Astiqmatizm
Astiqmatizm – buynuz qişa və ya büllurun qeyri-sferik formaya malik olması ilə səciyyələnən refraksiya pozğunluğudur. Bu zaman işıq şüalarının səpələnməsi və torlu qişada təsvirin təhrif olunması baş verir. 1 dptr-dan yüksək olan astiqmatizm görmə qabiliyyətinin pozulması, əşyaların bulanıq təsviri, baş ağrıları, zehni fəaliyyət zamanı yorğunluq, qaşüstü nahiyədə diskomfort hissi ilə təzahür edir. Astiqmatizmin diaqnostikası oftalmoloqun konsultasiyası, görmə itiliyinin yoxlanılması, refraksiyanın müayinəsi (skiaskopiya, refraktometriya), biomikroskopiya, oftalmometriya, oftalmoskopiya, gözün USM, kompüter keratotopoqrafiyasından ibarətdir. Astiqmatizmin müalicəsində eynək və kontakt linzalarla korreksiya, LASİK üsulu ilə lazer korreksiyası, astiqmotomiya, fakik linzaların implantasiyasından istifadə olunur.
- Astiqmatizmin yaranma səbəbləri
- Astiqmatizmin növləri
- Astiqmatizmin əlamətləri
- Astiqmatizmin diaqnostikası
- Astiqmatizmin müalicəsi
- Astiqmatizmin proqnoz və profilaktikası
Astiqmatizm barədə ümumi məlumat
Oftalmologiyada astiqmatizm yaxından və uzaqdangörmə kimi ametropiyalara – optik mühitlərin işıq şüasını sındırma qabiliyyətinin dəyişməsinə və gözün arxa fokusunun təhrif olunması ilə xarakterizə edilən vəziyyətlərə aid edilir. Ametropiyaların 10%-i astiqmatizmin payına düşür. Astiqmtizmin erkən korreksiyası ambliopiya və çəpgözlüyün profilaktikasına zəmanət verir.
Astiqmatizm zamanı buynuz qişanın və ya büllurun bərabər əyriliyinin (sferikliyi) pozulması nəticəsində onların səthi müxtəlif meridianlarda fərqli sındırma qüvvəsinə malik olduğundan işıq dəstəsi torlu qişanın bir nöqtəsində toplanmır. Bir sıra şəxslərdə əşyaların təsviri torlu qişada kiçik seqment, bulanıq ellips və ya «səkkiz» rəqəmi formasında, digərlərində isə torlu qişanın önündə və yaxud arxasında fokuslanır.
Astiqmatizmin yaranma səbəbləri
Astiqmatizmə gözün optik sisteminin konfiqurasiyasının pozulması – buynuz qişanın qeyri-bərabər əyriliyi və ya büllurun anomal forması səbəb olur. Əksər hallarda astiqmatizm göz qapaqları, gözü hərəkət etdirən əzələlər və göz yuvası sümüklərinin göz qişalarına anadangəlmə qeyri-bərabər təzyiqi nəticəsində yaranan irsi xəstəlik sayılır. Bununla əlaqədar valideynləri astiqmatizmdən əziyyət çəkən uşaqlar mütləq oftalmoloq müayinəsindən keçməlidir.
Qazanılmış astiqmatizm böyüklərdə gözün travması, oftalmoloji əməliyyatlar, distrofik proseslər (keratokonus), buynuz qişanın bulanıqlığı, iltihabi xəstəliklər (keratit) səbəbindən buynuz qişanın çapıq dəyişiklikləri zamanı baş verir.
Astiqmatizmin növləri
Əsas meridianların (gözün perpendikulyar müstəviləri) refraksiyasından asılı olaraq, düz (vertikal meridianın sındırma qüvvəsinin üstünlüyü), əks (horizontal meridianın sındırma qüvvəsinin üstünlüyü) və çəp oxlarla astiqmatizm ayırd edilir.
Bundan əlavə astiqmatizmin düzgün və qeyri-düzgün olmayan növləri qeyd olunur. Düzgün astiqmatizm zamanı iki əsas meridian bir-birinə perpendikulyar, qeyri-düzgün formada isə çəp yerləşir. Düzgün astiqmatizm sadə (meridianların birində normal refraksiya – emmetropiya), mürəkkəb (hər iki meridianda eyni refraksiya – miopiya və ya hipermetropiya), qarışıq (meridianlarda müxtəlif növ refraksiyalar) formalara ayrılır. Astiqmatizm yaxından görmə ilə müştərək şəkildə inkişaf etdikdə miopik, uzaqdangörmə ilə birgə rast gəlindikdə isə hipermetropik adlanır.
