Gözdə yad cisim

Oxuma vaxtı: 10 dəq Oxunma sayı: 2520

gözdə yad cisim nədir?Gözdə yad cisim – göz alması, göz yuvası və gözün əlavə aparatının müxtəlif şöbələrində səthi və yaxud dərin qatlarda yerləşən hissəcikdir. Belə hallar gözlərin yaşarması, ağrı, konyunktivanın ödem və hiperemiyası, blefarospazmla özünü büruzə verir. Yad cismi aşkar etmək üçün göz qapaqlarını çevirməklə, gözə baxış keçirilir. Bundan əlavə biomikroskopiya, oftalmoskopiya, göz yuvasının rentgenoqrafiyası, qonioskopiya, diafanoskopiya, USM aparılır. Yara cərrahi işlənildikdən və konyunktiva boşluğu yuyulduqdan sonra yad hissəciklər əməliyyatsız və ya cərrahi müdaxilənin köməyilə xaric edilir.

  • Konyunktivada yad cisim
  • Buynuz qişada yad cisim
  • Göz boşluğunda yad cisim
  • Göz yuvasında yad cisim
  • Profilaktika

Gözdə yad cisim barədə ümumi məlumat

Gözə kənardan hər hansı bir əşyanın düşməsi oftalmologiya sahəsində tez-tez qarşılanan problemlərdən sayılır. Gözdə yad cisim görmə orqanının toksiki və mexaniki zədələnməsinə, iltihabi reaksiyaya (blefarit, konyunktivit, keratit, uveit), qansızmaya (hemoftalm), ikincili ağırlaşmalara (qlaukoma, katarakta, torlu qişanın ayrılması, endo- və panoftalmitə səbəb olur.

Hissəciklərin yerləşdiyi nahiyədən asılı olaraq, göz qapaqları, konyunktiva, buynuz qişa, göz yuvası və göz almasının yad cisimləri ayırd edilir. Əşyalar xarakterinə görə maqnit (dəmir tərkibli) və qeyri-maqnit (ağac parçası, şüşə qırıntısı, torpaq, qum, mis, alüminium və digər metallardan ibarət) formalara bölünür.

Konyunktivada yad cisim

gözdə yad cisim olduqdaGözün selikli qişasında adətən kiçik əşyalara: qum, tük, kirpik, metal, daş və ya kömür hissəciklərinə rast gəlinir. Onlar konyunktivanın səthində qala və ya daha dərin qatlara nüfuz edə bilər. Selikli qişanın tamlığı pozulduqda yad cisim limfositlər, nəhəng və epitelioid hüceyrələrdən ibarət, konyunktivanın vərəmini xatırladan qranulyasiya və ya infiltrat əmələ gətirir. Əşya vaxtında gözdən çıxarılmadıqda kapsulla əhatə oluna bilər. Konyunktivada yad cisim gözlərin yaşarması, işıqdan qorxma, diskomfort, blefarospazm, konyunktivitlə müşayiət edilir.

Müayinə məqsədilə gözün selikli qişasına baxış keçirilir. Gözlərin reflektor olaraq qırpılması və gözlərin həddindən artıq sulanması konyunktiva boşluğunda sərbəst şəkildə yerləşən hissəciklərin yerdəyişməsinə səbəb olur; qırıntılar əksərən göz qapağının kənarı boyunca yerləşən şırımda lokalizasiya edirlər.

Səthi yerləşən cisimlər antiseptik məhlulda işladılmış nəm pambıq tampon vasitəsilə və ya konyunktiva boşluğunu şırnaqla yumaqla çıxarılır. Yad hissəciklər konyunktiva boşluğuna sirayət etdikdə bu sahəyə əvvəlcə 0,5%-li dikain məhlulu damızdırılır. Sonra isə iynə və ya pinset vasitəsilə xaric edilir. Xəstəyə 3-4 gün müddətində göz üçün damcı və sulfasetamid məlhəmindən istifadə etmək məsləhət görülür. Yad cisim aradan qaldırıldıqdan sonra gözdə qıcıqlanma əlamətləri sürətlə geriyə inkişaf edir; görmə funksiyası pozulmur.

Buynuz qişada yad cisim

Gözə düşən yad cisimlər buynuz qişanın səthində və ya göz almasının daxildə aşkarlana bilər. Bu, hissəciklərin ölçü və quruluşundan, iti kənarlara malik olmasından, eləcə də gözə daxil olma sürətindən asılıdır. Daxilə keçən hissəciklər arasında metal hissəciklərinə daha çox təsadüf olunur.

Gözdə yad cisim əksər hallarda buynuz qişanın epitelini zədələyərək, infeksiyanın daxil olmasına və keratitin inkişafına gətirib çıxarır. Artıq bir neçə saatdan sonra qırıntıların ətrafında iltihabi infiltrat əmələ gəlir, perikorneal hiperemiya yaranır. Dərində yerləşən cisimlər gözün ön kamerasına nüfuz edə bilər. Səthi və orta lokalizasiyalı hissəciklər tədricən kapsullaşır və ya irinləyirlər. Pasiyentlər adətən gözdə ağrı, yad cisim (qum dənəcikləri) hissi, işıqdan qorxma, gözlərin yaşarması və qeyri-iradi qapanması, görmənin pisləşməsindən şikayət edirlər.

Diaqnostika prosesində diafanoskopiya və biomikroskopiyadan istifadə olunur. Oftalmoloji baxış zamanı buynuz qişada infiltratın əmələ gətirdiyi nazik haşiyəli tünd və ya boz rəngli parlaq nöqtələr təyin edilir. Yad cismin gözün ön kamerasına keçmə ehtimalını inkar etmək üçün qonioskopiya aparılır.

Hissəciyi xaric etmək məqsədilə ilk növbədə gözə anestetik məhlulu damızdırılır. Sonra səthi cisimlər nəm pambıq tamponla, daxilə sirayət edən qırıntılar isə xüsusi oftalmoloji alətlə çıxarılır. Gözə steril qoruyucu sarğı qoyulur. Xəstəyə antiseptik göz damcısı və antibakterial məlhəm təyin edilir. Bəzən antibiotiklərin subkonyunktival inyeksiyası tələb olunur.

Yad cismin çıxarılması buynuz qişanın deşilməsi və ya əşyanın ön kameraya itələnməsi ilə ağırlaşa bilər. Bu səbəbdən bütün manipulyasiyalar tibb müəssisəsində təcrübəli cərrah-oftalmoloq tərəfindən aparılmalıdır.

Səthi cisimlər xaric edildikdə adətən heç bir fəsad baş vermir. Buynuz qişanın dərin qatlarının zədələnməsi gələcəkdə qeyri-düzgün astiqmatizmin inkişafına, buynuz qişanın bulanmasına, görmə itiliyinin zəifləməsinə səbəb ola bilər.

Göz boşluğunda yad cisim

gözdə yad cisim varsaGözdaxili yad cisimlərə göz zədələnmələrinin 5-15%-də rast gəlinir. Hissəciklərin əksəriyyəti gözün arxa şöbələrində (şüşəyəbənzər cisim, damarlı qişa), az bir hissəsi isə ön seqmentdə (ön və arxa kamera, qüzehli qişa, büllur, kirpikli cisim) aşkarlanır. Gözün daxilinə təxminən 85% hallarda metal cisimlər, bəzən isə şüşə, daş və ya ağac qırıntıları nüfuz edir. Yad hissəciyin ölçü, lokalizasiya, kimyəvi xüsusiyyəti, gözdə qalma müddəti və infeksiyanın qoşulmasından asılı olaraq, müxtəlif patoloji dəyişikliklər yarana bilər: residivləşən iridosiklit, şüşəyəbənzər cisimdə şvartlar və bulanıqlıqlar, ikincili qlaukoma, torlu qişanın distrofiyası və qopması, gözün xalkozu və siderozu.

Kiçik ölçülü inert hissəciklər kapsullaşaraq, qıcıqlanma törətməyə bilər. Patogen flora ilə infeksiyalaşan cisimlər irinli endoftalmitlə müşayiət oluna bilər. İri qırıntılar çox zaman gözü tamamən sıradan çıxarırlar.

Göz boşluğunda yad cisim olduqda baxış prosesində buynuz qişa, sklera, qüzehli qişa və ya bəbəkdə dəlik izlənilir. Yaranın kənarları aralı qaldıqda oradan daxili qişalar, şüşəyəbənzər cisim, büllur sallana bilər. Əksər pasiyentlərdə gözün ön kamerasına qansızma müşahidə edilir. Yad cisim gözə bəbəkdən daxil olduqda adətən büllurun zədələnməsi və bulanıqlığı (ikincili katarakta) qeydə alınır.

Müayinə məqsədilə diafanoskopiya, biomikroskopiya, rentgenoqrafiya, gözün USM, tomoqrafiya icra olunur. Metal qırıntıları elektrolokasiya, maqnit sınağı ilə müəyyən edilir.

Gözdaxili cisimlər cərrahi yolla xaric olunur. İridosiklit, panoftalmit, endoftalmitin qarşısını almaq üçün antibiotiklərin subkonyunktival və əzələdaxili inyeksiyaları tətbiq edilir.

Yad hissəciklər əsasən buynuz qişa, limb və ya sklera nahiyəsində kəsik aparılmaqla (ön yolla), xüsusi göz maqniti, pinset və ya şpatellə çıxarılır. Cisim arxa kamerada yerləşdikdə iridektomiya və ya iridotomiya yerinə yetirilir, qırıntı aradan götürülür. Büllur şişdikdə, xlakoz və ya katarakta inkişaf etdikdə bullurun yad cisimlə birgə ekstrakapsulyar və ya intrakapsulyar ekstraksiyası göstəriş sayılır. Hemo- və endoftalmit zamanı vitrektomiya həyata keçirilir. Daha ağır hallarda gözün enukleasiyası tələb oluna bilər.

Gözdən maqnit və ya qeyri-maqnit hissəciklər çıxarıldıqdan sonra yerli və sistemli müalicə aparılır. Görmə funksiyası və gözün qorunması baxımından proqnoz həmişə ciddi olur.

Göz yuvasında yad cisim

Göz yuvasına yad cisim göz qapağı, konyunktivadan, o cümlədən göz alması deşildikdə keçə bilər. Bu nahiyəyə daxil olan əşyalar arasında metal, şüşə, ağaq qırıntılarına rast gəlinir. Onlar aseptik iltihab və ya irinli proses (göz yuvasının fleqmonası) törədə bilər.

Klinik şəkil yaranın giriş dəliyinin olması, göz qapaqları və konyunktivanın ödemi, ekzoftalm, oftalmoplegiya, dəri hissiyyatının lokal itirilməsi, buynuz qişanın həssaslığının pozulması ilə xarakterizə olunur. Göz yuvasının divarları zədələndikdə qırıntılar burun boşluğuna və ya burunətrafı ciblərə nüfuz edə bilər. Yad cisim gözün düz əzələsini zədələdikdə diplopiya yaranır. Görmə sinirinin tamlığı pozulduqda görmə qabiliyyəti kəskin dərəcədə zəifləyir və ya tamamən itir. Üçlü sinirin şaxəsi zədələndikdə yuxarı göz qapağının həssaslığı azalır, aşağı göz qapağının spastik çevrilməsi, neyroparalitik keratit müşahidə edilir.

Bu nahiyədəki yad cisimləri aşkar etmək üçün göz yuvası, burunətrafı ciblər, kəllə sümüklərinin rentgenoqrafiyası icra olunur. Ehtiyac yarandıqda prosesə otolarinqoloq və nevroloq cəlb olunur.

Giriş dəliyinin yaxınlığındakı qırıntılar yaranın ilkin cərrahi işlənilməsindən sonra xaric edilir. Bəzi hallarda orbitotomiya, frontotomiya, sfenoidtomiya, etmoidotomiya, haymorotomiya tələb oluna bilər.  Xəstələrə mütləq qaydada antibakterial terapiya təyin edilir.

Proqnoz yad cismin lokalizasiyası, ölçüsü və xarakterindən, zədələnmənin ağırlığından asılı olur.

Gözdə yad cismin profilaktikası

Gözə yad cismin düşməsi adətən təhlükəsizlik texnikasına riayət olunmaması ilə əlaqədar baş verir. Bu səbəbdən əsas profilaktik tədbirlər istehsalat şəraitində qoruyucu vasitələrdən (eynək, maska) istifadə edilməsinə əsaslanır. Yad hissəciyi özbaşına çıxarmaq olmaz. Belə hallar qırıntının miqrasiyası, gözün daha dərin qatlarının zədələnməsi, ağır fəsadlarla nəticələnə bilər.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: