Mastopatiya

Oxuma vaxtı: 12 dəq Oxunma sayı: 2510

mastopatiya nədir?Mastopatiya – süd vəzi toxumasının patoloji fibroz-kistoz dəyişikliyi olub, bərk konsistensiyalı və adətən kiçik dənəli törəmələrin yaranması ilə xarakterizə edilir. Mastopatiya süd vəzilərinin kobudlaşması və ağrılı olması, bu əlamətlərin aybaşıdan qabaq daha ifadəli xarakter alması, döş giləsindən seroz, bəzən isə qanlı ifrazatın axması ilə özünü büruzə verir. Xəstəlik onkoloji risk amili sayılaraq, residivləşməyə meylli olur. Mastopatiyanın diaqnostikası mammoqrafiya, süd vəzilərinin USM, ehtiyac yarandıqda diafanoskopiya, MRT, pnevmokistoqrafiya, punksion biopsiyanın aparılmasını tələb edir. Mastopatiya konservativ yolla müalicə olunur. Düyünlü mastopatiyanın maliqnizasiya təhlükəsi müşahidə edildikdə düyün cərrahi üsulla xaric edilir.

  • Mastopatiyanın yaranma səbəbləri
  • Mastopatiyaların təsnifatı
  • Mastopatiyanın əlamətləri
  • Mastopatiyanın diaqnostikası
  • Mastopatiyanın müalicəsi
  • Mastopatiyanın profilaktikası

Mastopatiya barədə ümumi məlumat

Mastopatiya termini vəzi toxumasında epitel və birləşdirici toxuma komponentlərinin nisbətinin dəyişməsi ilə səciyyələnən patoloji dəyişikliklərin baş verdiyi süd vəzi xəstəliklərini özündə birləşdirir. ÜST təsnifatına görə 1984-cü ildən etibarən mastopatiya anlayışına süd vəzilərinin fibroz-kistoz xəstəliyi şamil olunmuşdur. Cavan qadınlarda mastopatiyanın rastgəlmə tezliyi 30-45% arasında dəyişərək, 40-50 yaşdan sonra nəzərə çarpan dərəcədə yüksəlir.

Mastopatiya süd vəzi toxumasının neyrohumoral tənzimdən birbaşa asılı olan xoşxassəli dəyişikliyidir. Bu o deməkdir ki, mastopatiyanın inkişaf amillərinə sinir tənziminin pozulması ilə bağlı patologiyalar (stress, nevroz, depressiya), eləcə də orqanizmin hormonal balansı və daxili homeostazın normadan kənara çıxması aiddir.

Mastopatiyanın yaranma səbəbləri

Mastopatiyanın yaranma səbəbləriMastopatiyanın yaranma səbəbləri və inkişaf mexanizmi axıra qədər öyrənilməmişdir, lakin onun meydana çıxmasında hormonal statusun başlıca rol oynaması sübut olunmuşdur. Mastopatiyanın inkişafına səbəb olan amillər sırasına erkən menopauza, aybaşı siklinin pozulması (hormonal disfunksiya, polikistoz yumurtalıqlar sindromu, hormonal kontraseptivlərin qeyri-rasional qəbulu), doğuşun olmaması, çoxsaylı (3-dən artıq) abortlar, qeyri-müntəzəm cinsi həyat (və ya onun yoxluğu), cinsiyyət orqanlarının xəstəlikləri, laktasiya dövrünün 3 aydan az sürməsi, endokrin patologiyalar (hipo- və hipertireoz, hipotalamik və hipofizar tənzimin, böyrəküstü və mədəaltı vəzilər, qaraciyərin fəaliyyətinin pozulması) irsi meyllik daxildir.

Ehtimal olunur ki, mastopatiyanın əsas patogenetik inkişaf amili estrogenlərin hipersekresiyası fonunda progesteron çatışmazlığıdır. Bu zaman epitel hüceyrələri və birləşdirici toxuma elementlərinin proliferasiyası (çoxalması) sürətlənir. Həmçinin mastopatiyanın patogenezində prolaktin sintezi mühüm rol oynayır. Prolaktinemiya süd vəzi toxumalarının estrogenlərə qarşı həssaslığının yüksəlməsinə səbəb olur.

Mastopatiyaların təsnifatı

Klinik təcrübələrdə daha çox istifadə olunan təsnifata əsasən mastopatiyanın 3 forması ayırd edilir: mastalgiya (mastoplaziya və ya mastodiniya), diffuz fibroadenomatoz və lokal fibroadenomatoz. Mastalgiya ifadəli ağrı sindromunun üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Mastopatiyanın bu forması analgetik vasitələrin təyininə göstəriş sayılır.

Diffuz adenomatoz üçün vəzi toxumasında diffuz bərkimə və kistaların inkişafı səciyyəvidir. Diffuz adenomatozun 2 tipi mövcuddur: fibroz mastopatiya (vəzi toxumasında birləşdirici toxuma mənşəli bərkləşmələrin yaranması) və fibroz-kistoz mastopatiya (fibroz ocaqlarla yanaşı daxili maye ilə dolu boşluğa malik kistaların formalaşması).

Lokal fibroadenomatoz zamanı patoloji dəyişikliklər vəzinin məhdud sahəsində (seqment, kvadrant) aşkar edilir, patoloji proses orqanın parenximasının bütün sahələrinə yayılmır. Süd vəzisində lokal törəmənin müəyyən edildiyi təqdirdə bədxassəli şişin inkar edilməsi məqsədilə biopsiya aparılmalıdır.

Mastopatiyanın əlamətləri

Mastopatiyanın əlamətləriMastopatiyanın xarakterik əlaməti süd vəzisinin palpasiyası zamanı bərkimə sahələrinin aşkarlanmasıdır. Bərkləşmə adətən ağrılı olur, menstrual siklin ikinci fazası və aybaşıdan bir qədər əvvəl ağrı hissi daha da güclənir. Bərkimə sahələri tək və ya çoxsaylı olur. Bir sıra hallarda süd vəzisinin ümumilikdə bərkiməsi qeydə alınır. Mastopatiya üçün hər iki süd vəzisinin, xüsusən onların yüxarı seqmentlərinin zədələnməsi xarakterikdir.

Fibroz komponentin üstünlüyü bərkləşmələrin olması ilə təyin edilir, kistoz dəyişikliklər (axacaqların mikrokistaları) isə ilkin mərhələlərdə palpasiya zamanı aşkarlanmaya bilər. Süd vəzilərində lokalizasiya olunan ağrı bir qayda olaraq, küt, sızıltılı və ya dartıcı xarakter daşıyır. Ağrının yaranması vəzi toxumasında sinir uclarının fibroz sahələr tərəfindən sıxılması, eləcə də onların hissəvi sklerozlaşması ilə bağlıdır. Ağrı sindromunun intensivliyi patologiyanın ifadəliliyindən asılıdır. Çox zaman ağrının yaranma və güclənməsi aybaşı sikli ilə əlaqəli olur (menstruasiyadan əvvəl estrogenlərin səviyyəsinin ən yüksək həddə çatdığı zaman ağrı hissi güclənir). Bəzən ağrının qol və kürək nahiyəsinə irradiasiyası müşahidə edilir.

10-15% qadınlarda müayinə zamanı ifadəli dəyişikliklər aşkar olunsa da ağrı hissi qeydə alınmır. Bu hal qadınların ağrı hissiyyatının səviyyəsi və süd vəzisinin sinir sisteminin fərdi şaxələnməsi ilə izah olunur. Mastopatiyaların təxminən 10%-i qoltuqaltı çuxurda limfatik düyünlərin böyüməsi ilə müşayiət edilir. Limfa düyünlərinin palpasiyası bəzən ağrılı olur.

Süd vəzisinin həcminin artması, onların periodik kobudlaşması (aybaşı siklinin ikinci fazasında) orqanın damar şəbəkəsində venoz durğunluq və birləşdirici toxumanın ödemi ilə bağlıdır. Süd vəziləri 15%-ə qədər böyüyə bilər. Bu zaman diskomfort hissi və palpasiyada ağrı (həssaslığın yüksəlməsi) meydana çıxır. Sadalanan əlamətlərin toplumu predmenstrual sindrom adlanır.

Bəzən döş gilələrindən müxtəlif xarakter və miqdarda axıntılara rast gəlinir. Onlar gilənin sıxılması zamanı və ya adi halda nəzərə çarpır. İfrazatlar adətən şəffaf və ya ağımtıl, bəzən isə yaşıl, qəhvəyi rəngli və ya qan qarışıqlı olur. Qanlı ifrazatın olması prosesin bədxassəli formaya keçməsinə dəlalət edir. Süd vəzisindən istənilən xarakterli axıntının aşkarlandığı təqdirdə mütləq mammoloqa müraciət olunmalıdır.

Palpasiyada bərk konsistensiyalı düyünlü törəmələrin aşkarlanması lokal düyünlü mastopatiyanın və ya süd vəzi xərçənginin əlaməti ola bilər. Düyünlər maliqnizasiya baxımından şübhə törətdikdə biopsiya təyin edilir.

Mastopatiyanın diaqnostikası

Süd vəzi törəmələrinin və patologiyalarının vaxtında aşkarlanmasının ən vacib elementi özünü müayinədir (süd vəzilərinin palpasiyası). Törəmələrin və diffuz patoloji dəyişikliklərin diaqnostikasında instrumental üsullardan istifadə olunur.

Biokontrast mammoqrafiya süd vəzilərinin rentgenoloji müayinəsidir. Mammoqrafiyanın aybaşı siklinin birinci fazasında yerinə yetirilməsi optimal sayılır. Çəkiliş 2 proyeksiyada (frontal və yan) aparılır. Bu müayinə üsulu informativ və spesifik hesab olunur.

Hazırda mastopatiyanın diaqnostikasında süd vəzilərinin USM-i geniş tətbiq edilir. Toxumaların fibroz-kistoz dəyişiklikləri onun strukturunun exogenliyinə təsir etdiyindən bu patologiya ultrasəs müayinəsinin köməyilə aşkarlana və qiymətləndirilə bilər.

Süd vəzisinin MRT-si vəzi toxumalarının temperaturunun artma və azalma sahələrini qeydə alır. Diafanoskopiya süd vəzisinin işıqlandırılmasına əsaslanır, bu zaman onun qalınlığındakı törəmə tünd ləkə şəklində müəyyən edilir. Duktoqrafiya vasitəsilə süd axarları müayinə olunur. Süd vəzisinə döş giləsindən kontrast maddə yeridilir və rentgenoqrafiya aparılır. Rentgen şəkildə axacaqlar vizualizasiya olunur, kontrast maddənin daxil olmadığı sahələr törəmənin əlaməti sayıla bilər. Pnevmokistoqrafiya  USM-nin nəzarəti altında həyata keçirilir. Nazik iynənin köməyilə kista boşluğuna hava yeridilərək divarlar hamarlaşdırılır, divaryanı törəmələr diqqətlə təhlil edilir.

Düyünlü törəmənın aşkarlandığı hallarda süd vəzisinin biopsiyası – histoloji müayinə üçün toxuma nümunəsinin götürülməsi həyata keçirilir. Mastopatiyanın etioloji amillərini müəyyən etmək məqsədilə hormonal status yoxlanılır. Kolposkopiya və uşaqlıq yolu epitelinin sitoloji müayinəsi ümumi hormonal fon barədə nəticə çıxarmağa imkan verir, bu da hüceyrələrin forma və quruluşunun cinsi hormonların təsirindən birbaşa asılı olması ilə izah olunur.

Qanda hormonlar: progesteron və estrogen, follikulstimuləedici, lüteinləşdirici hormonlar, eləcə də tireotrop hormon, qalxanabənzər və böyrəküstü vəzlərin hormonların səviyyəsi müəyyən edilir.   Bəzən autoimmun tireoditi aşkarlamaq üçün qalxanabənzər vəzinin hüceyrələrinə qarşı autoanticisimləri təyin  edən test aparılır.

Orqanizmin ümumi hormonal vəziyyətini müəyyən etmək məqsədilə endokrin sistem orqanları müayinə olunur (qalxanabənzər, mədəaltı və böyrəküstü vəzilər, qaraciyərin USM; türk yəhərinin rentgenoqrafiyası, hipofizin KT). İmmun və metabolik patologiyaları inkar etmək üçün immunoqramma və qanın biokimyəvi analizi aparılır.

Mastopatiyanın müalicəsi

Mastopatiyanın müalicəsində orqanizmin hormonal balansının korreksiyası mühüm rol oynayır. Müalicə taktikasının seçilməsində ginekoloq və endokrinoloqun konsultasiyası mütləqdir. Bu mütəxəssislərin birgə əməkdaşlığı ilə endokrin sistem analiz edilir və aşkarlanan patologiyaya müvafiq preparatlar təyin edilir.

İfadəli estrogeniya və ağrı zamanı bu hormonların süd vəzisinə təsirini azaldan vasitələrdən (tamoksifen, toremifen-sitrat) istifadə olunur. Aybaşı siklini normaya salmaq üçün oral kontraseptivlər (hormonal statusa uyğun) məsləhət görülür. Qalxanabənzər vəzinin funksional pozğunluqlarında tireohormonların sintezini tənzimləyən preparatlar tətbiq edilir. Vitamin kompleksləri qaraciyərin fəaliyyətini yaxşılaşdırır və mübadilə proseslərini normallaşdırır.

Bununla yanaşı yerli təsirə malik progesteron preparatları (vəzi toxumasına birbaşa təsir etməklə  birləşdirici toxuma və epitel hüceyrələrinin proliferasiyasını zəiflədir, şişkinliyi azaldır), homeopatik vasitələr təyin edilir. Mastopatiyadan əziyyət çəkən pasiyentlərə tünd çay və qəhvə qəbulunu azaltmaq, qida rasionuna meyvə-tərəvəz, vitamin və qida lifləri ilə zəngin məhsullar əlavə etmək tövsiyə olunur. Bədxassəli törəməyə şübhə yarandıqda düyün cərrahi üsulla xaric edilir, qalan hallarda konservativ müalicə ilə kifayətlənilir.

Mastopatiya bir qayda olaraq ağırlaşmalar və maliqnizasiyaya meylli olmur. Hormonal vəziyyətin düzgün korreksiyası zamanı proqnoz müsbət hesab edilir, lakin hormonal dəyişikliklər residivlərin yaranmasına səbəb ola bilər.

Mastopatiyanın profilaktikası

Mastopatiyanın inkişafına səbəb olan amillərin müxtəlifliyi vahid və əsaslı profilaktika sxeminin tərtibini çətinləşdirir. İlk növbədə stress halları uzaqlaşdırılmalı (bitki mənşəli sakitləşdiricilər – damotu, pişikotunun qəbulu məsləhət görülür), psixoloji cəhətdən rahat şərait, pozitiv düşüncə tərzi formalaşdırılmalıdır.

Balanslaşdırılmış qidalanma, artıq çəki və piylənmənin profilaktikası (monopəhriz və şübhəli arıqlama üsullarına müraciət etmədən) daxili homeostazın tənzimlənməsinə və neyrohumoral tənzimin düzgün formada fəaliyyət göstərməsinə səbəb olur. Qadınların hormonal statusuna neqativ təsir göstərən amillərdən biri də kofeindir. Bununla əlaqədar imkan daxilində kofein gündəlik rasiondan çıxardılmalı və səhər saatlarında acqarına tünd qəhvə qəbulu dayandırılmalıdır.

Qadın sağlamlığının qorunmasının əhəmiyyətli faktoru müntəzəm cinsi həyat və fiziki aktivlik hesab olunur.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: