Süd vəzilərinin aktinomikozu

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 1356

süd vəzilərinin aktinomikozu nədir?Süd vəzilərinin aktinomikozu – visseral mikozun formalarından biri olub, qranuloma və absesin əmələ gəlməsi ilə gedən süd vəzilərinin xroniki spesifik zədələnməsidir. Xəstəliyin klinikası əvvəlcə ayrı-ayrı kiçik düyünlərin, sonra isə irinliklərin formalaşması ilə xarakterizə olunur; həmin törəmələr uzun müddət sağalmayan fistulların yaranması ilə açılırlar. Süd vəzilərinin aktinomikozunun diaqnozu fistuldan axan ifrazatda aktinomisetlərin aşkarlanması ilə qoyulur. Müalicə vəzin zədələnmiş hissəsinin rezeksiyası; aktinolizatların, penisillinlərin, vitaminlərin və immunomodulyatorların təyinindən ibarətdir.

  • Süd vəzilərinin aktinomikozunun yaranma səbəbləri
  • Süd vəzilərinin aktinomikozunun simptomları
  • Süd vəzilərinin aktinomikozunun diaqnostikası
  • Süd vəzilərinin aktinomikozunun müalicəsi
  • Süd vəzilərinin aktinomikozunun proqnozu və profilaktikası

Süd vəzilərinin aktinomikozu barədə ümumi məlumat

Mammologiyada aktinomikozlara süd vəzilərinin bütün iltihabi xəstəliklərinin 0,05-0,1%-ində rast gəlinir. Xəstəliyin mikozlara aid olunması şərtidir; bu, törədicinin morfoloji baxımdan göbələklərə oxşaması və gedişatının mikotik zədələnmə üçün xarakterik olmasına əsaslanır. Süd vəzilərinin aktinomikozlarının törədiciləri bakterial hüceyrələrə malik şüalanan göbələklərdir (aktinomisetlər). Süd vəzilərinin izolə olunmuş aktinomikozlarına tək-tük hallarda, bir qayda olaraq, adətən, kombinə olunmuş və ya sistemli zədələnmə kimi müşahidə olunur. Aktinomikoz bir və ya hər iki süd vəzini zədələyə, bir və ya çoxsaylı irinliklərin yaranması ilə müşayiət oluna bilər.

Süd vəzilərinin aktinomikozunun yaranma səbəbləri

Süd vəzilərinin aktinomikozu üçün törədicinin endogen yolla yoluxması birincilidir. Aktinomisetlər orqanizmdə ağız boşluğunda – kariesli dişlərdə, badamcıqların kriptlərində yaşaya bilər. Törədicilər süd vəzilərinə döş giləsinin çatları və zədələnmiş dəridən daxil olur.

Süd vəzilərinin ikincili aktinomikozunda birincili ocaq başqa orqanlarda, məs., ağciyərlərdə yerləşir. Bu zaman prosesə əvvəlcə qabırğalar və döş qəfəsinin yumşaq toxuması, sonra isə süd vəziləri cəlb olunur. Generalizə olunmuş infeksion proseslərdə aktinomisetlərin hematogen yolla yayılması mümkündür. Aktinomiset ocaqları öz inkişaf prosesində infiltrasiya, absesləşmə və fistul əmələ gətirmə mərhələlərini ardıcıllıqla keçir.

Aktinomisetlərin siraət etdiyi nahiyədə ilk növbədə ödem və hiperemiya inkişaf edir; cavan fibroblastlar, plazmatik və ksantom hüceyrələr, yeni damarlar yaranır. Beləliklə, aktinomikotik düyün – qranuloma (aktinomikoma) formalaşır; sonralar düyünün ətrafında əlavə düyünlər yaranır. Ayrı-ayrı ocaqların birləşməsi nəticəsində irinli infiltrat əmələ gəlir. İrinli proses tədricən dəriyə doğru yönəlir və fistulla xaricə açılır.

Süd vəzilərinin aktinomikozunda destruktiv və destruktiv-proliferativ forma inkişaf edə bilər. Destruktiv formada toxuma parçalanır, böyük irinlik əmələ gəlir; destruktiv-proliferativ forma isə birləşdirici toxumanın proliferasiyası və destruktiv dəyişikliklərlə xarakterizə olunur. Aktinomikotik qranuloma bərk konsistensiyaya malikdir; kəsiyində arı şanına bənzər quruluşu, sarı-yaşıl rəngli olması, ağımtıl yığınlar – druzlar (aktinomiset yığınları) təyin olunur.

Süd vəzilərinin aktinomikozunun simptomları

Adətən, pasientlər döş giləsi nahiyəsində kiçik hiperemiyalaşmış düyün qeyd edirlər. Həmin düyünlər sonralar bərk və ağrılı infiltrata; daha sonra isə irinliyə çevrilir. İrinlik üzərindəki dəri bənövşəri rəng alır.

Açılmış abses nahiyəsində uzun müddət sağalmayan fistullar əmələ gəlir və həmin fistullardan periodik olaraq irin xaric olur. Süd vəzilərinin aktinomikozu kontagioz xəstəlik deyil; müalicə olunmadıqda uzun illər davam edə bilər və proqressivləşməyə meyillidir.

Süd vəzilərinin aktinomikozunun diaqnostikası

Mammoloq süd vəzilərini müayinə etdikdə göyümtül-qırmızı rəngli infiltrativ ocaqlar, çoxsaylı fistullar aşkarlayır; toxumaya təzyiq etdik həmin fistullardan irin xaric olur. Başqa lokalizasiyalı aktinomikozlar olduqda diaqnoz şübhə doğurmur.

Süd vəzilərinin fistulundan xaric olan ifrazatın analizi (yaxmanın mikroskopiyası, qidalı mühitdə bakterioloji əkilməsi) aktinomisetləri və göbələk druzlarının şüalanan törəmə şəklində toplanmasını (miselinin liflərinin qalınlaşması, uclarının kolbaşəkilli genişlənməsi) aşkarlamağa imkan verir. Laborator diaqnostikada seroloji metodlar (İFA) da tətbiq olunur.

Mammologiyanın süd vəzi xəstəliklərinin, aktinomikozların diaqnostikasında istifadə etdiyi spesifik metodlar (süd vəzilərinin USM-i, mammoqrafiya, süd vəzilərinin MRT-i, KT və s.) qeyri-informativdir. Aktinomikoz süd vəzilərinin vərəmisifilisi, xroniki mastitlə differensiasiya olunur.

Süd vəzilərinin aktinomikozunun müalicəsi

Süd vəzilərinin aktinomikozu zamanı kompleks konservativ və cərrahi müalicə aparılır. Bir neçə ay müddətində pensilin sırası antibiotiklər, aktinolizatlar, vitaminlər, immunokorrektorlar, fizioterapiya (UBŞ, UYT terapiya) təyin olunur.

Süd vəzilərinin aktinomikozunun proqressivləşən və ya müalicəyə rezistent gedişində irinlik yarılır və möhtəviyyatı boşaldılır; fistulların təkrari rənglənməsindən sonra onlar kəsilib kənarlaşdırılır. Geniş miqyaslı zədələnmədə süd vəzisinin sektoral rezeksiyası göstərişdir. Süd vəzisinin qanqrenası ilə müşayiət olunan total irinli proses zamanı mastektomiya həyata keçirilir; sonralar isə mammoplastika icra olunur.

Süd vəzilərinin aktinomikozunun proqnozu və profilaktikası

Süd vəzilərinin aktinomikozunun müalicəsi, bir qayda olaraq, çətindir və uzun müddət tələb edir. Klinik sağalma yenidən uzun illər davam edən residivlərlə əvəzlənə bilər. Patologiya zamanı həyat üçün proqnoz kafidir; lakin xəstəliyin gedişatının xüsusiyyətləri pasientin əmək qabiliyyətinə və sosial adaptasiyasına mənfi təsir göstərə bilər.

Süd vəzilərinin aktinomikozunun profilaktikası döş giləsi çatlarının və başqa visseral lokalizasiyalı aktinomikoz ocaqlarının vaxtında müalicəsi, süd vəzilərinin travmalarının qarşısının alınması, karies, ağız-udlaq və mədə-bağırsaq xəstəliklərinin müalicəsindən ibarətdir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: