Göz qapaqlarının dermatiti
Göz qapaqlarının dermatiti – bu nahiyənin dəri örtüyünün iltihabi xəstəliyidir. Onun əsas simptomlarına qaşınma, göynəmə, spesifik səpkilər, hiperemiya və ödem aiddir. Diaqnostika prosesində laborator (İFA, PZR, IgE səviyyəsinin təyini, qanın ümumi analizi, bioptatın histoloji müayinəsi) və instrumental müayinə metodlarından istifadə edilir. Dermatitin etiologiyasından asılı olaraq, xəstələrə antibakterial vasitələr, H2-histaminoblokatorlar, qlükokortikosteroidlər, virusəleyhinə preparatlar və ya kalsinevrin inhibitorları təyin edilir.
- Yaranma səbəbləri
- Patogenez
- Göz qapaqlarının dermatitinin əlamətləri
- Ağırlaşmalar
- Diaqnostika
- Göz qapaqlarının dermatitinin müalicəsi
- Proqnoz və profilaktika
Göz qapaqlarının dermatiti barədə ümumi məlumat
Göz qapaqlarının dermatitinə izoləolunmuş şəkildə və ya digər nahiyələrin analoji dəri təzahürləri ilə birgə rast gəlinir. Statistik məlumatlara əsasən dünyada hər 10-cu adam bu xəstəliyə tutulur. Dermatitlərin 27%-i göz qapaqları və periorbital nahiyədə inkişaf edir. Patoloji prosesə adətən yuxarı göz qapaqları qoşulur. Seboreyalı forma əsasən cavan qadınlarda müşahidə edilir, bu da vegenevrozla izah olunur.
Göz qapaqlarının dermatitinin yaranma səbəbləri
Göz qapaqlarının və gözətrafı nahiyənin iltihabı müxtəlif ekzogen və endogen amillərin təsirinə qarşı patoloji reaksiyadır. Xəstəliyin etiologiyasını müəyyənləşdirmək hər zaman mümkün olmur. Uşaqlarda dermatitin yaranması atopik reaksiyalarla bağlı olur. Patologiyanın əsas inkişaf amilləri aşağıdakılardır:
- İnfeksion xəstəliklər. Dermatitin əlamətləri əksər hallarda sadə və ya kəmərləyici herpes virusuna yoluxma nəticəsində meydana çıxır. Dərinin ikincili iltihabı qızılca, su çiçəyi, skarlatinaya tutulmuş xəstələrdə aşkarlanır.
- Allergik reaksiyalar. Allergen rolunda dərman vasitələri, qida məhsulları, bitki tozcuqları, heyvan tükü və s. iştirak edir. İltihab əlamətləri bədənin digər hissələrində də izlənilir. Göz qapaqlarının lokal zədələnməsi kosmetik vasitələrə allergiya üçün xarakterikdir.
- Fiziki amillərin təsiri. Xəstəlik izafi insolyasiya və ya soyuqla əlaqədar formalaşa bilər. Həmçinin ionlaşdırıcı şüalanmanın təsirindən şüa zədələnmələri təsvir olunmuşdur.
- Kimyəvi vasitələrin təsiri. Patoloji dəyişikliklər məişətdə istifadə olunan kimyəvi vasitələrin təsadüfən dəriyə düşməsi və ya istehsalat şəraitində təhlükəsizlik qaydalarına əməl edilmədən kimyəvi vasitələrlə uzun müddətli təmas zamanı baş verir.
- Piy vəzilərinin fəaliyyətinin pozulması. Piy vəzilərinin ifraz etdiyi dəri piyi seboreyalı dermatitin inkişafı üçün əlverişli şərait yaradır.
Göz qapaqlarının dermatitinin patogenezi
Sadə herpesə yoluxma zamanı xəstəliyin klinik təzahürləri patoloji agentin dermato-, mezo- və neyrotrop təsirindən meydana çıxır. Anamnezində damcı infeksiyalarının (qızılca, su çiçəyi, skarlatina) olduğu pasiyentlərdə dermatit bakterial floranın qoşulması və ya yerli antiseptiklərə qarşı atopik reaksiyalar nəticəsində inkişaf edən ikincili patologiya sayılır. Xəstəliyin seboreyalı formasının patogenezində piy vəzilərinin sinir və neyroendokrin disfunksiyaları mühüm rol oynayır. İlkin əlamətlər adətən hormonal disbalans fonunda baş verir.
Xəstəliyin allergik formasına sürətli və ya ləng tipli hiperhəssaslıq reaksiyaları səbəb olur. Sürətli tipdə əlamətlər triggerin təsirindən 15-30 dəqiqə sonra aşkarlanır. Onlar 1-2 saat davam edir. Ləng tipdə isə klinik simptomatika 6-12 saatdan sonra inkişaf edir. Xarici dəyişikliklər bir neçə gün və ya həftə ərzində müşahidə edilir. Palpebral zonanın dərisi fiziki amillərin əlverişsiz təsirinə daha həssas olur. Bu da həmin nahiyənin anatomo-fizioloji xüsusiyyətləri (nazik dəri-əzələ və konyuntiva-qığırdaq qatları) ilə bağlıdır.
Göz qapaqlarının dermatitin əlamətləri
Herpetik mənşəli formalarda xəstəlik kəskin inkişaf edir. Üz və göz qapaqlarının dəri örtüklərinin hiperemiyası fonunda şəffaf möhtəviyyatlı kiçik qovuqcuqlar əmələ gəlir. Pasiyentlər səpki elementlərinin ümumi hipertermiya fonunda yarandığını qeyd edirlər. Səpkilərdən bilavasitə əvvəl periorbital zonada qaşınma və yanğı hissi meydana çıxır. Qovuqcuqların yerində formalaşan qartmaq 2 həftədən sonra heç bir iz buraxmadan keçib gedir. Herpetik forma üçün residivlərə meyllik xarakterikdir. Dermatitin törədicisi kəmərləyici herpes virusu olduqda xəstələr adətən səpki nahiyəsində güclü ağrılardan şikayət edirlər. Səpki elementləri sinir lifləri boyunca lokalizasiya olunur.
Allergik dermatitdə palbepral zonanın ödem və hiperemiyası müşahidə edilir. Dəridə vezikulyoz, az hallarda isə bulyoz səpkilər nəzərə çarpır. İfadəli ödemlə əlaqədar xəstə çox vaxt gözünü aça bilmir. Göz yarığının bucaqlarında dəri örtüklərinin maserasiyası izlənilir. Ləng tipli hiperhəssaslıq zamanı dəri tədricən qalınlaşır və quruyur. Ləkəli və ya papulovezikulyoz səpkilər əmələ gəlir. Ağır gedişli allergik proseslərdə gözətrafı nahiyənin angionevrotik ödemi (Kvinke ödemi) inkişaf edir. Əksər hallarda ödem ətraf toxumalara: burun, yanaq və dodaqlara yayılır.
Seboreya mənşəli patologiya yağlı parıltı, dərinin qabıqlanması və kirpiklərin tökülməsi ilə özünü büruzə verir. Epidermisin buynuz qatı qalınlaşır. Dəri qaşınması erkən mərhələlərdə təzahür edir. Piy vəzilərinin kirpiklərin dibində yerləşməsi ilə əlaqədar ilk növbədə ön palpebral kənar zədələnir. Bir müddətdən sonra dermatitin əlamətlərinə almacıq, burun qanadları, alın nahiyəsində də rast gəlinir. Patoloji proses adətən başın tüklü hissəsinə yayılır. Göz qapaqlarının atopik dermatiti hiperpiqmentasiya ocaqları ilə müşayiət olunur. Uşaqlarda çox zaman aşağı göz qapağının əlavə büküşü (Denye-Morqan simptomu) formalaşır.
Göz qapaqlarının dermatitinin ağırlaşmaları
Göz qapaqlarının dərisində pustula və vezikulaların yarandığı hallarda ağrılaşmış gediş müşahidə edilir. Qovuqcuqların partlaması onların infeksiyalaşmasına səbəb ola bilər. Xəstəliyin ən geniş yayılmış fəsadları kəskin blefarit və blefarokonyunktivitdir. Eroziyaların formalaşması keloid çapıqlar və göz qapağının deformasiyasına gətirib çıxarır. Gözlərin qapanma prosesi çətinləşir. Dermatitli şəxslərdə gözün ön seqmentinin iltihabi ağırlaşmalarının (keratit, keratokonyunktivit) yaranma ehtimalı yüksək olur. Nadir hallarda göz qapaqlarının absesi formalaşır.
Göz qapaqlarının dermatitinin diaqnostikası
Dermatitə şübhə yarandıqda fizikal müayinə aparılır, spesifik diaqnostika metodları təyin edilir. Yarıqlı lampa ilə gözün biomikroskopiyası zamanı göz qapaqlarının ödem və hiperemiyası, patoloji səpkilər vizualizasiya olunur. Səpkilərin xarakteri xəstəliyin etiologiyasından asılıdır. Herpetik qovuqcuqlara rast gəlindikdə punksiya və möhtəviyyatın mikroskopik analizi göstəriş sayılır. Laborator müayinə üsullarına aşağıdakılar daxildir:
- Qanın ümumi analizi. Virus mənşəli formalarda leykositar formulanın sağa meylliyi aşkarlanır. Formulanın sola meyl etməsi xəstəliyin bakterial genezli olmasını sübut edir. EÇS normadan yüksək olur.
- İmmunoferment analiz (İFA). İnfeksion dermatitlərdə tətbiq edilir. IgM titri 4 dəfə və daha artıq yüksəlir. Bu da patologiyanın kəskin formasına dəlalət edir. IgG titrinin artması xroniki gedişdən xəbər verir.
- Polimeraz zəncirvari reaksiya (PZR). Qanda törədicinin genetik materialının (DNT, RNT) aşkarlanmasına imkan verir. PZR virus mənşəli dermatitin ən informativ müayinə metodudur.
- Qanda immunoqlobulin E titrinin təyini. IgЕ ləng tipli hiperhəssaslığın markeri hesab olunur. Onun titrinin yüksəlməsi allergic reaksiyasının inkişafına işarə edir.
- Histoloji müayinə. Bioptatın histologiyası seboreyalı formada yerinə yetirilir. Müayinə prosesində follikulyar tıxaclar, limfosit və histiositlərdən ibarət perivaskulyar infiltrat izlənilir.
Göz qapaqlarının dermatitinin müalicəsi
Terapevtik taktika xəstəliyin etiologiyasından asılı olur. Herpetik formada göz qapaqlarında yerləşən qovuqcuqlara asiklovit tərkibli məlhəm çəkilir. Yerli müalicə ilə yanaşı immunoterapevtik preparatlar (rekombinant interferon, immunomodulyatorlar) təyin olunur. Müalicə kursu 10-14 gün davam edir. 1-2 aydan sonra xəstəliyin simptomatikası aradan qalxdıqda davamlı remissiyanın əldə olunması məqsədilə herpetik vaksinin yeridilməsi məsləhət görülür.
Allergik dermatitin müalicəsinin birinci mərhələsi etioloji amilin uzaqlaşdırılmasından ibarətdir. Bu məqsədlə antihistamin vasitələrdən, kortikosteroid mərhəmlərdən istifadə edilir. Ağırlaşmış gedişdə qısamüddətli hormonoterapiya aparılır. Seboreyalı formada topik qlükokortikosteroidlər kalsinevrin inhibitorları ilə birgə tətbiq edilir. İfadəli iltihabi reaksiyalar müşahidə edildikdə iltihabəleyhinə vasitələrlə islatmalar müsbət nəticə verir. Bakterial ağırlaşmaların qarşısını almaq üçün anilin boyasının 1-2%-li spirtli məhlulu palpebral zonaya çəkilir. İfadəli qaşınma hallarında müalicə sxeminə H2-histaminoblokatorlar əlavə edilir.
Göz qapaqlarının dermatitinin proqnoz və profilaktikası
Müalicə vaxtında aparıldıqda proqnoz qənaətbəxş olur. Spesifik preventiv üsullar işlənilib hazırlanmamışdır. Qeyri-spesifik profilaktika etioloji amillə təmasın qarşısının alınmasına yönəldilir. Sənayə müəssisələrində kimyəvi maddələrlə işləyərkən qoruyucu vasitələrdən (eynək, maska) istifadə edilməlidir. Anamnezində residivləşən herpetik infeksiya olan pasiyentlər ilkin əlamətlər (qaşınma, yanğı hissi) meydana çıxdıqda səpkinin yaranmasını gözləmədən göz qapaqlarına müvafiq dərman vasitəsi çəkməlidir. Seboreyalı formada hormonal disfunksiya korreksiya edilməlidir.