Süd vəzilərinin absesi
Süd vəzilərinin absesi – süd vəzilərinin yumşaq toxumasında inkapsulyasiya olunmuş irinli boşluq formasında məhdud iltihabi ocaqdır. Xəstəlik kəskin başlayır və bədən temperaturunun xeyli yüksəlməsi, intoksikasiya, intensiv ağrı, orqanın hiperemiyası və ödemi, döş giləsindən irinli ifrazatın axması ilə kəskin gedişata malikdir. Diaqnostikada anamnez və şikayətlər, obyektiv müayinə və digər müayinə metodları (süd vəzilərinin USM-i, rentgenoqrafiya, ifrazatın bakterioloji əkilməsi) mühümdür. Süd vəzilərinin absesinin müalicəsi yalnız cərrahidir (irinliyin açılması) və paralel olaraq antibiotiklər təyin olunur.
- Süd vəzilərinin absesinin səbəbləri
- Patogenez
- Təsnifat
- Süd vəzilərinin absesinin simptomları
- Ağırlaşmaları
- Diaqnostika
- Süd vəzilərinin absesinin müalicəsi
- Proqnoz və profilaktika
Süd vəzilərinin absesi barədə ümumi məlumat
Süd vəzilərinin absesi – həmişə orqanın keçirilmiş xəstəliklərinin (hematomalar, mastit və digər irinli-iltihabi proseslər) ağırlaşmasıdır, yəni ikincili patologiyadır. Xəstəlik daha çox qadınlarda, 2% hallarda laktasiyada olan analarda inkişaf edir; lakin kişilərdə, yeniyetmələrdə və yenidoğulmuşlarda da meydana çıxa bilər. Süd vəzilərinin laktasiya ilə assosiasiya olunmuş absesi doğuşdan sonrakı ilk altı həftə ərzində əmələ gəlir. Yenidoğulmuşlarda süd vəzilərinin irinli törəmələri 1-1,5 ayda inkişaf edir. İrinlik, bir qayda olaraq, bir tərəfdə formalaşır; ikitərəfli abseslər nadir hallarda, adətən, südəmər körpələrdə diaqnostika olunur.
Süd vəzilərinin absesinin səbəbləri
Xəstəlik süd vəzi toxumasına patogen bakteriyaların (stafillokok, streptokok, proteylər, bağırsaq çöpləri və ya onların assosiasiyası) siraət etməsi ilə əlaqəlidir. Vəz toxumasının irinləməsi və kisəvari irinliyin formalaşması aşağıdakı xəstəliklər nəticəsində baş verir:
- Mastit. Südün vəzidə durğunluğu nəticəsində yaranır. Süd vəzilərinin iltihabı bakteriyaların toxumada aktiv çoxalmasına gətirib çıxarır, nəticədə 6-11% hallarda absesləşmə ilə bitir.
- Süd vəzilərinin travması. Süd vəzilərinin əzilməsi tez-tez hematomaların formalaşması ilə müşayiət olunur. Hematoma müalicə olunmadıqda irinləyir və inkapsulyasiya olunur.
- Qalaktoforit. Süd axarlarının iltihabıdır. Patologiyanın daha geniş yayılmış səbəbi süd vəzilərinin travmalarıdır. Xəstəlik laktasiya ilə əlaqəli olmayan mastitlərə aid edilir.
- Kista və ya xoşxassəli şiş. Törəmə süd axarlarını sıxır və tıxanıqlıq əmələ gətirir. İkincili infeksiyanın prosesə qoşulması nəticəsində irinli törəmənin inkapsulyasiyası baş verir.
- Hormonal disbalans. Hormonal pozulmalar qan və limfanın süd vəzilərində durğunluğunu təşviq edir; nəticədə patogen mikrofloranın çoxalması aktivləşir. Hormonların disbalansı mastopatiyalarda, yenidoğulma dövründə və müxtəlif endokrin patologiyalar zamanı müşahidə olunur.
- İrinli-iltihabi xəstəliklər. Süd vəzilərinin absesinin səbəbi furunkulyoz, qoltuqaltı limfadenit, piodermiya, karbunkul ola bilər. Patogen mikroblar hematogen yolla süd vəzilərinin toxumasına gətirilir və iltihabi prosesə, daha sonra isə absesin formalaşmasına səbəb olur.
Xəstəliyin inkişaf riskini artıran bir sıra rəvacverici faktorlar mövcuddur. Onlara immunitetin zəifləməsi, laktostaz, döş giləsinin çatları, siqaretçəkmə, endokrin xəstəliklər aid edilir. Aseptika qaydalarına əməl olunmadan icra olunan döş giləsinin pirsinqi, invaziv tibbi manipulyasiyalar (duktoqrafiya, süd vəzilərinin kiçik cərrahi əməliyyatları) infeksiyanın toxumalara siraət etməsinə rəvac verir.
Süd vəzilərinin absesinin patogenezi
İnfeksiyanın giriş qapısı daha çox döş giləsi və ya onun areolasının zədələnməsi olur. Bəzi klinik hallarda infeksion agentlər baş irinli törəmədən süd vəzilərinə qan vasitəsilə daxil olur. Süd axarlarında olan bakteriyalar vəzin toxumasına yayılır; toksinlər və katabolizm (parçalanma) məhsulları xaric etməklə aktiv çoxalmağa başlayır. Nəticədə intoksikasion sindromun inkişafına gətirib çıxarır. Süd yollarının divarlarında əmələ gəlmiş iltihabi ödem bakteriya antigeninin təsirinə immun cavabın nəticəsidir və mikrosirkulyasiyanın pozulmasına səbəb olur. Damar divarının keçiriciliyi yüksəlir, hüceyrəarası maye süd axarının mənfəzinə keçir, beləliklə, tıxac əmələ gəlir. Laktostaz vəzin axarlarında iltihabi prosesi dərinləşdirir; patoloji proses ətraf toxumalara da yayılır. Sonralar iltihablaşmış toxumaların irinləməsi baş verir, sağlam toxumadan kapsulla ayrılan irinli möhtəviyyata malik boşluq formalaşır.
Süd vəzilərinin absesinin təsnifatı
Mammalogiyada süd vəzilərinin absesinin ümumi qəbul olunmuş təsnifatından istifadə olunur. Vəzin irinli törəmələri lokalizasiyası, irinliyin sayı, bir və ya hər iki vəzin zədələnməsindən asılı olaraq sistemləşdirilir. Yerləşməsindən asılı olaraq aşağıdakı növlər ayırd edilir:
- Dərialtı abses. Səthi yerləşir; irin parladığından asanlıqla diaqnostika olunur.
- Subareolyar abses. Döş giləsi və onun areolasının altında yerləşir. Laktasiyada olan qadınlarda daha çox rastlanır.
- İntramammar abses. Süd vəzi toxumasının dərinliyində yerləşir.
- Retromammar abses. Döş əzələləri və retromammar piy toxuması arasında yerləşir. Əzələlərin irinləməsi və absesin döş boşluğuna açılması riski yüksək olduğundan xəstəliyin ən təhlükəli formasıdır.
Patoloji prosesə bir və ya hər iki süd vəzinin cəlb olunmasından asılı olaraq birtərəfli və ikitərəfli abseslər ayırd edilir. Bir süd vəzində irinliklərin sayına görə tək və ya çoxsaylı abseslər ayırd edilir.
Süd vəzilərinin absesinin simptomları
Xəstəlik bədən temperaturunun 38–39°С-yə qədər yüksəlməsi ilə kəskin başlayır. Döş nahiyəsinin travmalarında irinli törəmənin əlamətləri 3-5 gün ərzində formalaşır. Xəstələri süd vəzisində kəskin, pulsasiya edən ağrılar, irin ocağı üzərindəki dərinin qızarması, palpasiyada ağrı narahat edir. Vəzinin ağrıları avtomobildə gedərkən, qaçarkən və tullanarkən orqanın sallanması zamanı güclənir. Vəzi palpasiya etdikdə ağrının mərkəzini dəqiq müəyyənləşdirmək olar. Süd vəzi şişkinləşir, döş giləsindən qanlı, irinli ifrazat axa bilər. Zədələnmiş tərəfdə qoltuqaltı limfa düyünləri böyüyür və palpasiyada ağrılı olur. Yerli simptomlara ümumi intoksikasiya əlamətləri (ürəkbulanma və qusma, zəiflik, adinamiya, iştahasızlıq, ürəkdöyünmə) əlavə olunur.
Aparıcı simptomlar absesin lokalizasiyasından asılıdır. İrinli törəmənin subareolyar lokalizasiyası zamanı ödem hesabına döş giləsinin və onun areolunun böyüməsi baş verir. Döş giləsi ətrafı zonanın altında bərk və ağrılı törəmə palpasiya olunur. Nisbətən dərin yerləşmiş intrammamar abseslərdə törəmənin lokalizasiyası nahiyəsində bərk və hiperemiyalaşmış hissə təyin olunur. İrinlik dərin yerləşdikdə süd vəzilərinin dəyişikliklərinin xarici təzahürləri olmur. Retromammar abseslər formalaşdıqda orqan önə və yuxarı istiqamətlənmiş yarımkürə formasını alır.
Süd vəzilərinin absesinin ağırlaşmaları
Müalicənin vaxtında aparılmaması absesin yarılmasına və ağırlaşmalarının inkişafına gətirib çıxarır. İrinli törəmə səthi yerləşdikdə fistulun əmələ gəlmə ehtimalı yüksəkdir. Süd vəzi fleqmonasının inkişafı, irinliyin süd axarlarına açılması və irinli, qanlı südün xaric olunması da mümkündür. Süd axarlarında uzun müddət mövcud olan irinli iltihab axarların divarlarının zədələnməsinə və epitelial hüceyrələrin metaplaziyasına səbəb olur. Nəticədə bədxassəli proseslərin formalaşmasına gətirib çıxarır. Absesin ən ağır fəsadı sepsisdir; bu zaman bakteriya qan cərəyanı ilə bütün orqanizmə yayılır. Beləliklə, müxtəlif orqan və toxumalarda çoxsaylı yeni irinli ocaqların əmələ gəlməsinə gətirib çıxarır.
Süd vəzilərinin absesinin diaqnostikası
Süd vəzilərinin absesinin diaqnostikası ilə mammoloq və ya cərrah məşğul olur. Həkim anamnezi aydınlaşdırır; xəstəliyin laktasiya, immunitetin zəifləməsi və ya travma ilə əlaqəsini dəqiqləşdirir; süd vəzilərinin obyektiv müayinəsini həyata keçirir. Obyektiv müayinə zamanı süd vəzinin müəyyən hissəsinin fluktuasiyası, dərinin hiperemiyası və ağrılı olması, qoltuqaltı limfa düyünlərinin böyüməsi xəstəlik üçün xarakterikdir. Bununla yanaşı, süd vəzilərinin absesinin diaqnostikasında laborator və instrumental metodlardan da istifadə olunur:
- Klinik analizlər. Periferik qanda sola meyilli leykositoz, EÇS-in sürətlənməsi (iltihab əlamətləri) aşkarlanır; sidikdə proteinuriya və leykosituriya qeyd olunur.
- Vəz sekretinin bakterioloji əkilməsi. Döş giləsi ifrazatı və ya abses möhtəviyyatı analiz olunur. Material punksiya vasitəsilə əldə olunur. Bu müayinə metodu ilə törədici və onun antibiotiklərə həssaslığı müəyyənləşdirilir.
- Süd vəzilərinin USM-i. İrinliklərin lokalizasiyası, ölçüləri, yerləşmə dərinliyi və sayı; onların bir-biri ilə və süd axarları ilə əlaqəsi dəqiqləşdirilir.
- Mammoqrafiya. İrinli törəmənin formasını və ölçülərini, onun təxmini lokalizasiyaasını müəyyənləşdirməyə və süd vəzilərinin qeyri-iltihabi xəstəlikləri ilə differensiasiya etməyə kömək edir.
- Süd vəzilərinin KT-i. Retromammar abses olduqda və süd vəzilərinin başqa patologiyaları ilə differensial diaqnostikada USM və mammoqrafiya qane edici nəticələr vermədikdə istifadə olunan əvəz olunmaz metoddur.
Süd vəzi absesinin differensial diaqnostikası süd vəzilərinin fleqmonası, hematoması, fibroadenoması, karsinoması; piy nekrozu və bir sıra başqa xəstəliklərlə aparılır. Bu məqsədlə döş giləsi ifrazatının sitoqramması, törəmənin punksiyası və punktatın analizi, şübhəli hissənin biopsiyası və bioptatın histoloji analizi həyata keçirilir.
Süd vəzilərinin absesinin müalicəsi
İrinliyin müalicəsinin əsasında təcili cərrahi müdaxilə – absesin yarılması və drenajı durur. Kəsik mərkəzdən (döş giləsi areolasından) periferiyaya (vəzin əsasına) doğru aparılır. Bəzi klinik hallarda süd vəziləri altındakı büküşün kəsiyi aparılır. Yaralara baxılır, aşkarlanmış bütün irinliklər yarılır və vahid boşluqla birləşdirilir; irin xaric olunur və yara antiseptiklərlə yuyulur. Sonra isə drenaj qoyulur və yara hissəvi tikilir. Drenaj ifrazat tam dayanana qədər – 3-4 gün ərzində saxlanılır; sonra isə yara tam tikilir. Abses punksion aspirasiya oluna və onun boşluğuna antibiotik məhlulları yeridilə bilər. Bu müdaxilə az travmatikdir və çapıqsız sağalır; lakin kifayət qədər effektli deyil. Punksiya yalnız bir ədəd kiçik abses olduqda icra olunur.
Cərrahi müdaxilə ilə paralel olaraq təyin olunmuş törədicinin həssaslığına müvafiq antibiotiklər (pensilinlər, sefalosporinlar, ftorxinolonlar) təyin olunur; dezintoksikasiya məqsədilə infuzion terapiya həyata keçirilir. Bununla bərabər, ağrı sindromunu dəf edən, temperaturu azaldan və iltihab əlamətlərini zəiflədən QSİƏP-in qəbulu göstərişdir. İmmunitetin stimulyasiyası məqsədilə immunomodulyatorlar tövsiyə olunur.
Süd vəzilərinin absesinin proqnoz və profilaktikası
Həkimə vaxtında müraciət olunduqda və adekvat müalicə aparıldıqda proqnoz kafidir. Süd vəzilərinin funksiyaları tamamilə bərpa olunur, çapıqdan başqa heç bir nəticə olmur. Laktasiya dövründə süd vəzilərinin absesinin profilaktikası döşlə qidalanma qaydalarına (vəzin tam boşalması, orqan üçün hava vannalarının qəbulu, uşağa süd verməzdən əvvəl və sonra orqanın yuyulması, döş giləsi çatlarının qarşısının alınması və vaxtında müalicəsi, alt paltarının hər gün dəyişdirilməsi) əməl olunmasından ibarətdir. Ümumi profilaktika tədbirlərinə sağlam qidalanma, gün rejimə və istirahətə riayət etmək, endokrin patologiyaların aşkarlanması və korreksiyası, zərərli vərdişlərdən və döş giləsi pirsinqindən imtina, immunitetin gücləndirilməsi aiddir.