Süd vəzilərinin adenozu

Oxuma vaxtı: 13 dəq Oxunma sayı: 1907

süd vəzisinin adenozu nədir?Süd vəzilərinin adenozu – süd vəzilərinin proliferasiyası ilə müşayiət olunan fobroz-kistoz mastopatiyadır. Patologiya süd vəzilərinin ölçülərinin böyüməsi və ağrılı olması, orqanda bərk hissənin meydana çıxması, döş giləsindən ifrazatın xaric olması ilə təzahür edir. Adenozun diaqnozu şikayətlər və anamnezin toplanması, orqanın inspeksiyası (baxış), palpasiyası və digər müayinə metodlarının (süd vəzilərinin USM-i və rentgenoqrafiyası, hormonların səviyyəsinin müəyyənləşdirilməsi, döş giləsindən xaric olan ifrazatın sitoloji analizi və biopsiya) nəticələrinə əsaslanır. Xəstəliyin müalicəsi onun formasından asılıdır; konservativ terapiya (hormonların təyini) və ya cərrahi müdaxilədən ibarətdir.

  • Süd vəzilərinin adenozunun səbəbləri
  • Patogenez
  • Təsnifat
  • Süd vəzilərinin adenozunun simptomları
  • Ağırlaşmaları
  • Diaqnostika
  • Süd vəzilərinin adenozunun müalicəsi
  • Proqnoz və profilaktika

Süd vəzilərinin adenozu barədə ümumi məlumat

Adenoz süd vəzilərinin hormonal-asılı xoşxassəli törəmələrinə aiddir. Patologiyanın hormonal-asılı olması onun simptomlarının tsiklin ikinci fazasında meydana çıxması ilə təsdiqlənir. Adenozun sinonimləri “fibrozlaşan adenoz”, “mioepitelin hiperplaziyası” və ya “lobulyar skleroz”dur. Xəstəlikdən reproduktiv dövrdə olan qadınlar əziyyət çəkir; adenoz 30-40 yaşlı qadınların 30-70%-ində qeyd olunur. Ginekoloji xəstəliyi olan qadınlarda adenozun rastgəlmə tezliyi 100%-dir. Patologiya menstruasiyanın formalaşma dövründə olan qızlarda və hamiləliyin ilk trimestrində olan qadınlarda da inkişaf edə bilər. Bu, fiziolojidir; belə ki, hormonal fon stabilləşdikdən sonra adenozun bütün təzahürləri müstəqil şəkildə keçib gedir.

Süd vəzilərinin adenozunun səbəbləri

Patologiyanın əsas və yeganə səbəb hormonal disbalansdır (progesteron çatışmazlığı və izafi estrogen). Hormonal disbalansa səbəb olan etioloji faktorlara aşağıdakılar aiddir:

  • Piylənmə. Piy toxuması estrogen sintez edir. Artıq çəki zamanı estrogen sintezi artır; bu isə nisbi hiperestrogeniyaya gətirib çıxarır, progesteronun səviyyəsi normal qalır.
  • Spontan və süni abortlar. Hamiləliyin, xüsusən irəliləmiş mərhələdə (15-22 həftəlik) dayandırılması kəskin hormonal disbalansa və kompensator mexanizmlərin pozulmasına səbəb olur. Cinsiyyət hormonlarının səviyyəsi normaya dərhal qayıtmır. Bu isə endokrin problemlərin, daha çox adenozun inkişafına təkan verir.
  • Gecikmiş hamiləlik. 35 yaşdan böyük qadınlarda yumurtalıqların funksiyaları zəifləyir. Bu dövrdə baş vermiş hamillik yumurtalıqların fəaliyyətini aktivləşdirir; nəticədə doğuşdan sonra estrogen və progestreron sintezində disbalansa və hormonal pozulmaya səbəb olur.
  • Doğuşdan sonrakı aqalaktiyaAqalaktiya süd vəzinin parenxima hüceyrələrinin inkişafı və differensiasiyasına cavabdeh olan progesteronun çatışmazlığından və izafi estrogendən xəbər verir. Hiperestrogeniya zamanı vəzin stroması proliferasiyaya məruz qalır; progesteron çatışmazlığı vəzin epitelinin kontrolsuz inkişafına gətirib çıxarır.
  • Ana südü ilə qidalandırmadan imtina. Döşlə qidalandırma olmadıqda prolaktin konsentrasiyasının yüksəlməsi südün axarlarda durğunluğuna səbəb olur. Axarların mənfəzi tutulur və genişlənir; beləliklə, struktur dəyişikliklərə – kistaların əmələ gəlməsinə gətirib çıxarır.
  • KOK-un (kombinəolunmuş oral kontraseptivlər) kontrolsuz qəbulu. Fərdi xüsusiyyətləri nəzərə almadan hormonal preparatların qəbulu və sxemə riayət olunmaması hormonal disbalansa və süd vəzilərinin displastik proseslərinə səbəb olur.

Süd vəzilərinin adenozu həm də hiperestrogeniya fonunda inkişaf edən ginekoloji patologiyalardan (endometriumun hiperplaziyası, yumurtalıqların şişləri, uşaqlığın mioması, endometrioz)  əziyyət çəkən pasientlərdə daha çox meydana çıxır. Somatik xəstəliklər (arterial hipertenziya, mədəaltı vəzin və qaraciyərin xəstəlikləri), xroniki stress, seksual pozulmalar, ekologiyanın pozulması, siqaretçəkmə hormonal pozulmaya rəvac verən tirggerlər kimi çıxış edə bilər.

Süd vəzilərinin adenozunun patogenezi

Süd vəzilərində hormonlar (hipotalamus-rilizinq hormon, FSH, LH, estrogen, prolaktin, xorionik qonadotropin, androgen, qlükokortikoidlər, progesteron, qalxanabənzər və mədəaltı vəzilərin hormonları) vasitəsilə tənzimlənən tsiklik proseslər baş verir. Adenoz  mütləq və nisbi hiperestrogeniya; progesteron defisiti ilə müşayiət olunur. Estrogen hüceyrələrin izafi proliferasiyası və fibroblastların aktivasiyası yolu ilə stromanın hiperplaziyası hesabına süd axarlarının genişlənməsini təmin edir. Progesteronun funksiyalarına membran hüceyrələrində reseptorların miqdarının azalması və estrogenin hədəf orqanlara (süd vəzi, uşaqlıq) təsirinin azalması aiddir.

Progesteron çatışmazlığı zamanı çox miqdarda əmələ gəlmiş vəzili epitel hüceyrələrinin və kollagenin differensiasiyası azalır, proliferativ proseslərin blokadası tormozlanır. Nəticədə hüceyrələr kontrolsuz bölünür, vəzi toxumasında proliferasiyanın tormozlanması pozulur. Bu, struktur və morfoloji yenidən qurmaya gətirib çıxarır:  paydaxili birləşdirici toxumanın proliferasiyası və ödemi, süd yollarında vəzili epitelin proliferasiyasının aktivasiyası baş verir. Nəticədə onların mənfəzinin tutulmasına, genişlənməsinə və kistaların əmələ gəlməsinə səbəb olur.

Süd vəzilərinin adenozunun təsnifatı

Mammalogiyada süd vəzilərinin adenozunun vahid təsnifatı qəbul olunmuşdur. Törəmənin sistemləşdirilməsi vəzi toxumasının zədələnməsinin miqyası və adenozun histoloji quruluşuna əsasən aparılır. Patoloji törəmənin yayılmasından asılı olaraq iki forma ayırd edilir:

  • Ocaqlı (lokal). Vəzidə şar və ya disk formasında hərəkətli, iri törəmə formalaşır. Düyün fibroz kapsullu və paylı olur.
  • Diffuz. Süd vəzisində forması və hüdudları aydın olmayan bir neçə bərk nahiyələr meydana çıxır. Törəmə qeyri-məhdud böyüyür və aydın olmayan konturlara malik olur.

Vəzin parenximasında proliferasiya edən epitel hüceyrələrinin tipinə görə aşağıdakı formalar ayırd edilir:

  • Sklerozlaşan adenoz. Asinusların (vəzin paylarının hissəsi) proliferasiyası ilə müşayiət olunur. Bu zaman epitelial və mioepitelial qatların tamlığı saxlanır. Fibroz toxuma ilə asinusların sıxılmasına baxmayaraq, onlar öz quruluşlarını qoruyurlar.
  • Apokrin adenoz. Epitelin apokrin metaplaziyası (kubşəkilli epitelin silindrik epitelə keçməsi, apokrin sekresiyanın meydana çıxması) ilə xarakterizə olunur. Histoloji quruluşuna görə apokrin adenozlar infiltrasiya edən xərçəngə oxşayır; lakin o, xoşxassəlidir.
  • Axar adenozu. Patologiya zamanı silindrik metaplaziyalı epitel hüceyrələri ilə hüdudlanmış süd vəzilərinin axarlarının genişlənməsi baş verir. Sklerozlaşan adenozlarla oxşardır.
  • Mikroqrandulyar adenoz. Kiçik axarların diffuz və nizamsız inkişafı ilə müşayiət olunur. Vəzin toxumasının sklerozu və sıxılması baş vermir.
  • Adenomioepitelial adenoz. Bu formaya çox nadir hallarda rastlanır və süd vəzilrinin adenoepitelioması ilə yanaşı gedir. Ocaqlı adenozdur.

Süd vəzilərinin adenozunun simptomları

Adenozun simptomatikası mastopatiyaların klinikası ilə oxşardır. Xəstəliyin formasından asılı olaraq bu və ya digər əlamətlərin ifadəliliyi fərqlənir. Adenozun ümumi simptomlarına mastodiniya (vəzin ölçülərinin böyüməsi, ağrılı olması, yüksək həssaslığı), menstruasiya ərəfəsində güclənən ağrılar, döş giləsindən ifrazatın axması, palpasiya zamanı döş nahiyəsində ağrılar aiddir.

Patologiyanın vəzidə lokal formasında bərk, hərəkətli, paylı quruluşlu, ətraf toxuma ilə birləşməmiş və aydın konturlu törəmə palpasiya olunur. Palpasiyada ağrı, döş giləsindən selik/ süd axması, dərinin deformasiyası və qoltuqaltı limfa düyünlərinin böyüməsi müşahidə olunmur. Xəstəliyin diffuz forması üçün vəzinin yayılmış ağrıları (ağrı vəzini bütünlüklə əhatə edir) xarakterikdir; süd vəziləri menstruasiyaönü dövrdə şişkinləşir və ağrılır olur; döş giləsindən sarımtıl və ya şəffaf ifrazat xaric olur. Diffuz adenoz vəzidə aydın kənarları və forması olmayan bir neçə müxtəlif ölçülü düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Yanaşı yerləşmiş düyünlər birləşərək böyük ölçülü şiş illüziyasını yaradırlar. Süd vəzinin palpasiyası ağrılıdır; regionar limfa düyünləri böyüməmişdir.

Süd vəzilərinin adenozunun ağırlaşmaları

Adenozun gecikmiş diaqnostikası və müalicəsi ağırlaşmaların (döş nahiyəsinin iltihabi xəstəlikləri, vəzilərin deformasiyası, döş toxumasında kistalar, süd axarlarında papillomalar) yaranma riskini artırır. Son elmi məlumatlara görə xəstəliklə süd vəzilərinin xərçəngi arasında əlaqənin olması sübut olunmuşdur. Bu ehtimal adenozlar zamanı 5 dəfə artır. Törəmənin maliqnizasiyasının (bədxassəli formaya çevrilməsi) tezliyi epitelial hüceyrələrin proliferasiya dərəcəsindən asılıdır. Qeyri-proliferativ formalar 0,86% hallarda maliqnizasiya olunur; mülayim proliferasiya zamanı süd vəzilərinin xərçəngi 2,5%, hüceyrə proliferasiyası ağır dərəcəli olan adenozda isə bədxassəli şişə çevrilmə 32% hallarda baş verir.

Süd vəzilərinin adenozunun diaqnostikası

Adenozun diaqnostikası üçün mammoloq konsultasiyası mütləqdir. Həkim anamnezi toplayır, şikayətlərə qulaq asır, yanaşı gedən somatik və ginekoloji xəstəliklərin olub-olmamasını dəqiqləşdirir, obyektiv müayinə və süd vəzilərinin palpasiyası həyata keçirilir. Qadının müayinəsinə ehtiyac olduqda diaqnostika prosesinə ginekoloq, onkoloqendokrinoloq cəlb olunur. Adenoza şübhə olduqda instrumental və laborator diaqnostika metodları təyin olunur:

  • Mammoqrafiya. Prosesin lokalizasiyasını, yayılmasını və hüdudlarını müəyyənləşdirməyə imkan verir. Rentgenoqrammada çoxsaylı, hüdudları və forması aydın olmayan, böyüməkdə olan paylara müvafiq kölgələr görünür.
  • Süd vəzilərinin USM. Vəzin zədələnmiş nahiyəsini, hüdudlarını, konsistensiyasını və ölçülərini müəyyənləşdirməyə kömək edir. USM-in köməyilə cavan qadınlarda süd vəzilərinin sıxlığının artması; axarın tutulması zamanı əmələ gəlmiş kiçik ölçülü (3 mm-ə qədər) kistalar aşkar olunur; regionar limfa düyünlərinin vəziyyəti qiymətləndirilir.
  • Hormonal müayinə. Cinsiyyət hormonlarının, prolaktinin, FSH və LH-ın miqdarı müəyyənləşdirilir. Göstərişlərə əsasən böyrəküstü və qalxanabənzər vəzilərin hormonlarının konsentrasiyası təyin olunur.
  • Histoloji, sitoloji müayinə. Vəzi sekretinin sitoqramması, şübhəli nahiyənin punksion biopsiyası həyata keçirilir. Yaxmada atipik hüceyrələrin olub-olmaması aydınlaşdırılır; biopsiya materialında törəmənin hüceyrələrinin proliferasiya dərəcəsi qiymətləndirilir.

Bununla yanaşı, qanın və sidiyin klinik analizi, somatik patologiyanın aşkarlanması məqsədilə qanın biokimyəvi analizi (şəkər, qaraciyər fermentləri və s.) təyin olunur. Adenoz süd vəzilərinin başqa displastik prosesləri (adenoma, fibroadenoma, kista) və süd vəzi xərçəngi ilə differensiasiya olunur.

Süd vəzilərinin adenozunun müalicəsi

Adenozun müalicə taktikası (konservativ terapiya və ya cərrahi müdaxilə) onun forması və xəstəliyin gedişinin xaraktrinə əsasən müəyyənləşdirilir. Patologiyanın diffuz formasında sedativ preparatlar, vitaminlər (A, E, askorbin turşusu, P, B qrupu), minerallar və hormonal preparatlar təyin olunur. Xəstəliyin yüngül formasında çoxfazalı, kombinə olunmuş oral kontraseptivlər 6 ay ərzində istifadə olunur. Adenozun aydın nəzərə çarpan simptomatikası zamanı hestagenlərin 3 aydan az olmayaraq qəbulu göstərişdir.

Xəstələrə sağlam qidalanmaya (heyvan mənşəli yağların, karbohidratların məhdudlaşdırılması; təzə meyvə və tərəvəzlərin artırılması ) riayət etmək tövsiyə olunur.  Az hərəkətli həyat tərzi keçirən insanlara fiziki aktivliyi artırmaq və çəkini normallaşdırmaq; mümkün qədər stressdən qaçmaq vacibdir. Adenozun ocaqlı formalarında vəzin sektoral rezeksiyası icra olunur. Bu zaman törəmə sağlam toxuma hüdudunda kəsilir və düyün təcili histoloji müayinəyə verilir. Kosmetik məqsədlə kəsik döş giləsinin areolası ətrafında aparılır; yara sağaldıqdan sonra çapıq az nəzərə çarpır.

Süd vəzilərinin adenozunun proqnoz və profilaktikası

Erkən diaqnostika aparıldıqda və müalicəyə vaxtında başladıqda xəstəlik və həyat üçün proqnoz kafidir. Adenozun profilaktikası abortların həyata keçirilməməsi, hormonal kontraseptivlərin düzgün seçilməsi, ginekoloji və endokrin xəstəliklərin müalicəsi, birinci hamiləliyin saxlanması və azı 6 ay ərzində laktasiya, zərərli vərdişlərdən imtina və sağlam həyat tərzinin sürdürülməsindən ibarətdir. Bundan başqa, süd vəzilərinin qadının özü tərəfindən müntəzəm müayinəsi, ildə 2 dəfə ginekoloq konsultasiyası, sağlam qidalanma, ilk hamiləliyi 30 yaşa qədər planlaşdırmaq mühümdür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: