İridodializ

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1303

iridodializ nədir?İridodializ – qüzehli qişanın kök hissəsinin siliar cisimdən ayrılması ilə xarakterizə olunan oftalmoloji patologiyadır. Onun əsas klinik təzahürlərinə travma anında ağrı, görmə itiliyinin zəifləməsi, fotofobiya, monokulyar diplopiya aiddir. Diaqnoz obyektiv baxış, vizometriya, biomikroskopiya, təmassız tonometriya, elektron tonoqrafiya, oftalmoskopiyanın nəticələri əsasında qoyulur. İridodializ açıq yolla (intraoperasion müdaxilə) korreksiya olunur. Qapalı metod limbal tonnel kəsikdən defektin aradan qaldırlmasına əsaslanır.

  • İridodializin yaranma səbəbləri
  • Patogenez
  • İridodializin əlamətləri
  • Ağırlaşmalar
  • Diaqnostika
  • İridodializin müalicəsi
  • Proqnoz və profilaktika

İridodializ barədə ümumi məlumat

İridodializ – qüzehli qişanın məhdud sahədə kökündən qopmasıdır. Bu defekti korreksiya etmək məqsədilə ilk rekonstruktiv əməliyyat 1866-cı ildə ərəb oftalmoloqu Amedi tərəfindən həyata keçirilmişdir. Qüzehli qişanın zədələnmələrinin ümumi strukturunda iridodializə 8,6% hallarda rast gəlinir. Göz almasının ön seqmentinin travmalarının 23,2%-i qüzehli qişanın hissəvi ayrılmasının payına düşür. Xəstəlik adətən 31-40 yaşlarda aşkarlanır. Qadınlarla müqayisədə kişilərdə iridodializ 1,5 dəfə çox müşahidə olunur. Bu da kişi cinsinin nümayəndələrində görmə orqanının tez-tez zədələnməsi ilə bağlıdır.

İridodializin yaranma səbəbləri

İridodializin yaranma səbəbləriAnadangəlmə iridodializ inkişaf anomaliyası kimi qiymətləndirilir. Alimlərin fikrincə buna hamiləlik dövründə teratogen amillər və ya doğuş prosesində görmə orqanının travması səbəb olur. Qazanılmış formada isə defekt zədələyici faktorun təsirindən formalaşır. İridodializin əsas yaranma səbəbləri aşağıdakılardır:

  • Gözün kontuziyasıQüzehli qişanın qopması – III-IV dərəcəli kontuziyanın təzahürlərindən sayılır. Zərbə dalğasının təsir etdiyi anda intraokulyar təzyiqin kəskin dərəcədə yüksəlməsi və göz almasının ön qütbünün kompressiyası baş verir. Təzyiqin azalması qüzehli qişanın hissəvi və ya tam qopması ilə müşayiət edilir.
  • Gözün travmalarıİridodializ göz alması nahiyəsinə küt zərbə fonunda yaranır. Xarakterik trigger amillərə yumruq, tennis topu, butılkanın tıxacı ilə zərbə aiddir. Su şırnağının yüksək təzyiqlə gözə istiqamətlənməsi də iridodializlə nəticələnə bilər. Az hallarda patologiya göz almasının nüfuzedici yaralanmalarının ağırlaşması kimi meydana çıxır.
  • Yatrogen müdaxilə.Postoperasion iridodializə ən çox kataraktanın intrakapsulyar ekstraksiyasından sonra rast gəlinir. Bəzən xəstəlik endovitreal cərrahi əməliyyatlar zamanı əmələ gəlir. Ümumiyyətlə gözün ön qütbündə aparılan istənilən mikrocərrahi müdaxilələr provokasiyaedici amil rolunu oynaya bilər.
  • Qüzehli qişanın hissəvi atrofiyasıNadir hallarda qonioskopiya prosesində qüzehli qişanın əsası boyunca kiçik atrofiya sahəsini aşkar etmək mümkün olur. Yüngül zərbə və ya gözdaxili təzyiqin yüksəlməsi gözlə aydın şəkildə görünən defektin formalaşmasına gətirib çıxarır.
  • Siliar cismin şişiBu nahiyənin törəmələri böyüdükcə ön kamera bucağına tərəf yerini dəyişir. Qüzehli qişa tədricən kök hissəsindən aralanmaqla, spontan iridodializin inkişafına şərait yaradır.

İridodializin patogenezi

Patologiyanın inkişaf mexanizminin əsasını gözdaxili təzyiqin kəskin yüksəlməsi təşkil edir. Hipertenziya qisa zaman ərzində hipotoniya ilə əvəz olunur, qüzehli qişa önə doğru irəliləyir. Onun sonradan arxaya tərəf dislokasiyası kök hissəsindən ayrılma ilə nəticələnir. Qüzehli qişanın ümumi dairəsinin 1/2 hissəsindən çoxu aralandıqda posttravmatik çevrilmə müşahidə edilir. Belə hallarda bəbəyin forması xeyli dəyişir. Torlu qişaya həddindən artıq işıq şüalarının daxil olması görmə itiliyini zəiflədir. Akkomodasiya prosesi pozulur.

İridodializin əlamətləri

İridodializin əlamətləriQüzehli qişanın məhdud sahədə qopması birtərəfli patologiyadır. Xəstəlik intensiv ağrı sindromu ilə müşayiət olunur. Spontan iridodializ zamanı pasiyentlər gözdə qəflətən kəskin ağrının yarandığını qeyd edirlər. Pasiyentlər görmənin zəifləməsindən və ikiləşməsindən, fotofobiyadan (işıqdan qorxma) şikayət edirlər. Əlamətləri yüngülləşdirmək məqsədilə xəstələr gözlərini qıyır və ya zədələnmiş gözü tamamən bağlayırlar.

Defekt yuxarı göz qapağı ilə örtüldükdə yeganə əlamət – tədricən zəifləyən ağrı müşahidə edilir. Hifemanın və ya gözün ön kamerasının arxasında yerləşən kiçik ölçülü defektlər simptomsuz gedə bilər. Qan və ya eksudat sorulduqca qüzehli qişanın kök hissəsində fibrin yığıntıları əmələ gəlir. Xəstələr işıq mənbəyinə baxdıqda gözdə diskomfort hissi meydana çıxır. Eynək və ya rəngli linzaların istifadəsi bu narahatlığı aradan qaldırır.

İridodializin ağırlaşmaları

İridodializ əksər hallarda buynuz qişada degenerativ-distrofik dəyişikliklərlə müşayiət edilir. Posttravmatik iridodializli xəstələrdə torlu qişanın ayrılma ehtimalı yüksək olur. Pasiyentlərdə çox zaman təhlükəli ağırlaşma – kistoz makulyar ödem aşkarlanır. Ön kamera bucağı nahiyəsində çapıqlaşma və gözdaxili mayenin sirkulyasiyasının pozulması 12% xəstələrdə ikincili qlaukomaya gətirib çıxarır.

İridodializin diaqnostikası

Diaqnostika prosesində anamnez toplanılır, vizual baxış keçirilir, xüsusi müayinələr aparılır. Sorğu prosesində travmanın baş vermə müddəti və şəraiti dəqiqləşdirilir. Obyektiv baxış zamanı bəbək dəliyinin qeyri-düzgün forması və defekt zonası nəzərə çarpır. İridodializin əsas müayinə metodları aşağıdakılarıdr:

  • VizometriyaGörmə funksiyasının pozulma dərəcəsi defektin sahəsi ilə düz mütənasibdir. Əksər xəstələrdə görmə itiliyinin orta göstəricisi 0,25 ± 0,06 təşkil edir.
  • Gözün biomkroskopiyasıYarıqlı lampanın köməyilə göz almasının ön şöbəsinə baxış keçirərkən anomal formalı bəbək dəliyi, konyunktivanın hiperemiyası vizualizasiya olunur. Dializ limbin yaxınlığında ikiqat qabarıqlığa malik tünd rəngli nahiyə kimi izlənilir.
  • Gözün təmassız tonometriyasıGözdaxili təzyiq orta hesabla 20,31 mm.cv.sütununa bərabər olur. İridodializ zamanı oftalmohipertenziya və ikincili qlaukomanın yaranma riski yüksək olduğundan gözdaxili təzyiq nəzarətdə saxlanılmalıdır. Eyni zamanda 4% hallarda hipotoniya izlənilir.
  • Elektron tonoqrafiyaİridodializ üçün «С» əmsalının yüksək, «F» əmsalının isə aşağı göstəriciləri xarakterikdir. Gözdaxili hidrodinamikanın xüsusiyyətləri siliar cismin zədələnməsi ilə əlaqədar gözdaxili mayenin sekresiyasının zəifləməsinə dəlalət edir.
  • OftalmoskopiyaGörmə orqanının travmatik zədələnmələrində göz dibinə baxış keçirdikdə torlu qişanın ayrılmasının və makulyar ödemin ilkin əlamətləri, qansızma ocaqları aşkarlanır. Hemoftalm zamanı arxa seqmenti müayinə etmək mümkün olmur.

İridodializin müalicəsi

Qüzehli qişanın defekti yalnız cərrahi üsulla aradan qaldırılır. Əməliyyat erkən dövrlərdə aparılmalıdır. Bu da zədələnmiş sahədə atrofik dəyişikliklərin proqressivləşməsi və zaman keçdikcə qüzehli qişanın normal quruluşunu, eləcə də bəbəyin formasını bərpa etməyin mümkünsüzlüyü ilə bağlıdır. İridodializ 2 yolla korreksiya edilir:

  • Açıqİntraoperasion müdaxilə ilə həyata keçirilir. Bu üsuldan ağır travma və kontuziyalar zamanı travmatik kataraktanın xaric edilməsinə, intraokulyar linzanın implantasiyasına və ya vitreoretinal müdaxilənin yerinə yetirilməsinə ehtiyac yarandıqda istifadə olunur. Açıq üsul sinexiyaların formalaşma riski, gözdaxili təzyiqin tənziminin pozulması və buynuz qişada distrofik dəyişikliklərin inkişafı ilə müşayiət edilir.
  • QapalıKiçik dəlikdən icra edilir. Bu metod ifadəli hifema, gözün hipotoniyası zamanı və ya cərrahi müdaxilənin aparılmasına əks-göstərişlər olduqda tətbiq edilir.

İridodializ travmadan bir neçə gün sonra və yaxud müayinə prosesində təsadüfən aşkarlandıqda adətən qapalı üsula üstünlük verilir.

İridodializin proqnoz və profilaktikası

Cərrahi əməliyyat vaxtında həyata keçirildikdə qüzehli qişanın quruluş və funksiyasını tam şəkildə bərpa olunur. Defektin sahəsi limbin dairəsi boyunca 120 dərəcədən artıq olduqda və ya müalicə gecikdirildikdə işığa qarşı reaksiya əldə etmək və akkomodasiya prosesini normallaşdırmaq mümkün olmur. Patologiyanın spontan şəkildə inkişafının qarşısını almaq üçün ildə 1 dəfə oftalmoloqun müayinəsindən keçmək məsləhət görülür.

Spesifik preventiv tədbirlər mövcud deyil. Qeyri-spesifik profilaktika istehsalat şəraitində qoruyucu vasitələrin (eynək, maska) istifadəsindən ibarətdir.

 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: