Adenoidit

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1467

adenoidit nədir?Adenoidit – udlağın limfoid həlqəsinin badamcıqlarının kəskin və ya xroniki iltihabıdır. Onun əsas əlamətlərinə burun daxilində diskomfort hissi, gecə xorultusu, burun tənəffüsünün olmaması, selikli və ya irinli axıntılar, qapalı rinolaliya (burunda danışma), tutmaşəkilli quru öskürək, intoksikasiya sindromu, yuxu pozğunluğu aiddir. Diaqnoz anamnestik məlumatlar, mezofarinqoskopiya, arxa rinoskopiya, laborator testlər, burun-udlaq nahiyəsinin rentgenoqrafiyası və ya kompüter tomoqrafiyasının nəticələrinə əsasən qoyulur. Adenoiditin müalicəsində yerli və sistemli medikamentoz vasitələr, fizioterapiyadan istifadə olunur. Bir sıra hallarda adenoidektomiya aparılır.

  • Adenoiditin yaranma səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Adenoiditin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • Adenoiditin müalicəsi
  • Proqnoz və profilaktikası

Adenoidit barədə ümumi məlumat

Adenoidit (retronazal angina və ya epifaringit) – uşaq otolarinqologiyasında ən geniş yayılmış xəstəlikdir. Patologiya əsasən məktəbəqədər və ya kiçik məktəb yaşlı (3-9 yaş) uşaqlarda müşahidə olunur. Burun-udlaq badamcığının limfoid toxumasının yaş involyusiyası ilə əlaqədar adenoiditə yetkin şəxslərdə nadir hallarda rast gəlinir. Statistik məlumatlara əsasən patologiya ümumi uşaq populyasiyasının nümayəndələrinin 5-28%-də, tez-tez xəstələnən uşaqlar və yeniyetmələrin 70%-də yaranır. Hər 1 000 uşaqdan 1,8-2,7-də xroniki adenoiditlə birincili xəstələnmə halları qeydə alınır. Epifaringit kişi və qadın cinsinin nümayəndələri arasında eyni tezliklə yayılır, 35-45% hallarda bronx-ağciyər sisteminin residivləşən və ya xroniki xəstəlikləri ilə müşayiət olunur.

Adenoiditin yaranma səbəbləri

Retronazal angina – polietioloji xəstəlikdir. Adenoidlərin iltihabı virus və ya patogen bakteriyalar tərəfindən törədilir. Epifaringitə səbəb olan viruslara adenoviruslar və herpes virusları, o cümlədən IV tip herpes virusu (Epşteyn Barr virusu) aiddir. Bakterial assosiasiyalarda udlağın daimi (indigen) florasının defisiti və tranzitor mikroflora – Moraxella (M.catarrhalis), Bacillus, Micrococcus, Pseudomonas, enterobakteriya (K.pneumoniae, K.oxytoca, E.coli), stafilokokk (S.aureus), streptokokkların (Str.pneumoniae, Str.pyogenes) miqdarının artması həlledici rol oynayır.  Adenoiditin inkişafına həmçinin aşağıdakı amillər təsir edir:

  • Tez-tez təkrarlanan KRVİ. Çoxlu miqdarda viruslarla kontakt nəticəsində daimi yüksək antigen yüklənmə və immun sisteminin zəifliyi udlaq badamcıqlarında normal immunoloji proseslərin pozulmasına, adenoiditin formalaşmasına gətirib çıxarır.
  • Yanaşı gedən xəstəliklər. Bu qrupa yuxarı tənəffüs yollarının residivləşən və ya xroniki xəstəlikləri – rinit, nazofaringit, tubootit, sinusit, tonzillit, stomatit aiddir. Sadalanan patologiyalar infeksiya ocağı hesab olunur. Qastroezofageal reflüks xəstəliyi ayrıca qeyd olunur, bu zaman xlorid turşusu adenoidlərin xroniki iltihabını dəstəkləyir.
  • İmmunopatoloji vəziyyətlər. Bura şəkərli diabet, hipotireoz, İİV-infeksiyası, genetik mənşəli immunodefisit hallar, allergik patologiyalar daxildir. Az yaşlı uşaqlarda ana südu ilə qidalanmama, D vitamininin çatışmazlığı və bu fonda yaranan raxit müəyyən rol oynayır.
  • Anadangəlmə xüsusiyyətlər – adenoid vegetasiyasının hipertrofiyası və onların iltihablaşmasına irsi meyllik, ekssudativ-kataral diatez tipli konstitutsional anomaliyalar. Burun tənəffüsünü pozan inkişaf qüsurları – burun çəpərinin əyriliyi, burun qulaqcıqlarının deformasiyası və s. adenoiditin yaranmasına şərait yaradır.
  • Xarici təsirlər. Ekoloji mühit: həddindən artıq quru və ya istehsalat tullantıları ilə çirklənmiş hava, güclü radiasion fon adenoiditin inkişaf ehtimalını yüksəldir. Adenoiditin provokasiyaedici amillərinə soyuqlama, burun-udlağın buxar yanıqları, kimyəvi buxarlar və uçucu zəhərlərin nəfəslə udulması aiddir.

Adenoiditin patogenezi

Adenoiditin patogenezinin əsasında fiziki, termiki, kimyəvi və ya bioloji amillərin təsirindən udlaq badamcığının səthində yerləşən kirpikli epitelin zədələnməsi dayanır. Bu zaman patogen bakteriya və viruslara qarşı həssas olan «keçəlləşmə» sahələri formalaşır, limfoid toxumanın kompensator hiperplaziyası inkişaf edir. İzafi antigen yüklənmə fonunda badamcıqda regenerasiya prosesləri pozulur, onun hüceyrələrinin alterasiyası sürətlənir. Nəticədə atrofiyalaşan reaktiv follikullar əmələ gəlir, bu da faqositozun zəifləməsi, indigen mikrofloranın çatışmazlığı və uşağın immun sisteminin zəifliyi ilə birgə iltihabın inkişafına gətirib çıxarır.

Adenoiditin təsnifatı

Adenoiditin davametmə müddəti, əlamətlərinin ifadəliliyi və klinik-morfoloji xarakteristikasından asılı olaraq, burun-udlaq badamcığının iltihabının bir neçə təsnifatı irəli sürülmüşdür. Xəstəliyin bu tip sistematizasiyası müxtəlif vəziyyətlərdə fərqli terapevtik sxemin tətbiqi ilə bağlıdır. İltihabın davametmə müddətinə əsasən adenoiditin aşağıdakı variantları ayırd edilir:

  • Kəskin. Bura adenoidlərin 2 həftədən çox davam etməyən və il ərzində 3 dəfədən çox olmamaqla təkrarlanan iltihab epizodları aiddir. Xəstəliyin orta davametmə müddəti – 5-10gün. Patologiya adətən KRX və ya uşaq damcı infeksiyaları fonunda kəskin inkişaf edir.
  • Yarımkəskin. Bir qayda olaraq, müalicə olunmayan kəskin prosesin nəticəsi sayılır. Hipertrofiyalaşmış udlaq badamcığına malik uşaqlar üçün xarakterikdir. Patologiyanın orta davametmə müddəti 20-25 gündən artıq olmur. Qalıq əlamət – subfebrilitet 1 ay müddətində müşahidə oluna bilər.
  • Хroniki. Bu qrupa klinik əlamətləri 1 aydan artıq davam edən və ya il ərzində 4 dəfədən çox təkrarlanan adenoiditlər daxildir. Törədici rolunda bakterial və virus infeksiyalarının assosiasiyaları iştirak edir. Xroniki epifaringitlər birincili və ya yarımkəskin formanın qeyri-adekvat terapiyasının nəticəsi kimi ikincili olur.

Xroniki adenoidit badamcığın parenximasında müxtəlif morfoloji dəyişikliklərlə təzahür edə bilər. Onun əsas formaları aşağıdakılardır:

  • Ödemli-kataralXəstəliyin kəskinləşməsi badamcıqda iltihabi reaksiyaların aktivləşməsi, onun ifadəli ödemi ilə müşayiət olunur. Klinik şəkildə kataral əlamətlər üstünlük təşkil edir.
  • Seroz-eksudativParenximanın dərin qatlarında çoxsaylı patogen mikroorqanizmlər və irin kütlələrinin toplanması ilə xarakterizə olunur. Bunun nəticəsi olaraq, badamcıq şişkinləşir və hipertrofiyalaşır.
  • Selikli-irinliİltihabi proses irin qarışıqlı seliyin böyük həcmdə fasiləsiz ifrazı ilə müşayiət olunur. Paralel olaraq adenoid toxuması proqressiv şəkildə böyüyür.

Pasiyentin ümumi vəziyyəti və klinik əlamətlərin ifadəliliyinə əsasən adenoiditin 3 ağırlıq dərəcəsi ayırd edilir:

  • Комpensasiya olunmuş. Əksər hallarda infeksion agentlərə qarşı fizioloji cavab reaksiyası kimi meydana çıxır. Ümumi vəziyyət dəyişmir və ya bir qədər pisləşir. Epizodik olaraq, burun tənəffüsünün pozulması, gecə xorultusu müşahidə edilir.
  • Subkомpensasiya olunmuş. Klinik təzahürlər tədricən artır, kəskin epifaringitə cavab olaraq, sistemli intoksikasiya yaranır. Adekvat müalicə aparılmadıqda xəstəlik dekompensasiya vəziyyətinə keçir.
  • Dekомpensasiya olunmuşUdlaq badamcığı öz funksiyalarını itirərək, xroniki infeksiya ocağına çevrilir. Yerli immunitet ümumiyyətlə olmur. Aydın nəzərəçarpan simptomatika izlənilir.

Adenoiditin əlamətləri

Adenoidit üçün patoqnomik əlamətlər və ya şikayətlər xarakterik deyil. Xəstəliyin ilkin təzahürlərinə burnun dərin qatlarında qıcıqlanma, yuxuda küylü tənəffüs və xorultu aiddir. Gecə xorultusu ilə əlaqədar uşaqların yuxusu səthi və narahat olur. Bir müddətdən sonra bu əlamətlərə günorta saatlarında burun tənəffüsünün pozulması, burundan selikli ifrazatın axması əlavə olunur. Əksər xəstələrdə gecə saatlarında və səhərə yaxın kəskinləşən tutmaşəkilli quru və ya az produktiv öskürək baş verir.

Sonralar intoksikasiya sinromu inkişaf edir: bədən temperaturunun 37,5-39°С-yə qədər yüksəlməsi, diffuz baş ağrıları, ümumi halsızlıq, yuxululuq, iştah pozğunluğu. Paresteziyalar tədricən dəqiq lokalizasiyaya malik olmayan təzyiqedici küt ağrılara transformasiya edir. Udqunma zamanı ağrı hissi daha da güclənir. Burundan axan selikli ifrazatın həcmi artır və irinlə qarışır. Eşitmə borularının drenaj funksiyası pozulur, qulaqlarda ağrı, konduktiv tipli eşitmə zəifliyi yaranır. Burunla tənəffüs mümkün olmadığından xəstə ağızla nəfəs almağa məcbur olur. Bu səbəbdən ağız daima açıq vəziyyətdə qalır.  mümkün olmur. Xoanaların obturasiyası nəticəsində qapalı rinolaliya meydana çıxır.

Xəstəliyin gecikmiş mərhələlərində xroniki hipoksiya səbəbindən nevroloji pozğunluqlar inkişaf edir – uşaq süst və apatik olur, onun diqqət və konsentrasiyası pozulur. Xəstələrdə «adenoid üz» müşahidə edilir: sərt damaq hündür və dar olur, ağız suyunun ifrazı artır. Həmçinin üst çənə deformasiyalaşır – yuxarı kəsici dişlər önə çıxır, nəticədə burun-dodaq büküşləri hamarlaşır, dişləm dəyişir.

Adenoiditin ağırlaşmaları

Adenoiditin ağırlaşmaları patogen mikrofloranın irin kütlələri ilə birgə burun boşluğuna, traxeobronxial ağac boyunca aşağıya doğru yayılması ilə bağlıdır. Bununla əlaqədar xroniki rinosinusit, faringit, laringit, traxeobronxit, pevmoniya inkişaf edir. 5 yaşa qədər retrofarengeal absesin formalaşa riski müşahidə olunur. Uzunmüddətli rinoreya burun dəhlizinin ekzemasına və bu nahiyənin digər dermatoloji zədələnmələrinə səbəb olur. Eşitmə borularının udlaq dəliyinin tutulması ilə müşayiət olunan boru badamcıqlarının iltihabı yevstaxit, irinli orta otit və eşitmə funksiyasının ağır pozğunluqlarına gətirib çıxarır. Baş beynin uzun sürən oksigen aclığı uşağın psixi inkişafının ləngiməsi, davamlı nevroloji əlamətlərlə özünü büruzə verir.

Adenoiditin diaqnostikası

Diaqnoz anamnestik məlumatlar, uşaq və valideynlərin şikayəti, fizikal və instrumental müayinə üsullarının nəticələrinə əsasən qoyulur. Laborator testlər köməkçi üsul olub, xəstəliyin etiologiyasının dəqiqləşdirilməsinə və terapevtik taktikanın düzgün seçilməsinə şərait yaradır. Adenoiditin diaqnostikasında aşağıdakı üsullardan istifadə olunur:

  • Fizikal müayinə. Ümumi baxış zamanı otolarinqoloq pasiyentin səs tembri və danışığına, burun tənəffüsünün xarakterinə diqqət yetirir. Qapalı rinolaliya, burun tənəffüsünün çətinləşməsi və ya tamamən itməsi aşkar edilir. Limfatik düyünlərin palpasiyasında bir qədər böyümüş, ağrısız çənəaltı, ənsə, ön və arxa boyun qrupları müəyyən edilir.
  • Mezofarinqoskopiya. Əsnəyə baxış zamanı udlağın hiperemiyalaşmış arxa divarı ilə axan açıq-sarı və ya sarı-yaşıl rəngli selik vizualizasiya olunur. Bundan əlavə damaq qövslərinin qızarması, limfoid follikulların və ya lateral udlaq yastıqlarının böyüməsi müşahidə edilir.
  • Arxa rinoskopiya. Bu üsulun köməyilə böyüyən, hiperemiyalaşan, ödemləşən, fibrinoz ərplə örtülən burun-udlaq badamcığı aşkarlanır. Lakunaların irinli və ya selikli eksudativ kütlələrlə dolması izlənilir.
  • Laborator analizlər. Virus mənşəli adenoidit zamanı qanın ümumi analizində leykoformulanın sola meylliliyi, limfositlərin sayının və EÇS-nin artması əks olunur. Bakterial floranın qoşulması formulanın çöpnüvəli və cavan neytrofillərə doğru dəyişməsi ilə müşayiət olunur. Əlvə olaraq, burun ifrazatının mikrobioloji analizi aparılır.
  • Şüa diaqnostika üsullarıÖn və yan proyeksiyalarda burun-udlağın rentgenoqrafiyasından istifadə olunur. Rentgenoloji müayinə udlaq badamcığının limfoid toxumasının hipertrofiyasını aşkar edir. Gecikmiş mərhələlərdə rentgenoqrammada sərt damaq, üst çənənin deformasiyası təsvir olunur. Şişlərlə differensiasiya etmək üçün kontrastlaşdırma ilə üz skeletinin KT icra olunur.

Adenoiditin müalicəsi

Müalicənin məqsədi infeksiya ocağının likvidasiyası, patoloji prosesin xronizasiyasının, onun qonşu anatomik strukturlara yayılmasının qarşısının alınmasından ibarətdir.  Bu məqsədlə topik və sistemli farmakoloji vasitələr, fizioterapevtik prosedurlar təyin olunur. Adenoid vegetasiyasının ifadəli hipertrofiyası və ya ağırlaşmaların inkişafı cərrahi müalicəyə göstəriş sayılır. Beləliklə, adenoiditin zamanı aşağıdakı üsullar tətbiq edilir:

  • Medikamentoz terapiya. Antibakterial və ya virus əleyhinə preparatlar, hiposensibilizə edici vasitələr, dezintoksikasion tədbirlər, immunomodulyatorlar, vitamin komplekslərindən istifadə olunur. Yerli terapiya qismində damardaraldıcı damcılar, sprey şəklində topik kortikosteroidlər, dezinfektantlar, antiseptiklərlə inhalyasiya təyin olunur.
  • Adenoidektomiya. Cərrahi müalicə burun keçəçəyinin mənfəzini tutaraq, normal burun tənəffüsünə mane olan hipertrofiyalaşmış limfoid toxumanın kəsilməsindən ibarətdir. Əməliyyat skalpel və ya endoskopik texnikanın köməyilə aparılır.
  • Fizioterapiya. Tubus kvars, burun boşluğu və udlağın arxa divarının helium-neon lazeri ilə şüalandırılması, regional limfa düyünlərinin medikamentoz preparatlarla elektrofarezi, tənəffüs gimnastikası geniş tətbiq edilir. Kriooksigen və ozon-ultrasəs terapiyası, palçıqla müalicənin aparıldığı  sanator-kurort müalicəsi effektivdir.

Adenoiditin proqnoz və profilaktikası

Müalicə vaxtında və adekvat şəkildə aparıldıqda həyat və sağlamlıq üçün proqnoz qənaətbəxş sayılır. Belə hallarda təhlükəli ağırlaşmaların yaranma riski 0,3-1% təşkil edir. Patologiyanın spesifik profilaktik tədbirləri işlənilib hazırlanmamışdır. Kəskin və ya kəskinləşmiş xroniki adenoiditin qeyri-spesifik profilaktikasına adenoid vegetasiyalarının hipertrofiyası, burun boşluğunun inkişaf anomaliyaları və infeksion xəstəliklərin erkən diaqnostika və müalicəsi, orqanizmin ümumi müdafiə qüvvəsinin möhkəmləndirilməsi, soyuqdəymə, burun-udlağın termiki və kimyəvi yanıqlarının uzaqlaşdırılması, balanslaşdırılmış qidalanma, aktiv idman növləri ilə məşğul olma, otolarinqoloqun müntəzəm kontrol baxışları aiddir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: