Qalaktosele

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 1433

qalaktosele nədir?Qalaktosele – süd vəzinin möhtəviyyatı südlü maye olan kistasıdır. Kiçik ölçülü kistalar simptomsuz gedir; ölçüləri böyüdükdə isə süd vəzində diskomfort və orqanın deformasiyası meydana çıxır; törəmə infeksiyalaşdıqda intoksikasiya əlamətləri prosesə qoşulur. Qalaktoselenin diaqnostikasında anamnez, şikayətlər və süd vəzilərinin obyektiv müayinəsi həyata keçirilir. İnstrumental metodlardan USM, MRT, mammoqrafiya və duktoqrafiya tətbiq olunur. Kiçik kistalar müalicə tələb etmir; böyük ölçülü törəmələr cərrahi üsulla (süd vəzinin punksion sklerozlaşdırılması və ya rezeksiyası) kəsilib çıxarılır.

  • Qalaktoselenin səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Qalaktoselenin simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Qalaktoselenin müalicəsi
  • Proqnoz və profilaktika

Qalaktosele barədə ümumi məlumat

Qalaktosele (süd vəzisinin piy tərkibli kistası) – xoşxassəli tipik retension törəmədir. Seroz möhtəviyyatlı retension kistalardan fərqli olaraq yağ kistası təmiz və ya şəklini dəyişmiş südlə (pendirvari, yağlı və ya  sabunlaşmış kütlə) doludur. Xəstəlik ana südü ilə qidalandırma ilə birbaşa əlaqəlidir; döşlə qidalandıran qadınlarda daha çox diaqnostika olunur. Yağlı kista tez-tez hamilə və laktasiyanı 8-10 ay əvvəl dayandırmış qadınlarda əmələ gəlir. Belə kista çox nadir hallarda kişilərdə və pubertat dövründə olan qızlarda da inkişaf edir. Mammologiyada yağlı kistaların rastgəlmə tezliyi qadınlarda bütün süd vəzi şişlərinin 0,5%-ini təşkil edir.

Qalaktoselenin səbəbləri

Xəstəlik süd axarlarının natamam keçiriciliyi nəticəsində inkişaf edir və süd axınının pozulmasına və ya süd durğunluğuna gətirib çıxarır. Qalaktoselenin səbəbləri müxtəlifdir və hər bir klinik halda xəstəliyin etiologiyasını müəyyənləşdirmək çətindir. Süd vəzilərinin axarlarının keçiriciliyinin pozulmasına səbəb olan əsas faktorlar aşağıdakılardır:

  • Axarın quruluşunun anadangəlmə anomaliyaları. Axarın diametrinin həddən artıq kiçik olması, onların əyilməsi və ya xeyli qıvrılması kimi meydana çıxa bilər. Sadalanan qüsurlar süd axınının pozulmasına gətirib çıxara və süd durğunluğuna təkan verə bilər.
  • Laktostaz. Döşlə qidalanmadan imtina, qidalandırma qaydalarının pozulması (vəzilərin vaxtında sağılmaması və ya uşağın döşə düzgün qoyulmaması), hiperlaktasiya və ya döşlə qidalandırmanın qəflətən dayandırılması səbəbindən formalaşır.
  • Süd vəzilərinin travmaları. Keçmişdə süd vəzisinin əzilməsi çapıq birləşmələrin əmələ gəlməsinə və axarların stenozlaşmasına rəvac verir.
  • Süd vəzilərinin iltihabı. İnfeksiyanın döş giləsinin çatından toxumaya daxil olması süd axarlarının divarlarının ödeminə və mənfəzinin daralmasına səbəb olur. Ətraf iltihablaşmış toxumanın axarı sıxması mümkündür.
  • Hormonal disbalans. Südün tərkibinin dəyişilməsinə gətirib çıxarır; beləliklə, onun süd vəzilərində pıxtalaşmasına, süd laxtasının və axarın mənfəzinin tutulmasına rəvac verir.

Qalaktoselenin patogenezi

Xəstəlik uzun müddət ərzində inkişaf edir; nəticədə törəmənin ölçüləri tədricən böyüyür və diametri 8-10 sm-ə çatır. Etioloji faktorun təsiri süd axınının pozulmasına gətirib çıxarır; bu isə qalaktoselenin inkişaf mexanizmində əsas məqamdır. Südün vəzidən xaric olması pozulduğundan axarın genişlənməsi baş verir və həmin nahiyədə süd toplanır. Yağlı kistanın divarları kimi axarın epitellə örtülmüş divarları çıxış edir. Epitelial hüceyrələr isə öz növbəsində düzləşir; onlar arasında məsafə qısalır. Bu, hüceyrələrarası və hüceyrədən kənar maye mübadiləsini pozur. Axarda toplanmış sekret toxumaarası mayeyə absorbsiya etmək xüsusiyyətinə malik deyil; toxumaarası maye isə genişlənmiş axara daxil ola bilmir. Bu proseslər südün laxtalanmasını artırır; əmələ gəlmiş laxta isə axını daha da blokada edir və qalaktoselenin formalaşmasına gətirib çıxarır.