Yaranma vaxtına əsasən astiqmatizmin 2 növü ayırd edilir: anadangəlmə (düzgün) və qazanılmış (qeyri-düzgün). 0,5-0,75 dptr həddində olan anadangəlmə astiqmatizm fizioloji hesab olunur – belə hallarda görmə itiliyində heç bir pozğunluq baş vermir, korreksiyaya ehtiyac yaranmır. Qazanılmış astiqmatizmin bütün formaları patoloji sayılır.
Meridianların istiqaməti astiqmatizmin oxunu xarakterizə edərək, dərəcələrlə ifadə olunur. Ən zəif və ən güclü meridianın sındırma fərqi astiqmatizmin ölçüsünü əks etdirir, bu göstərici dioptriyalarla ölçülür. Son əlamətə əsasən zəif (<3 dptr), orta (3-6 dptr) və yüksək (>6 dptr) dərəcəli astiqmatizm qeyd olunur.
Buynuz qişanın qeyri-düzgün sındırma qabiliyyəti buynuz astiqmatizmi, büllurun sındırma qüsuru isə büllur astiqmatizmi adlanır.
Astiqmatizmin əlamətləri
Astiqmatizm bir qayda olaraq, məktəbəqədər və ya erkən məktəb yaşlarında aşkarlanır. Belə uşaqlar oxşar hərfləri səhv salır və ya sözlərdə yerini dəyişir, eləcə də görmə qabiliyyətinin zəif olmasından, əşyaların təsvirinin bulanıq olmasından, baş ağrılarından, qaşüstü nahiyədə diskomfort hissindən şikayətlənir. Astiqmatizm üçün gözlərin tez yorulması, gözlərdə «qum dənəcikləri» hissi ilə özünü büruzə verən astepeniya və uzun müddət eyni eynəkdən istifadə zamanı görmənin pisləşməsi ilə əlaqədar eynək şüşələrinin tez-tez dəyişdirilməsi xarakterikdir.
Astiqmatizmin əlamətləri az spesifikdir; xəstəliyin erkən mərhələlərdə işıq şüalarının fokuslanması azacıq dəyişdiyindən, belə hallar adətən yanlış olaraq, göz yorğunluğu kimi qəbul edilir. Görmə dəqiqliyinin pozulması (əşyaların deformasiyalaşmış, bulanıq şəkildə görünməsi); gözlərdə ağrı, qızartı, göynəmə hissi; kitab oxuma, kompüterdə çalışma zamanı gözlərdə ikiləşmə, hər hansı bir obyektə qədər olan məsafənin təyininin çətinləşməsi astiqmatizmdən xəbər verə bilər.
Astiqmatizmin diaqnostikası
Astiqmatizmə şübhə yarandıqda oftalmoloq tərəfindən görmə funksiyasının vəziyyəti kompleks şəklində qiymətləndirilir, göz strukturlarına baxış keçirilir, refraksiyanın müayinəsi və birbaşa olmayan vizualizasiya üsulları tətbiq edilir.
Görmə itiliyi yoxlanılması (vizometriya) korreksiyasız və ya korreksiya ilə aparılır. Axırıncı halda gözün birinin qeyri-şəffaf ekran, digərinin önünə isə müxtəlif sındırma qüvvəsinə malik olan silindrik linzalar yerləşdirilən xüsusi eynək çərçivəsindən istifadə olunur. Silindrik linzaları dəyişməklə maksimal görmə itiliyi əldə edilir.
Refraksiya dərəcəsi sferik (skiaskopiya – kölgə sınağı) və silindrik (astiqmatik) linzalarla (silindroskiaskopiya) təyin olunur. Refraksiyanın pozulması barədə daha dolğun məlumat əldə etmək üçün refraktometriyaya üstünlük verilir. Bu üsul midriaz (bəbəklərin genişlənməsi) halında yerinə yetirilir.
Astiqmatizmin səbəblərini (buynuz qişanın iltihabi və ya degenerativ xəstəlikləri) aşkar etmək məqsədilə gözün biomikroskopiyası, göz dibi və şüşəyəbənzər cismin patologiyalarını inkar etmək üçün oftalmoskopiya icra olunur. Gözün ön-arxa kəsiyi oftalmometriya və USM vasitəsilə müayinə edilir.
Buynuz astiqmatizminin olması və patologiyanın dərəcəsi, həmçinin keratokonusun aşkarlanması kompüter keratotopoqrafiyanın köməyilə həyata keçirilir.
Astiqmatizmin müalicəsi
Astiqmatizmin müalicəsində eynək, kontakt linza, lazer və mikrocərrahi korreksiyadan istifadə olunur. Oftalmoloji korreksiya astqimatizmin 1 dptr-dan yüksək olması, görmə itiliyinin proqressiv şəkildə azalması, astenopeniyanın əlamətləri, uzaqdan və ya yaxındangörmənin dərəcəsinin artması zamanı göstəriş sayılır.
Eynək korreksiyası sferik və silindrik linzaların kombinə olunduğu eynəklərin (əksər hallarda mürəkkəb) fərdi qaydada seçilməsi ilə aparılır. Sferik linzalar hipermetropiya və ya miopiyanın korreksiya qaydalarına əsasən təyin edilir. Silindrik linzanın sındırma qüvvəsi astiqmatizmin dərəcəsi ilə üst-üstə düşməlidir. Astiqmatizmin yüksək dərəcəsində mürəkkəb eynəklərin taxılması başgicəllənmə, gözlərdə ağrı, görmə diskomfortu ilə müşayiət oluna bilər.
Astiqmatizmin eynək korreksiyasının alternativ üsulu torik (astiqmatik) kontakt linzalarla korreksiyadır. Kontakt korreksiyanın üstünlüyü eynəkdən fərqli olaraq, linzanın gözlə vahid optik sistem əmələ gətirməsi və məkan təhrifi yaratmamasıdır. Astiqmatizmin aşağı dərəcələrində ortokeratoloji (gecə) linzalarından istifadə oluna bilər. Eynəklərin və kontakt linzalarının korreksiyası üçün oftalmoloqun davamlı konsultasiyaları mütləqdir. Lakin onu da qeyd etmək lazımdır ki, eynək və linza astiqmatizmi tamamən aradan qaldırmadan sadəcə görmə qüsurunu müvəqqəti korreksiya edirlər.
Miopik və ya qarışıq astiqmatizm, eynək və lazer korreksiyasının mümkünsüzlüyü, meridianlarda fərqli refraksiya zamanı astiqmatomiya (keratotomiya) – buynuz qişanın çərtilməsi göstəriş sayılır. Bu prosedur periferiyada güclü meridianı zəiflətməyə imkan verir. Hipermetrik astiqmatizm hallarında lazer və ya termokeratokoaqulyasiya – buynuz qişanın periferik hissəsinin yandırılması yerinə yetirilə bilər. Koaqulyasiya buynuz qişanın qabarıqlığını və sındırma qüvvəsini artırır.
Son zamanlarda astiqmatizmin müalicəsində LASİK üsulu ilə eksimer-lazer korreksiyası aparıcı rol oynayır. Bu üsul astiqmatizmin ±3-4 dioptriyaya qədər olduğu hallarda göstəriş sayılır. Astiqmatizmin lazer korreksiyası ambulator şəraitdə yerli damcı anesteziyası ilə icra olunur. Korreksiya prosesində xüsusi alət – mikrokeratom vasitəsilə buynuz qişanın səthi qatı 130-150 mikron qalınlığında ayrılır, lazerlə müəyyən sahələrdə buynuz qişa lazımi dərinlikdə buxarlandırılır, sonda isə ayrılmış loskut yerinə qaytarılır. Eksimer-lazer korreksiyasında tikişlərin qoyulmasına ehtiyac yaranmır, bu da loskutun kənarı boyunca epitel qatının öz-özünə bərpası ilə izah olunur. Prosedurdan 1-2 saat sonra görmənin yaxşılaşması müşahidə edilir, tam sağalma isə bir həftə ərzində baş verir.
Postoperasion dövrdə fiziki və görmə yüklənmələri məhdudlaşdırılmalı, göz travmalardan qorunmalı, isti hamam və sauna xidmətindən istifadə dayandırılmalıdır. Gözə xüsusi damcılar (deksametazon, antibakterial və nəmləndirici komponentli) və oftalmoloqun təkrar baxışı təyin edilir. Gələcəkdə aparat müalicəsi (lazerstimulyasiya, videokompüter məşqləri), göz üçün nəzərdə tutulan vitamin preparatları, göz gimnastikası, boyun-yaxalıq nahiyəsinin masajı, hidroprosedur və s. məsləhət görülə bilər.
Eksimer-lazer korreksiya mümkün olmadıqda və ya astiqmatizmin yüksək dərəcəsində fakik linzaların implantasiyası həyata keçirilir.
Astiqmatizmin proqnoz və profilaktikası
Astiqmatizmin müalicəsinin gecikdirilməsi və ya qeyri-adekvat aparılması zamanı görmə itiliyinin kəskin azalması, ambliopiya, çəpgözlük inkişaf edə bilər. Binokulyar görmənin keyfiyyətinin yaxşılaşması astiqmatizmin uğurlu korreksiyasından xəbər verir.
Astiqmatizmin profilaktikası görmə yüklənmələrinin rasional bölüşdürülməsi, onların göz üçün xüsusi hərəkətlər və fiziki aktivliklə növbəşdirilməsi, buynuz qişanın travma və iltihabının qarşısının alınmasından ibarətdir. Anadangəlmə astiqmatizmi aşkar etmək məqsədilə uşaqların yaş qrafikinə uyğun dispanserizasiyası aparılmalıdır. İkincili ağırlaşmalara yol verməmək üçün astiqmatizm vaxtında korreksiya olunmalıdır.