkələrin müalicəsi
Dırnaqlarda ağ ləkələrin effektiv şəkildə aradan qaldırılması yalnız onların yaranma səbəblərinin müəyyən edildiyi hallarda mümkündür. Ümumi tədbirlər qismində emosional sarsıntılardan uzaq durmaq, əmək və istirahət rejimini normallaşdırmaq, qida rasionunu meyvə, tərəvəz, birki və heyvan mənşəli zülallarla zənginləşdirmək məsləhət görülür. Vitaminlər, mikro- və makroelementlərin qəbulu orqanizmdə çatışmazyan maddələrin defisini aradan qaldırmağa kömək edir.
Ümumi xəstəliklərlə əlaqəsi olmayan leykoxiniyalar zamanı gözəllik salonuna müraciət etmək olur. Burada müalicəvi əl və ayaq vannaları, əl və ayaqların masaji, peşəkar qulluq vasitələrinin köməyilə dırnaqların yerli müalicəsi icra olunur. Salon müalicəsi ilə yanaşı ev şəraitində dəniz duzu ilə vannalar qəbul etmək, isidilmiş zeytun yağı limon suyunun qarışığı, A vitamininin yağda məhlulu, balıq yağı, qidalandırıcı kremləri dırnaqlara sürtmək tövsiyyə olunur. Göbələk mənşəli zədələnmələrdə medikamentoz müalicə və dırnaqların yerli işlənməsi həkim-mikoloq tərəfindən aparılır.
Dırnaqlarda ağ ləkələrin yaranmasının profilaktikası
Dırnaqlarda əmələ gələn ağ ləkələr sağlamlığa təhlükə törətmir. Buna baxmayaraq, onların yaranması orqanizmdə gedən ciddi pozğunluqlardan xəbər verə bilər. Bu səbəbdən onları dekorativ dırnaq boyası ilə gizlətmək əvəzinə mütəxəssisə müraciət etmək lazımdır.
Kimyəvi maddələrlə işləyərkən əlcək geyinilməlidir. Manikür və pedikür məqsədilə məhşur salonlar və kosmetik brendlərə üstünlük verilməlidir. Balanslaşdırılmış qidalanma, vitamin-mineral komplekslərinin qəbulu dırnaqlarda ağ ləkələrin yaranmasının qarşısını alır.