Mastit

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 8218

mastit nədir?Mastit – süd vəzisinin iltihabı xəstəliyidir. Patologiya sinə nahiyəsində güclü ağrı, vəzinin şişməsi, bərkiməsi, dərinin qızarması, bədən hərarətinin kəskin yüksəlməsi ilə təzahür edir. Mastit mammoloq tərəfindən vizual baxış zamanı aşkarlanır, əlavə olaraq süd vəzilərinin USM aparıla bilər. Xəstəlik süd vəzisində irinlik, abses, fleqmona, nekrozun inkişafı, hətta letal sonluqla nəticələnə bilər. Südün mikrob kontaminasiyası zamanı döşlə qidalandırma dayandırılır. Uzaq dövrlərdə süd vəzisi  deformasiyaya uğrayır, mastopatiya və süd vəzi xərçənginin inkişaf riski yüksəlir.

  • Mastitin yaranma səbəbləri
  • Mastitin əlamətləri
  • Mastitin diaqnostikası
  • Mastitin müalicəsi
  • Mastitin profilaktikası

Mastit barədə ümumi məlumat

Mastit — süd vəzi toxumasının iltihabıdır. Xəstəlik süd vəzisinin bakteriyalarla infeksiyalaşması nəticəsində baş verir. Süd verən analar arasında mastitin rastgəlmə tezliyi regiondan asılı olaraq, 1-16% arasında variasiya edir. Orta hesabla bu göstərici 5%-ə bərabərdir. Təəssüflə qeyd etmək lazımdır ki, xəstəliyin qarşısının alınmasına yönəldilən tədbirlər hələlik az effektivdir. Mastitlə xəstələnən insanların böyük əksəriyyətini ilk dəfə doğan (və ya ilk dəfə süd verən) qadınlar təşkil edir. Bu, sağma prosesinin düzgün yerinə yetirilməməsi nəticəsində südün durğunluğunun artması ilə izah olunur. Yaşı 30-dan yuxarı olan və növbəti körpəsini südlə qidalandıran qadınlarda isə mastitin yaranmasına yanaşı gedən xroniki xəstəliklə əlaqədar orqanizmin müdafiə xüsusiyyətlərinin azalması səbəb olur. Belə hallarda mastitin simptomatikası əsas xəstəliyin klinik təzahürləri ilə müşayiət edilir.

Mastitin yaranma səbəbləri

Mastitin yaranma səbəbləriƏksər hallarda mastit stafilokokk infeksiyası tərəfindən törədilir. Lakin qadın orqanizmində bakterial floranın (tənəffüs sistemi, ağız boşluğu, sidik-ifrazat yolları, cinsiyyət orqanlarının infeksiyaları) olduğu hallarda mastitin yaranmasında bu mikroorqanizmlər iştirak edə bilər. Bəzən süd vəzisi bağırsaq çöpü ilə infeksiyalaşır. Bakteriyalar süd vəzisinə hematogen yolla və ya süd axarları ilə daxil olur.

Mastit adətən uzun müddətli patoloji laktostaz (vəzidə süd durğunluğu) nəticəsində inkişaf edir. Südün toplandığı nahiyədə bakteriyaların inkişafı üçün əlverişli mühit yaranır, infeksiya iltihabi reaksiya, qızdırma və irinli prosesə səbəb olur.

Mastitin təsnifatı

Mastit iltihabi prosesin xarakterinə əsasən təsnif edilir: seroz, infiltrativ, irinli, absesləşən, qanqrenoz və fleqmonoz mastit. Seroz, infeksiyalaşan və irinli mastitlər süd vəzisinin iltihabi xəstəliyinin bir-birinin ardınca baş verən mərhələləridir. Bu zaman əvvəlcə seroz şişkin iltihab nahiyələri, tədricən isə infiltrat və irinli prosesin inkişafı müşahidə edilir.

Absesləşən mastit lokal irinli ocaq, fleqmonoz forma isə iltihabın süd vəzi toxumalarına yayılması ilə xarakterizə olunur. Xəstəliyin davamlı gedişi və ya orqanizmin müdafiə gücünün zəifləməsi zamanı iltihablaşmış toxumalar nekroza uğrayır (qanqrenoz mastit).

Mastitin bir sıra klinik növləri ayırd edilir: doğuşdan sonrakı kəskin mastit, plazmahüceyrəli mastit və yenidoğulmuşların mastiti.

Mastitin əlamətləri

Mastitin əlamətləriDoğuşdan sonrakı kəskin mastit adətən süd verən analarda laktostazın iltihabı ağırlaşması kimi meydana çıxır. Bəzi hallarda xəstəlik süd durğunluğunun ifadəli əlamətləri olmadan inkişaf edir. Mastit süd vəzisində bərkimə sahələri, lokal hiperemiya və yerli temperaturun yüksəlməsi, qızdırma və intoksikasiyanın ümumi əlamətləri ilə təzahür edir. Xəstəliyin proqressivləşməsi zamanı ağrı hissi güclənir, süd vəzisinin ölçüsü böyüyür. Südvermə və sağma prosesi kəskin ağrılı olur. Süddə qan və irin aşkarlana bilər. İrinli mastitin proqressivləşməsi çox zaman süd vəzisinin absesinin inkişafı ilə müşayiət olunur.

Plazmahüceyrəli mastit təkrar doğan yaşlı qadınlarda laktasiyanın kəsilməsindən sonra baş verən nadir xəstəlikdir. Döş giləsinin altında yerləşən plazma hüceyrələrinin ilfiltrasiyası və axarların epitel qatının hiperplaziyası ilə xarakterizə olunur. Mastitin bu forması irinləmir və süd vəzi xərçənginin xarici əlamətləri ilə oxşarlıq təşkil edir.

Yenidoğulmuşların mastiti – hər iki cinsdən olan uşaqlarda tez-tez müşahidə olunan formadır. Patologiya süd vəzisinin şişməsi, onun sıxılması zamanı ifrazatın axması ilə özünü büruzə verir. Bu, bir qayda olaraq, ananın cinsi hormonların qalıq təsirinin nəticəsi kimi baş verir. Kəskin irinli iltihab və absesin formalaşması zamanı irinli ocaq cərrahi sanasiya olunur, lakin əksər hallarda simptomatika 3-4 gündən sonra keçib gedir.

Mastitin diaqnostikası

Süd vəzisində iltihab ocağı palpasiya zamanı aşkarlanır. Həmçinin iltihabi prosesin lokalizasiya olunduğu tərəfdə qoltuqaltı limfa düyünlərinin böyüməsi (bəzən palpasiyada yüngül ağrılı olması) müəyyən edilir. İrinləmə flüktuasiya əlaməti ilə səciyyələnir.

Süd vəzilərinin ultrasəs müayinəsində tipik iltihab şəkli aşkar edilir. Seroz mastit vəzinin differensiasiya olunmuş strukturlarının exoqrafik şəklinin hamarlaşması, süd axarlarının genişlənməsi, dəri və dərialtı toxumaların genişlənməsi ilə xarakterizə olunur. Süd vəzisində infiltrat exogenliyi azalmış, dəqiq sərhədli məhdud sahə şəklində görünür, proqressivləşmə zamanı isə «arı pətəyi» müşahidə olunur.

Mastitin diaqnostikası çətinlik törətmədiyindən adətən mammoqrafiyanın aparılmasına ehtiyac  yaranmır. Ultrasəs şəklin şübhə doğurduğu hallarda histoloji müayinə məqsədilə aspirat (süd vəzisinin USM nəzarət altında nazik iynəli aspirasion biopsiyası) əldə olunur. Bakterioloji müayinə üçün iltihaba məruz qalan orqandan süd götürülür.

Xəstəliyin ləng gedişi və onun ətrafında fibroz toxuma yastıqcıqlarının formalaşması (ocağ\ın kisələşməsi) xroniki mastitin inkişafından xəbər verir. Bu zaman klinik təzahürlər zəif ifadə olunur, lakin palpasiyada sərt konsistensiyalı, dəri ilə bitişik, az hərəkətli ocaq aşkar edilir.

Mastitin müalicəsi

Süd vəzisində iltihabın inkişafına ən kiçik şübhə yarandıqda belə təcili surətdə mammoloqa müraciət edilməlidir. Bu xəstəliyin müalicəsi zamanı erkən diaqnostika və mastitin səbəblərinin, eləcə də infeksion prosesin aradan qaldırılmasına yönəldilən tədbirlərin vaxtında aparılması mühüm əhəmiyyət kəsb edir. Süd vəzisi iltihabı proqressivləşmə, irinləmə və absesləşməyə meylli olduğundan özünü müalicə və həkim baxışının gecikdirilməsi yolverilməzdir. İrinli mastit cərrahi müalicəyə göstəriş sayılır.

Mastitin seroz iltihab və ya infiltrat mərhələsində aşkarlandığı hallarda konservativ müalicə aparılır. Geniş təsir spektrinə malik güclü təsirli vasitələrin tətbiqi ilə antibiotikoterapiya təyin edilir. Seroz mastit adətən 2-3 gün müddətində sağalır. İnfiltratın sorulması üçün isə 1 həftə tələb oluna bilər. İltihab ümumi intoksikasiya ilə müşayiət olunduqda dezintoksikasiya tədbirləri (elektrolitlər, qlükoza məhlulunun infuziyası) həyata keçirilir. İzafi laktasiya zamanı bu prosesi azaldan vasitələrdən istifadə edilir.

Mastitin irinli formaları cərrahi müdaxilənin aparılmasını tələb edir. Süd vəzisinin absesi təcili cərrahi sanasiya: mastitin yarılması və irinli ocağın dernajlanmasına göstəriş hesab olunur.

Mərhələsindən asılı olmayaraq proqressivləşən mastit zamanı süd infeksiyalaşdığından və toxumaların toksiki parçalanma məhsullarından ibarət olduğundan döşlə qidalandırma dayandırılmalıdır. Əks halda uşaqda disbakterioz və həzm sistemi pozğunluqları yarana bilər. Mastitin terapiyası antibiotiklərlə aparıldığından bu dövrdə əmizdirmə prosesi uşaq üçün təhlükəli sayılır. Antibiotiklər orqan və toxumaların normal böyümə və inkişafını poza bilər. Mastitin müalicəsi zamanı südün yalnız sağılıb pasterizə olunduqdan sonra uşağa verilməsi icazəlidir.

Seroz və infiltrativ mastit zamanı 3 gün davam edən antibiotikoterapiya fonunda dinamikanın müşahidə edilməməsi, irinli formanın inkişafı, iltihab ocağının gilənin altında yerləşməsi, ananın anamnezində irinli mastitin olması, orqan və sistemlərin yanaşı gedən patologiyaları, qadının ümumi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi laktasiyanın dayandırılmasına göstərişdir.

Mastitin profilaktikası

Mastitin profilaktikası laktostazın qarşısının alınmasına yönəldilən tədbirlərlə eynidir. Çünki əksər hallarda məhz bu vəziyyət mastitin yaranmasına təkan verir.

Süd durğunluğunun profilaktikası məqsədilə süd vəzisinin tam boşaldılması: müntəzəm əmizdirmə və qalıq südün sağılması məsləhət görülür. Uşağa bir süd vəzisinin südü kifayət etdikdə, növbəti dəfə körpə digər vəzinin südü ilə qidalandırılmalıdır. Süd yemədən sadəcə sakitləşmək məqsədilə əmmə icazəli sayılmır.

Döş gilələrində çatlar iltihaba səbəb olduğundan onlar laktasiyaya hazırlanmalı, gigiyena qaydalarına (təmiz əl və döş) riayət olunmalı, həmçinin uşaq döşə düzgün qoyulmalıdır (körpə döş giləsini areola birgə tutmalıdır).

Mastitin digər profilaktik tədbirlərinə orqanizmdə infeksiya ocaqlarının vaxtında aşkarlanması və sanasiyası aiddir, lakin onu da yadda saxlamaq lazimdir ki, laktasiya dövründə ümumi antibakterial terapiya qadağandır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: