Akantamöb keratit

Oxuma vaxtı: 9 dəq Oxunma sayı: 1324

akantoamöb keratit nədir?Akantamöb keratit —  buynuz qişanın ibtidailər, yəni akantamöblər (acanthamoeba) tərəfindən törədilən iltihabi xəstəliyidir. Bu növ keratitlər kontakt korreksiyadan istifadə edən insanlara üçün xarakterikdir; linzalara düzgün qulluq olunmadıqda meydana çıxır. Akantamöb keratit uzun müddət davam edən və arzuolunmaz nəticələrlə sonlanan xəstəlikdir. Pasientlər göz nahiyəsində güclü ağrılardan, fotofobiyadan (işıqdan qorxma), görmə itiliyinin zəifləməsindən şikayətlənirlər. Patologiya biomikroskopiya, paximetriya, keratometriya və mikrobioloji müayinə metodlarının köməyilə diaqnostika olunur. Müalicə göz damcıları ilə konservativ  aparılır; ağır hallarda cərrahi müdaxilə mütləqdir.

  • Akantamöb keratitin səbəbləri
  • Akantamöb keratitin təsnifatı
  • Akantamöb keratitın simptomları
  • Akantamöb keratitin diaqnostikası
  • Akantamöb keratitin müalicəsi
  • Akantamöb keratitin profilaktikası

Akantamöb keratit barədə ümumi məlumat

Akantamöb keratit – buynuz qişanın uzun müddət davam edən xroniki, infeksion xəstəliyidir. Patologiya amöb cinsindən olan Acanthamoeba tərəfindən törədilir və gözün ağır zədələnmələri ilə özünü göstərir. Xəstəlik oftalmologiyada ilk dəfə 1974-cü ildə təsvir olunub. Son onilliklərdə kontakt linza (KL) sənayesinin inkişafında böyük irəliləyişlər baş verdi və insanların çoxu KL-i yaxşı görməni təmin edən korreksiya metodu kimi istifadə etməyə başladı. Bunun fonunda KL-a qeyri-düzgün qulluqla əlaqəli olaraq tez-tez ağırlaşmalar da meydana çıxmağa başladı. Akantamöb keratit onlardan ən ciddisi olaraq qalır. Patologiya kişilərdə qadınlarla müqayisədə daha çox rastlanır. Xəstəlik 20-40 yaşlı insanlarda meydana çıxır. İnkişaf etmiş ölkələrdə 1,5-2 : 1 000 000 nisbətində, kontakt linza istifadəçilərində rast gəlinir.

Akantamöb keratitin səbəbləri

Akantamöb keratitin səbəbləriTörədici — amöb cinsindən olan, sərbəst yaşayan Acanthamoeba (A. culherisom, A. castellanii, A. polyphaga və A. astronyxis) və Hartmanelta-dır. Onlar torpaqda, durğun sularda, üzmə hovuzlarında, kanalizasiya borularında, kran sularında yaşayırlar. Amöblər iki formada – trofozoit (aktiv forma) və sist (qeyri-aktiv forma) formasında mövcud olurlar. Sist formasında uzun müddət həyat qabiliyyətini saxlaya bilir, aşağı temperatura, şüalanmaya, hovuz sularının xlorlaşdırılmasına davamlı olurlar. Əlverişli şəraitdə sist trofozoit formaya keçərək müxtəlif fermentlər sintez edir və bu fermentlərin köməyilə insan orqanizminin toxumalarına siraət edir.

Normada insan amöb sistlərinin orqanizmiə daxil olmasına qarşı davamlı rezistentliyə malikdir. İnfeksiyaya yoluxma buynuz qişanın kiçicik zədələnməsi, adətən, KL istifadəsi zamanı baş verir. Gözlərin zədələnməsi çirkli su hövzəsində və ya hovuzda çimdikdən, KL-i kran suyu ilə yuduqdan sonra inkişaf edir. Törədicilər buynuz qişa toxumasına daxil olaraq iltihabi reaksiyaya və növbəti dəyişikliklərə səbəb olur.

Akantamöb keratitin risk faktorlarına həm də “quru göz” sindromu (gözyaşı gözlərdə yerli immuniteti dəstəkləmək üçün çox vacibdir; onun çatışmazlığı zamanı yerli immunitet müxtəlif mikrob agentlərinin təsirinə qarşı zəifləyir); şəkərli diabet (orqanizmin infeksiyalara qarşı müqavimətinin zəifləməsinə gətirib çıxarır); əvvəllər aparılmış gözün cərrahi əməliyyatlarının yaraları (buynuz qişanın müdafiə qatının tamlığının uzunmüddətli bərpası) aid edilir.

Akantamöb keratitin təsnifatı

Buynuz qişadakı dəyişikliklərdən asılı olaraq akantamöb keratitin 4 mərhələsi ayırd edilir:

Birinci mərhələ: səthi epitelial keratit. Bu zaman buynuz qişanın mərkəzi və ya parasentral nahiyələrində məhdud, dairəvi, epitelial ödem əmələ gəlir.

İkinci mərhələ: səthi epitelial nöqtəvi keratit. Patologiyanın bu mərhələsində intensiv bulanıqlaşma artır. Buynuz qişanın iltihabı daha da artır, kiçik, ağımtıl və ya bozumtul epitelial düyüncüklər əmələ gəlir. Buynuz qişanın stromasında sinir lifləri görünməyə başlayır (radial keratonevrit). Güclü ağrı sindromu meydana çıxır.

Üçüncü mərhələ: stromal həlqəşəkilli keratit. Buynuz qişanın epitelial örtüyünün akantamöblər tərəfindən yeyilməsi qişanın stromasının səthi qatının iltihabi prosesi ilə müşayiət olunur. Buynuz qişanın bulanıqlaşması artır, infiltirasiya və stromanın ödemi hesabına genişlənir. Keratit həlqəvi forma alır. Yüngül irit müşahidə olunur.

Dördüncü mərhələ: xoralı akantamöb keratit. Dördncü mərhələdə buynuz qişanın stromasının zədələnməsi artır, adətən, buynuz qişanın səthi xoraları yaranır; irit, iridosiklit, hipopion əmələ gəlir; nadir hallarda sklerit, tez-tez ikincili qlaukoma, katarakta inkişaf edir. Buynuz qişanın qopması mümkündür.

Akantamöb keratitin simptomları

Akantamöb keratitin səbəbləriAkantamöb keratit həm bir, həm də hər iki gözdə yarana bilər. Xəstəlik üçün üzünmüddətli xroniki gediş xarakterikdir. Akantamöb keratitin başlanğıc mərhələlərində pasient üst göz qapağının altında diskomfort, yad cisim hissi, gözlərdə yüngül qıcıqlanma, görmə itiliyinin azacıq zəifləməsindən şikayətlənir.

Xəstəlik proqressivləşdikcə görmə itiliyi azalmaqda davam edir, göz almasının xeyli qızarması prosesə qoşulur, gözlərdə periodik ağrılar meydana çıxır. Buynuz qişanın iltihabı blefarospazm, gözün yaşarması və işıqdan qorxma ilə müşayiət olunur. Xəstəliyin son mərhələlərində pasienti göz almaları nahiyəsində daimi, güclü ağrılar, görmə itiliyinin yalnız işıq duyğusunadək və ya korluğadək kəskin azalması narahat edir. Akantamöb keratitin ağırlaşmalarından iridosiklit, sklerit, ikincili qlaukoma və ən kəskin ağırlaşma – buynuz qişanın qopması (perforasiyası) qeyd olunur.

Akantamöb keratitin diaqnostikası

Akantamöb keratitin diaqnostikası üçün yarıqlı lampalar vasitəsilə həyata keçirilən gözlərin biomikroskopiyası əsas metod hesab olunur. Həkim-oftalmoloq vizual olaraq buynuz qişanın zədələnməsinin dərinliyini (başlanğıc mərhələlərdə nöqtəvi epitelial eroziyalar, epitelin ödemi aşkar olunur; akantamöb keratitin gecikmiş mərhələlərində isə dessement qatın büküşləri, buynuz qişanın stromasının ödemi, xoraların əmələ gəlməsi görünür) müəyyənləşdirir.

Akantamöb keratitin diaqnozunu dəqiqləşdirmək məqsədilə paximetriya (buynuz qişanın qalınlığının təyini), keratometriya (buynuz qişanın əyriliklərinin (üfüqi və şaquli diametrinin) təyini), mikrobioloji müayinə (buynuz qişa sıyrıntısının rənglənməsi və ya xüsusi qidalı mühitlərdə əkilməsi) kimi əlavə diaqnostik metodlardan istifadə olunur.

Akantamöb keratitin müalicəsi

Akantamöb keratit müalicəyə kifayət qədər çətin tabe olur. Konservativ müalicə 6 həftədən az olmamaq şərtilə göz damcılarının yerli qəbulundan ibarətdir. Eyni zamanda antiseptik (xlorheksidin, dioksidin), antifunqal (ketokonazol, flukonazol), antibakterial (tobramisin, moksifloksasin) preparatlar, kortikosteroidlər də istifadə olunur. Ağrı sindromu zamanı daxilə analgetiklər təyin olunur. Midriatiklər yeridilir, süni göz yaşı preparatları tətbiq olunur. Pasientin vəziyyəti şiddətlənərsə, venadaxili göbələk əleyhinə preparatlar təyin olunur.

Cərrahi metodlara buynuz qişanın xoraları zamanı müraciət olunur. Autoskleral loskutlarla müalicəvi-tektonik keratoplastika, konyunktival loskutların istifadəsi ilə qatlı, səthi keratoplastika, tam keratoplastika (buynuz qişanın köçürülməsi) metodlarından istifadə olunur.

Akantamyob keratitin profilaktikası

Akantamöb keratitin profilaktikası kontakt linzalara düzgün qulluqla həyata keçirilir. Onların saxlanması və qulluğu məqsədilə xüsusi məhlulların tətbiqi, istifadə müddətinə riayət, bir günlük linzaların ideal istifadəsi mütləqdir. KL-nı taxanda və ya çıxaranda əlləri daha yaxşı yumaq tələb olunur. KL ilə isti vanna qəbul etməmək, duşa və ya saunaya girməzdən əvvəl onları çıxarmaq tövsiyə olunur. Gecələr gözə istirahət vermək lazımdır, yatmazdan əvvəl KL çıxarılmalıdır. Həkimlər hər 3 aydan bir linzalar üçün futlyarı dəyişməyi məsləhət görürlər. Akantamöb keratitin profilaktikasında şikayətlərin olub-olmamasından asılı olaraq, 4-5 aydan bir  oftalmoloqa müraciət etmək mühüm məqamdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin: