Flebit

Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 3798

flebit nədir?Flebit – venoz divarın kəskin və ya xroniki iltihabıdır. Xəstəlik müxtəlif amillərin təsirindən yarana bilər, lakin o, çox zaman aşağı ətraf venalarının varikoz genişlənməsinin fəsadı kimi təzahür edir. Flebit nadir hallarda izoləolunmuş halda müşahidə olunur. İltihabla əlaqədar venoz divarın dəyişiklikləri bir qayda olaraq, trombların yaranmasına və flebitin tromboflebitə keçməsinə gətirib çıxarır. Diaqnoz USDQ və dupleks skanlama əsasında qoyulur. Müalicə konservativ yolla olub, iltihabəleyhinə terapiya və fizioprosedurlardan ibarətdir.

  • Flebitin yaranma səbəbləri
  • Flebitin təsnifatı
  • Flebitin əlamətləri
  • Flebitin ağırlaşmaları
  • Flebitin müalicə və profilaktikası

Flebitin yaranma səbəbləri

Aşağı ətrafların flebiti əksər hallarda venaların varikoz genişlənməsi zamanı yaranır. Abses, infeksiyalaşmış yara və ya infeksion xəstəliklərin ağırlaşması sayılan flebit yayılma tezliyinə görə ikinci yeri tutur. Venoz divarın iltihabına müxtəlif törədicilər səbəb ola bilər, lakin adətən infeksion agent qismində streptokokklar iştirak edir. Flebit həmçinin venanın kimyəvi yanığından sonra inkişaf edə bilər.

Bəzi hallarda flebit süni şəkildə yaradılır. Belə ki, varikoz xəstəliyinin müalicəsində müasir flebologiya skleroterapiya üsulundan geniş istifadə edir, bu metodun təsir prinsipi aseptik flebit yaradan və venoz divarın yapışmasına səbəb olan xüsusi maddənin venaya yeridilməsinə əsaslanır.

Flebitin təsnifatı

Venoz divarda iltihabın lokalizasiyasına əsasən flebitlərin 3 forması ayırd edilir:

  • Periflebit – venanın  xarici qişasının iltihabı. Adətən iltihabı prosesin ətraf toxumalardan venoz divara yayılması nəticəsində inkişaf edir.
  • Endoflebit – venanın daxili qişasının iltihabı.  Daxili venoz qişanın zədələnməsi və ya venaların travması ilə əlaqədar yaranır. Endoflebitə venanın kateterizasiyası və ya müxtəlif preparatların damcı üsulu ilə venadaxilinə yeridilməsi zamanı iynənin venada uzun müddət qalması səbəb olur. Endoflebit hipertonik məhlulun damardaxilinə yeridilməsinin yan təsirlərindən sayılır.
  • Panflebit– venanın bütün qişalarının iltihabı.

Etioloji təsnifat:

  • Allergik flebit. Allergik reaksiyalar nəticəsində yaranır. Xroniki xoşxassəli gedişə meylli olur.
  • Ağrılı flebit. Aşağı ətrafları zədələyir. Adətən doğuşdan sonra inkişaf edir. Kəskin gedişə malik olur. İfadəli ağrı sindromu ilə müşayiət olunur.
  • Miqrasiyaedici flebit (miqrasiyaedici tromboflebit). Əksər hallarda kişilərdə müşahidə olunur. Prosesə yuxarı və aşağı ətrafların səthi venaları cəlb olunur. Uzunmüddətli residivləşən gedişə meylli olur.
  • Serebral flebit. Baş beyin damarlarını zədələyir. Adətən infeksiya nəticəsində yaranır.
  • Pileflebit – qapı venasının iltihabıdır. Qarın boşluğunda gedən iltihabi proseslərin ağırlaşması hesab olunur.
  • İnfeksion mənşəli flebit insan bədəninin müxtəlif hissələrində inkişaf edə bilər.

Flebitin əlamətləri

Kəskin səthi flebitdə vena ağrılı və gərgin olur. Zədələnmiş nahiyə üzərində dəri hiperemiyalaşır, sərtləşir. Yerli hipertermiya müşahidə olunur. İltihablaşmış venalar boyunca qırmızı zolaqların yaranması mümkündür. Bəzi hallarda bədən hərarətinin yüksəlməsi, ümumi halsızlıq qeydə alınır. Səthi venaların xroniki flebiti üçün zəif ifadəli klinik şəkil, vaxtaşırı kəskinləşmələrlə müşayiət olunan residivləşən gediş xarakterikdir.

Dərin venaların kəskin flebiti zamanı ümumi hipertermiya, iltihab nahiyəsində ağrı və ödem izlənilir. Zədələnmiş ətrafın dərisi süd rəngində olur. Dəri örtüklərinin sərtləşməsi və hiperemiyasına rast gəlinmir. Əksər hallarda dərin venaların kəskin flebiti trombların yaranması ilə ağırlaşır və kəskin tromboflebitlə əvəz olunur.

Serebral flebit baş ağrıları, arterial təzyiqin qalxması, nevroloji simptomatika ilə təzahür edir. Kişilərdə xarici cinsiyyət orqanının flebiti zamanı kəskin ağrılar yaranır, penis göyərir və ödemləşir. Pileflebit (qapı venasının flebiti) üçün ifadəli irinli intoksikasıyanın klinik əlamətləri səciyyəvidir. Xəstənin halı qəfil pisləşir, zəiflik, qusma, baş ağrıları, sağ qabırğaaltı nahiyədə tutmaşəkilli kəsici ağrılar, artan sarılıq müşahidə olunur. Şiddətli tərləmə və sarsıdıcı üşütmə ilə gedən hektik qızdırma inkişaf edir. Letal sonluq təhlükəsi mövcuddur. Bir sıra pasiyentlərdə qapı venasının flebiti xroniki şəkil alaraq, qaraciyər və böyrək çatışmazlığına səbəb olur.

Flebitin diaqnostikasında aşağı ətraf venalarının və yaxud prosesin lokalizasiyasından asılı olaraq, digər sahələrin USDQ-si və dupleks skanlama tətbiq olunur.

Flebitin ağırlaşmaları

Flebit adətən tromboflebitlə fəsadlaşır. Patologiya zamanı zədələnmiş venanın trombozlaşması təhlükəsi yaranır. Dərin venaların tromboflebiti kəskin dövrdə ağciyər arteriyasının tromboemboliyasına, uzaq mərhələlərdə isə xroniki venoz çatışmazlığa səbəb ola bilər. Flebit zamanı infeksion ağırlaşmaların (abses, fleqmona) inkişaf riski mövcuddur.

Flebitin müalicə və profilaktikası

Flebit zamanı kompleksşəkilli konservativ terapiya aparılır. Səthi venaların flebiti bir sıra hallarda fleboloq tərəfindən ambulator şəraitdə müalicə olunur. Digər lokalizasiyalı tromboflebitlər zamanı xəstə hospitalizasiya olunmalıdır.

Zədələnmiş ətraf tam hərəkətsiz və bədən səviyyəsindən yuxarıda olmalıdır. Pasiyentə damar divarının trofikasını yaxşılaşdıran və qanın özlülüyünü azaldan preparatlar təyin olunur. Ümumi və yerli iltihabəleyhinə terapiya, fizioterapevtik prosedurlar aparılır. Kəskin prosesin və aşağı ətrafların xroniki flebitinin kəskinləşməsinin söndürülməsindən sonra kompression trikotaj və ya elastik bintlərin istifadəsi məsləhət görülür.

Profilaktik tədbirlər flebitin lokalizasiyasından asılıdır. İnfuzion terapiya və inyeksiyaların aparılma qaydalarına ciddi əməl olunmalı, irinli xəstəliklər, iltihabi proseslər və kiçik travmalar vaxtında müalicə edilməlidir. Aşağı ətraf venalarında varikoz genişlənmə olan pasiyentlər həkimin təyinatlarına riayət etməlidir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: