Zöhrəvi xəstəliklər

Zöhrəvi xəstəliklər

Venerologiya cinsi yolla keçən infeksiyaların (CYKİ) diaqnostika və müalicə üsullarını oyrənir. Hazırda zöhrəvi xəstəliklər yayılma dərəcəsinə görə KRVİ-dən sonra 1-ci yerdə dayanır. CYKİ qrupuna klassik zöhrəvi xəstəliklər (sifilis, qonoreya, yumşaq şankr, qasıq limfoqranulomatozu) və digər cinsi infeksiyalar (virus infeksiyaları: QİÇS, papillomavirus, sitomeqalovirus, genital herpes; urogenital infeksiyalar: kandidoz, xlamidioz, qardnerellyoz, mikoplazmoz, trixomoniaz; parazitar infeksiyalar: qasıq pedikulyozu, kontagioz mollyusk və s.) aiddir.  

Bu xəstəliklərin müalicəsi çox zaman uroloq, ginekoloq və ya dermatoloq tərəfindən aparılır. Cinsiyyət orqanlarının, sidik kanalının və anusun selikli qişası bakteriya, göbələk, virusların yaşaması üçün əlverişli mühit hesab olunur. Zöhrəvi xəstəliklərin törədiciləri qan və limfa ilə müvafiq orqan və toxumalara yayılır. Müalicənin gecikdirilməsi və ya özbaşına dərman qəbulu çox zaman orqanizmin generalizəolunmuş zədələnmələrinə gətirib çıxarır.  

CYKİ-nin ağırlaşmalarına sidik-cinsiyyət sisteminin xroniki iltihabi prosesləri, sonsuzluq, cinsi funksiyanın pozulması, onkoloji xəstəliklər aiddir. Zöhrəvi xəstəliklər bir sıra hallarda gizli gedərək, yalnız immunitetin zəifləməsi zamanı kəskinləşir. Bu səbəbdən qorunmamış cinsi əlaqələrdən (vaginal, oral, anal) sonra mütləq CYKİ-a görə analiz verilməlidir.  

Zöhrəvi xəstəliklərin əlamətləri və müalicəsi

Sidik-cinsiyyət yollarından patoloji ifrazatlar, sidik kanalında ağrı, qaşınma, göynəmə hissi, bədəndə səpkilərlə qarşılaşdıqda həkimə müraciət etmək lazımdır. Bundan əlavə cinsi partnyorlardan birində CYKİ aşkarlandıqda digərinin müayinə olunması vacibdir.  Müasir dövrdə zöhrəvi xəstəliklərin əksəriyyəti tamamən sağalır. 

Onların diaqnostika və müalicəsi yüksək keyfiyyətli müayinə üsullarının (DNT və birbaşa immunoflüoressensiya, bakterioloji, mikroskopik analizlər), diaqnostik prosedurlar (uretroskopiya, sistoskopiya, kolposkopiya, USM) və kompleks müalicənin (yerli, antibakterial, immunoferment, fizioterapevtik) tətbiqinə əsaslanır.  

Müalicəyə vaxtında başlandıqda fəsadların qarşısı alınır, sağalma müddəti xeyli qısalır.  

Med-portal.az saytının «Zöhrəvi xəstəliklər» bölməsində CYKİ-nin xarakterik əlamətləri, diaqnostikası, müalicə və profilaktika üsulları barəsində faydalı məlumatlar əldə edə bilərsiniz.