Adheziv orta otit

Oxuma vaxtı: 8 dəq Oxunma sayı: 1483

adheziv orta otit nədir?Adheziv orta otit — orta qulağın xroniki iltihabi xəstəliyidir. Patologiya bitişmələr və birləşdirici toxuma mənşəli qalınlaşmaların yaranmasına səbəb olmaqla eşitmə borusunun keçiriciliyinin və qulaq sümüklərinin hərəkətliliyinin pozulmasına gətirib çıxarır. Adheziv orta otitin əlamətlərinə qulaqda küy və eşitmə zəifliyi aiddir. Diaqnoz otolarinqoloqun vizual baxışı, otoskopiya, audiometriya, eşitmə borusunun keçiriciliyinin müayinəsi, impedansometriyanın nəticələrinə əsasən qoyulur. Müalicəvi tədbirlər proteolitik fermentlər, lidaza, hidrokortizonun yeridilməsi, fizioterapiyanın aparılmasından ibarətdir. Bu üsullar müsbət nəticə vermədikdə cərrahi müalicə (timpanotomiya, timpanoplastika), eşitmənin protezlənməsi göstəriş sayılır.

  • Orta otitin yaranma səbəbləri
  • Adheziv otitin əlamətləri
  • Otitin diaqnostikası
  • Adheziv otitin müalicəsi
  • Proqnoz

Adheziv orta otit barədə ümumi məlumat

Orta qulaq eşitmə borusu və eşitmə sümüklərinin (çəkic, zindan, üzəngi) yerləşdiyi təbil boşluğundan ibarətdir. Təbil boşluğu eşitmə borusundan səs vibrasiyasını eşitmə sümüklərinə ötürən təbil pərdəsi ilə ayrılır. Vibrasiya eşitmə sümüklərindən daxili qulağa daxil olur. Buradan səs siqnalları eşitmə siniri ilə baş beynin müəyyən şöbələrinə göndərilir.

Adheziv orta otit zamanı eşitmənin zəifləməsi eşitmə sümükləri və təbil pərdəsinin hərəkətliliyinin azalması səbəbindən səsin təbil pərdəsindən daxili qulağın ilbizinə ötürülmə mexanizminin pozulması ilə əlaqədardır. Lakin uzun müddət davam edən adheziv otit tük hüceyrələrinin endolimfanın tərpənişlərinə qarşı həssaslığının və onlardan baş beyinə gedən impulsasiyanın azalması nəticəsində eşitmə qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər.

Adheziv orta otitin səbəbləri

Adheziv orta otit adətən eksudativ və ya kataral qeyri-perforativ otit, xroniki tubootitdən sonra inkişaf edir. Bu xəstəliklər zamanı aparılan qeyri-rasional antibiotikoterapiya adheziv otitin yaranmasına şərait yaradır. İltihabi prosesin aradan qaldırılması və təbil boşluğunda toplanan eksudatın sorulmasından sonra orada fibrin lifləri qalır və bitişmələr, çapıq toxuması əmələ gəlir. Birləşdirici toxuma mənşəli qalınlaşmalar eşitmə sümüklərini əhatə edərək, təbil pərdəsinə birləşir, nəticədə bu strukturların hərəkətliliyi blokada olunur, səsin nəql olunması pozulur. Bitişmə və qalınlaşmaların eşitmə borusunda formalaşması onun keçiriciliyinə əhəmiyyətli dərəcədə təsir edir.

Klinik otolarinqologiyada adheziv orta otitin kəskin və ya xroniki otitdən sonra yaranmadığı hallar da qeydə alınır. Bu zaman xəstəliyə eşitmə borusunun keçiriciliyini çətinləşdirən və təbil boşluğunun normal ventilyasiyasına mane olan müxtəlif patoloji proseslər səbəb olur. Onlara yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri (KRVİ, faringit, traxeit, laringit), xroniki tonzillit, adenoid, burunətrafı sinuslar və burun boşluğunun iltihabi prosesləri (sinusit, haymorit, rinit), aşağı burun balıqqulaqlarının hipertrofik dəyişiklikləri, udlaq və burun boşluğunun şişləri, burun çəpərinin əyriliyi aiddir.

Adheziv orta otitin əlamətləri 

Pasiyentlər adətən qulaqda küyün yaranması və eşitmənin tədricən zəifləməsindən şikayət edirlər. Sorğu zamanı belə xəstələrin anamnezində adətən keçirilmiş kəskin və ya xroniki otitlərə rast gəlinir.   Eşitmənin müayinəsi zamanı konduktiv tipli eşitmə zəifliyi – səsin ötürülməsinin pozulması səbəbindən eşitmənin zəifləməsi aşkarlanır.

Adheziv orta otitin klinik əlamətləri az saydadır, simptomatika digər qulaq xəstəliklərinin klinik şəkli ilə oxşardır. Bununla əlaqədar eşitmə zəifliyinin səbəblərini təyin etmək üçün bir sıra diaqnostik tədbirlər aparılmalı və konduktiv ağır eşitməyə gətirib çıxaran digər patoloji proseslər (qulaq kiri, orta qulaq strukturlarının travmatik zədələnməsi, tubootit, otoskleroz və s.) inkar edilməlidir.

Adheziv orta otitin diaqnostikası

Adheziv orta otitin diaqnostik alqoritmi otolarinqoloqun vizual baxışı, yevstax borusunun keçiriciliyinin təyini, otoskopiya, mikrootoskopiya, audiometriya, impedansometriya, eşitmə borusunun endoskopik kateterizasiyasından ibarətdir.

Audiometriya zamanı adheziv otitli pasiyentlərdə müxtəlif dərəcəli eşitmə zəifliyi, habelə karlıq aşkar edilir. Eşitmə borusunun keçiriciliyini müəyyən etmək üçün Politser üsulu ilə hava üfürülməsi məqsədəuyğundur, bu zaman adheziv otit hallarında eşitmə qabiliyyətinin bir qədər yaxşılaşması və ya ümumiyyətlə dəyişməməsi müşahidə edilir. Lakin eşitmə pozğunluğunu daha dəqiq qiymətləndirmək üçün otoskopik nəzarətlə yevstax borusunun kateterizasiyasından istifadə olunur.

Adheziv orta otitin diaqnostikasında ən vacib məqam xəstəliyin otoskopik şəklinin əldə olunmasıdır. Otoskopiya (sadə və ya böyüdülmüş) vasitəsilə təbil pərdəsinin içəri batması, bulanıqlaşması, çapıq dəyişikliklərinin olması, bəzi hallarda deformasiyası müəyyən edilir. Eşitmə borusunun boşluğunda bitişmələr vizualizasiya olunur.

Təbil pərdəsi və eşitmə sümüklərinin hərəkətliliyi akustik impedansometriya ilə təyin edilir. Müayinə prosesində eşitmə borusunda olan hava sıxlaşdırılır və seyrəkləşdirilir, təbil pərdəsi içəri batır və düzəlir. Adheziv otit zamanı təbilin hərəkətləri məhdudlaşır və ümumiyyətlə izlənilmir, akustik əzələ refleksləri müşahidə olunmur.

Adheziv orta otitin müalicəsi 

Adheziv orta otitin müalicəsinin birinci mərhələsi eşitmə borusunun keçiriciliyinin pozulmasına səbəb olan amillərin likvidasiyasından ibarətdir. Bura burun-udlağın və burun ciblərinin sanasiyası, uşaqlarda adenotomiyanın aparılması, normal burun tənəffüsünün bərpası (burun çəpərinin əyriliyi və burun balıqqulaqlarının hipertrofiyasının aradan qaldırılması) daxildir.

Adheziv orta otit zamanı Politser üsulu ilə hava üfürülməsi və təbil pərdəsinin pnevmomasajının birgə tətbiqi müsbət nəticə verir. Hidrokortizon, asetilsistein, ximotripsin, hialuronidazanın kateterlə transtubar yeridilməsi məqsədəuyğundur. Orqanizmin müdafiə reaksiyalarını stimulyasiya etmək üçün pasiyentlərə aloe, şüşəyəbənzər cisim, B qrup vitaminlər, ATF-in parenteral yolla qəbulu məsləhət görülür.  Antihistamin dərman vasitələri göstəriş sayılır.

Adheziv orta otitin medikamentoz terapiyası adətən fizioterapevtik müalicə: UYT, mikrodalğalı terapiya, eşitmə borusunun yastıqcıqlarının ultrasəs masajı, palçıqla müalicə ilə tamamlanır.  Endoural ultrafonofarez və elektrofarezlə kalium-yodid və hialuronidazanın yeridilməsi həyata keçirilir.

Əksər hallarda konservativ müalicə az effektiv olur. Belə vəziyyətlərdə və proqressivləşən  ağır eşitmə zamanı cərrahi müalicə aparılmalıdır. Timpanotomiya – çapıq və bitişmələrin kəsilməsi, eşitmə sümüklərinin hərəkətliliyinin bərpası adətən müvəqqəti effekt verir, bu da əməliyyatdan sonra çox zaman bitişmələrin yenidən yaranması ilə bağlıdır. Timpanoplastika – eşitmə sümüklərinin süni sümüklərlə əvəz olunması  daha effektiv üsuldur. Yaşlı pasiyentlərdə və eşitmə qabiliyyətinin ifadəli azalması ilə müşayiət olunan ikitərəfli adheziv otit zamanı eşitmənin protezlənməsi göstəriş sayılır.

Adheziv orta otitin proqnozu

Adheziv orta otitin proqnozu orta qulaqda fibrinoz-çapıq dəyişikliklərinin dərinliyi və yayılmasından asılıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bu dəyişikliklər geridönməyən xarakter daşıyır və onların yalnız inkişafının qarşısını almaq mümkün olur. Proses nə qədər tez dayandırılarsa, xəstəlik nəticəsində yaranan eşitmə zəifliyi bir o qədər az ifadəli olar. Gecikdirilmiş hallar, patologiyanın uzunmüddətli gedişi, qeyri-adekvat və ya vaxtında başlanılmayan müalicə eşitmə sümüklərinin oynaqlarının ankilozuna (hərəkətsizlik) səbəb ola bilər, belə vəziyyətlər karlığa gətirib çıxarır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: