Qızdırma

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 37006

Qızdırmanın müalicəsiQızdırma (hipertermiya) — bədən temperaturunun 37°C-dən yuxarı qalxmasıdır. Bu əlamət baş və əzələ ağrıları, halsızlıqla müşayiət olunur. Qızdırma daha çox infeksion proseslərdə müşahidə edilsə də, ona həm də endokrin, autoimmun və şiş xəstəliklərində rast gəlinir. Hipertermiyanın səbəbini aydınlaşdırmaq üçün genişləndirilmiş laborator analizlər və vizualizasiya üsulları aparılır. Temperaturu tez bir zamanda azaltmaq məqsədilə qızdırmasalıcı vasitələrdən istifadə edilir.  

Qızdırma haqqında ümumi məlumat

Qızdırmanın səbəbləriÜmumiyyətlə, sağlam insanlarda gün ərzində temperatur göstəriciləri fərqli olur. Bu rəqəmin 37°С-dən çox olması istilik tənziminin patologiyasına işarə edir. Əksər hallarda bədən temperaturu tədricən yüksəlir. Əvvəlcə  prodromal əlamətlər: baş və əzələ ağrıları, zəiflik meydana çıxır. Zamanla bu simptomlara üşümə əlavə olunur. Hərarət 38°С-ni keçdikdə titrətmə güclü istilik hissi, yanaqlarda al-qırmızı qızartı ilə əvəzlənir.  

Xəstənin ümumi vəziyyəti pozulur, o, qida qəbulundan imtina edir. Ağız və dodaqlar quruyur, çatlayır. Yaranma səbəbindən asılı olaraq, qızdırma bir neçə gündən başlayaraq, 1 aya qədər davam edə bilər. Termorequlyasiya proseslərinin normaya düşməsi kəskin formada (ümumi zəiflik, profuz tərləmə, hipotenziya) və yaxud tədricən (ümumi vəziyyət pisləşmədən) baş verə bilər. Uşaqlarda temperatur sürətlə qalxır, yəni 1 neçə saat ərzində 39-40°С-yə çatır.

Qızdırma hər zaman əsas xəstəliyin digər əlamətləri ilə birgə gedir. Xəstələrin əksəriyyətində dispeptik pozğunluqlar, qarında ağrı, KRVİ əlamətləri qeydə alınır. Böyüklərdə qızdırma 2 gündən çox davam etdikdə, uşaqlarda isə elə həmin gün həkimə müraciət olunmaldır. Belə ki, uşaq yaşlarda termorequlyasiya mexanizmləri inkişaf etmədiyindən qızdırma vəziyyəti xeyli ağırlaşdırır.  

Qızdırmanın növləri

Qızdırma əleyhinə dərmanEtioloji faktora əsasən qızdırma infeksion (bakteriya, virus, göbələk mənşəli) və qeyri-infeksion (daxili orqanların xəstəlikləri, şişlər, allergik reaksiyalar) formalara bölünür. Yüksək bədən temperaturunun davametmə müddətinə görə efemer (3 gündən az), kəskin (3 gündən 2 həftəyə qədər), yarımkəskin (2-6 həftə) və xroniki (1,5 aydan çox) qızdırma ayırd edilir. Tibbdə daha çox hipertermiyanın səviyyəsinə əsaslanan təsnifatdan istifadə edilir:

  • Subfebril qızdırma. Temperatur göstəriciləri 37-38°С diapazonunda olur. Hərarətlə yanaşı əzginlik, əmək qabiliyyətinin azalması müşahidə edilir. Ona adətən lənggedişli, xroniki iltihabi proseslərdə, endokrin problemlərdə təsadüf edilir.   
  • Febril qızdırma. Bədən hərarəti 38°-39°С təşkil edir. Onun yaranması qızdırmanın daxili mexanizmlərini (endogen pirogenlərin külli miqdarda hasil olunması, immun sisteminin mexanizmləri) işə salan aktiv iltihabi prosesə dəlalət edir. Febril hərarət bir çox infeksion və somatik patologiyaların əlaməti sayılır.  
  • Yüksək (piretik) qızdırma. Bədən temperaturu 39-41°С olur. Xəstənin ümumi vəziyyəti pisləşir, bədən susuzlaşır, ürəkbulanma və qusma baş verir. Bu hal pediatriyada təxirəsalınmaz vəziyyət hesab olunur, çünki uşaqlarda qıcolma inkişaf edə bilər.  
  • Hiperpiretik qızdırma. Hərarətin 41°С-ni keçməsi ilə xarakterizə edilir. Bu zaman mərkəzi termorequlyasiyanın bütün mexanizmləri sıradan çıxır. Qızdırmanın adi əlamətləri ilə yanaşı, sayıqlama və hallüsinasiyalar meydana çıxır. Belə hallarda təcili yardım çağırlmalıdır. 

Həkimlər qızdırmanı temperatur əyrisinə, yəni onun sutkalıq göstəricilərinə əsasən qiymətləndirirlər. Daimi qızdırma üçün 1 dərəcə həddində dəyişikliklər səciyyəvidir. Yüngül formalı hipertermiyada göstəricilər 1-2°С azalsa da, norma həddinə çatmır. İrinli və septik proseslərin törətdiyi hektik qızdırmanın göstəriciləri gün ərzində 3-5°С dəyişir. Temperatur əyrisinin nadir növlərinə qayıdan və dalğavari tiplər aiddir.  

Qızdırmanın səbəbləri

Subfebril qızdırma

Bədən temperaturunun 37°С-dən bir qədər yuxarı qalxması az miqdarda sitokin və pirogenlərin əmələ gəlməsi ilə bağlıdır. Onlar hipotalamusda yerləşən istilik tənzimi mərkəzinə təsir göstərməklə, hərarətin yüksəlməsinə səbəb olurlar. Qızdırma ümumi halsızlıqla müşayiət olunsa da, əmək qabiliyyəti çox vaxt saxlanılır. Subfebril hərarəti törədən amillər aşağıdakılardır:  

  • Emosional reaksiyalar: uzunmüddətli stress, nevroz və nevrozabənzər hallar, isteriya 
  • Qadınlarda hormonal dəyişikliklər: hamiləliyin I trimestri, klimaks  
  • Respirator xəstəliklər: soyuqdəymə, KRVİ, sadə bronxit və interstisial pnevmoniya 
  • Ocaqlı iltihab: xroniki tonzillit, sinusit
  • Xroniki bakterial infeksiyalar: vərəm, bruselyoz.
  • Virus infeksiyaları: kəskin hepatit, sadə herpes, kəmərləyici dəmrov, sitomeqalovirus.
  • Uşaq infeksiyaları: qızılca, məxmərək.
  • Helmintozlar: lyamblioz, amöbiaz, opistorxoz  
  • Bağırsaq patologiyaları: qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi  
  • Autoimmun proseslər: sistemli qırmızı qurd eşənəyi, sklerodermiya, dermatomiozit, revmatoid artrit  
  • Endokrin patologiyalar: tireotoksikozun başlanğıc mərhələsi, Addison xəstəliyi  
  • Şişlər: limfoqranulomatoz, kəskin və xroniki leykoz  
  • İİV-infeksiya
  • Yatrogen faktorlar: əməliyyatdan sonrakı dövr, qan köçülüməsinə və yaxud peyvəndə reaksiya  
  • Farmakoterapiyanın fəsadları: antibiotiklərin, psixotrop preparatlar və atropinin qəbulu  
  • Nadir səbəblər: xroniki spesis, allergik reaksiyalar.

Febril qızdırma

Bədən temperaturunun uzun müddət 38°-39°С olması xəstəliyin kəskin gedişindən xəbər verir. Pasiyentlər adətən güclü baş və əzələ ağrılarından, halsızlıqdan, yuxululuqdan şikayət edirlər. Onların iştahı azalır, tərləmə ilə çoxlu su itirildiyindən susuzluq hissi güclənir. Fibril hərarətin ən çox yayılmış səbəbləri aşağıdakılardır:

  • Kəskin respirator patologiyalar: qrip, adenovirus və rinovirus infeksiyaları, KRVİ 
  • İnfeksion xəstəliklər: qarın yatalağı, malyariya, meninqokokk mənşəli meningit  
  • Bağırsaq infeksiyaları: salmonelyoz, dizenteriya, eşerixioz və s.  
  • LOR-xəstəliklər: sinusit (haymorit, frontit), angina, otit  
  • Aşağı tənəffüs yollarının patologiyaları: irinli bronxit və bronxiolit, eksudativ plevrit, ocaqlı və krupoz pnevmoniya  
  • İrinli ocaqlar: xarici (furunkul, karbunkul, yaraların irinləməsi) və daxili (qaraciyər və bağırsaq absesi, plevranın empieması).
  • «Kəskin qarın» sindromu: appendisit, xolesistit, mezadenit
  • Ürək xəstəlikləri: bakterial endokardit, kəskin revmatik qızdırma  
  • Sümük və oynaq xəstəlikləri: hematogen və travmatik osteomielit, septik artrit, sarkoma  
  • Sidik-cinsiyyət sisteminin patologiyaları: kəskin pielonefrit, apostematoz nefrit, böyrək sancısı 
  • Orqanizmin qızması: isti və günvurma, anhidroz, mövsümə uyğun geyinməmək.
  • Qeyri-müəyyən mənşəli qızdırma
  • Nadir səbəblər: prion infeksiyalar (ailəvi fatal yuxusuzluq, Kreytsfeldt-Yakob xəstəliyi), damarların kollagenozu.  

Qızdırmanın diaqnostikası

Diaqnostik tədbirlərin həcmi klinik şəkildən və əlavə simptomların olmasından asılıdır.  Müəyyən bir sistemin zədələnməsinə aid aşkar əlamətlər varsa, onun hədəfli diaqnostikası aparılır. Naməlum mənşəli, uzunmüddətli qızdırmanın səbəbləri standart alqoritm üzrə aşkar edilir. Bura aşağıdakı laborator və instrumental üsullar daxildir:  

  • Qan analizi. Ümumi analizdə iltihab əlamətlərinə (leykositoz, EÇS-nin yüksəlməsi) diqqət yetirilir. Autoimmun prosesləri inkar etmək üçün antinuklear anticisimlərin və kəskin faza zülallarının səviyyəsi yoxlanılır. Kəskin iltihab dövründə prokalsitonin testi informativdir.  
  • Hemokultura. Qan temperaturun ən yüksək səviyyətə çatdığı dövrdə, minimum 3 dəfə götürülür. Material selektiv qidalı mühitdə əkilir. Bakteriya koloniyaları həddindən çox olduqda “septisemiya” diaqnozu qoyulur. Törədiciyə məxsus antigen və anticisimləri müəyyən etmək məqsədilə ekspress üsullardan (İFA, İFR) istifadə olunur.   
  • Bakterioloj müayinələr. Törədicini aşkarlamaq üçün qandan savayı, nəcis, sidik və yaxud bəlğəm yoxlanıla bilər. Qızdırma nevroloji simptomatika ilə müşayiət edildikdə onurğa beyni mayesi analiz olunur. Patogen mikroorqanizmlərin koloniyaları müəyyən edildikdən sonra antibiotiklərə qarşı həssaslı testi aparılır.
  • Rentgenoqrafiya. Yüksək qızdırma uzun müddət davam etdikdə 2 proyeksiyada döş qəfəsinin rentgenoqramması məsləhət görülür. Müayinə zamanı bronx ağacının deformasiyası, tünd sahələr, daxilində maye olan boşluqlar izlənilə bilər. Qarın boşluğunun icmal rentgenoqrafiyası absesləri, iri ölçülü iltihabi konqlomeratları və boşluqlu orqanların perforasiyasını inkar etməyə imkan verir.  
  • Ultrasəs müayinəsi. Febril qızdırmanın səbəbini dəqiqləşdirmək üçün exokardioqrafiya aparılır. Müayinə prosesində infeksion endokarditin, qapaqların vegetasiyasının və iri arteriyaların patologiyaların əlamətləri üzə çıxarılır. Endokrin pozğunluqları müəyyən etmək üçün qalxanabənzər, qalxanabənzər ətraf və böyrəküstü vəzilərin USM yerinə yetirilir.  
  • Yüksək spesifik vizualizasiya üsulları. Standart üsullarla qızdırmanın səbəbini təyin etmək mümkün olmadıqda halliumla bütün bədənin sintiqrafiyası göstərişdir. Onun köməyilə xroniki abseslər, həcmli törəmələr aşkar edilir. Meningitdən şübhələndikdə baş beynin MRT və yaxud KT məsləhətdir.  

Qızdırmanın müalicəsi

Diaqnoz qoyulana qədər yardım

2 gündən az davam edən subfebril hərarət zamanı spesifik müalicə tələb olunmur. Qızdırmanın uzun sürməsi patoloji prosesə işarə edir. Belə vəziyyətlərdə həkimə müraciət olunmalıdır. Hipertermiyanın səbəbi dəqiqləşənə qədər bol miqdarda isti maye qəbulu, soyuq kompress, termometrin göstəricisi 38°С-dən çox olduqda isə qızdırmasalıcı preparatlar tövsiyə edilir.  

Qızdırmanın konservativ terapiyası

Həkim taktikası qızdırmanın yaranma səbəbindən və xəstənin ümumi vəziyyətindən asılıdır. Hərarət yüksək olduqda hər 2-3 saatdan bir ölçülməlidir. Uşaqlarda qıcolma təhlükəsini nəzərə alaraq, febril qızdırma zamanı dərhal dərman verilir. Müalicənin əsas mərhələsini adekvat etiotrop və patogenetik terapiya təşkil edir. Onun sayəsində bədən temperaturu normallaşır. Terapevtik məqsədlə aşağıdakı vasitələrdən istifadə edilir:  

  • Antibiotiklər. Dərman vasitəsi empirik seçilir, bakterioloji əkilmənin cavabı hazır olduqda müalicə sxemi korreksiya edilir. Həcmli irinli proseslərdə yüksək dozalarda 2-3 preparatın kombinasiyası parenteral yolla orqanizmdə yeridilir.  
  • Virusəleyhinə vasitələr. Qrip zamanı virusun çoxalmasını əngəlləyən və sağalmanı tezləşdirən spesifik dərmanlar göstərişdir. Hepatit xəstəliyində virusun titrini azaldan və ümumi vəziyyəti yüngülləşdirən dərmanlar qəbul edilir.  
  • İltihabəleyhinə preparatlar. Qeyri-steroid dərman vasitələri termorequlyasiya mərkəzinə təsir göstərən sitokin və prostaqlandinlərin sintezini blokada edir, iltihabi prosesin aktivliyini azaldır. Güclü qızdırmasalıcı xüsusiyyətə malik QSİƏP-ə üstünlük verilir.  
  • Qlükokortikosteroidlər. Digər terapiyaya tabe olmayan sistem autoimmun və allergik reaksiyalarda təyin edilir. Böyrəküstü vəzin hormonları immun sisteminin aktivliyini azaltdığından ondan infeksiyalarda ehtiyatla istifadə edilir.   
  • İnfuziya məhlulları. Qızdırma 38°С-dən qalxdıqda və xəstənin vəziyyəti ağır olduqda rehidratasiya və dezintoksikasion terapiya aparılır. Zəruri elektrolitlərlə zəngin duz məhlulları venadaxili yeridilir. Müalicə sxeminə diuretiklər də əlavə olunur.  
  • Vitaminlər. Lənggedişli proseslərdə immunitetin stimulyasiyası üçün askorbin turşusu, B qrup vitaminlər effektivdir. Metabolik preparatlar hüceyrələrdə maddələr mübadiləsini yaxşılaşdırır, tonuslandırıcı təsir göstərirlər. Bu dərmanlar antioksidantlarla kombinə edilir.  

Qızdırmanın cərrahi müalicəsi 

İri ölçülü abses və yaxud osteomielit ocaqları aşkarlandıqda onlar drenajlanır və yaranan boşluq antiseptik məhlulla yuyulur. «Kəskin qarın» sindromu ilə gedən xəstəliklərdə cərrahi əməliyyat göstərişdir. Bədxassəli şişlərdə radikal cərrahi müdaxilə (törəmənin ətraf toxuma və regionar limfa düyünləri ilə birgə çıxarılması), şüa və yaxud kimyaterapiya aparılır. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: