Şüşəyəbənzər cismin destruksiyası
Şüşəyəbənzər cismin destruksiyası – şüşəyəbənzər cismin kolloid gelinin fiziki-kimyəvi xüsusiyyətlərinin pozulması ilə müşayiət olunan görmə patologiyasıdır. Xəstəlik göz önündə uçuşan «qara nöqtələr» və ləkələrin yaranması ilə təzahür edir. Destruksiya proqressivləşdikdə görmə itiliyi zəifləyə bilər. Diaqnoz oftalmoskopiya, biomikroskopiya, B-skanlama rejimində USM, optik koherent tomoqrafiya, tonometriya və vizometriyanın nəticələrinə əsasən qoyulur. Patologiyanın spesifik müalicə üsulları mövcud deyil. Erkən mərhələlərdə konservativ terapiya aparılır. İfadəli destruksiya cərrahi müdaxiləyə (vitreolizis, vitrektomiya) göstəriş sayılır.
- Yaranma səbəbləri
- Patogenez və təsnifat
- Əlamətləri və diaqnostikası
- Müalicə
- Proqnoz və profilaktika
Şüşəyəbənzər cismin destruksiyası barədə ümumi məlumat
Şüşəyəbənzər cismin destruksiyası bu anatomik törəmənin quruluşunun tam və ya hissəvi dağılmasıdır. Patologiyaya daha çox yaşlı şəxslərdə rast gəlinir. Cavanlarda destruksiya adətən gözün mexaniki zədələnməsi və ya miopiyanın proqressivləşməsi nəticəsində baş verir. Bu oftalmopatologiya hər iki cinsin nümayəndələri arasında eyni tezliklə müşahidə olunur. Şüşəyəbənzər cismin destruksiyası inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. Bu da orta ömür müddətinin uzanması, iş fəaliyyətində gözlərin həddindən artıq yüklənməsi və digər amillərlə bağlıdır. Mikrocərrahiyyənin müasir üsulları nəinki xəstəliyin klinik təzahürlərini aradan qaldırır, həm də görmə qabiliyyətini bir qədər bərpa edir.
Şüşəyəbənzər cismin destruksiyasının yaranma səbəbləri
Şüşəyəbənzər cismin destruksiyası göz və onu əhatə edən toxumaların yerli iltihabı (endoftalmit, keratit, blefarit, dakriosistit) ilə əlaqədar kolloid gelin fiziki-kimyəvi xüsusiyyətlərinin dəyişməsi səbəbindən baş verir. Kolloidlərin tərkibi qaraciyər, böyrəklər və endokrin vəzlərin funksional vəziyyətindən asılı olur. Sadalanan orqanların disfunksiyası zamanı stroma komponentləri, maye, proteoqlikan və qlikozaminoqlikanların nisbəti pozulur. Torlu qişa və baş beyin damarlarının patoloji dəyişiklikləri qan dövranının zəifləməsinə və göz əzələlərinin neyrosirkulyator spazmına gətirib çıxarır. Nəticədə destruktiv proseslər inkişaf edir. Yaşlılarda mərkəzi hissədə kolloid gelin reoloji xüsusiyyətləri pisləşir. Periferiyada isə gel sərtləşir. Ağırlıq qüvvəsinin təsirindən bərk kollagen kütlələr və ya kristallar qoparaq, şüşəyəbənzər cismin mərkəzinə çökür.
Bu patologiyanın trigger amili miopiya sayılır. Belə patologiyalarda göz almasının ellipsəbənzər şəkil alması gözdaxili strukturların deformasiyasına səbəb olur. Xəstəlik həmçinin göz yuvası nahiyəsinə zərbənin təsirindən yarana bilər. Mexaniki travma geləbənzər kütlənin tamlığının pozulması, kollagenin quruluşunun dəyişməsi, hemoftalmın inkişafı ilə nəticələnir. Dekompensasiya olunmuş şəkərli diabet, astenopiya və Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlər risk qrupuna daxildir. Yatrogen destruksiya kataraktanın cərrahi müalicəsi zamanı şüşəyəbənzər cismin zədələnməsi ilə əlaqədar baş verir.
Şüşəyəbənzər cismin destruksiyasının patogenez və təsnifatı
Şüşəyəbənzər cismin destruksiyası tam və ya hissəvi olur. Əksər hallarda destruktiv proseslər kolleid gelin mərkəzində müşahidə edilir. İlkin mərhələdə maye və kollagenin koaqulyasiyaya uğrayan kütlələrindən ibarət boşluq formalaşır. Sonralar daha çox fibrillyar zülallar koaqulyasiya olunaraq, büllurla torlu qişa arasında yerləşən şüşəyəbənzər cismin yumşalmasına gətirib çıxarır. Onun daxilində müxtəlif mənşəli bağlar və qatlar yaranır. Həmin törəmələr göz dibinə fiksasiya olunaraq, büzüşmə və bitişmələr əmələ gətirir. Şüşəyəbənzər cisim həcmcə kiçilir və deformasiyalaşır. Vitreoretinal bağlar gərilir, bu da torlu qişanın qopması ilə nəticələnir.
Formasından asılı olaraq, sapşəkilli, dənəvari və kristallik destruksiya ayırd edilir. Sapvari formanın trigger amilləri ateroskleroz və ya proqressivləşən miopiya hesab olunur. Şüşəyəbənzər cismin dənəli zədələnmə ocaqları daxili retinal qatın iltihabi fonunda formalaşır. Nadir hallarda kolloid gel çökmüş xolesterin və tirozin kristallarının təsirindən zədələnir.
Şüşəyəbənzər cismin destruksiyasının əlamətləri və diaqnostikası
Pasiyentlər adətən fotopsiya, hemoftalm və dumanlı görmədən şikayət edirlər. Destruksiyanın spesifik əlaməti əsasən səmaya və ya ağ monitora baxdıqda göz önündə qara nöqtələrin yaranmasıdır. Xəstə nəzərlərini bu nöqtələrə fokuslamağa cəhd göstərdikdə onlar ya yerlərini dəyişir, ya da itirlər. Adətən patologiya tədricən inkişaf edir. Qara ləkələrin qəfil yaranması torlu qişanın və ya şüşəyəbənzər cismin qopmasının erkən əlamətidir.
Şüşəyəbənzər cismin destruksiyasını təsdiqləmək üçün oftalmoskopiya, göz almasının USM, biomikroskopiya, optik koherent tomoqrafiya, vizometriya və tonometriya aparılır. Oftalmoskopiyanın köməyilə vertikal yarıq şəklində olan boşluqlar aşkarlanır. Hüdud membranında spesifik dəyişikliklərə rast gəlinmir. Onun arxasında boz və ya ağ rəngli liflər vizualizasiya olunur. Tam destruksiya fibril qalıqlarından ibarət vahid boşluğun yaranması ilə xarakterizə edilir. Hüdud membranı cırıldıqda retrolental sahə izlənilmir. Bulanıqlıq torlu qişanın kənarında lokalizasiya olunduqda spesifik dəyişikliklər müşahidə edilmir.
Yarıqlı lampa ilə biomikroskopiya zamanı kolloid gelin konsistensiyasının dəyişməsi və pambığabənzər ləkələr müəyyən edilir. Sapşəkilli destruksiyada kollagen liflər ilgəyi xatırladır. Dənəvari destruksiya boz və ya qəhvəyi rəngli, kiçik ölçülü hissəciklərin toplanması ilə təzahür edir. Gecikmiş mərhələlərdə dənələr konqlomeratlar şəklində toplanır.
Ultrasəs müayinəsi daha informativ üsul hesab olunur. Bu metoddan şüşəyəbənzər cismə qansızma olduqda istifadə edilir. USM B-skanlama rejimində aparılır. Onun vasitəsilə qansızmanın mənbəyi və kolloidin daxilindəki kristallik strukturlardan gələn exoneqativ siqnalları aşkar edilir. Kristalların hərəkətliliyi, dənəli konqlomeratların olması və ya kollagen liflərin toplanması şüşəyəbənzər cismin durulaşmasından xəbər verir.
Sadalanan diaqnostik metodlar qeyri-informativ olduqda optik koherent tomoqrafiya (OKT) yerinə yetirilir. Müayinə prosesində şüşəyəbənzər cismin ölçüsünün kiçilməsi, formasının dəyişməsi, bulanması, qeyri-həmcins quruluşa malik olması müəyyən edilir. Massiv hemoftalm OKT-yə əks-göstəriş sayılır. Vizometriya görmə itiliyinin dərəcəsini qiymətləndirməyə imkan verir. Tonometriya üsulu ilə gözdaxili təzyiqin cüzi yüksəlməsi üzə çıxarılır.
Şüşəyəbənzər cismin destruksiyasının müalicəsi
Şüşəyəbənzər cismin destruksiyasının xüsusi müalicə üsulları tərtib olunmamışdır. Oftalmoloqun taktikası kolloid gelin zədələnmə və görmə itiliyinin zəifləmə dərəcələrindən asılıdır. Görmə qabiliyyəti cüzi pozulduqda və hissəvi destruksiya aşkarlandıqda konservativ terapiya, eləcə də həyat tərzinin korreksiyası məsləhət görülür. Xəstələr kompüterdə işlədikdə və ya uzun müddət kitab oxuduqda göz idmanları etməli, yuxu rejimini normaya salmalıdır. Konservativ terapiya sorucu effekt yaradan kalium-yodidin və gözün mikrosirkulyasiyasını yaxşılaşdıran antioksidantların (metiletilpiridinol) yerli tətbiqinə əsaslanır. Beyin qan dövranını yaxşılaşdırmaq üçün vinposetin və sinnarizin peroral qəbul edilir. Xəstələrə angioprotektorlar və mikrosirkulyasiyanın korrektorları (L-lizin essinat) məsləhət görülür.
Şüşəyəbənzər cismin ifadəli destruksiyasında cərrahi müalicə tələb olunur. Müasir oftalmologiyada kollagenin iri ölçülü fraqmentlərini hədəfli xırdalamaq üçün vitreolizis üsuluna üstünlük verilir. Əməliyyat yerli anesteziya altında icra olunur. YAG-lazerdən istifadə etməzdən əvvəl bəbəklər qisa müddətli təsirə malik midriatiklərlə (tropikamid) genişləndirilir. Kollagen strukturların vitreolizisindən sonra görmə funksiyasının pozulmasına rast gəlinmir. Kolloid gelin tərkibində çox hərəkətli patoloji yığıntıların olması cərrahi müdaxilənin gedişini çətinləşdirir.
Total destruksiya vitrektomiyaya göstəriş sayılır. Əməliyyat yerli və ya ümumi anesteziya ilə aparıla bilər. Birinci mərhələdə kolloid gel kiçik hissələrə ayrılır. Sonra isə aspirasiya olunur. Göz almasına balanslaşdırılmış duz məhlulu, silinon yağı və ya qaz yeritməklə gözdaxili təzyiq bərpa edilir.
Şüşəyəbənzər cismin destruksiyasının proqnoz və profilaktikası
Profilaktik məqsədlə müntəzəm şəkildə oftalmoloji müayinələrdən (oftalmoskopiya, vizometriya, tonometriya) keçilməlidir. Vizual yüklənmələrin azaldılması, göz üçün müalicəvi gimnastikanın yerinə yetirilməsi, gündəlik rasionundan heyvan mənşəli yağlarla zəngin məhsulların çıxarılması, vitaminli qidaların əlavə olunması tövsiyə olunur. Miopiyalı bütün pasiyentlərə görmə itiliyini vaxtında korreksiya etmək məsləhət görülür. Diabetik retinopatiya zamanı ildə 2 dəfə oftalmoloqun qəbulunda olmaq lazımdır.
Şüşəyəbənzər cismin destruksiyası vaxtında aşkarlandıqda və müalicə olunduqda proqnoz qənaətbəxş sayılır. Hətta xəstəliyin gecikmiş mərhələlərində də vitrektomiyanın köməyilə görmə itiliyini və pasiyentin həyat keyfiyyətini bir qədər yaxşılaşdırmaq mümkündür.