Qalaktoselenin təsnifatı

Kistalar tək və çoxsaylı ola, bir və ya hər iki süd vəzində lokalizasiya oluna bilər. Ağırlaşmaların olub-olmamasından asılı olaraq ağırlaşmış (süd vəzilərinin irinləmiş yağlı kistası) və ağırlaşmamış kistalar ayırd edilir. Kistanın möhtəviyyatının tərkibi qalaktoselenin davamiyyətindən asılı olaraq dəyişir. Beləliklə, möhtəviyyatının tərkibinə görə kistaların aşağıdakı formaları ayırd edilir:

  • Yağlı kista – təmiz süd tərkibli;
  • Pendirvari kista– pendirvari kütlə ilə doludur;
  • Sabunvari kista – sabunlaşmış kütlə şəklində sekret toplanır.

Qalaktoselenin simptomları

Xəstəlik, xüsusən inkişafın başlanğıc mərhələsində simptomsuz gedir. Kiçik qalaktoseleli qadınlar özlərini tamamilə sağlam hiss edirlər; xəstəlik süd vəzilərinin USM-ində təsadüfən aşkarlana bilər. Belə ki, proses ləng proqressivləşir, uzun müddət vəzin minimal diskomfortunu belə törətmir. Patologiyadan döşlə qidalandırma zamanı şübhələnmək olar. Bu zaman körpə əmdikdə nəzərə çarpan çətinliklər meydana çıxır, bir süd vəzilə qidalandıqda ac qalır; vəzidə isə südün miqdarı normal qalır. Böyük ölçülü qalaktosele süd vəzisinin formasını dəyişir, orqanı sıxan paltarlar geydikdə ağrı yaradır. Kista menstruasiyanın əvvəlində, hormonların təsirindən ölçüləri böyüdükdə xüsusən dəqiq müəyyən olunur. Ağırlaşmamış hallarda qadının ümumi vəziyyəti pozulmur.

Qalaktoselenin ağırlaşmaları

Kosmetik defektdən – süd vəzinin nəzərə çarpan deformasiyasından başqa daha ciddi ağırlaşmaların inkişafı mümkündür. İnfeksiyaların kista boşluğuna düşməsi nəticəsində qalaktosele irinləyir, vəzin absesi və ya irinli mastit formalaşır. Kistoz törəmənin irinləməsi intoksikasiya əlamətləri (bədən temperaturunun yüksəlməsi, ümumi vəziyyətin pisləşməsi (zəiflik, süstlük), iltihab nahiyəsində dərinin hiperemiyası, süd vəzilərində pulsasiya edən ağrılar, qoltuqaltı limfa düyünlərinin böyüməsi) ilə müşayiət olunur.

Süd vəzilərinin irinli prosesi cərrahi müdaxilə, antibiotiklərin təyinini və uşağın süd vəzindən kənar tutulmasını tələb edir. Qalaktoselenin cırıla və fistullar formalaşa bilər. Uzun müddət mövcud olan yağlı kista maliqnizasiya edə bilər, lakin törəmənin xərçəngə keçməsinə çox nadir hallarda (1,5%-ə qədər) rastlanır.

Qalaktoselenin diaqnostikası

Xəstəliyin diaqnostikası xüsusi çətinlik törətmir. Qalaktosele həkim-mammoloq tərəfindən aşkarlanır. Bunun üçün aşağıdakı metodlardan istifadə olunur:

  • Anamnezin və şikayətlərin toplanması, obyektiv müayinə. Döşlə qidalandırma ilə qalaktoselenin davam etmə müddəti arasında əlaqə, ağrıların olub-olmaması və s. dəqiqləşdirilməlidir. Obyektiv müayinə zamanı yağlı kistaların lokalizasiyası təyin olunur: onlar, adətən, döş giləsi ətrafı nahiyədə və ya birbaşa döş giləsinin altında əmələ gəlirlər; lakin vəzin istənilən kvadrantında inkişaf edə bilər. Palpasiyada ağrısız və ya az ağrılı dairəvi və ya oval sıx-elastik konsistensiyalı, ətraf toxumalarla birləşməmiş (dəri altında asanlıqla diyirlənir) törəmə müəyyən olunur.
  • Süd vəzilərinin USM-i. Diaqnozu təsdiqləməyə, kistoz boşluğun sekretini dəyərləndirməyə və kistoz divarların quruluş xüsusiyyətlərini aşkarlamağa imkan verir. Diaqnoz dairəvi və ya oval formalı, aydın konturlu anexogen törəmə təyin olunduqda təsdiqlənir. Metod laktasiya edən qadınları müayinə etdikdə az informativdir. Törəmə vəzin südlə dolu paylarını tuta bilər.
  • Mammoqrafiya. Fəsadlaşmamış törəmə rentgenoloji şəkillərdə aydın konturlu işıqlanma kimi görünür. Bununla yanaşı, qalaktoselenin kalsifikasiyası istisna və ya təsdiq olunur.
  • DuktoqrafiyaMammoqrafiya zamanı qane edici nəticələr əldə olunmadıqda icra olunur. Diaqnostika metodu axarın problemli hissəsini aşkarlamaqda, kistoz törəmələrin sayını və lokalizasiyasını dəqiqləşdirməkdə kömək edir. Laktasiya və süd vəzilərinin kəskin iltihabi proseslərində tətbiq olunmur.
  • Süd vəzilərinin MRT-i. Çətin vəziyyətlərdə istifadə olunur. Şişin lokalizasiyasını və xarakterini dəqiq müəyyənləşdirməyə, uzadılmış axarları aşkarlamağa, regionar limfa düyünlərini dəqiq qiymətləndirməyə imkan verir.
  • Törəmənin punksiyası. Əldə olunmuş material qatı, krem şəkilli konsistensiyalı, qəhvəyi və ya yaşılımtıl rəngli olur. Aspirat bakterioloji və sitoloji müayinəyə göndərilir. Sekretin sterilliyi kista boşluğunda infeksion agentin olmaması ilə təsdiqlənir.

Xəstəlik xoşxassəli (fibroadenoma, lipoma) və bədxassəli (süd vəzi xərçəngi) törəmələrlə differensiasiya olunur. Bu xəstəlikləri istisna etməkdə cərrah və onkoloq kömək edir.

Qalaktoselenin müalicəsi

Kiçik ölçülü (<10 mm) törəmələr olduqda müalicə təyin olunmur, yalnız dinamik müşahidə tələb olunur. Qalaktoselenin müalicəsi yalnız onun ölçüləri 10 mm-dən böyük olduqda və ağırlaşmalar (kistoz törəmənin irinləməsi və ya tamlığının pozulması) meydana çıxdıqda vacibdir. Müalicə aşağıdakılardan ibarətdir:

  • Dərman terapiyası. Hormonal disbalans fonunda yaranmış qalaktosele zamanı göstərişdir. Hormonal preparatların təyinindən ibarətdir.
  • Kistanın sklerozlaşdırılması. Törəmənin möhtəviyyatının punksion aspirasiyası və onun boşluğuna havanın (pnevmosklerozlaşma) və ya sklerozlaşdıran maddələrin (spirt) yeridilməsi ilə həyata keçirilir. Bu metodun üstün cəhəti onun sadə, ucuz və postoperativ çapıqlarsız olmasındadır. Çatışmazlığı isə residivlərin yaranma ehtimalının yüksək olması və kistoz boşluğa yeni sekretin toplanmasıdır.
  • Radikal cərrahi müdaxilə. Xəstəliyin etibarlı və effektli müalicəsidir. Qalaktoselenin böyük formalarında tətbiq olunur. Cərrahi əməliyyat vəzin zədələnmiş hissəsinin törəmə ilə birlikdə kəsilib kənarlaşdırılmasından ibarətdir. Residivlər çox nadi hallarda əmələ gəlir. Bu metodun mənfi cəhəti travmaya meyillik, venadaxili narkozun labüdlüyü və kosmetik defektdir (postoperativ çapıq). İrinli proses (abses, mastit) inkişaf etdikdə irinlik yarılır, irin xaric olunur, postoperativ yaralar antiseptiklərlə yuyulur və drenaj qoyulur. İkinci mərhələdə (iltihab söndükdən sonra) qalaktoselenin kapsulu kəsilir, yara ikincili tikişlə tam tikilir.

Qalaktoselenin proqnoz və profilaktikası

Müalicə vaxtında aparıldıqda sağalma və həyat üçün proqnoz kafidir. Profilaktika süd vəzilərinin qadının özü tərəfindən müntəzəm müayinəsi və həkim nəzarətindən, döşlə qidalandırma qaydalarının təşkili və onlara riayət olunması, bədənin həddən artıq soyumasının və KRVİ ilə yoluxmanın qarşısının olunması, süd vəzilərinin gigiyenasına (alt paltarının hər gün dəyişilməsi, hər dəfə qidalandırmadan əvvəl və sonra orqanın yuyulması) əməl olunması, hər qidalandırmadan sonra vəzin sağılmasından ibarətdir. Bundan başqa, döş giləsi çatlarının əmələ gəlməsinə imkan verməmək, stressi dəf etmək, su və qidalanma rejimi normallaşdırmaq lazımdır. Qalaktoselenin inkişafının qarşısının alınmasında alt paltarının düzgün seçilməsi, süd vəziləri üçün hava vannaları və xüsusi məşqlər kömək edir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: