Dırnaqların deformasiyası

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 6356

dırnaqların deformasiyasının müalicəsi Dırnaqların deformasiyası – endogen və ya ekzogen amillərin təsirindən dırnaq lövhəsinin forma və səthinin dəyişməsidir. Deformasiyanın aşağıdakı növlərinə daha çox rast gəlinir: boylama və ya köndələn şırımlar, saat şüşəsinə bənzər qabarıq, qaşıq şəklində əyilmiş və ya yastı dırnaqlar, «üskük» tipli deformasiya və s. Dırnaqların deformasiyasının səbəbini təyin etmək üçün dermatoloqa (mikoloq, podoloq) müraciət etmək lazımdır. Deformasiya zamanı yerli və sistemli terapiya, dırnaq lövhəsinin korreksiya və rezeksiyası/çıxarılması tələb oluna bilər.

  • Dırnaqların deformasiyasının səbəbləri
  • Dırnaqların deformasiyasının növləri və xarakteristikası
  • Dırnaqların deformasiyasının diaqnostika və müalicəsi

Dırnaqların deformasiyası barədə ümumi məlumat

Normada dırnaq lövhələri hamar, bir qədər qabarıq və düz olur. Onlar elastik quruluşa və rəngsiz (tutqun və ya azacıq parıldayan) səthə malikdir. Yarımşəffaf dırnaq lövhəsinin altında adi gözlə seçilən kapilyarlarla zəngin çəhrayı rəngli dırnaq yatağı yerləşir. Dırnaqların deformasiyası – quruluş, normal qalınlıq və qabarıqlığın dəyişməsi ilə xarakterizə olunur. Dermatologiyada dırnaqların müxtəlif növ deformasiyaları onixodistrofiyalara aid edilir. Dırnağın xarici görünüşünün pozulması təkcə kosmetik qüsur kimi qəbul edilmir. Əksər hallarda deformasiya (səthin əyilməsi, parlaqlığın itirilməsi, disxromiya və s.) təcili müalicə tələb edən xroniki dermatozlar və somatik xəstəliklər nəticəsində yarana bilər.

Dırnaqların deformasiyasının səbəbləri

Dırnaqların anadangəlmə deformasiyası ektodermanın qüsurları ilə bağlıdır. Onların mayaları bətndaxili inkişafın III ayının sonunda qoyulur, ektodermadan əvvəlcə dırnaq yatağı, dırnaq yastığı, dırnaqüstü dəri, VII-VIII aylarda isə dırnaq lövhəsi formalaşmağa başlayır. Klinik praktikada əsasən qazanılmış deformasiyalar müşahidə edilir. Onlar əlverişsiz ekzogen və endogen amillərin dırnaq matrisası və digər strukturlara təsiri ilə əlaqədar dırnaqların qidalanma və böyüməsinin pozulması zamanı yaranır.

Təxminən 50% hallarda dırnaqların deformasiyası onların göbələk mənşəli zədələnmələri – onixomikozlar (səthi ağ, dırnaqaltı distal, dırnaqaltı proksimal, total distrofik) ilə bağlı olur. Deformasiyanın ən geniş yayılmış səbəbi dəri xəstəlikləridir: psoriaz, ekzema, qırmızı yastı dəmrov. Mexaniki zədələnmələr: əzilmə, sıxılma, manikür və ya pedikür zamanı kutikula və dırnaqların düzgün kəsilməməsi əksər hallarda deformasiyaya gətirib çıxarır. Dırnaqların deformasiyasında nəinki dırnaq lövhəsinin, həmçinin dırnaq yatağı və ya dırnaq yastığının travması da rol oynayır. Psixopatik pozğunluqları olan insanlarda dırnaq lövhələrini süni zədələmək adətinə rast gəlinir (onixotillomaniya).

Dırnaqların quruluş və formasının dəyişməsinə kimyəvi maddələrlə: təmizləyici və yuyucu vasitələr, gübrə, aseton və digər aqressiv vasitələrlə birbaşa təmas səbəb ola bilər.  Dırnaqların deformasiyası əsasən bəzi peşə sahibləri (məsələn, bərbər), eləcə də dırnaq qaynağı, keyfiyyətsiz (xüsusilə formaldehid tərkibli) dırnaq boyalarından tez-tez istifadə edən qadınlarda müşahidə edilir. Bundan əlavə onixodistrofiya müəyyən dərman vasitələrinin (o cümlədən, antibiotiklər) qəbulu, kimyaterapiya nəticəsində formalaşa bilər.

Çox zaman dırnaqların deformasıyası vitamin və mineral çatışmazlığı: az yaşlı uşaqlarda – D hipovitaminozu, böyüklərdə – B1 vitamini, kalsium çatışmazlığı, dəmir defisitli anemiualarla bağlı ola bilər. Bəzi hallarda dırnaqlar zülal aclığı (məsələn, ağır pəhrizə riayət etdikdə) zamanı deformasiyalaşır. Dırnaqların ikinci deformasiyasının başlıca səbəblərinə daxili orqanların (ağciyərlər, ürək-damar sistemi, MBT) xəstəlikləri, endokrin pozğunluqlar, kollagenozlar, ümumi infeksiyalar, onkoloji proseslər aiddir.

Dırnaqların deformasiyasının növləri və xarakteristikası

Dırnaqların müxtəlif deformasiyaları hər hansı bir xəstəliyin ciddi patoqnomik əlaməti hesab olunmur. Lakin dırnaq lövhələrinin formasına əsasən bu və ya digər patologiya barədə fikir yürütmək olar.

«Hippokrat dırnaqları» və ya «saat şüşəsi» şəklində olan dırnaqlar qabarıq şarabənzər formaya malikdir, onlar adətən barmaqların deformasiyası – «baraban çubuqları» ilə birgə rast gəlinir. Belə  dırnaqlar əksər hallarda hipertrofik pulmonar osteoartropatiyanın (bronxoektaziya xəstəliyi, ağciyərin vərəmi, emfizeması, absesi və xərçəngi, irinli plevrit) təzahürü sayılır. Həmçinin dırnaqların bu tip deformasiyası «göy tipli» anadangəlmə ürək qüsurları, lənggedişli septik endokardit, ürək çatışmazlığı, aortanın anevrizması, qaraciyərin biliar sirrozu üçün xarakterikdir. Bəzən «hippokrat dırnaqları» hər hansı bir patoloji vəziyyətlə əlaqəli olur,  irsi və ya anadangəlmə xarakter daşıyır.

Onixoqrifoz və ya dırnaqların «quş caynağı» şəklində deformasiyası dırnaq lövhələrinin əyilmə və qalınlaşması ilə səciyyələnir. Dırnaqlar buynuz və ya spiral formaya, sarı, boz və ya qara rəngə malik olur. Onixoqrifoz yaşlı şəxslərdə, dar ayaqqabıdan istifadə, barmaqların yanıqları və ya donması, onixomikoz, generalizə olunmuş kandidoz və s. nəticəsində inkişaf edir.

Koylonixiya – qaşıqşəkilli deformasiya yalnız əl barmaqlarının dırnaq lövhələrində qeydə alınır. Dırnaqların səthi çuxur formasında olur, lakin onların qalınlıq və strukturu dəyişilmir.  Qaşıqşəklii deformasiyaya mexaniki zədələnmələr, turşu və qələvilərin təsiri, irsiyyət, az hallarda isə xəstəliklər (Addison xəstəliyi, dəmirdefisitli anemiya, qarın yatalağı və s.) səbəb ola bilər.

Platonixiya (yastı dırnaqlar) adətən anadangəlmə olur. Bununla yanaşı onun peşə amillərinin təsiri, psoriaz, qaraciyər sirrozu fonunda inkişafı mümkündür. Belə hallarda bütün dırnaq lövhələri zədələnir.

Dırnaqlarda köndələn şırımlar (Bo xətləri) qrip, sarılıqdan sonra, eləcə də Reyno xəstəliyi, sirinqomieliya, anoreksiya zamanı yarana bilər. Şırımların dərinliyi dırnaq matriksinin zədələnmə ağırlığından asılı olub, 1 mm-ə çata bilər. Xəttlərin rəngi dırnaq lövhəsinin rəngindən seçilmir. Şırım və daraqların sayı çox olduqda dırnaq dalğavari forma alır. Boylama şırımlar (büzməli dırnaqlar) adətən qeyri-düzgün və ya balanslaşdırılmamış qidalanma, vitamin çatışmazlığı, bağırsaqda sorulma proseslərinin pozulmasından xəbər verir.

Dıqnaqların üskük şəkilli və ya nöqtəvi deformasiyası dırnaq lövhəsində çoxsaylı nöqtəvi çüxurların yaranması ilə  xarakterizə edilir. Kiçik çuxurların diametri 0.3-1.5mm, dərinliyi isə 1mm-ə qədər olur. Bəzi insanlarda 2-3 ədəd, digərlərində isə onlarla nöqtəvi deformasiya müşahidə edilir.  Onixodistrofiyanın bu forması ekzema, psoriaz, revmatizm, ağciyələrin vərəmi üçün səciyyəvidir. Dırnaqların müxtəlif növ deformasiyaları əksər hallarda leykonixiya (dırnaqlarda ağ ləkələr), dırnaqların kövrəkliyi, soyulması, dırnaq lövhəsinin dəriyə batması ilə müşayiət olunur.

Dırnaqların deformasiyasının diaqnostika və müalicəsi

Dırnaqlar deformasiyaya uğradıqda dermatoloq və ya daha dar ixtisaslı mütəxəssisə – podoloq və mikoloqa müraciət etmək lazımdır. Lampa-lupa altında dırnaq lövhələrinə baxış zamanı həkim onların rəng, forma, qalınlıq, şəffaflığını müəyyən edir. Onixodistrofiyanın səbəbini təyin etmək üçün dırnaq lövhələrinin sıyrıntısının göbələklərə görə mikroskopiyası, dırnaqların spektral analizindən istifadə olunur, qanda vitaminlərin miqdarı yoxlanılır. Ehtiyac yarandıqda pasiyent pulmonoloq, kardioloq, cərrah tərəfindən konsultasiya olunur.

Onixodistrofiyanın müalicəsi dırnaqların deformasiyasına gətirib çıxaran səbəin aradan qaldırılmasına yönəldilməlidir. Belə ki, onixomikoz zamanı göbələk xəstəliyinin kurs müalicəsi aparılır, dırnaq lövhələri medikamentoz işlənilir, zəruri hallarda dırnaq cərrahi, lazer və ya radiodalğa üsülu ilə çıxarılır. Onixodistrofiyanın terapiyasında damar vasitələri (nikotin turşusu, pentoksifillin), fizioterapiya (ÜYT, darsonvalizasiya, amplipulsterapiya) tətbiq edilir. Dəriyə batmış və deformasiyalaşmış dırnaqlar B/S-plastin, Frezer qarmağı ilə  korreksiya olunur. Qüsuru bağlamaq üçün kosmetik tədbir – dırnaq lövhəsinin protezlənməsi icra oluna bilər.

Düzgün qidalanma, vitamin-mineral komplekslərinin qəbulu, ev şəraitində dırnaqlara qulluq (dəniz duzu və efir yağları ilə əl, ayaq vannaları), dırnaq lövhələri üçün nəmləndirici krem) sağlam dırnaq lövhəsinin formalaşmasına səbəb olur. Salon prosedurları arasında parafinoterapiya, masaj, avropa və ya aparat üsulu ilə manikür və pedikür, müalicəvi dırnaq boyasının çəkilməsinə üstünlük verilir. Dırnaqların deformasiyasının müalicə dövründə dekorativ lak, dırnaq qaynağından imtina etmək lazımdır.

Deformasiyanın qarşısını almaq üçün manikür və pedikürin dırnağın böyümə zonasını zədələmədən aparılması, dar ayaqqabıdan imtina, aqressiv kimyəvi vasitələrlə təmas zamanı əllərin qorunması, keyfiyyətli qulluq vasitələrindən istifadə olunması məsləhət görülür. Həmçinin fon xəstəlikləri vaxtında aşkarlanmalı və müalicə edilməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: