Adenovirus konyunktiviti
Adenovirus konyunktiviti – adenoviruslar tərəfindən törədilən gözün selikli qişasının kəskin infeksion zədələnməsidir. Xəstəlik yüksək temperatur, nazofaringit, yerli simptomlarla (göz qapaqlarının ödemi, selikli qişaların hiperemiyası, gözün yaşarması, göynəmə hissi, ağrı, qaşınma, gözdən ifrazat) təzahür edir. Adenovirus konyunktivitinin diaqnostikası oftalmoloq tərəfindən konyunktivadan götürülmüş materialın bakterioloji müayinəsi və sıyrıntı materialının ZPR-in nəticələrinə əsasən aparılır. Müalicə antivirus və antibakterial preparatların yeridilməsi, göz məlhəmlərinin qoyulmasından ibarətdir.
- Adenovirus konyunktivitinin səbəbləri
- Adenovirus konyunktivitinin simptomları
- Adenovirus konyunktivitinin diaqnostikası
- Adenovirus konyunktivitinin müalicəsi
- Adenovirus konyunktivitinin proqnoz və profilaktikası
Adenovirus konyunktiviti barədə ümumi məlumat
Adenovirus konyunktiviti (farinqo-konyunktival qızdırma) adenoviruslar tərəfindən törədilən, konyunktivanın və yuxarı tənəffüs yollarının selikli qişasının (faringit) iltihabı, hərarətlə gedən, yüksək kontagiozluğa malik infeksiyadır. Oftalmologiyada adenovirus konyunktivitinin epidemik partlayışları, adətən, payız-yaz dövründə, əsasən uşaq kollektivlərində qeyd olunur.
Adenovirus konyunktivitinin səbəbləri
Epidemiya dövründə adenovirus konyunktivitinin törədiciləri kimi 3, 7a, 11 adenovirus serotipləri, sporadik hallarda isə 4, 6, 7, 10 tipləri çıxış edir. Törədicilər hava-damcı və ya kontakt yolla yoluxur. Adenovirus gözün selikli qişasına asqırma, öskürmə zamanı və ya infeksiyalı çirkli əllərlə düşür. İnfeksiyanın yoluxmasından kliniki simptomların meydana çıxmasına qədər 3-10 gün (orta hesabla 5-7 gün) keçir.
Yüksək risk faktorlarına adenovirus konyunktiviti olan xəstələrlə kontakt, bədənin həddən artıq soyuması, göz travması, gigiyenanın pozulması, infeksiya ilə çirklənmiş göldə və ya hovuzda çimmək, kontakt linzalardan istifadə və onlara qulluq qaydalarına riayət etməmək, KRVİ, buynuz qişa patologiyalarının cərrahi müalicəsi, stress aiddir.
Adenovirus konyunktiviti olan xəstədən götürülmüş materialın sitoloji müayinəsi zamanı vakuolizasiya, xromatinin parçalanması, nüvəciyin hipertrofiyası və nüvə qişasının əmələ gəlməsi ilə xarakterizə olunan epitelial hüceyrələrin destruksiyası aşkar olunur. Sitoqramda mononuklear tipli hüceyrələr üstünlük təşkil edir.
Kliniki gedişinin xüsusiyyətlərindən asılı olaraq adenovirus konyunktivitinin kataral, follikulyar və ya ərpli formaları ayırd edilir. Kataral və follikulyar formalı adenovirus konyunktiviti müxtəlif yaşlarda yarana bilər, ərpli forma isə əsasən uşaqlarda inkişaf edir.
Adenovirus konyunktivitinin simptomları
Adenovirus konyunktivitinin klinikası yoluxmadan 5-8 gün sonra meydana çıxır. Xəstəliyin başlanğıcında nəzərə çarpan faringit və rinit, baş ağrıları, dispeptik pozulmalarla yanaşı bədən temperaturunun yüksəlməsi qeyd olunur; çənəaltı limfadenit inkişaf edir. Hərarətin növbəti dalğasında əvvəlcə bir gözdə, 2-3 gün sonra isə digər gözdə konyunktivit əlamətləri meydana çıxır.
Adenovirus konyunktiviti zamanı yerli simptomlar göz qapaqlarının ödemi və qızarması, az miqdarda selikli və ya selikli-irinli ifrazat, yad cisim hissi, qaşınma, göynəmə, gözün yaşarması, işıqdan qorxma (fotofobiya), mülayim blefarospazmla xarakterizə olunur. Hiperemiya konyunktivanın bütün şöbələrində özünü büruzə verir, gözyaşı ətciyi, aypara və aşağı keçid büküşlərinə yayılır.
Adenovirus konyunktivitinin kataral forması az təzahür edən yerli iltihabla – gözün selikli qişalarının zəif qızarması, az miqdarda ifrazatla gedir. Yüngül gedişlidir, xəstəlik təxminən bir həftə davam edir. Adətən, buynuz qişa tərəfindən ağırlaşmalar müşahidə olunmur.
Adenovirus konyunktivitinin follikulyar forması gözün selikli qişasında qovuqşəkilli səpkilərlə (follikullar) xarakterizə olunur. Follikullar kiçik, nöqtəşəkilli və ya böyük, yarımşəffaf, jelatinəbənzər ola; göz qapaqlarının künclərində yerləşə və ya bütün infiltrasiya olunmuş və kövşək selikli qişanı, xüsusən keçid büküşlərini örtə bilər. Follikulyar infiltrasiya xaricən başlanğıc mərhələdə olan traxomanı xatırladır, lakin diaqnostik səhv, adətən, olmur; çünki traxoma zamanı nazofaringit, hərarət, yuxarı göz qapaqlarının konyunktivasında lokalizasiya olunmuş səpkilər müşahidə olunmur.
Adenovirus konyunktivitinin ərpli forması kliniki halların ¼-də rastlanır. Gözün selikli qişasını örtən nazik, bozumtul-ağ rəngli ərplə gedir. Adətən, ərp yumşaq olur, pambıq tamponla asanlıqla təmizlənir; lakin bəzən konyunktiva ilə birləşmiş, iltihablaşmış selikli qişadan çətinliklə ayrılan, qalın, fibrinoz örtük əmələ gələ bilər. Ərpi kənarlaşdırdıqdan sonra yerində qalmış selikli qişa qanaya bilər. Bəzən sağaldıqdan sonra tamamilə sorulan nöqtəvari, konyunktivaaltı qansızmalar və infiltrasiyalar yarana bilər. Ərpli adenovirus konyunktiviti tez-tez selikli qişanın çapığı ilə sonlanır. Konyunktivitin bu kliniki variantında ümumi vəziyyət pisləşir – 3-10 gün davam edə bilən yüksək hərarət (38°С–39°С-dək) meydana çıxır. Adenovirus konyunktivitinin ərpli forması səhvən difteriya kimi qəbul oluna bilər.
Adenovirus konyunktivitinin ağırlaşmaları bakterial və ya toksiko-allergik konyunktivit, quru göz sindromu, keratit, otit, adenoidit, tonzillit ola bilər.
Adenovirus konyunktivitinin diaqnostikası
Adenovirus konyunktivitinə şübhə olduqda oftalmoloq anamnezində farinqo-konyunktivit qızdırması olan xəstələrlə kontaktın olmasını aydınlaşdırır. Kliniki baxış zamanı konyunktivit simptomları ilə yanaşı yuxarı tənəffüs yollarının dəyişiklikləri və regionar limfadenopatiya müəyyənləşdirilir.
Adenovirusun aşkarlanması üçün seroloji, sitoloji, virusoloji metodlar istifadə olunur. Adenovirus konyunktivitinin erkən diaqnostikası gözün selikli qişasından götürülmüş materialda spesifik virus antigenlərini aşkarlamağa imkan verən immunoflürossent metodla aparılır.
Konyunktival sıyrıntıda adenovirus DNT-ini aşkarlayan zəncirvari polimeraza reaksiyası (ZPR) informativdir. Qan serumunda adenoviruslara qarşı antitellər komplementin birləşmə reaksiyası (KBR), immunoferment analiz (İFA) vasitəsilə təyin olunur. Adenovirus konyunktivitinin diaqnostik kriteriyası antitel titrinin 4 dəfə və daha çox artmasıdır. Hüceyrə kulturasında adenovirusun təyini və identifikasiyası məqsədilə konyunktiva materialının bakterioloji müayinəsi aparılır.
Adenovirus konyunktivitinin müalicəsi
Adenovirus konyunktivitinin müalicəsi virusəleyhinə preparatlarla ambulator aparılır. Xəstəliyin birinci həftəsində yerli olaraq gün ərzində 6-8 dəfə, ikinci həftə 2-3 dəfə interferon və dezoksiribonukleaza damcıları təyin olunur. Antivirus müalicə kimi göz qapaqlarına məlhəmlər (tebrofen, florenal, bonafton, riodoksol, adimal) qoyulmasından istifadə olunur.
İkincili infeksiyanın profilaktikası məqsədilə məqsədyönlü şəkildə antibakterial göz damcıları və məlhəmlər istifadə olunur. Adenovirus konyunktiviti zamanı tam sağalmaya qədər antihistamin preparatlarının qəbulu göstərişdir. Kseroftalmiyanın inkişafının qarşısını almaq məqsədilə süni gözyaşı əvəzedicilərindən (məs., karbomer) istifadə olunur.
Adenovirus konyunktivitinin proqnozu və profilaktikası
Adenovirus konyunktivitinin proqnozu kafidir: xəstəlik, adətən, 2-4 həftə sonra tam kliniki sağalma ilə sonlanır. Quru göz sindromu inkişaf etdikdə gözyaşı əvəzedicilərinin uzunmüddətli istifadəsi tələb olunur.
Kollektivlərdə adenovirus konyunktiviti partlayışlarının profilaktikası xəstələrin vaxtında izolyasiyası, müəssisənin havalandırılması və yaş təmizlənməsi, şəxsi gigiyena qaydalarına riayət olunmasından ibarətdir. Oftalmoloqun otağında alətlərin (pipetka, göz çubuqları) hərtərəfli dezinfeksiyası və sterilizasiyası, dezinfeksiyaedici vasitələr, kvarslamanın (kvars və ya bakterisid lampalarla utrabənövşəyi şüalanma) tətbiqi ilə təmizliyin aparılması vacibdir. Hovuzlarda suyun mövcud standartlara uyğun xlorlaşdırılması rejiminin kontrolu mütləqdir.